Belqradda müxalifətçilər paytaxtın polis qərargahına doğru yürüşə başlayıblar - YENİLƏNİB

"Serbiya zorakılığa qarşı" müxalifət koalisiyasının 1,5 mindən çox tərəfdarı Belqradın mərkəzində avtomobillərin hərəkətini bağlayıb və paytaxtın polis idarəsinin binasına doğru hərəkət edib.  Sozcu.az TASS-a istinadən xəbər verir ki, polis etirazçıların hərəkət marşrutu boyunca bütün küçələri bağlayıb, ictimai nəqliyyat da dayandırılıb. Yürüş müxalifətin Respublika Seçki Komissiyasının binası yaxınlığında keçirilən mitinqi ilə başlayıb. İndi etirazçılar Serbiya parlamentinin üzvü Srdjan Milivojeviçin çağırışı ilə bir gün əvvəl Belqrad administrasiyası binası yaxınlığında iğtişaşlar zamanı saxlanılan müxalifət tərəfdarlarının "taleyini öyrənmək" niyyətindədirlər.  *** 22:52 "Serbiya zorakılığa qarşı" müxalifət koalisiyasını dəstəkləyən "Mübarizə" tələbə təşkilatının bir neçə yüz tərəfdarı Belqradın mərkəzində Respublika Seçki Komissiyasının yaxınlığında yerləşən Kralja Milana küçəsində nəqliyyatın hərəkətini bağlayıb. Sozcu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, etirazçılar binanın əsas girişinin yaxınlığında dayanıblar. Onlar tütəklərdən, nağaralardan istifadə edir, həmçinin meqafonlarla hökumət əleyhinə şüarlar səsləndirirlər. Eyni zamanda etirazçılar heç bir əşya atmır və binaya girməyə cəhd etmirlər. "Mübarizə" müxalifətin "Serbiya zorakılığa qarşı" koalisiyasını dəstəkləyir və Dövlət İdarəçilik Nazirliyindən dekabrın 17-də keçirilən parlament seçkiləri zamanı qanun pozuntularına görə seçki siyahılarının yenidən yoxlanılmasını tələb edir.  Bundan əvvəl tələbə təşkilatının fəalları Xarici İşlər Nazirliyinin binası yaxınlığında etiraz aksiyası təşkil edərək Serbiya Nazirlər Kabinetinin iqamətgahına doğru yürüş ediblər. 

Qəzzada ölənlərin sayı 20.5 mini keçib

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 20 min 674 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi öz teleqram kanalında məlumat yayıb. Məlumata görə, daha 54 min 536 nəfər xəsarət alıb.

"Rusiya ordusunun yarısı Ukraynada məhv edilib" - ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı

"Ukrayna müharibəsində Rusiya ordusunun yarısı məhv edilib, bu zaman bir amerikalı əsgər belə həlak olmayıb, ölkə üçün isə bu, illik müdafiə büdcəsinin 5 faizinə bərabər məbləğə başa gəlib..." "Donald Trampın lideri olduğu respublikaçılar Kiyevə böyük həcmdə vəsaitlərin ayrılmasının əleyhinə çıxır..." Rusiya Ukraynada çox böyük itkilərə məruz qalıb. Əslində, gerçək fəaliyyət Kiyev və Vaşinqtonda baş verir. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin sabiq Baş Komandanı, istefada olan admiral Ceyms Stavridis bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb. 2023-cü ilin dekabrın 25-nə olan məlumata görə, düşmənin itkiləri çox böyüldür. Ukraynada müharibə müddətində Rusiya ordusunun yarısı məhv edilib. Amerika hakimiyyəti Ukraynaya hərbi dəstək verməlidir, onların mübarizəsi ədalətlidir. "Bu, çox təhlükəli vəziyyətdir və əslində gerçək fəaliyyət Kiyevdə baş verir, gerçək fəaliyyət Vaşinqtonda baş verir", - o, bəyan edib. İstefada olan admiral əlavə edib ki, Rusiya ordusunun yarısı məhv edilib, bu zaman bir amerikalı əsgər belə həlak olmayıb və hətta riskə də məruz qalmayıb, ölkə üçün isə bu, illik müdafiə büdcəsinin 5 faizinə bərabər məbləğə başa gəlib. Jurnalistlərin fikrincə, Amerika Konqresi, böyük ehtimalla, Yeni ilədək toplaşmayacaq və Ukraynaya yeni yardım paketi haqqında danışıqlar 2024-cü ilə qalacaq. Qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının 25 dekabr 2023-cü ilə olan məlumatına görə, düşmənin ümumi itkiləri təxminən 354 min nəfər təşkil edib. ABŞ-dan Ukraynaya yardım-bəlli olanlar Birləşmiş Ştatlar Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsinə fəal şəkildə yardım edib, o cümlədən silah və texnika tədarük edib. Lakin son zamanlar ABŞ-da prezident seçkiləri fonunda daxili siyasi ixtilaflar səbəbindən Kiyevə dəstək məsələsində problemlər yaranıb.  Qeyd etmık lazımdır ki, Donald Trampın lideri olduğu respublikaçılar Kiyevə böyük həcmdə vəsaitlərin ayrılmasının əleyhinə çıxır. Dekabrın 22-də bəlli olub ki, Co Bayden ölkənin rekord məbləğdə-886 milyard dollarlıq müdafiə büdcəsini təsiq edib. Onun 800 milyon dolları Ukraynara ayrılıb.

“Şoyqunun sözündən belə çıxır ki, Rusiya, doğrudan da, Qarabağda hərbi baza yaratmaq yolunu tutub...”

“Kreml mənsubları artıq insanların şüuraltına tədricən yeritməyə çalışırlar ki, Qarabağda heç bir “sülhməramlı”-filan yoxdur, oradakı Rusiya hərbi kontingentidir...” “Və ruslar artıq bu istiqamətdə terminoloji transformasiyaya yol verirlər...” “Təbii ki, bütün idman oyunları kimi “Qarabağ” komandasının Xankəndindəki oyunu da bir şou idi. Ancaq Rusiyanın Qarabağdakı oyunlarına gəldikdə, hesab edirəm ki, həmin oyunlar nəinki bitmək üzrədir, hətta yeni fazaya keçməkdədir”.  Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu bu fikri Moderator.az əməkdaşının bir neçə gün öncə öz köşəsində qoyduğu “Xankəndində futbol da oynadıq, bəs Rusiyanın Qarabağdakı oyunları bitdimi?” sualını cavablandırarkən ifadə edib. “Biz bu günlərdə Rusiya müdafiə naziri Sergey Şoyqunun dilindən 2020-ci ilin noyabrından “sülhməramlı” kimi  Qarabağda yerləşdirilmiş Rusiya kontingentinin “sülhməramlı” olması haqda bir ifadə də eşitmədik. Amma Rusiya rəsmisi həmin kontingenti “Rusiya hərbi qüvvələri” adlandırdı. Belə çıxır ki, Rusiya doğrudan da,  Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisində bizim də ehtimal etdiyimiz və təəssüflə qeyd etdiyimiz hərbi baza yaratmaq yolunu tutubdur. Və ruslar artıq bu istiqamətdə terminoloji transformasiyaya yol verirlər. Hər şey, hər bir əməl, hər bir addım onun adının dəyişdirilməsindən başlayır. Və Kreml mənsubları artıq insanların şüuraltına tədricən yeritməyə çalışırlar ki, Qarabağda heç bir “sülhməramlı”-filan yoxdur, oradakı Rusiya hərbi kontingentidir. Bu, o deməkdir ki, Moskvanın həmin hərbi qüvvələri hələ yaxın illərdə Azərbaycan torpağında qalacaqdır. Və mən düşünürəm ki, Rusiyanın bu oyunu davam edir və təəssüf ki, bu, Azərbaycanın xeyrinə yox, ziyanınadır...”, - deyə analitik vurğulayıb.

Şəhidləri təhqir edən şəxs SAXLANILDI

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində – Türkiyə Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu şəhid olub, 1 nəfər yaralanıb. Sozcu.az Medianews.az-a istinadla xəbər verir ki, ondan bir gün öncə də Türkiyə ordusu həmin bölgədə 6 şəhid vermişdi. Sosial şəbəkədə 12 şəhidi və Türkiyə ordusunu təhqir edən O.K. adlı şəxs Antalya Təhlükəsizlik Şöbə Müdirliyi tərəfindən saxlanılıb. Keçirilən əməliyyatın görüntülərini dərc edən Daxili İşlər Naziri Ali Yerlikaya, “Müqəddəs dəyərlərimizi təhqir edənlər bundan sonra da Ali Türk ədaləti qarşısında cavab verəcəklər”,-deyə bildirib.

Ərəstun Oruclu da prezidentliyə namizəd oldu

Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Ərəstun Oruclu 7 fevral 2024-cü il növbədənkənar Prezident seçkilərində iştirak edəcək. Sozcu.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat paylaşıb. “Müraciət, təklif və tələbləri nəzərə alaraq seçkilərə qatılmaq haqqında qərar verdim”,- politoloq qeyd edib.

Hacıqabulda maşın məktəblini vurub öldürdü

Hacıqabulda avtomobil məktəblini vuraraq öldürüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nəvahi kəndində qeydə alınıb. Belə ki, avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü Əlisoltan Əli oğlu Rzayevi vurub. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.

Vəd edilən sosial yardımlar gecikdi - Nazirlik susur

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq daha tez ödənilib yekunlaşacağı barədə məlumat yaymışdı. Sozcu.az xəbər verir ki, məlumatda ünvanlı sosial yardımların 22 dekabra kimi ödəniləcəyi deyilsə də, ödənişlər hələ də yekunlaşmayıb. Dövlət Sosial Müdafiə Fondundan saytımıza bildirilib ki, əlavə məlumat veriləcək. Qeyd edək ki, ünvanlı sosial yardımın ödənilməsi adətən hər ayın 25 və 26-da tamamlanırdı. Belə çıxır ki, vəd edilən “tez ödənilmə” baş tutmadı.axar)

Rusiyada hərbi aerodromda partlayış - Təcili

Rusiyada hərbi aerodromda partlayış olub. Sozcu.az xəbər verir ki, hadisə Yeysk şəhərində qeydə alınıb. Partlayışdan sonra aerodrom üzərində tüstü qalxıb. Hadisənin səbəbi və təfərrüatları hələ ki açıqlanmayıb.

Yağış, güclü külək, qar - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 24-ü saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Qərb küləyi bəzi yerlərdə arabir güclü olub. Xidmətdən Sozcu.az-a bildirilib ki, qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 12 sm, Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm, Kişçayda (Şəki) 1 sm olub. Düşən yağıntının miqdarı: Ordubadda 12 mm, Daşkəsən, Şəkidə 7 mm, Gədəbəydə 6 mm, Gəncə, Şəmkir, Göygöl, Balakən, Tovuz, Qax, Ordubad, Şahbuz, Mingəçevir, Yevlax, Naftalan, Ceyrançöl, Ağstafa, Zaqatala, Culfa, Sədərək, Naxçıvan, Şərurda 5 mm-dək olub. Külək: Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, Ağstafa, Kəlvəzdə 25 m/s, Göyçay, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Zərdabda 22 m/s, Cəfərxan, Neftçala, Şahdağ, Şəki, Culfada 20 m/s, Şəmkir, Göytəpə, Lənkəran, Beyləqan, Cocuqmərcanlı, Naxçıvanda 18 m/s, Sabirabad, Altıağac, Ceyrançöldə 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Kürdəmirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 1-6 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.

Dünyanın ən böyük 5 böhranından biri İrandır – Kemeron

Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdəki toqquşmalar, terrorizm və iqlim dəyişikliyi ilə yanaşı, İran təhdidi dünyanın ən mühüm beş böhranından biridir. Sozcu.az xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Kemeron deyib. O, İran rejiminin Britaniyada fəaliyyət göstərən iranlı jurnalistlərə qarşı təhdidləri ilə bağlı çox sayda sübutların olduğunu bildirib: “İrana bağlı HƏMAS, Hizbullah və Husi müxtəlif bölgələrdə Tehranın dəstəyi ilə şiddətli böhranlar yaradır”.

Samvel "dqr"i “bərpa etdi”: İrəvanda mübarizə başlayır

Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edib və bildirib ki, “Dağlıq Qarabağın (qondarma) dövlət qurumlarının buraxılmasını nəzərdə tutan heç bir hüquqi sənəd yoxdur”. O, hətta qondarma “qurumlara” vaxtarışı olaraq “hökumətə” məlumat verməyi tapşırıb. Onun “müşaviri” kimi təqdim edilən Vladimir Qriqoryan isə bildirib ki, Şahramanyan İrəvana qayıtdıqdan sonra – oktyabrın 19-da separatçı rejimin fəaliyyətinin davam etdirilməsi ilə bağlı “fərman” imzalayıb və əsas sənəd bu qərardır. Beləliklə, separatçılar mövcudluqlarını davam etdirməkdə israrlı görünür. Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi, lakin separatçıların qaçması və erməni əhalisinin Qarabağı tərk etməsindən sonra bu qərarın heç bir əhəmiyyəti qalmadı və bundan sonra separatçıların İrəvanda “özünübərpası” da praktiki olaraq Azərbaycana təhlükə yaratmır. Şahramanyanın qərardan imtina etməsi isə Ermənistan daxilində qondarma “artsax” ideyası ətrafında baş verən qarşıdurmadan qaynaqlanır və bunun əsas zərbəsi də Ermənistan hakimiyyətinə dəyəcək: - daxili siyasətdə Paşinyana qarşı Qarabağ məsələsi üzərindən müxalif mövqe separatçıların, dolayısı ilə onların bağlı olduğu Qarabağ klanının inhisarında qalacaq və bu, kənar oyunçular, xüsusilə Rusiya üçün rıçaqlardan biridir; - separatçılar Qarabağla bağlı iddialarını davam etdirdiyi müddətdə sülh danışıqları, ümumiyyətlə, Azərbaycanla münasibətlərin normallaşması çətin görünür. Bu baxımdan, Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın “ev tapşırığı” olmalıdır, əks təqdirdə Ermənistanın kommunikasiyaları açaraq, özünə yeni gələcək qurmaq planları kağız üzərində qalır.axar) Asif Nərimanlı

PKK-nın 29 hədəfi MƏHV EDİLDİ

Dekabrın 23-də axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib. Həyata keçirilən əməliyyatlarda yerli sursatlardan maksimum istifadə edilərək bir çox terrorçu zərərsizləşdirilib. Qeyd edək ki, son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında 12 Türkiyə hərbçisi şəhid olub.

Rusiyanın itkiləri 353 mini ÖTDÜ

Ukrayna müharibənin 669-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 353 190 hərbçi, 5 858 ədəd tank, 10 888 ədəd zirehli döyüş maşını, 8 314 ədəd artilleriya sistemi, 932 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 327 ədəd helikopter, 11 022 ədəd avtomobil texnikası, 6404 ədəd PUA, 1 614 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 229 xüsusi avadanlıq itirib.

"Rusiya casus, agentura şəbəkəsi yüz illər boyu Azərbaycanda saysız-hesabsız cinayətlər törədib"

“Burada söhbət yalnız açıq terror aktlarından, qətllərdən getmir. Bu şəbəkə ölkəmizə xalqımıza qarşı sayı bilinməyən strateji xarakterli cinayətlər də törədib…”   Son bir neçə ildə ölkəmizdə bir sıra iri dövlətlərin, o cümlədən İranın, Fransanın, hətta ABŞ-ın kəşfiyyat-agentura şəbəkələrinin ifşası barədə informasiyaların tezliyi artıb. Görəsən, yaxın dövrdə Azərbaycanda, ümumiyyətlə, Güney Qafqazda, azı, 300 ilə yaxın dayaqlara malik olan və xalqımıza qarşı bəlkə də on minlərlə cinayətlər törətmiş və sözsüz ki, hazırda da buna davam edən Rusiya imperiyasının kəşfiyyat-agentura şəbəkəsinin ifşası haqda xəbərlər eşidəcəyikmi?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri ifadə edib: “Digər iri dövlətlərinki ilə müqayisədə Rusiya kəşfiyyatı, Rusiya casus, agentura şəbəkəsi yüz illər boyu Azərbaycanda saysız-hesabsız cinayətlər törədib. Özü də burada söhbət yalnız açıq terror aktlarından, qətllərdən getmir. Bu şəbəkə ölkəmizə xalqımıza qarşı sayı bilinməyən strateji xarakterli cinayətlər də törədib.  Xalqın tarixini dəyişmək, saxtalaşdırmaq, onun dini, milli-mənəvi ənənələrini, mədəniyyətini, elmini gözdən salmaq, Azərbaycan xalqının və dövlətinin daxilində müxtəlif sabotajçı, özü də uzunmüddətli əməliyyatlar həyata keçirmək, ölkədə “5-ci kalon” yaratmaq və s. Bax, bütün bu işləri görmüş Rusiya kəşfiyyatının casuslarının, onun əməllərinin ifşa olunması üçün, ən başlıcası,  Azərbaycandakı keçmiş “KQB” arxivləri açılmalıdır.  Və bundan sonra həmin arxivlərdən çıxan agentura mənsublarının, casusların bu gün dövlət, hökumət qurumlarında hansı vəzifələrdə yerləşdirildiyi açkarlansın və həmin qurumlar onlardan təmizlənsin... Bundan başqa dövlətlə bağlı bir neçə digər şərtə də əməl olunmalıdır... Yalnız bu halda biz Rusiya casus şəbəkəsinin, özü də nəhəng bir casus şəbəkəsinin ifşasının şahidi olacağıq.  Və nəticədə Rusiya kəşfiyyat-agentura şəbəkəsi üzvlərinin törətdiyi cinayətlərin də, hamısının olmasa da, xeylisinin üstü açılacaq...”

İsrailin bu addımı dünyanı ŞOKA SALDI: fələstinlilərin cəsədlərini... - FOTO

ABŞ-ın CNN telekanalı İsrail əsgərləri ilə bağlı tükürpədən iddianı açıqlayıb. İddialar İsrail Müdafiə Qüvvələrinin (IDF) keçən həftə 8 günlük əməliyyat keçirdiyi Kamal Advan xəstəxanası ilə bağlıdır. Sozcu.az musavat.com-a istinadən xəbər verir ki, CNN-ə danışan xəstəxana işçiləri İsrail əsgərlərinin həyatını itirən fələstinlilərin cəsədlərinə hörmətsizlik etdiyini, əlil arabasındakı xəstənin İsrail hərbi itləri tərəfindən parçalandığını və çox sayda həkimin güllələndiyini iddia edir. CNN müxbiri hadisənin görüntülərinə baxdığını bildirib. Məlumata görə, İsrail əsgərləri xəstəxana bağçasında qazılan müvəqqəti kütləvi məzarlığı buldozerlə qazaraq fələstinlilərin cəsədlərini çıxarıblar. "İsrail əsgərləri səhər qəbirləri qazdılar, cəsədləri çıxardılar və sonra buldozerlərlə əzdilər. Mən əvvəllər heç vaxt belə bir şey görməmişdim" - xəstəxananın pediatriya xidmətlərinin direktoru Hossam Abu Safiya deyib.

TƏCİLİ: Zelenskidən Putinə BÖYÜK ŞOK - Belə qisas aldılar

Ukrayna prezidenti Volodimir Zelenski Xerson vilayətində Rusiyaya məxsus 3 döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, Ukrayna lideri buna görə hərbçilərə təşəkkür edib. "Ukraynanın cənubundakı Xerson vilayətimizin səmasında 3 Rusiya təyyarəsini vurduqlarına görə qırıcılarımıza minnətdaram. Bu, bizim Hərbi Hava Qüvvələrimizin, xüsusən də Odessa zenit-artilleriya briqadasının fəaliyyətinin nəticəsidir. Sağ olun, döyüşçülər. Hər bir rusiyalı qatil bizim cavabımızı alacaq və onların heç biri ədalətdən qaça bilməyəcək" - o bildirib. Bundan başqa, Hollandiyanın müdafiə naziri Kajsa Ollongren Ukraynaya 18 ədəd F-16 tipli döyüş təyyarəsi göndərməyə hazırlaşdıqlarını açıqlayıb.

“Aparıcılar bu qədər arvadını atan, əxlaqını satan adamı hardan tapırlar?!”

“Televiziyaların mövqeyi bəllidir, gecə-gündüz pul qazanmaqla məşğuldurlar, gecə saat 2-də də reklam verirlər, reklam üstə bir-birlərini qırırlar.  Azərbaycan xalqı aldadılır. Başa düşdük, bəzilərinin böyüyü, abrı-həyası yoxdur, bəs gecə-gündüz onları təbliğ edən telekanallara nə deməli?!”  Bu sözləri Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.  Yerli telekanalları sərt şəkildə tənqid edən kinorejissor vəziyyətlə bağlı həyəcan təbili çalınmalı olduğunu deyib:  “Eyni adamlar gün ərzində müxtəlif kanallarda olur, oradan bura, burdan ora qaçırlar. Boş, mənasız, sözləri biabırçılıq olan mahnılar... Heç birinin ritmi, istedadı yoxdur, hamısı xaric oxuyurlar. Artıq meyxanaçılar müğənnilik etməyə başlayıblar. Onlara telekanallarda 3 saatlıq vaxt ayrılır”.  Ə.Mahmudbəyov yerli telekanallarda baş alıb gedən özbaşınalığa etirazını bildirib:  “Bir dəfə telekanalların birində dedim ki, bu adamları haradan tapıb çıxarırsınız? Özünüzün xüsusi axtarış qrupunuz var? Harada arvadını, uşağını atan, əxlaqını satan varsa, tapıb gətirirlər. Sanki telekanalın işçiləri Azərbaycanı qarış-qarış  gəzir ki, harada mənəviyyatsız, əxlaqsız, tərbiyəsiz, başıpozuq ailələri axtarıb tapırlar və efirə çıxarırlar. Dəhşətdir!  Televiziya dünyanın ən dəhşətli təbliğat silahıdır. Hamının evində, mətbəxində, maşınındadır”.  O, aidiyyəti qurumların telekanallara ciddi nəzarət etməli olduğunu vurğulayıb:  “Bu işlə əlaqədar strukturlara dəfələrlə müraciət etmişəm. Qardaşlar, artıq geriyə yol yoxdur, biabırçılıqdır. Efirə çıxan qadınların çoxunun yəqin ki, ailə tərbiyəsi, təhsili yoxdur, özləri bilər. Bu onların problemidir. Amma sən onları efirə çıxarırsansa, bu artıq böyük problemdir. Həmin verilişləri dayandırın! Rüsvayçılığı bitirin, artıq hər şey əldən gedir. Televiziya rəhbərlərinin məqsədi nədir? Qardaş, bizdən nə istəyirsiniz?! Gül kimi sənətkarlarımız, mədəniyyətimiz var, niyə onları təbliğ etmirsiniz?!  Abrımızı, ismətimizi qoruyun, nə olar ki?  Bunu qoruyun ki, sabah axirət dünyasına, babalarımızın, qeyrətli kişilərimizin yanına üzü ağ gedək. Bu adamların ucbatından gedib orada qınaq yiyəsi olmayaq. Hər şey ciddi nəzarətə götürülməlidir, həmin biabırçı verilişlər dayandırılmalıdır. O aparıcılar xalqa hesabat verməlidir ki. məqsədləri nədir və “debil”, xəstə insanları haradan axtarıb tapırlar”. 

Dəm qazı daha bir can aldı

Gədəbəy rayonu Slavyanka kənd sakini, 1956-cı il təvəllüdlü Nəzakət Ovçu Süleymanova qızı dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə evin hamam otağında baş verib. Faktla bağlı araşdırma aparılır.

“Ermənilər deyir ki, əgər sərhədlər bəlli deyilsə, hansı sazişdən söhbət gedə bilər...”

“Alen Simonyan sərhədlərin demarkasiya və delimitasiyası məsələsinin daha sonra da həll edilə biləcəyini istisna etməyib...” “Ermənistan parlamentinin sədri Alen Simonyan  jurnalistlərlə keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanla Azərbaycan arasında hazırlanan  sülh sazişi çərçivəsində sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı fikrinə münasibət bildirib. Hikmət Hacıyev demişdi ki, sülh sənədində sərhədlərin müəyyənləşməsi ümumu sazişdən ayrıla və  buna daha sonrakı sürəcdə baxıla bilər”.  Bunu moderator.az-a açıqlamasında ermənişünas alim Qafaqr Çaxmaqlı söyləyib. “Alen Simonyan sərhədlərin demarkasiya və delimitasiyası məsələsinin daha sonra da həll edilə biləcəyini istisna etməyib. O, bunu belə izah edib ki,  sülh sazişini uzatmamaq üçün  həll olunması uzun müddət tələb edən həmin məsələya sonra da baxıla bilər. Misal olaraq Gürcüstanla Ermənistan arasında sərhədlərin təyin olunması çalışmalarının hələ də davam etməsini göstərib. Erməni spikerin bu fikri Ermənistanda ciddi narazılıqla qarşılanıb”, -davamında şərhçi belə deyib.    “Belə olan halda Ermənistanın baş nazirinin tez-tez səsləndirdiyi iki ölkənin ərazi bütövlüyü (Azərbaycanın 86,6 min kvadratkilometr, Ermənistanın 29, 8 min kvadratkilometr) çərçivəsində sülh sazişi hansı əraziləri əhatə edərək  imzalanacaq? Əgər ərazilərlə bağlı dəqiq bir razılaşma yoxdursa və Azərbaycanın dilindən 29,8 min kvadratkilometr ərazi ilə bağlı heç bir bəyanat olmayıbsa, demək, Paşinyanın səsləndirdiyi bu məsələ hələ həllini tapmayıb və Ermənistanın hazır olduğunu iddia etdiyi sənəddə bunun öz əksini tapmadığı da görünməkdədir. Sərhəd xətti hansı ərazilərdən keçir, orada Azərbaycanın 8 anklav kəndi və Ermənistanın zaman-zaman özünə birləşdirdiyi ərazilərin taleyi də həll edilməmişdir.  Belə çıxır ki, Ermənistanın yaxasını cırıb bir an öncə imzalamaq istədiyi sülh sazişi sənədi hazır deyil”, -deyən ermənişünas alim daha sonra erməni politoloqlarının Ermənistan spikerinin son bəyanatına verdiyi şərhləri də nümunə gətirir.  “Erməni siyasi şərhçi David Stepanyana görə, Alen  Simonyanın bəyanatı Ermənistanın yeni güzəştlərə gedəcəyinə işarədir.  Tərəflərin ərazi bütövlüyü tanınacaqsa, orada eyni rəqəmlər göstərilməməsi yeni problemlər yaradacaq və ortaya Azərbaycanın yeni tələbləri çıxacaq.  Erməni şərhçiyə görə Azərbaycanın tələbləri məlumdur. Bunlardan ən əsası: Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək  Zəngəzur dəhlizinin açılması və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer alan maneəsiz keçidin əldə edilməsidir. Ermənistan bu reallığa qarşı hansı arqumentləri qoya bilər? Mövcud reallıqlar tələb edir ki, Ermənistan indiyə qədər olan və bundan sonra olacaq (o cümlədən imzalanacaq sülh anlaşmasına)  öhdəliklərə uysun. Yalnız o zaman bölgədə qalıcı sülhə nail olmaq mümkündür.  Helsinki Vətəndaş Assambleyasının Vanadzor şöbəsinin müdiri  Artur Sakunts deyir ki, belə bir durumda Ermənistan sülh sazişini imzalamamalıdır. O bildirir ki, biz həmişə qeyri- müəyyənlik içərisində oluruq və sülh sazişinin  məzmununu bilmədiyimizdən və bu sazişin  Ermənistana nə verəcəyini bilmədən onu imzalamağa tələsirik; əgər sərhədlər bəlli deyilsə, hansı sazişdən söhbət gedə bilər.   Hər gün yeni siyasi situasiyanın , bölgəmizdə yeni durumun formalaşdığı bir zamanda Ermənistanın sülh sazişinə gedəcəyi şübhə doğurur və indiyədək bu saziş Ermənistanın qeyri- kontruktivliyindən, bəhanələrindən dolayı imzalanmayıb. İndi də ehtimal ki, Ermənistan onu uzatmaq siyasətini aparacaqdır. Ermənistanda aparılan təhlillərdən bunu anlamaq çox da çətin deyil”, - deyə Qafar Çaxmaqlı diqqətə çatdırıb.

"Xankəndində futbol da oynadıq...- Bəs Rusiyanın Qarabağdakı oyunları bitdimi?.."

“Putinin son canlı brifinqindəki dedikləri, müdafiə naziri Şoyqunun, baş qərargah rəisi Gerasimovun isə  son günlər söylədikləri göstərir ki, bu oyunlar hələ bitməyib...” Allaha min şükürlər olsun ki, nəhayət, 36 il sonra təxminən 2 ay öncə üçrəngli bayrağımızı ucaltdığımız Xankəndində Azərbaycan rəhbərinin iştirakıyla “Qarabağ” futbol komandasının oyununu da keçirdik. Bəli, bu da Azərbaycan xalqı üçün tarixi, əlamətdar və rəmzi bir hadisədir... Fəqət, belə olaylar bizləri eyforiyaya qapdırıb arxayın salmamalı, bizə qarşı davam edən geo-siyasi, hərbi-siyasi oyunlara qarşı mübarizədən yayındırmamalıdır... Soruşa bilərsiz ki, daha nə oyun, torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik... Bəli, ərazi bütövlüyümüzü bərpa etdik. Amma yüz illərlə “Böyük Ermənistan” xəstəliyi ilə yaşayan erməni güclərinin, onlardan Azərbaycana, Türkiyəyə qarşı alət kimi yararlanan Rusiya, İran, Fransa, ABŞ kimi nəhənglərin əks-gedişləri durdumu? Və hazırkı durumda həmin güclərdən bizə ən yaxını və təhlükəlisi Rusiyadır. Çünki üzdə müttəfiqlikdən, dostluqdan danışan həmin Rusiyanın hərbi qüvvələri hələ də Azərbaycan Respublikasının suveren ərazisində - Yuxarı Qarabağdadır. Çünki “sülhməramlı”ların hərəkətsizliyi şəraitində qısa müddətdə Qarabağdan köçmüş on minlərlə hayın ən azı yarısının qəlbində Azərbaycana qarşı kəskin nifrət var. Və Moskvanın 32 ildən çox məhz özünün himayəsi altında qondarılmış separatçı-terrorçu rejimin İrəvandakı tör-töküntüləri, xüsusən də 20 il Ermənistanda yenə də Moskvanın dəstəyi ilə hakimiyyətdə olmuş Köçəryan-Sərkisyan cütlüyünün başçılıq etdiyi Qarabağ klanından, revanşist qüvvələrdən və elə həmin ən azı on minlərlə Qarabağ köçkünündən Azərbaycana qarşı bu gün gizli, gələcəkdə açıq şəkildə istifadə etməsi və edəcəyi şübhəsizdir... Belə olan halda Rusiyanın Qarabağdakı oyunları bitdimi?.. Xeyr. Putinin son canlı brifinqindəki dedikləri, müdafiə naziri Şoyqunun, baş qərargah rəisi Gerasimovun isə  son günlər söylədikləri göstərir ki, bu oyunlar hələ bitməyib...  Dəfələrlə dediyimiz kimi, ermənilərin Qərbi Azərbaycana da,  Qarabağa da kütləvi köçürülməsi ilə, onlara dövlət qurulmasıyla da, muxtariyyət verilməsi ilə də, separatçı rejim qurulmasıyla da məhz Rusiya məşğul olub.  Və Ukraynaya son iki ildəki ədalətsiz, haqsız və amansız, faşistcəsinə təcavüzü də göstərir ki, Kreml qonşu ölkələrə, xüsusən də keçmiş sovet respublikalarına imperiya ambisiyalarından, o cümlədən keçmiş SSRİ ərazisi çərçivəsində yeni bir  İttifaq  dövləti qurmaq planlarından əl çəkməyib... Və görünən odur ki, Rusiya Azərbaycana qarşı oyunlarını nəinki artıq Şoyqunun “sülhməramlı” deyil, “hərbi kontingent” adlandırdığı qoşunları ilə, həm də özünün sovet dövründən bəri formalaşdırdığı “möhtəşəm” kəşfiyyat-agentura şəbəkəsi, ayrıca “KQB”-“FSB”-“QRU” korrupsiya şəbəkəsi, “5-ci kalonu” vasitəsilə də davam etdirəcək... Görünür, Kremlin ürəyindən keçir ki, dağılması məhz Qarabağdan başlamış Sovet imperiyasının bərpasına da məhz Qarabağdan başlasın... Fəqət, sözsüz ki, bu gün Rusiya ilə qonşu kimi münasibətləri qoruyub saxlayan  Azərbaycan da, qardaş(!) Türkiyə də  Putin rejiminin “SSRİ” xülyasının reallaşdırılmasında iştirak edə bilməz... Sultan Laçın

Türkiyə ordusu 6 şəhid verdi

2023.12.22 23:36 Bu gün İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində Türkiyə ordusunun 3 hərbçisi şəhid olub, 4-ü isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hücumdan sonra aparılan əməliyyat nəticəsində 4 terrorçu məhv edilib. *** Türkiyə ordusunun PKK terrorçularının hücumu nəticəsində yaralanan 4 hərbçisindən 3-ü şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da şəhid hərbçilərin sayı 6-ya çatıb.

Şuşa yolunda ağır qəza: ölən var

Şuşa yolunda ağır yol qəzası baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki,hadisə betonqarışdıran avtomobilin idaretməni itirməsi nəticəsində baş verib. Yol qəzası nəticəsində, Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bakı-Sumqayıt yolunda ağır qəza: 8 yaralı var

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının qarşısındakı yolda baş verib. Belə ki, "Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.