Finlandiya Rusiya ilə sərhədi yenidən bağladı

Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini yenidən bağlayıb. Sozcu.az xəbər verir ki, tədbir 14 yanvar 2024-cü il tarixinədək qüvvədə olacaq. Finlandiya hakimiyyətinin daha əvvəl izah etdiyi kimi, bu, Vaalimaa və Niirala keçid məntəqələri vasitəsilə üçüncü ölkələrdən gələn miqrantların axını ilə bağlıdır.

Ətin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycan xaricdən mal əti idxalını 93.3 faiz artırıb. Komitənin başqa bir hesabatında göstərilir ki, cari ilin yanvar – sentyabr aylarında Azərbaycanda 2 milyon 533 min 192 ədəd iribuynuzlu mal-qara olub. İstehsal olunan ətin ümumi çəkisi isə 424 min 545 ton təşkil edib. Dövlət Gömrük Komitəsinin bu dövr üçün açıqladığı son hesabat da bu məlumatı təsdiq edir. Belə ki, bu dövrdə Azərbaycana 95 milyon 632 min dollardan çox diri heyvan idxal olunub ki, bunun da ümumi çəkisi 682 tondan bir çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 milyon 474 min dollar və ya 37,10 faiz çoxdur. Buradan da belə aydın olur ki, bir il ərzində idxal olunan ətin çəkisində cüzi, yəni 1 milyon 054 tondan bir qədər çox və ya 3,03 faiz, maliyyə dəyərində isə 7 milyon 386 min dollar və ya 10.55 faiz artım olub. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans.az-a açıqlamasında bildirib ki, ət idxalının artmasının səbəbi ölkə daxilində ət istehsalının azalmasıdır: “İdxal hesabına yerli bazarda ət qiymətinin ucuzlaşması mümkün deyil. Bəzi hallarda mümkün olur, amma indiki halda bu belə deyil. Konkret olaraq ət idxalı hesabına ölkə daxilində bazardakı ucuzlaşmaya nail olmaq mümkün deyil. Bu bazarın strukturundan asılı olan bir məsələdir. Məsəl üçün ucuz qiymətə çay idxal etsək, ölkə daxilində çayın qiymətin azalda bilərik, amma ət idxalında bunu etmək mümkün deyil. Çünki bizdə idxal olunan ət çox nadir hallarda bazara çıxır. İdxal olunan ət əsasən hökumət və qeyri-hökumət təşkilatlarında çoxsaylı şəxsi heyyəti qidalandıran müəsissələr üçün istifadə edilir. Bu ətlərin əksəriyyəti dondurulmuş olur”. İqtisadçı qeyd edib ki, bizim bazarlarda gördüyümüz ənənəvi satılan ət idxal olunan ət deyil, yerli ətdir. Onun sözlərinə görə, yerli ət istehsalı azaldıqca da bazardakı ətin qiyməti bahalaşır: “Ət istehsalının ucuzlaşmasının əsas səbəblərindən biri isə 2015-ci ildən bəri bizim iqtisadi strategiyamızla bağlıdır. Pambıq strateji məhsulu istehsal olunanda Azərbaycanda heyvandarlıqla məşğul olan fermerlərin əllərində olan torpaqları alıb yerində pambıq əkdilər. Onlar da əllərində olan heyvanları satıb heyvandarlıqdan çəkildlər və nəticəsi də belə oldu”. Həmişə yay aylarında ətin qiyməti ucuzlaşırdı, amma bu il yay aylarında hətta məhərrəmlik ayı ətin qiyməti 1 manat bahalaşdı. Qarşıdakı aylarda da ətin qiymətinin bahalaşması mümkündür. Biz idxal hesabına heç vaxt ölkə bazarında ətin qiymətini aşağı sala bilmərik – deyə Akif Nəsirli əlavə edib.

Ukrayna Rusiyanın mövqelərinə ağır zərbə endirdi

Ukrayna ordusu ötən gün ərzində Rusiya texnikalarının cəmləşdiyi bir neçə əraziyə və sursat anbarlarına zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 7 əraziyə hücum edib. Həmçinin, raket qoşunlarının bölmələri şəxsi heyətin, silah və hərbi texnikanın cəmləşdiyi 4 ərazini və rus ordusunun 2 sursat anbarını vurub.

Gələn il Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Türkiyədə dolların rekord həddə bahalaşması iqtisadiyyata elə də ciddi ziyan vurmur. Çünki Türkiyə iqtisadiyyatı çoxşaxəlidir. Həm sənayesi, həm də kənd təsərrüfatı öz ehtiyaclarını əksər məsələlərdə ödəyir. Buna görə də lap dollar qalxırsa, qalxsın. Türkiyədəki mallar onsuz da dollarla ölçülmür, öz valyutası lirə ilə ölçülür. Azərbaycanda isə devalvasiya həmişə daha ağırdır, nəinki Türkiyədə...”  Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov 2024-cü ildə Azərbaycanda devalvasiya olacağı barədə ehtimallara münasibət bildirərkən deyib.  “Əvvəllər dollar kreditlərinin olmasını kənara qoyuram. Əsas məsələ budur ki, Azərbaycan bir çox malları və xidmətləri xaricdən idxal edir. Azərbaycanda dollar bahalaşırsa, vəssalam, bütün malların, məhsulların qiyməti qalxır. Buna görə də bizim devalvasiya daha ağrılıdır. Düşünürəm, 2024-cü ildə devalvasiya olması ehtimalı elə də yüksək deyil, amma ola bilər. Ehtimal həmişə var, dünyadakı dəyişiklikləri görürük. Dünyadakı geosiyasi vəziyyətə görə valyuta ehtiyatlarımız baxımından indi neftin qiyməti də kifayət qədər yüksəkdir. Doğrudur, neft hasilatı bizdə azalıb, ortamüddətli perspektivdə, bəli, devalvasiya ola bilər. Təxminən, 3 il ərzində devalvasiya olması ehtimalı daha yüksəkdir. Çünki valyuta ehtiyatlarımızın artma ehtimalı aşağıdır. Neft az hasil edilir”, - ekspert deyib.  Qeyd: Türkiyədə dekabrın 14-də birjalarda Dollar/TL məzənnəsi rekordunu yeniləyib, 29,05 səviyyəsinə qədər yüksəlib. TL təkcə dünən dollar qarşısında 0,2% dəyər itirib. Son altı ayda isə Türkiyədə dollar lirə qarşısında 23%-dən çox bahalaşıb. 

Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 buraxılış məntəqəsi yaratmağa hazırdır

Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 nəzarət-buraxılış məntəqəsi yaratmağa hazırdır. Bunu Ermənistanın ərazi və infrastruktur naziri Qnel Sanosyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin İrəvanda keçirilən toplantısında deyib. Nazirin sözlərinə əsasən, ölkəsi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərində yeddi nəzarət-buraxılış məntəqəsi yerləşdirməyə, dörd dəmir yolu hissəsini bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə, o cümlədən Ermənistan-Türkiyə sərhədində 2, Ermənistan-Azərbaycan sərhədində də 5 keçid məntəqəsi quraşdırmağa hazırdır. “Ermənistan “Sülh kəsişməsi” proqramı vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Şərq-Qərb Nəqliyyat Dəhlizi layihələri çərçivəsində region ölkələri ilə nəqliyyat əlaqələrini təmin edəcək bütün infrastrukturları tikməyə və bərpa etməyə hazır olduğunu bəyan edir”, - nazir əlavə edib.//APA

Azərbaycanda jurnalistlərin saxlanılmasına – ABŞ-dən reaksiya

“Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı son tendensiya dərin narahatlıq doğurur”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib. “Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, - M. Miller bildirib. O bildirib ki, ABŞ bu məsələni dəfələrlə Azərbaycan hökuməti ilə müzakirə edib. Qeyd edək ki, Azərbaycanda son olaraq dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb və o, noyabrın 20-dən etibarən Azərbaycanda saxlanılan 7-ci KİV nümayəndəsi olub.

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçildi

Tofiq Yaqublu barəsində həbs qərarı verildi. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Bildirilir ki, Nərimanov Rayon Məhkəməsi T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Qeyd edək ki, ötən gün – dekbarın 14-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb. Vəkili Aqil Layıc T. Yaqubluya qarşı dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamların irəli sürüldüyünü bildirib. O cinayət işində başqa təqsirləndirilən şəxsin də olduğunu qeyd edib və istintaq sirri olduğu üçün həmin şəxsin kimliyini açıqlaya bilməyəcəyini deyib. “Tofiq bəy ittihamların hamısını rədd etdi və saxlanılmasını siyasi fəaliyyəti ilə əlaqələndirdi. İddia edirlər ki, şikayət var, amma biz şikayəti görməmişik”, - A. Layıc bildirib.

Saakaşvili Gürcüstanın Aİ-yə namizədliyinə Rəsulzadənin sözlərilə münasibət bildirdi

Gürcüstan Avropa İttifaqına namizədliyə qəbul edildikdən sonra Gürcüstanda faktiki bayram əhval-ruhiyyəsi yaşanır. Dünya dövlətləri bu hadisə ilə əlaqədar Gürcüstana təbriklər ünvanlayırlar. Sozcu.az xəbər verir ki, həbsdə olan Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili də Facebook səhifəsində öz münasibətini bildirib. O, fikrini Məhəmməd Əmin Rəsulzadənin məşhur kəlamı ilə ifadə edib: “Avropa Qafqaza daxil oldu. Gürcüstanda bir dəfə qalxmış Avropa bayrağı bir daha enməyəcək”.  Xatırladaq ki, M.Saakaşvili 2012-ci il martın 7-də Azərbaycan parlamentində çıxışı zamanı Azərbaycan dilində M.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamını səsləndirmişdi.

Müsavat seçkidə iştirakdan imtina etdi

Dekabrın 15-də Müsavat Partiyası Divanının iclası keçirilib.  Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun uydurma ittihamlarla həbsi ilə bağlı məsələ müzakirə olunub. Bu həbs Müsavat Partiyasına və bütövlükdə müxalifətə təzyiq etmək, cəmiyyət xof yaratmaq məqsədilə atılan repressiv addım kimi dəyərləndirilib. Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə partiyanın bəyanatı qəbul edilib.  Azərbaycanda son həftələr ərzində 10-dan artıq jurnalistin, o cümlədən “Turan” agentliyinin əməkdaşı Hafiz Babalının həbsi ölkədə söz və media azadlığına qarşı basqıların davamı kimi qiymətləndirilərək pislənilib. Bütün siyasi məhbusların və sifarişlə həbs edilən jurnalistlərin azadlığa buraxılması tələb edilib.  İclasda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri müzakirə olunub. Qeyd edilib ki, bir qayda olaraq seçkilərdə iştirak edən Müsavat Partiyası Azərbaycan hakimiyyətini seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığınını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb. Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib. Hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib. Seçki kampaniyasının qəfil elan olunması ilə seytnot vəziyyətinin yaradılması bu seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur. Müsavat Partiyası bütün bunları, eləcə də Müsavar Partiyası strukturlarında aparılan müzakirələrin və ictima sorğuların nəticələrini nəzərə alaraq, fefralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.

Paşinyan: “KTMT-dən çıxmaqla bağlı maraqlarımızı nəzərə alaraq qərar verəcəyik”

Müşahidələrimiz göstərir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə vətəndaşların suallarını cavablandırarkən bildirib. Hakimiyyətin niyə KTMT-dən çıxmaq barədə qərar qəbul etməməsi ilə bağlı suala münasibət bildirən N.Paşinyan cavab verib ki, bununla bağlı siyasi iradə var və Ermənistanın maraqları nəzərə alınmaqla qərar veriləcək. “Niyə biz KTMT-dən çıxmaq və ya bu təşkilatda üzvlüyə xitam vermək barədə qərar qəbul etməmişik və verməyəcəyik? Biz Ermənistanın dövlət maraqlarına əsaslanaraq qərar verəcəyik. Bizim istiqamətimiz Ermənistanın dövlət maraqlarıdır. Məlumatlarımız göstərir ki, faktiki olaraq KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi onun respublika qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir. Biz isə bu məsələni açıq şəkildə qaldırırıq”, - o bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi KTMT-nin mövqeyini başa düşmək, eləcə də özünün mövqeyini quruma çatdırmaq üçün bütün tədbirləri görməyə hazırlaşır.

Azərbaycanda daha bir uşaq qızılcadan öldü - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə ölən 4 yaşlı uşaqla bağlı məlumat açıqlayıb. Qurumdan bildirilib ki, serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixdə səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib. "Həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb", - məlumatda qeyd edilib. 09:24 Şəmkirdə 4 yaşlı oğlan uşağı qızılca xəstəliyindən ölüb. Sozcu.az APA-ya istinadən bildirir ki, 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb. Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır

660-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 660-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 343 890 hərbçi, 5 706 ədəd tank, 10 654 ədəd zirehli döyüş maşını, 8099 ədəd artilleriya sistemi, 920 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 699 ədəd avtomobil texnikası, 6226 ədəd PUA, 1 608 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 189 xüsusi avadanlıq itirib.

Sürücünü döyüb, “Prius”unu əlindən aldılar

Samux polisi sürücünü döyərək avtomobilini qaçıran şəxsləri saxlayıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək “Toyota-Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib. Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib.

Bakı və İrəvan bu qərarı versə... - Obrayen

Düşünürəm ki, önəmli olan iki ölkənin bir-biri ilə danışması və əməli razılaşmalar əldə etməsidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Azərbaycan-Ermənistan münasibətləri barədə “Amerikanın səsi”nə açıqlamasında deyib. “Keçən həftə onlar məhbusların azad edildiyini elan etdilər və yalnız bu həftə məhbuslar evdədirlər və bir-birlərini bir çox cəhətdən dəstəklədiklərini göstərən birgə bəyanat yaydılar, o cümlədən COP29-a ev sahibliyi etmək üçün bir-birinə beynəlxalq dəstək verdilər. Ümid edirik ki, bu, hər iki ölkə, eləcə də Ermənistanın beynəlxalq istəkləri üçün faydalı olacaq. Bu cür dəstəyin göstərilməsi normal ikitərəfli münasibətlərin qurulmasına gətirib çıxaracaq. Biz hər iki ölkəyə dedik ki, onların sülh sazişinin bağlamasına kömək etməkdən çox məmnunuq. Əgər tərəflər müəyyən etsələr ki, bu, onlara uğurlu bir əsəri yekunlaşdırmağa kömək edəcək, o zaman biz yenidən kömək etməkdən məmnun olarıq. Biz hər iki tərəfi bir araya gəlməyə təşviq etmək üçün köməyə hazırıq və bilirsiniz ki, indiyə qədər hər iki ölkə bunun üzərində işləməyə hazır olduğunu söyləyib. Bu ilin sonuna qədər vaxtımız tükənir, amma əlimizdən gələni edəcəyik”, - Obrayen bildirib.

Qurban Qurbanov: "Bütün Azərbaycanı təbrik edirəm"

“Azarkeşlərə və futbolçularıma təşəkkür edirəm”. Sozcu.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov UEFA Avropa liqasında İsveç təmsilçisi "Hakken" üzərindəki qələbədən sonra deyib. Ağdam klubunun baş məşqçisi bildirib ki, gərgin keçən oyunda nizam-intizamı qoruyub saxlamaq mümkün oldu. "Bütün Azərbaycanı təbrik edirəm"- deyə Qurbanov bildirib.

Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib

"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. Sozcu.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib. H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1. Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

Bu, Ukraynanın qələbəsidir - Zelenski

Prezident Vladimir Zelenski Avropa Birliyinin (AB) Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarını şərh edib. Sozcu.az xəbər verir ki, Zelenski X şəbəkəsində paylaşımında bunu bütün Avropanın qələbəsi adlandırıb. "Ukrayna üçün qələbə... Bütün Avropa üçün qələbə... Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə...", - deyə Zelenski bildirib. Qeyd edək ki, AB Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlara başlanacaq.

Ukrayna ordusu "Xəncər" raketini məhv etdi

Ukraynanın Kiyev vilayətində Rusiya ordusunun atdığı “Xəncər” (Х-47М2) raketi vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk deyib.

Tofiq Yaqublu saxlanıldı - Təcili

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb. Bildirilir ki, Nərimanov polis bolməsi tərəfindən evdə axtarış aparılır. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı “qafqazinfo”ya təsdiq edib. Nazirlik rəsmisi qeyd edib ki, hazırda araşdırma aparılır.

Bakı erməni əsirləri yaxşı bəsləyib - Erməni nazir

Azərbaycan tərəfindən geri qaytarılan 32 erməni hərbçinin müalicə və əlavə müayinəyə ehtiyacı yoxdur. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan deyib. “Azərbaycandan Ermənistana qaytarılan əsirlər ilkin tibbi müayinədən keçirilib, hazırda onların tibb məntəqələrinə köçürülməsinə ehtiyac yoxdur”, - o bildirib. Qeyd edək ki, Bakı və İrəvan ötən gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsini həyata keçirib. Öncədən əldə olunan razılaşmaya əsasən 2 azərbaycanlı əsirlə 32 erməni əsir dəyişdirilib.

Bəzi rayonlara qar yağıb, 4 dərəcə şaxta olub - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Şərur, Şahbuz, Ordubad, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağıb, Qusar və Şahdağda qar yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan, Şərur, Culfa, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Qax, Şamaxı, Naftalan, Gəncə, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Yardımlı, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək, Naxçıvan MR-da 6-10 dərəcə, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-4 dərəcə şaxta olub. Bu gün axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi, hava şəraitinin sabitləşəcəyi gözlənilir.

Bakı Dövlət Universitetindən biabırçı cavab

"Hər il bir neçə dəfə Bakı Dövlət Universitetinə endirimli kitab sərgisi keçirtmək üçün müraciət edirik. Hər dəfə də təqribən cavab eyni üçün olur ki, təmir gedir, bitsin xəbər edərik. Bakı Dövlət Universitetində 20 mindən çox tələbə təhsil alır. Hardasa 15 mindən çox tələbə ödənişli təhsildədir və hər il azı 2000 manat ödəyir. Bu da ilə 30 milyon manat deməkdir. Amma bu universitet nə kitabxanasına kitab alır nə də kitab sərgisinin keçirilməsinə şərait yaradır.  Tələbələrin ödənişləri təmir- tikinti adı ilə necə gəldi xərclənir". Şahbaz Xuduoğlu

Serj Sərkisyan: Qarabağ məsələsi hələ bağlanmayıb

Vaxt gələcək, Qarabağ səhifəsinin bizim üçün bağlanmadığını deyəndə nəyi nəzərdə tutduğumuzu ətraflı izah edəcəyik. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sərkisyan jurnalistlərlə söhbətində deyib. Qarabağ ermənilərinin qayıtması məsələsinə toxunan Sərkisyanın fikrincə, bunu həmin adamların özlərindən soruşmaq lazımdır: “Aydındır ki, qayıdış arzuolunandır, lakin müvafiq şərtlər olmalıdır və mən onların fikrini bilmədən dəqiq nə deyə bilmərəm”, – deyə Sərkisyan bildirib. Serj Sərkisyan Şarlz Mişelin Qarabağ ermənilərinin Azərbaycan konstitusiyasına tabe olması ilə bağlı bəyanatına cavab olaraq deyib: “Bu, zəmanət ola bilməz, biz belə sözləri çox eşitmişik. Bu, sadəcə olaraq sıfır zəmanətdir”.

"Azərbaycan hələ də yas dəbdəbəsinin əsiridir"

"Azərbaycan hələ də yas dəbdəbəsinin əsiridir". Sozcu.az bildirir ki, bu sözləri sosioloq Lalə Mehralı deyib. Sosioloq qeyd edib ki, son bir neçə ilin ən qızğın müzakirə və mübahisə edilən mövzularından olan yas süfrəsi mövzusu hələ də müzakirəyə açıq olaraq qalır: "Bu qədər yazılan, müzakirə ediləndən sonra belə heç bir yas sahibi süfrəsini “kasıblatmadı”. Yenə yas süfrələri dəbdəbəsindən, təntənəsindən, cah-cəlalından geri qalmır. Hər gün dindən dəm vuran, israfçılığın günah olmasından danışan insanların öz evində olan yas mərasimlərində belə bu mənzərə kifayət qədər dəbdəbəlidir. Heç kim qonşudan geri qalmır, qalmaq istəmir, imkanı olasa da, olmasa da. Bu ənənə çoxdan başlayıb. İnsanlar yas mərasimlərini toya çevirdilər, süfrələr dolub-daşdı, yas evinin həyətindən toy evini xatırladan təamların növbənöv qoxuları ətrafa yayıldı, qadınlar yasa daha sadə bir don, adi bir paltar geyinmir, kimin nə qızılı, brilyantı, bahalı telefonu varsa yas mağarında nümayiş etdirirdi. Heç kim ayağını yorğanına görə uzatmırdı. Hələ ləbləbini, növbənöv şokoladları, rəngbərəng meyvə sularını, ekzotik meyvələri demirəm. Qonşunun yas süfrəsini bəyənməyib “layiqli ehsan vermədi” deyə tənə edənlər də aramızda çoxdur. Yas məclisini dəbdəbəli şəkildə təşkil etməklə insanlar, başqasının tənələrindən uzaq olmağa çalışırlar. Düşünür ki, süfrəyə az nemət qoysa deyəcəklər ki, ata-anasına hörmətsizlik etdi. Ya filankəs məclisdə üç cür şirniyyat verib deyə bu o qədər verməli, ya da ondan da artıq sayda şirniyyat növü menyuya daxil etməlidir". Bütün ölkəmiz bu yas dəbdəbəsinin əsiridir. Borca salan, sələmə girməyə vadar edən yas mərasimləri fəlakətdən də betərdir. Yasın düşəndə bilmirsən itirdiyin əzizinə yanasan, yoxsa borca girib yas süfrəsi açmaq məcburiyyətində olmağına. Ölən qalır bir tərəfdə, sən qonaqların nə yeyəcəyini, neçə kilo ət lazım olacağını, hansı şirniyyatları bişirtdirmək lazım olduğunu hesablamalısan". Sosioloq qeyd edib ki, qədimdə yas mərasimləri çox sadə keçirilib: "Yas mərasimi kədərin göstəricisidir, ona görə qədimdə yas düşən evdə neçə gün ocaq tüstüləməzdi. Axı əzizi ölən yemək bişirib, süfrə qurmaq istəməz. Yası düşənə, əzizi ölənə qonşusu yemək bişirib gətirərmiş – ocağını tüstülətmədiyi, süfrəsini açmadığını bildiyi üçün. İndi isə ölən əzizimizin portretini əks etdirən tort sifariş edirik. İndiki yas mərasimlərinin bircə xanəndə-çalğıçı heyəti çatmır. Oxuyanın yerində molla oturmasa, divardan mərhumun qara lentli rəsmi asılmasa heç kim yas yas mağarına girdiyini anlamaz.Hər məclisdə molla, axund “bu cür yas süfrəsi açmaq günahdır” deyir, amma özləri daha çox yeyir o təamlardan. Biz göstərişi, cah-cəlalı sevirik. Ən kasıbımız da, ən milyonçumuz da. Əzizini itirmiş insanlar bilmirlər ki, nə etsinlər. İnsanlar yasa sanki ölü yiyəsinə təsəlli vermək üçün deyil, yemək üçün gəlirlər. Əlbəttə, bütün bunlardan əhalinin varlı təbəqəsi deyil, kasıblar əziyyət çəkirlər. Restoranlarda nəinki xeyir, həm də şər üçün xüsusi zallar ayrılıb. Məqsəd də əlbəttə ki, insanların cibinə girərək pul qazanmaqdır. Restoranlardan başqa, belə məclislər üçün qurulan çadırlar da çox bər-bəzəklidir. Artıq çadırlarda insanlar üçün hər bir xidmət yaradılıb. Bu cür çadırların içində hətta ayaqyolu olanları da var. Əvvəllər, rayon-kənd yerlərində kiminsə yaxını öləndə yası olan şəxs sadəcə çadıra görə pul ödəyirdi. Qalan bütün işləri özü, yaxınları gördüyü üçün heç bir əlavə vəsait xərcləmirdi. Amma indi vəziyyət dəyişdiyi üçün hər kəs bu cür xidmətlərdən yararlanmağa üstünlük verir. Ofisiantından tutmuş qab-qaşıqların yuyulmasına qədər bütün xidmətlər yas mərasimi təşkilatçıları tərəfindən təklif olunur. Çadırın içinin çilçırağı, xalçası, pərdələr, mikrofon-səsgücləndirmə sistemi, qab-qacaq və s. xidmətə daxildir. Əzizinə ağlamayıb pulla ağlayan tutanlar Yas evlərinin bir məşhur siması da var – mərsiyəxan. Daha çox şəhər mühitində fəaliyyət göstərirlər. Dini savadları olmayan, insanlarda Allaha sevgi aşılamaq yerinə daha çox Allah qorxusu və xof aşılamaqla tanınırlar. Məclis boyunca yalançı göz yaşı axıdıb dinlə əlaqəsi olmayan xurafatla zəngin əhvalatlar danışırlar". Sosioloq yas mərasimlərinə baha qiymətə gələn mərsiyəçi və ya mərsiyəxanlardan da söz açıb: "Məclisə yüksək qiymətə gəlirlər. Ən yaxşı halda 2 saatlıq ağlaşma mərasimi üçün 100-150 manat tələb edirlər, daha çox tanınan mərsiyəçilər məbləği yüksəldir. Əvvəllər ev sahibinin yaxını öləndə onun dərdinə şəriç çıxanlar, məclisə yığışanlar səmimiyyətlə ağlayaraq göz yaşı tökürdü. Çünki məclisdə əzizini itirən özü öz acısını dilə gətirib ağlayırdı. Amma indi ev sahibi özü dünyadan köçəninə ağlamaq yerinə mərsiyəçini ağladır. O məclislərdə mərsiyəçinin missiyası ağı deyib şüvənlik salmaq, məcburən də olsa ağlaşma yaratmaqdır. İndi heç kəs yas yerinə ağlamağa getmir. İnsanlar artıq bir-birinə yadlaşıb. Heç kəs heç kəsi tanımır. Bu yadlaşma nəticəsində isə heç kəs kiminsə ölüsü üçün göz yaşı axıtmaq istəmir. Qısası, yas mərasimi çoxdan yas olmaqdan uzaqlaşıb".musavat.com)