Yalnız Avdeyevkada 10 ildə Əfqanıstandakından daha çox Rusiya hərbçisi ölüb...

"Rusiya hakimiyyəti şəhəri Yeni ilə qədər ələ keçirmək istəyirdi, lakin onların planları puç olub..." Ukraynanın Avdeyevka şəhəri istiqamətində işğalçılar rekord itkilər verməkdə davam edir. Bir neçə ay ərzində "ət" hücumlarında ölənlərin sayı Əfqanıstanda onilliklərlə davam edən müharibədə olduğu qədərdir. Sozcu.az  "UNİAN"-a istinadla xəbər verir ki, Yakov Handzyuk adına 59-cu əlahiddə moto-atıcı briqadanın zabiti  Sergey Tsexotski Avdeevkaya edilən hücumların 4 ayında SSRİ-nin Əfqanıstandakı on illik müharibəsində öldüyü qədər insan öldüyünü söyləyib. "4 ayda Avdeyevkanın özünün yanında, bir fikirləşin, 10 ildə Sovet İttifaqı Əfqanıstanda itirdiyi qədər hərbçi ölüb. Yalnız bir Avdeyevka. Əfqanıstandan sonra, xatırladığınız kimi, SSRİ dağıldı. Rusiyanı da eyni şey gözləyir. Ola bilməz ki, bu işə yaramasın", - deyə Tsexotski bildirib. Zabit əmindir ki, Putin hələ də Rusiya Federasiyasının Ukraynadakı itkiləri üçün bəhanələr gətirməli olacaq. O xatırladıb ki, Başqurdustan artıq diktatordan itkilərin niyə bu qədər qlobal olduğunu soruşmağa başlayıb. Bunun nəticəsi olaraq digər bölgələr də bunu edəcək, çünki cəsədlərin parçaları ilə dolu kisələr Rusiya Federasiyasına qayıtmağa başlayır... Avdeyevkaya hücum haqda... Ruslar uzun müddətdir ki, Avdeyevkanı tutmağa çalışır, lakin Ukrayna müdafiəçiləri tərəfindən ağız-burunları əzilir və böyük itkilər verirlər. Avdeyevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş bildirib ki, Rusiya hakimiyyəti şəhəri Yeni ilə qədər ələ keçirmək istəyirdi, lakin onların planları puç olub...

Hikmət Mirzəyevin yerinə bu general gətirilir - Görün kimdir...

General-leytenant Hikmət Mirzəyevin Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı vəzifəsinə təyin edilməsi müzakirəsiz ötüşməyib. Hazırda ən çox maraq doğuran sual isə XTQ-nin yeni komandanının kim olacağıdır. Yenisabah.az bildirir ki, bu postu tutmağa layiq olan xeyli peşəkar zabit var. Hərbi ekspertlər də o fikirdədir ki, H. Mirzəyev XTQ-yə rəhbərlik etdiyi uzun illər ərzində öz yerini tutmağa layiq olan bir neçə yüksək rütbəli hərbçi yetişdirib. Adının çəkilməsini istəməyən keçmiş yüksək rütbəli zabitlərdən biri saytımıza ən şanslı namizədin kimliyini açıqlayıb. Mənbə deyib ki, XTQ-nin yeni komandanı general-mayor Akif Pirverdiyev ola bilər. Qeyd edək ki, Akif Səməndər oğlu Pirverdiyev peşəkar hərbçidir. Onun karyerasının əsas dövrü Müdafiə Nazirliyi ilə bağlıdır. A.Pirverdiyev polkovnik rütbəsini daşıdığı dövrdə Müdafiə Nazirliyində yüksək vəzifə tutub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 iyun 2022-ci ildə general-mayor rütbəsinə layiq görülüb, “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. H. Mirzəyev Quru Qoşunlarının komandanı-müdafiə nazirinin müavini təyin olunandan sonra A.Pirverdiyev onun vəzifəsini icra edir.

Türkiyədə 1 dollar 37 lirəyədək bahalaşa bilər - PROQNOZ

2024-cü ilin son rübündə Türkiyə lirəsinin dollara nisbətdə bir qədər də ucuzlaşacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin bəzi KİV-lərində çıxış edən ekspertlər bildiriblər. Proqnozlara görə, bu yaxınlarda dollar qarşısında tarixi minimumunu (bir dollar üçün 30 lirə) yeniləyən türk lirəsinin dəyəri daha da aşağı düşərək 37 lirəyə çata bilər. İqtidsadşı ekspert Mustafa Rəcəb Erçin bildirib ki, Türkiyənin milli valyutasının məzənnəsini proqnozlaşdırmaq çətindir. Onun fikrincə, hökumət çətin ki, devalvasiyaya yol versin. "Türkiyədə xarici valyutanın qiymətinin necə olacağını proqnozlaşdırmaq çətindir, təbii ki, inflyasiya dərəcələrini nəzərə alsaq, 2024-cü ildə məzənnənin indiki səviyyədən bir qədər yuxarı stabilləşəcəyini gözləmək olar. Mövcud iqtisadi proqram deinflyasiyaya əsaslandığı üçün, bu, 2024-cü ildə sabitləşəcək. Deyə bilərəm ki, iqtisadi idarəetmə çətin ki, inflyasiya prosesində devalvasiyaya yol versin”. Türkiyənin Statistika İnstitutunun (TÜİK) məlumatına görə, dekabrda inflyasiya noyabrda olan 61,98%-dən 64,77%-ə yeksəlib. Türkiyənin maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, hakimiyyət gələn ilin sonuna qədər inflyasiyanın təxminən yarıya qədər azalaraq 34%-ə düşəcəyini gözləyir. Dekabrda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.

Binəqədidəki partlayışda xəsarət alanların son vəziyyəti

15.01.2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində 7 nəfərin müalicəsi davam etdirilir. Bu barədə TƏBİB-dən Sozcu.az-a cavab olaraq bildirilib. Müalicə alan 7 nəfərdən 2-nin vəziyyəti ağır stabil, 5 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Kliniki Tibbi Mərkəzdə də müalicə alan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

2024-cü ildə Azərbaycanda güclü zəlzələ olacaq? - Palçıq vulkanları aktivləşir

Yanvarın 19-da axşam saat 22:05 radələrində Azərbaycanda zəlzələ baş verib. Zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.  Zəlzələ dağıntı və itkilərə səbəb olmasa da, Kürdəmir və Şirvanda yerləşən evlərin divarında çatlar yaranmasına səbəb olub.  Ertəsi gün Şirvan ərazisində yenidən zəlzələ qeydə alınıb. Bu dəfə maqnituda kiçik olsa da, sosial şəbəkələrdə yenidən təkanların ola biləcəyi barədə müzakirələr başlayıb. Həqiqətən, yeni təkanlar daha böyük ola bilərmi? Məsələ ilə bağlı Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev deyir ki, il ərzində hiss olunan zəlzələlərin olması qaçılmazdır: "Zəlzələ geniş ərazini əhatə etdi və hiss olundu. Bakıda da bir neçə insan zəlzələni hiss etmişdi. 2023-cü ildə baş verən sonuncu zəlzələdən sonra dediyim kimi, 2024-cü il ərzində hiss olunan zəlzələlər baş verəcək. Nəinki Azərbaycanda, digər dünya ölkələrində də zəlzələlər olacaq. 2023-cü ilin sonlarında bu sözü demişdim. Məhz 2024-cü ilin ilk günlərində Yaponiyada zəlzələ baş verdi. Arxasınca isə sunami hadisəsi meydana gəldi və bir sıra dağıntılara səbəb oldu. Bu il ərzində aktivlik davam edəcək. Hətta mən 2024-cü ili superaktiv adandırıram. Bu, 2023-cü illə müqayisədə belədir. Aktivlik dövri xarakter daşıyır. Bu dövrilikdə yaşayırıq, dövrilik adətən 10,15,20 il ərzində müşahidə olunur.  2025-ci ildə vəziyyətin necə olacağını isə bizə 2024-cü il göstərəcək. Dünyada və Azərbaycanda maqmatik və palçıq vulkanlarının püskürməsi də istisna deyil. Azərbaycanda palçıq vulkanları mövcuddur. Abşeron yarımadasının özündə, həm də dənizdə palçıq vulkanlarının püskürməsi ehtimal olunur. Buna səbəb isə yenə deyirəm ki, bu ilin tektonik, superaktiv kimi qeyd olunmasıdır. İnsanlar özlərini necə aparmaqla bağlı mütəmadi olaraq maarifləndirilməlidirlər. İlk növbədə panikaya və təşvişə düşməməlidirlər və titrəyişlərin gücləndiyini hiss etdikdə kandar qapısını açıq qoymalıdırlar ki, kilitlənməsin". Q.Babayev zəlzələ nəticəsində Şirvanda bəzi evlərdə çatların yaranmasının səbəblərindən də danışıb: "Binalara gəlincə bununla bağlı şərh verə bilmərəm. Çünki məsələyə xüsusi dövlət qurumları və təşkilatları cavabdehdir. Çat verən evlər yəqin ki, köhnə konstruksiyalı evlərdir. Seysmoloq kimi, deyə bilərəm ki, çatların səbəbi müxtəlif ola bilər. İlk növbədə evlərin yararlılıq müddəti bitib. Bəlkə də, yeni konstruksiyalar orada  ev sahibləri tərəfindən əlavə olunub. Ola bilər ki, bina hansısa qurumun ərazisinin üzərində tikilib və seysmik parametrlər vaxatilə nəzərə alınmayıb. Dəqiq  səbəbi bilmək üçün məsələ tədqiq və təftiş olunmalıdır. Versiyalardan bir-ikisi əsas səbəblər kimi göstərilə bilər".

İranda hərbi hissədə atışma: 5 əsgər öldürüldü - nə baş verir?

İranın Kirman vilayətində yerləşən hərbi hissədə atışma baş verib. İlkin məlumata görə, olayda 5 hərbçi həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Təfərrüatlar açıqlanmır.

Tatarıstanda yeddi uşaq qarın altında qaldı

Tatarıstanda uşaqlar qarın altında qalıblar. Sozcu.az xəbər verir ki, hadisə hotel komplekslərindən birində baş verib. Bir neçə Tatarıstan sakini övladları ilə birlikdə istirahtə gəliblər və ərazidə iki  evcik kirayəyə götürüblər. Ailələrnin ikidən səkkiz yaşa qədər olan yeddi azyaşlı üzvü isə çöldə oynayıb. Bir anda ətrafdakı yamaclardan birində yığılan uşaqların üzərinə aşıb. Böyüklər qar altında qalan övladlarının hamısını çıxara bilsələr də, iki yaşlı uşaq ayağından zədə alıb. O, xəstəxanaya yerləşdirilib. Zərərçəkənin vəziyyəti barədə məlumat verilmir. Valideynlər mövcud vəziyyətdən narazı olduqlarından hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırırlar. Hadisədən sonra hotel kompleksinin ərazisində qartəmizləyən texnika müşahidə olunub.

Almaniyada azərbaycanlını döyərək ÖLDÜRDÜLƏR

Almaniyada yaşayan Əhliman adlı azərbaycanlı dava zamanı öldürülüb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mingəçevir şəhərindən olan və bir müddətdir Almaniyada çalışan Əhliman moldovalı şəxslərlə dava-dalaş zamanı baş nahiyəsindən ağır xəsarətlər alıb və xəstəxanaya çatdırıldıqdan az sonra vəfat edib. Qeyd edək ki, dava kafedə başlayıb. Vəfat edən şəxsin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

İraqın şimalında 10 PKK terrorçusu MƏHV EDİLDİ

İraqın şimalında Pençe-Kilit əməliyyatı bölgəsində keçirilən hava əməliyyatı ilə 10 PKK terrorçusu zərərsizləşdirilib. Sozcu.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, verilən açıqlamada: “Türkiyə Silahlı Qüvvələri polad caynaqları ilə terror yuvalarını məhv etməyə davam edir”, - deyə bildirilib. Açıqlamada, "İraqın şimalındakı Pəncə-Kilid əməliyyatı bölgəsində müəyyən edilən 10 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Soylu millətimizi terror bəlasından xilas etmək üçün böyük əzm və əzmlə mübarizəmizi davam etdiririk" ifadələri qeyd edilib.

Rusiyanın itkiləri 376 mni ÖTDÜ

Ukrayna müharibənin 697-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 376 030 hərbçi, 6 181 ədəd tank, 11 466 ədəd zirehli döyüş maşını, 8 875 ədəd artilleriya sistemi, 968 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 655 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 862 ədəd avtomobil texnikası, 6 936 ədəd PUA, 1 818 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 392 xüsusi avadanlıq itirib.

Ukrayna Leninqraddakı qaz terminalını vurdu

Rusiyanın Leninqrad vilayətinin Ust-Luq limanında “Novateka” şirkətinə məxsus qaz terminalında partlayışlar baş verib. Sozcu.az xəbər verir ki, Kinqiseppski rayonunun rəhbəri Yuri Zapalatski məlumat verib. “Partlayış zamanı müəssisədə 148 nəfər olub. Ölən və yaralanan qeydə alınmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Vəziyyət tam nəzarət altındadır”, - Zapalatski bildirib. Rusiya mətbuatının məlumatına görə, terminala Ukrayna PUA-larının hücumu olub.

Bakıda həbsdə olan separatçıların yeni görüntüləri - Fotolar

Bakıda həbsxanada olan separatçı liderlərin yeni görüntüləri yayılıb. Sozcu.az APA-nın Teleqram kanalına istinadla həmin görüntüləri təqdim edir:

DƏHŞƏT: Bir ailənin bütün üzvləri dəm qazından zəhərlənərək ÖLDÜ

Rusiya Federasiyasının Tula vilayətindəki evdə qaz sızmasından ailənin bütün üzvləri ölüb. Sozcu.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb. Hadisə zamanı üç nəfərin meyiti evdə aşkarlanıb. Müstəntiqlər ölümün ilkin səbəbinin dəm qazından olduğunu güman edirlər. Hadisənin baş vermə şəraiti araşdırılır.

SON DƏQİQƏ: İsrailin öldürdüyü SEPAH-çı kimdir? - İran yasa batdı

İsrailin Dəməşqə zərbəsi nəticəsində ölən 5 SEPAH üzvündən biri Qüds briqadası komandirinin təhlükəsizlik üzrə müavini Höccətullah Ümidvardır. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, Höccətullah Ümidvarın Suriyadakı əməliyyat adı Hacı Sadiq olub. Suriya ordusunda nüfuz sahibi olan Hacı Sadiq bir çox əməliyyatın hazırlanmasına rəhbərlik edib. H.Ümidvarın ölümü İranda böyük əks-səda doğurub. Qeyd edək ki, İsrail ordusu bu gün Dəməşqdə SEPAH zabitlərinin qərargah kimi istifadə etdiyi dördmərtəbəli binaya zərbə endirib. Nəticədə bina tamamilə dağılıb, H.Ümidvar da daxil olmaqla, SEPAH-ın 5 hərbi müşaviri və suriyalı hərbçilər ölüb.

Məktəbli qızı maşınına dəvət edən 43 yaşlı kişi TUTULDU

Bakıda məktəbli qıza qarşı xuliqanlıq etmiş 43 yaşlı kişi inzibati qaydada məsuliyyətə cəlb edilib. Sozcu.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Polisə müraciət edən vətəndaş məktəbli qızının məşğələyə getdiyi vaxt naməlum şəxsin onu narahat etdiyini və xuliqanlıq hərəkətlərinə yol verdiyini bildirib. Bununla bağlı Sabunçu RPİ-nin 13-cü PŞ tərəfindən araşdırma aparılıb və həmin şəxsin 1981-ci il təvəllüdlü, Qubadlı rayon sakini Fuad Babayev (şərti) olması müəyyənləşib. Polis tərəfindən saxlanılan şəxs barəsində İXM-nin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Sabunçu rayon Məhkəməsinə göndərilib. O, ifadəsində bildirib ki, yaxınlaşdığı qıza qarşı pis niyyəti olmayıb: “Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi ünvanında kafe işlədirəm. Yol ilə gedən qızın əvvəllər kafemdə işləmiş qadın işçisinin qızı olduğunu düşündüm və ona anasını yenidən işə dəvət etməkdən ötrü nömrəmi vermək məqsədilə yaxınlaşdım. Başqa bir niyyətim olmayıb. Bir daha sözügedən ünvanda olmamışam və heç kimi narahat etməmişəm”. Qızın atası isə Fuadın onun övladını təqib etdiyini və avtomobilinə əyləşdirmək istədiyini deyib: “Qızım axşam saat 19:16 radələrində fənn məşğələsindən çıxaraq yaşadığımız Ərəblinski küçəsindəki evə qayıdan zaman möhkəm qorxub. Bunun səbəbi isə, 40-45 yaşlarında tanımadığı bir kişinin onu təqib etməsi və idarə etdiyi avtomaşına minməyi təklif etməsi olub. Hesab edirəm ki, həmin şəxsin dedikləri həqiqəti əks etdirmir və o, pis niyyətlə qızıma yaxınlaşıb. Qızım hal-hazırda Naxçıvan MR-da – nənəsinin yanındadır. Həmin şəxsə qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edirəm”. Sabunçu rayon Məhkəməsinin qərarı ilə Fuad Babayev 100 manat cərimə edilərək sərbəst buraxılıb.//Publika.az

"Putin postsovet əraziləri də işğal etmək istəyir" - Podolyak

Ukrayna Rusiya ilə danışıqlara getməyəcək. Rusiya lideri Vladimir Putin təkcə Ukraynanı deyil, digər postsovet ərazilərini də işğal etmək istəyir. Sozcu.az xəbər verir ki, bunu “Bild”ə müsahibəsində  Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Müharibə, Putinin fikrincə, o, Ukraynanın bütün ərazisini fəth edənə qədər, Avropada hegemonluğa nail olana qədər, digər postsovet ərazilərini fəth edənə qədər davam edəcək. İnsan bir neçə ilə kifayətlənmək istəsə, nüfuzunu, münasibətlərini məhv edərək böyük müharibəyə getməz. Bu cəfəngiyyatdır”, – deyə o bildirib. O, həmçinin tərəfdaşları Ukraynaya silah tədarükünü davam etdirməyə çağırıb. Onun sözlərinə görə, problem bərabərsizlikdir, tədarüklər balanslaşdırılmalıdır. Podolyak Rusiyanın müharibə dövründə ciddi irəliləyiş əldə etmədiyini vurğulayıb.

ABŞ Ədənə yönəlmiş raketi vurdu

ABŞ Ənsarullah hərəkatının Ədən körfəzinə yönəlmiş gəmi əleyhinə raketini vurub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Qeyd edək ki, husilər ötən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə mülki gəmilərə hücum təşkil edir.

Batumi-İstanbul reysi bomba xəbərinə görə təxirə salındı

Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması barədə xəbər yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə "Birinci Kanal" məlumat yayıb. Hava limanına bomba qoyulması barədə anonim məlumat daxil olduqdan sonra Batumi-İstanbul reysi 2 saat müddətinə təxirə salınıb. Sapyorlar hadisə yerinə gəlsələr də, hər hansı partlayıcı qurğu tapmayıblar.

“İş o yerə çatıb ki, artıq Azərbaycanla...” - Paşinyan açıqladı

İndi faktiki olaraq Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar az-çox aktivdir. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Çalışmaq üçün işlək kanallar var, xüsusən də mənim aparatımla Azərbaycan prezidentinin aparatı arasında. Birgə bəyanatı məhz o kanallar vasitəsilə qəbul etmişik. Əlbəttə, mövzu sülh müqaviləsinin mətni üzərində işdir. Bizə göndərirlər, üzərində işləyirik, yenidən göndəririk. İndi iş o yerə çatıb ki, biz Azərbaycandan, Azərbaycan da bizdən qarşılıqlı olaraq əlavə təminatlar istəyirik ki, bir-birimizdən gizlədilmiş ərazi tələblərimiz və ambisiyalarımız yoxdur, çünki diplomatik mətnlərdə alt qeydlər və sair olur. Hesab edirəm ki, bu vəziyyətə bir iş prosesi kimi baxmalıyıq və bu suallara cavab verilənə qədər davam etməliyik”, - baş nazir bildirib.

Azərbaycanda zəlzələ fəsadlar törətdi: Evlər çatladı

Şirvanda zəlzələ nəticəsində bir neçə evdə çatlar əmələ gəlib. Sozcu.az “Report”a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında baş vermiş zəlzələ zamanı köhnə şəhər adlanan ərazidə bir neçə fərdi yaşayış evində xırda çatlar yaranıb. Qeyd edək ki, ötən gün axşam saat 22:05 radələrində ölkə ərazisində 5.1 maqnitulalı zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.

Türkiyə XİN Azərbaycana başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib. "20 Yanvar 1990-cı ildə can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik", - başsağlığında bildirilib. Xatırladaq ki, bu gün 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

“20 yanvar hadisələri evimin qarşısında olub, Xamis qışqırırdı ki, mənə kamera verin”

“20 yanvar hər bir azərbaycanlının qəlbində bir yaradır. O dəhşətli, faciəli gün heç vaxt yadımızdan çıxmaz. Elə bir ailə olmadı ki, ona ziyan, zərər toxunmasın. İstər maddi, istər mənəvi, istərsə də itkiləri ilə. 20 yanvar Azərbaycanın azadlığı üçün atdığı ilk addım idi. Düzdür, hamımız günahsız, silahsız idik. Vətənimizin övladları o vəhşilərin qarşısına ona görə çıxmışdı ki, onları başa salsınlar ki, əhali silahsızdır, körpələr yatıblar. Bütün bunlara baxmayaraq həmin vəhşilər o insanlara atəş açdılar, onları qətlə yetirdilər. Binaları, küçələri güllələdilər. Demək olar ki, nə qədər insan itkin düşdü. Birinin qolu, birinin qıçı tapıldı” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı bildirib. O daha sonra əlavə edib. “Bu hadisələr mənim evimin qarşısında olub. O dəhşətli gecə ölənə qədər yadımdan çıxmaz. İnsanların qışqırıq səsləri, tankların ətrafa səpələdikləri güllələr hafizəmdə dərin iz buraxıb. O illərdə Xamis hələ kinostudiyanın operatoru idi. Baş verənləri lentə almaq istəyirdi. Qışqırdı ki, “mənə kamera verin, çox xahiş edirəm”. Nazim İmanovun qardaşı Rasim İmanov artıq kamera tapmışdı, hər şeyi lentə alırdı. Bu vəhşiliyi bəşər tarixi yaddan çıxara bilməz. Nə 20 yanvar, nə də Xocalı qətliamı yaddan çıxa bilmərik. Bütün bunlarla bərabər biz o çətinliyə sinə gərdik, dözdük. İlk dəfə Şəhidlər Xiyabanı gördük. İlk dəfə Şəhidlər Xiyabanının nə olduğunu gördük. Heç bunu arzulamazdıq. İndi o xiyaban bizim üçün fəxrdir. Azadlıq, qəhrəmanlıq rəmzidir. Sonra isə Qarabağ şəhidləri. Azərbaycan verdiyi şəhidlərin, tökülən qanların naminə daha da bərkidi, mükəmməl oldu. Bu azadlığı, onların bizim üçün qoyub getdikləri torpaqların həmişə qədrini bilməyə çalışmalıyıq. Biləcəyik də. Allah bütün şəhidlərimizə rəhmət etsin” deyə xalq artisti Afaq Bəşirqızı bildirib.

Xankəndi şəhəri ərazisində xeyli silah-sursat tapıldı

İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

ABŞ səfiri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verib. Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüznlə başsağlığı veririk", - səfir Mark Libbi bildirib.