Bitkoindən növbəti rekord: 99 min dolları ötdü

Bitkoin kriptovalyutasının qiyməti 99 min dollardan yuxarı qalxaraq öz tarixi rekordunu yeniləyib. Sozcu.az xəbər verir ki, Bakı vaxtı ilə 07:17-də “Binance” platformasında bitkoinin dəyəri 99,136 min dollara, 07:33-də isə 98,598 min dollara çatıb. Kriptovalyutanın bahalaşmasına səbəb kimi ABŞ-ın yeni seçilən Prezidenti Donald Trampın vədləri, geosiyasi böhranlar zamanı bitkoin və steyblkoinlərin potensial müdafiə aktivi kimi qəbul edilməsi göstərilir.

Gəncədə ər və arvad bıçaqlandı, biri öldü

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Ulduz Elburus qızı Hüseynova müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Şəxsi münasibətlər zəminində hadisəni törətməkdə şübhəli bilinən bıçaqlananların qohumu, 1982-ci il təvəllüdlü Rəşad Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Rusiya "dəhşət" saça bilməz: bir raket 50 milyon dollaradır

Rusiya Dneprə qitələrarası ballistik raketlə zərbə vurdu, lakin rusların belə silahları çox az olduğu üçün bunun tez-tez təkrarlanması mümkün deyil. Sozcu.az xəbər veri ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko deyib. “Düşünmürəm ki, Rusiya “dəhşət” saçacaq. Ona görə ki, Rusiyada raket yüzlərlədir, qitələrarası ballistik raket isə onlarladır. Ballistik raketin birinin qiyməti 50 milyon dollar civarındadır”, - deyə o bildirib.

Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...

Bu gün yeni bir Rusiya raketi atıldı. Bütün xüsusiyyətləri – sürət və yüksəklik baxımından – qitələrarası ballistik raketlərə uyğun gəlir. Hazırda ekspertiza prosesi davam edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski təcili müraciətində deyib. "Bu gün başdanxarab qonşumuz bir daha göstərdi ki, o, əslində kimdir. O, insan ləyaqətinə, azadlığa və ümumilikdə insanların həyatına necə hörmətsizlik etdiyini nümayiş etdirdi. Eyni zamanda, necə qorxduğunu da sübut etdi. O qədər qorxur ki, artıq yeni raketlərdən istifadə edir və dünya boyu silah axtarır: gah İranda, gah da Şimali Koreyada... Aydındır ki, Putin Ukraynanı poliqon kimi istifadə edir. O, normal həyatın onun yaxınlığında mövcudluğundan, insanların sadəcə ləyaqətli yaşamasından və ölkənin müstəqil olmaq haqqına sahib olmasından qorxur”. Qeyd edək ki, bu gün səhər tezdən Rusiya qitəlararası ballistik raketlərlə Dneprə ağır zərbələr endirib.

Şəhidimizin atası vəfat etdi

Vətən müharibəsi şəhidi, XTQ-nin giziri Siyahim Dəmirovun atası vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əlizamin Dəmirov Beyləqan rayonunda dünyasını dəyişib. Uzunsürən xəstəlik səbəbindən həyatını itirən Ə.Dəmirov rayondakı “Cərciz Peyğəmbər” ziyarətgahında torpağa tapşırılıb. Qeyd edək ki, Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2020-ci ilin oktyabrın 29-u Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Cərciz Peyğəmbər” ziyarətgahında dəfn edilib. Ölümündən sonra “Qarabağ” ordeni və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın!

Cənubi Qafqazda sülh bu gün həmişəkindən daha yaxındır. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisindəki çıxışı zamanı bildirib. O, Ermənistan və Azərbaycanı bu tarixi fürsəti əldən verməməyə çağırıb. “Biz Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədə saxlayırıq və bir çox beynəlxalq problemlərin həlli üçün birgə səylər göstəririk. Biz Ermənistanın sülh və sabitlik seçimini alqışlayırıq və hər iki ölkəni bu tarixi fürsəti əldən verməməyə çağırırıq”. Fidan xatırladıb ki, uzun fasilədən sonra tərəflər ilk dəfə İstanbulda vasitəçi və üçüncü şəxslər olmadan görüş keçirib. “Oktyabr ayında İstanbulda keçirilən 3+3 platforması görüşündə bütün regional məsələləri müzakirə etdik. Cənubi Qafqaza sülh və sabitliyin gəlişi ilə təkcə humanitar məsələlər həll edilməyəcək, həm də ticarət, qarşılıqlı fəaliyyət və inkişaf üçün şərait yaranacaq”, - deyə nazir fikrini yekunlaşdırıb.

Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir

Səlahiyyət müddəti başa çatmaqda olan ABŞ prezidenti Co Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək planları barədə Konqresi məlumatlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumatda qeyd edilib ki, yeni seçilmiş prezident Donald Tramp vəzifəyə başlamazdan əvvəl Kiyevə dəstək üçün son addım olacaq. Bildirilib ki, 4,65 milyard dollarlıq borc Kiyevin apreldə Konqresin təsdiqlədiyi 60 milyard dollarlıq əlavə maliyyə paketi çərçivəsində aldığı ümumi 9 milyard dollar borcun bir hissəsidir. ABŞ Senatı Ukraynanın 4,65 milyard dollarlıq dövlət borcunun bir hissəsinin silinməsinə qarşı qətnaməni müzakirə etməkdən imtina edib. Rədd edilən qətnamənin müəllifi ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya və Ukraynaya münasibətdə mövqeyini dəfələrlə tənqid edən Kentukki ştatından olan respublikaçı Rend Poldur. O, həmçinin Kiyevə yardımın kəsilməsini müdafiə edib. 61 senator qətnamənin əleyhinə, 37 senator isə lehinə olub.

Azərbaycanda iki qurum LƏĞV EDİLDİ

Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. "Azərbaycan Dövlət Tərcümə Mərkəzi" publik hüquqi şəxs ləğv edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görsün; 2.2. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. bu Sərəncamın 1-ci hissəsi və 2.1-ci bəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.4. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycanlı qadın Türkiyədə güllələndi

Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın silahlı hücuma məruz qalıb. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, rayonun Cümhuriyyət Məhəlləsinin Baxçıvan küçəsində yolda gedən Şəlalə Mirzəliyə şəxsiyyəti məlum olmayan şəxs silahlı hücum edib. Hadisə yerinə təcili yardım və polis cəlb olunub. Ağır yaralanan qadın ilkin tibbi yardımdan sonra Sakarya Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Polis şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisə yerində aparılan araşdırmalar zamanı 6 ədəd mərmi aşkar edilib.

Ermənistan daha 78 ədəd ATAGS alır

Ermənistan 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. Sozcu.az xəbər verir ki, bu barədə “Indian Defense Research Wing” (IDRW) məlumat yayıb. “Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif landşaftlarında müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir. Altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib. Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyi ATAGS-ın növbəti partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq silahın işini asanlaşdıran erməni dilində interfeys də var. Ermənistan ordusunun artilleriya sistemini onun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir. Əlavə 78 ATAGS bölməsi üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında daha bir mərhələni qeyd edir”, - deyə bildirilib. Qeyd edək ki, son illər Ermənistan Hindistanın silahlarının əsas alıcısına çevrilib.

Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?

Toy xidmətlərinin xərcləri çoxsaylı amillərdən asılı olaraq dəyişir və hər bir toy üçün fərqli ola bilər. Bu xərclər toyun məkanı, təşkilatçılığı, qonaq sayı, xidmətlərin növü və digər faktorlara görə müəyyən edilir. Toy hazırlıqları cütlüyün tələblərinə və büdcəsinə uyğun olaraq sadə və ya lüks ola bilər. Hər bir toy təşkilatının özünəməxsus elementləri olduğu üçün xərclər bəzən gözləniləndən daha yüksək və ya aşağı ola bilər. Atalar "Toy xərci ilə ev almaq olmaz" deyiblər. Amma indiki toylara çəkilən xərclə həm ev, həm də maşın almaq olar. Bəs toy xidmətlərinin xərcləri nə qədərdir? Toyda bəylə gəlin toylarında unudulmaz xatirələr yaşamaq üçün hər şeyin ən yaxşısın istəyirlər. Belə ki, əksər cütlüklər toy etmək üçün iri şadlıq saraylarına üz tuturlar. Toy çəkilişləri minimum 400 manatdan başlayıb, video çəkilişlər isə 600-1500 manat arası dəyişir. Regionlarda toy çəkilişi paytaxtdan 2 dəfə bahadır. O, bunun səbəbini yol xərcləri ilə bağlayır. Həmçinin videoqraf deyir ki, bölgələrdə toy daha tez başlayır, bu da çox iş deməkdir. Dekorlara gəldikdə isə qiymətlər 170 manatdan başlayaq artır. Əksər şadlıq saraylarında bu kimi xidmətlər ümumi toy sahibinə təklif edilir. Minimum düzəliş 500 manatdan başlayaraq 10 min manata kimi artır. Dekorasiyanın içində masaüstü güllər, bəy-gəlin stolu, arxa fonlar, foyedə foto zonalar, ağır tüstülər və fişənglər olur. Bəzən isə bu kimi paketlərə maşınlar da əlavə edilir. Bu xidmətlərin qiyməti seçilən şirkətin prestijinə, toyun keçirildiyi yerin mövqeyinə və digər faktorlarla bağlı olaraq dəyişə bilər. Beləliklə, hər bir cütlük toylarının büdcəsini nəzərə alaraq xidmətləri seçir və uyğun qiymət təklifi ilə müqavilə bağlayır.musavat.com)

Rusiyanın itkiləri 727 mini ötdü

Ukrayna müharibənin 1002-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 727 250 hərbçi, 9 398 ədəd tank, 19 143 ədəd zirehli döyüş maşını, 20 731 ədəd artilleriya sistemi, 1 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1003 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 745 ədəd avtomobil texnikası, 19 259 ədəd PUA, 2 756 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 674 xüsusi avadanlıq itirib.

Şəkidə maşın aşdı - Ölən var

Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə noyabrın 20-də Şəki rayonunun Qudula kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı xəsarət alan avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Zamir İsmayılov bu gün gecə saatlarında xəstəxanada ölüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”

Maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin birgə iclasında büdcə müzakirəsi zamanı "Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrıldığını bildirib. O qeyd edib ki, qurumun əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır: "Böyük zərər əmələ gəlir". Nazir əlavə edib ki, qazanxanaların səmərəliliyi olduqca aşağıdır və yeni, daha müasir isitmə sisteminə keçmək lazımdır. "Bununla bağlı bəzi təkliflər var, hazırda üzərində iş gedir". Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əsas müzakirə olunmalı nüans kommunal sahələrin effektiv idarə edilməməsidir: “Əlbəttə, büdcə müzakirələrində kommunal xidmətlərin ziyanla işləməsi ilə bağlı açıqlamalar belə bir fikir yaradır ki, yaxın zamanlarda qiymət artımı ilə bağlı qərarlar ola bilər. Amma nədənsə hər dəfə oxşar məsələlər müzakirəyə çıxarılanda həmin kommunal sahənin effektiv idarə edilməsi yox, məhz borc məsələsi, yaxud qeyri-rentabelli fəaliyyət önə çıxarılır. Lakin heç vaxt müzakirə olunmur ki, bu sahə niyə qeyri-rentabellidir?" Ekspertin fikrincə, bununla bağlı ciddi araşdırmalara ehtiyac var:  “Məncə, kommunal xidmətlərin qeyri-rentabelli fəaliyyətinin əsas səbəbi izafi xərclərdir. Təmir məsələsi və s. kifayət qədər şişirdilir və nəticə etibarı ilə rentabellilik aşağı düşür. Ona görə də, bu sahədə yeni yanaşmaya ehtiyac var. Yəni məsələnin kökünə enmək lazımdır. Ümumiyyətlə, audit araşdırması aparılmalıdır ki, Azərbaycanda niyə məhz kommunal xidmətlər, qiymətlərin aşağı olmasına baxmayaraq, ziyanla işləyir. Bu məsələdə səmərəli araşdırma ilə nəticələr əldə edilməzsə, təəssüf ki, qiymət artımı qaçılmaz olacaq”.

Azərbaycan hərbçisi VƏFAT ETDİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!

Çindən Rusiyanın nüvə təhdidinə reaksiya

Çin Rusiyanın nüvə doktrinasının yenilənməsi fonunda digər ölkələri sakit olmağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinq zamanı deyib. "Biz bu hesabatları nəzərə almışıq. Hazırkı vəziyyətdə bütün maraqlı tərəflər sakit və təmkinli olmalı, dialoq və məsləhətləşmələr vasitəsilə gərginliyin və strateji risklərin azaldılması üçün birlikdə çalışmalıdırlar", - XİN rəsmisi qeyd edib.

Bakıda ağır qəza: 7 avtomobil toqquşdu, yaralılar var

21:12 Bakının Nizami rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Bu ölkələr də Ukraynadakı səfirliklərini bağladı

Noyabrın 20-də İtaliya və Yunanıstanın da Ukraynadakı səfirliklərini bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 24” məlumat yayıb. Məlumata görə, səfirliklər Ukraynaya hücum təhlükəsi ilə əlaqədar işini bir günlük dayandırmaq qərarına gəlib. Qeyd edək ki, ABŞ və İspaniya səfirlikləri də analoji qərar verib.

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır” - Nazir

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib. “Məktəbəqədər təhsil müəssisələrində əlçatanlıq məsələsini son 3 ildə 16%-dən 40%-ə çatdırırıq. Bizə ayrılan büdcə vəsaitinin böyük hissəsi məhz məktəbəqədər təhsil hissəsinin artırılmasına yönəlir.  Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir. Ölkədə hər il 120 min uşaq doğulur. Yəni biz 1 yaşı saymasaq, yarım milyon uşağı məktəbəqədər təhsilə yönəltmək istəsək, cari ildə xərclərimiz 2 milyard manat olar. Əgər bu realdırsa, biz bu söhbəti davam etdirə bilərik. Lakin bu məsələdə reallıq görmürüksə, həmişə alternativ modellərdən danışacağıq. Yəni bu kifayət qədər böyük xərclərdir. Nazirlik hazırda məktəbəqədər təhsilin əhatəliyini artırmaq məqsədilə məhz həmin alternativ modellər üzərində işləyir”.

Bakıda böyük söküntü başlayır: 3, 4 və 5 mərtəbəli binalar...

Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərtəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Məlumata görə, söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır. Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər aidiyyəti dövlət qurumlarına göndərilib. Söküləcək binalarda mənzillərin sayı, onların sahəsi və nə qədər sakinin yaşaması ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Bu binaların sakinlərinin əksəriyyəti mənzilləri müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər. Baku.ws Bakıda fərdi yaşayış evlərinin söküntüsünə hansı ərazilərdən və nə zaman başlanacağı barədə məlumat əldə edib. Belə ki, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu müddət dekabr və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işləri başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq. Məlum söküntü işlərini aparmaq üçün ev və obyekt sahiblərinə 1 kv.m üçün 2-3 min manat arası kompensasiya təklif edilib. Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park salınacaq. Söhbət Təzəpir məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxasına kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat/1 kv.m kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq, bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək. Nəsimi rayonunda "Kubinka" adlanan ərazidəki fərdi evlər də söküləcəklər sırasındadır. Həmin ərazidə bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. Onlara kompensasiya və ya yeni tikiləcək çoxmərtəbəli binalarda evlər təklif olunacaq.

Xəzər Teyyublu "Neftçi"ni sərt tənqid etdi - "Daxili eqolu bir adam respublikanın flaqmanı “Neftçi”də padşahlıq edir"

Milli futbol komandanın çox da üstünə getmək düzgün deyil. Olanımız budur. İsveç ilə oyunda aparıcı bir fikirlə sarı simə toxundu: “Hər şey sıfırdan başlamalıdır”. Düz deyir qardaş. Uşaq futbolundan başlamalıdır. Heç kəs tənqidləri demir, yazmır, hamı çıxış yolu axtarır. Uşaq Futbol Klublarında gözəl məşqçilər var. Ancaq klublara koordinatorluq edənlərə diqqət etmək lazımdır. Məşqçilər uşaq yetişdirir, di gəl ki, bu koordinatorlar savadı çatdı-çatmadı, yetişməkdə olan gənc futbolçu qalır bir yanda, öz ağlına gələn, savadsız yanaşması ilə uşaqları sındırmaqla məşqul olur. Sozcu.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Xəzər Teyyublu öz Feysbuk hesabında paylaşıb. O bildirib ki, “Neftçi” FK-da uşaq futboluna koordinatorluq edən Elşad Əhmədov nə qədər yetişmiş, istedadlı futbolçuları həvəsdən salır və futboldan uzaqlaşdırmağa nail olur: “O, “Neftçi”nin U17 yaş qrupunda güclü istedadlı uşaqları didərgin saldı klubdan. Təsəvvür edin, bu yaş qrupunu ölkə çempionu etmiş baş məşqçini sıxışdırdı, klubdan uzaqlaşdırdı. Bacarıqlı məşqçiləri bu adamın gözü götürmür. Daxili eqolu bir adam respublikanın flaqmanı “Neftçi”də padşahlıq edir. Dövlətçilik bilgisi çatmır ki, istedadlı oyunçuları qorumaq lazımdır , onlar böyüyüb yetişib millidə oynayacaqlar. Belə mühim vəzifələrdə futbol üçün dövlətçilik naminə kadrlar test olunmalı, kontrolda saxlanılmalıdır. Dövlət büdcəsi bu qədər maaş ayırır onlara. Uşaq futbolu belələrinin hesabına yerində sayır”.

Pensiya ödənişi niyə gecikir? - Nazirlikdən açıqlama

Rayonlar üzrə pensiya ödənişi beş gündür ki, geçikir. Sozcu.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi təqaüdçülərin müraciətinə cavab olaraq bildirib ki, pensiyaların noyabrın 20-23 tarixi aralığında verilməsi nəzərdə tutulub. Bildirək ki, adətən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ayın 10-na kimi, digər rayonlar üzrə isə 15-nə kimi ödənilirdi.

İran uranın zənginləşdirilməsini dayandırır

İran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını artırmağı dayandırmağa hazır olduğunu bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” MAQATE-nin məxfi hesabatlarına istinadla məlumat verib. Məlumata görə, Tehran həmçinin öz ərazisində yoxlamalar aparılması üçün MAQATE-nin dörd əlavə inspektorunun akkreditasiyasını müzakirə etməyə hazır olduğunu da bildirib. Bildirilib ki, ehtiyatların məhdudlaşdırılması məsələsi keçən həftə MAQATE rəhbəri Rafael Qrossinin İrana səfəri zamanı müzakirə olunub. Tehran zənginləşdirməni dayandırmaq üçün hazırlıq işlərinə artıq başlayıb. Qeyd edək ki, İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları 182,3 kiloqrama çatıb.

Ukrayna bu silahlardan da istifadə edəcək - Zelenski

Ukraynanın öz istehsalı olan uzun mənzilli dronları, "Dlinnıy Neptun" raketi var. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Ukraynanın öz istehsalı olan uzun mənzilli dronları, çoxlu “Dlinnıy Neptun” raketləri var. İndi bizdə ATACMS-lər də var və bütün bunlardan istifadə edəcəyik", - o bildirib.