Arif Hacılı Azərbaycan xalqını təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   "Əziz  həmvətənlərim!  Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə  təbrik edir, sizə qarşıdan gələn 2024-ci ildə uğurlar arzulayıram.  31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı  məftillərin sökülməsi bir il əvvəl başlayan xalq hərəkatının mühüm mərhələsi oldu.  Bu hadisə Bütöv Azərbaycan ideyasının soydaşlarımız arasında yenidən və daha böyük miqyasda yaylmasına təkan verdi.  Həmin gün xalqımız üçün əziz bayramlardan birinə çevrildi.  1992-ci idə prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanun əsasında 31 dekabr Dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirildi.  Ərazilərimizin işğalına qarşı apardığımız mübarizə, istiqlal, azadlıq, Bütöv Azərbaycan şüarlarının 70 illik fasilədən sonra yenidən açıq şəkildə irəli sürülməsi bütün dünyada geniş əks-səda doğurdu.  Şimali Azərbaycanda vüsət alan ümummilli hərəkat o zaman dünya azərbaycanlılarında, ilk növbədə isə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdı. Qarşıdan həm də Yeni İl bayramı gəlir.  Təssüf ki, yola saldığımız ildə demokratiya, azad cəmiyyətin qurulması istiqamətində ciddi addımlar atılmadı. Siyasi, iqtisadi azadlıqların məhdudlaşdırılması, korrupsiyanın tüğyan etməsi ölkə əhalisinin həyat səviyyəsinin daha da pisləşməsinə gətirib çıxardı. Siyasi məhbuslar azad edilmədi. Əksinə siyasi həbslər davam etdi. Belə idarəçəlik nəticəsində ölkə həm siyasi, həm də sosial-iqtisadi böhran içərisindədir.  Cəmiyyətdə təbəqələşmə daha da dərinləşir. Amma bütün çətinliklərə baxmayaraq 2023-cü ildə xalqımızın iradəsi, əsgər və zabitlərimizin şücaəti nəticədində torpaqlarımızın tamamilə işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması, Qarabağ üzərində suverenliyimizin əsasən bərpa edilməsinə nail olundu. Bu vətənimizin, xalqımızın tarixində böyük, möhtəşəm hadisədir. Bu böyük qələbəyə xalqımızın ordu və böyük milli ideya ətrafında sıx birləşməsi, şəhidlərimizin canı və qazilərimizin qanı bahasına nail olduq. Bayram günündə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizi sevgi, sayğı ilə anır və onlara Allahdan rəhmət, qazilərimizə tezliklə şəfa diləyirəm. Qarşıdan gələn 2024-cü ildə ümummili problemlərin həlli üçün ciddi addımlar atılmalıdır.  Azərbaycanın inkişaf etmiş, firavan bir dövlətə çevrilməsi yolunda ciddi işlər görülməli, ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, həm iqtisadi, həm də siyasi sahədə bərabər imkanlar yaradılmalıdır.  Bütün siyasi məhbuslar azad edilməli, millinbirliyə nail olunmalıdır.  Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması sürətləndirilməli, işğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin məskunlaşması ilə bağlı ciddi addımlar atılmalıdır.  44 günlük Vətən Müharibəsi də göstərdi ki, xalqımız ən çətən, bəzən həlli kimlərəsə mümkünsüz görünən problemləri də həll etməyə qadirdir. Ümid edirəm, inanıram ki, Qarabağ problemini həll etməyə nail olmuş xalqımız ölkəmizdə azad, demokratik cəmiyyətin, hüquqi dövlətin qurulmasına da nail olacaq.  Əziz  həmvətənlər!  Sizi bir daha qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, sizə uğurlu, xoşbəxt illər arzulayıram. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Biz zülm çəkdik, Arayik “Marlboro” çəkir...

Hazırda Azərbaycanda həbsdə olan qondarma rejimin sabiq “prezidenti” Arayik Arutyunyanın murdar adı yenə saytlarımızı “bəzəyir”. Demək olar ki, yerli KİV hər gün Arayiklə bağlı müxtəlif səpkili xəbərlər tirajlayır.  Oxuduqlarımdan belə qənaətə gəldim ki, tez-tez adını yazıb, ürəyinizi bulandırmaq istəmədiyim bu erməni köpəyinin günü heç də pis keçmir. Gündə ən azı 9 saat kompüterin qarşısında əyləşən müxbirimizin hələ indiyə kimi, 1 qutu siqaretə 3 manat verməyə əli gəlməyib. Arayik isə qiyməti bizim pulla 9-10 manat olan bahalı “Marlboro” çəkir…  İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov ötən gün istintaq təcridxanasında Arutyunyana baş çəkib. Tural müəllim deyir ki, dörd divar arasında olmasına rəğmən, Arayikin normal yaşaması üçün təcridxanada hər cür şərait var. Saxlama kamerasında hamamı, istilik şəraiti yüksək səviyyədədir. Ərzaq təminatı qaydasındadır. Bunu Tural Hüseynov demir, mən deyirəm: DTX-nın cəsur oğlanlarının oktyabrın 3-də danaboyun eləyib Bakıya gətirdikləri Arayik yeyib-yatmaqdan dana boyda olub. Məhkəmə başlayanda özünüz görəcəksiniz, təkcə Arayikin deyil, digər seperatçı liderlərin də üzündən qan damır... Qarabağda özlərinin yaratdığı xunta rejimdən fərqli olaraq, Azərbaycanda hüquqi dövlət var. Biz hər kəslə qanun çərçivəsində davranırıq. Şəxsən mən, Arayiki və onunla bir yerdə təcridxanada saxlanılan digər erməni qatillərini adam saymasam da, Azərbaycan dövləti onları adam yerinə qoyur. Təcridxanada “Marlboro” siqareti çəkib, bədii kitab oxuması, idmanla məşğul olması, quyruğu qapı arasında qalan küçük kimi “mən də Azərbaycan vətəndaşıyam” deyə yalvarması da bununla bağlıdır. Azərbaycan dövlətinin humanistliyindən ona yetərincə pay düşüb... Arayikin sələflərinin və xələflərinin nankorluğu, namərdliyi, əclaflığı üzündən hansı zülmü çəkdiyimizi təkrar-təkrar yazıb bayram ərəfəsində ovqatınızı təlx etmək istəmirəm. Arayik kimi cəlladların ucbatından 30 il əvvəl biz siqaret əvəzinə dərd çəkirdik. Nisbətən cavan və enerjili olanlar birtəhər dözür, dözə bilməyənlər isə ölürdü. Bu zibillər torpaqlarımızı o qədər zibilləyiblər ki, arada 30 il keçməsinə baxmayaraq, hələ də doğma yurdlarımıza dönə bilmirik. Hələ də yüz minlərlə insan yurd həsrəti çəkir. Buna baiskar olan Arayik və onun kimiləri isə təcridxanada “Marlboro” çəkir… Görünür, taleyin ironiyası bu imiş…  Seymur VERDİZADƏ 

Cəlilabadda iki azyaşlı kanalda batdı

Bu gün Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyiti aşkar olunub. Sozcu.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Üç gündən sonra pensiyalar, maaş nə qədər artacaq?

Minimum maaşdakı artımlar il başladıqdan sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla reallaşır. Bir sıra artımlar öncədən büdcə paketində öz əksini tapıb və bu qanunvericiliklə təsbit olunmuş artımlardır. Məsələn, pensiyadaki artımlar 2023-cü ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır. Buna görə də bunu əvvəlcədən hesablamaq mümkündür. Minimum maaşda hər il artımlar həyata keçirilir. Bu da təbii ki, həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından kifayət qədər vacib addımlardır. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Bayramov bildirib ki, ilkin qiymətləndirmələrə görə yanvar ayında pensiyalar təxminən 11% artacaq: “Eyni zamanda ünvanlı sosial yardım çərçivəsində sosial yardım alan vətəndaşlarımızın da yardımlarında artımlar olacaq. Bu, birbaşa ehtiyac meyarının 270 manata çatdırılması ilə bağlıdır və təxminən 10%-lik artım deməkdir”. Millət vəkilinin sözlərinə görə, 2024-cü ildə minimum əmək haqqı ilə əlaqəli qərar fiskal gəlirlərimizdən asılı olaraq veriləcək: “Nəzərə alsaq ki, 2024-cü ilin büdcəsi təsdiq olunur, bu baxımdan fiskal gəlirlərimiz çox önəmli olacaq. Büdcədə sosial xərclərin payı kifayət qədər yüksəkdir. Ümumi xərclərin 45%-ni sosial xərclər təşkil edir. Ona görə də növbəti ildə həm minimum maaş, həm də sosial müavinətlə bağlı qərar fiksal gəlirlərimizdəki vəziyyətə uyğun olaraq qəbul ediləcəyi gözlənilir”.

Prezidentliyə namizəd: “Erməniləri Qarabağa qaytaracam, status veriləcək”

ABŞ prezidentliyinə müstəqil namizəd, sabiq prezident Con Kennedinin qardaşı oğlu Robert Kennedi Azərbaycanla bağlı böhtan məzmunlu, saxta fikirlər səsləndirib.  Sozcu.az xəbər verir ki, R.Kennedi prezident seçiləcəyi təqdirdə Ermənistana dəstək olacağını və ermənilərin Qarabağa qayıdışını təmin edəcəyini deyib. Absurd iddialarına davam edən Kennedi deyib ki, ABŞ hökumətini Qarabağ ermənilərinin öz “vətən”lərinə qayıtmasını təmin etmək, “müqəddəratını təyinetmə hüququnu qorumaq” üçün səfərbər olmalıdır. O qeyd edib ki, dünyanın diqqəti Qəzzaya yönəlib və heç kim Qarabağdan köç barədə danışmır. “ABŞ prezidenti kimi mən bu yolda diplomatiyadan, nüfuzumuzdan, iqtisadi rıçaqlarımızdan və sanksiyalardan istifadə edəcəyəm”, – Kennedi müraciətində bildirir. O həmçinin Azərbaycanı hansısa “etnik təmizləmə”, “Ermənistana təcavüz”də ittiham edib. Qeyd edək ki, R.Kennedinin videomüraciətinin Amerika Erməniləri Milli Komitəsi tərəfindən tez bir zamanda tirajlanması xüsusi diqqət çəkib. Onun belə qatı ermənipərəst mövqe sərgiləməsi erməni lobbisindən dəstək alaraq hakimiyyətə gəlmək məqsədi ilə əlaqələndirilir. Xatırladaq ki, Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünya, o cümlədən ABŞ da təsdiq edib.globalinfo)

12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlanması TƏSDİQLƏNDİ – RƏSMİ

Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması günlərdir ki, ictimaiyyətdə ciddi rezonans doğurub. Bununla bağlı ötən gün “Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Belə ki, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişinin nişanlanması öz təsdiqini tapıb. Cütlük arasında 20 yaş fərqinin olması, eləcə də azyaşlının hələ yeniyetmə çağına yeni daxil olması müzakirələrə səbəb olub.  Məsələ ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçib və azyaşlının özündən 20 yaş böyük kişi ilə izdivacı ərtələnib.  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun rəsmisi Nizam Həmidov Bizim.Media-ya açıqlamasında bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub: “Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

İki nazirlik ləğv olunur - Yeni nazir kim olacaq?

2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirlik yaradılacaq. Bakupost.az -ın əldə etdiyi məlumata görə, yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq. Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək. Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı Mədəniyyət naziri Adil Kərimli, nə də Gənclər və İdman naziri Fərid Qayıbov olmyacağını bildirib. Mənbənin sözlərinə görə, nazirliyin birinci şəxsi sürpriz isim olacaq. Bununla belə, hazırkı nazirlər də işsiz qalmayacaq. Yeni strukturda həm Adil Kərimli, həm də Fərid Qayıbov nazir müavini postunu tutacaqlar. Gənclər və İdman nazirinin hazırkı müavinlərindən Fərid Hacıyevin də nazir müavini kimi postunu saxlayacağı bildirilir. Müvafiq olaraq, A.Kərimli mədəniyyət, Fərid Qayıbov idman, Fərhad Hacıyev isə gənclər sahələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.

Sülh sazişi masada: Tərəflər anlaşıb! - “The Guardian”dan şok iddia

Nüfuzlu “The Guardian” nəşrində Azərbaycanla bağlı məqalə dərc olunub.  Sozcu.az xəbər verir ki, məqalənin müəllifi Patrik Vinturun, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Sankt-Peterburqda görüşdüklərini xatırladıb. Qeyd edilib ki, Azərbaycanın rəsmi şəxsləri ölkənin çoxillik münaqişəyə son qoymaq üçün Ermənistanla sülh sazişinin imzalanmasına yaxın olduğunu bəyan ediblər. O, Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsi üzərində nəzarəti tam bərpa etdiyini bildirib. Vurğulanıb ki, iki ölkə münasibətləri normallaşdırmaq və sərhədləri qarşılıqlı tanımaqla sülh sazişinin imzalanması barədə danışıqları sürətləndirib. Oxucuların diqqətinə çatdırılıb ki, bu yaxınlarda hər iki tərəf xoş məram nümayiş etdirərək saxlanılan şəxsləri dəyişdirib. Eyni zamanda, tərəflər vasitəçi olmadan birgə bəyanatla çıxış ediblər. Məqalədə bildirilib ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda Paşinyanla görüşüb. Tərəflər artıq sülh sazişi üzrə potensial və nisbətən qısahəcmli bir neçə layihəni mübadilə ediblər. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib ki, ölkə hazırda sonuncu sülh sazişi layihəsində göstərdiyi təkliflərə Ermənistanın cavabını gözləyir. “Anlamaq vacibdir ki, danışıqların belə bir həlledici mərhələsində biz göründüyü kimi, yekun sazişin imzalanmasından elə də uzaq deyilik, bu halda bizə nəticəyə gətirib çıxaracaq səylər gərəkdir. Mən bilirəm ki, üç onillik ərzində davam edən və heç bir ciddi nəticələr verməyən danışıqlardan sonra tərəflərin hər birində müəyyən yorğunluq, üstəlik, hər hansı həqiqi nəticələr olmadan tərəflərin bir-biri ilə görüşlərinin hələ nə qədər davam edəcəyi ilə bağlı yaranmış məyusluq var”, - deyə o qeyd edib. Müəllif qeyd edir ki, E.Əmirbəyovun sözlərinə görə, sülh sazişi layihəsinin beş prinsipi aşağıdakı maddələri ehtiva edir: bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birilərinə qarşı hər hansı ərazi iddialarını və ziddiyyət təşkil edən hər hansı aktları, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT nizamnaməsinə zidd olan hər hansı hərəkətləri rədd etmək, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası, iki ölkə arasında kommunikasiyaların və əlaqələrin qurulması. Sərhədlərin demarkasiyası məsələsi çətin olduğundan daha sonrakı mərhələdə də həll edilə bilər. Azərbaycan, həmçinin bu sazişin müəyyən mənada mübahisələrin həlli mexanizmini də nəzərdə tutmasını istəyir. “Biz, həmçinin yarana biləcək bütün mümkün anlaşılmazlıqları və fərqlilikləri yoluna qoya biləcək ikitərəfli komissiyanın yaradılmasını ehtiva edən maddənin sülh sazişində öz əksini tapacağı müqaviləyə nail olmağa üstünlük veririk”, - deyə nəşr E.Əmirbəyovun sözlərindən sitat gətirir. Müəllif, eyni zamanda, Naxçıvan məsələsinə də toxunur, 2020-ci ilin noyabrında imzalanmış Bəyanatda Paşinyanın Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının açılmasına razılıq verdiyini bildirib. “Biz bundan artıq vaxt itirə bilmərik. Üç il ərzində Ermənistan hətta 42 kilometrlik yolun texniki-iqtisadi əsaslandırılmasına başlamayıb. Əlbəttə, biz Ermənistanı üzərinə öhdəlik kimi götürdüyü işi görməyə vadar edə bilmərik, üstəlik, bu layihəni zorla da olsa həyata keçirmək üçün həmin ölkənin ərazisinə müdaxilə edəcəyimizi güman etmək də çox mənasızdır. Buna görə də, biz İrandan keçməklə avtomobil və dəmir yolu xəttinin inşası üçün Tehrana müraciət etdik”, – deyə xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib.

Sumqayıtda 4 aylıq körpə “şurup”u necə UDUB? – ÖZƏL TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Sumqayıtda 4 aylıq körpənin mədəsində yad cisim tapılıb.  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında əməliyyat olunan körpənin həyatı xilas olunub.  4 aylıq uşağın, əsasən, mebellərin düzəldilməsində istifadə olunan “şurup”u necə udması hamını təəccübləndirib.  Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Kəmalə Hüseynova hadisənin təfərrüatları barədə Bizim.Media-ya danışıb. O, körpəyə yad cismin evdəki digər uşağın verdiyini deyib: “Ailədə iki uşaqdılar, biri 4 aylıq, digəri isə 1 yaş 3 aylıqdır. Kiçik qardaşı ağlayanda digər uşaq şrupu ağzına qoyub. Valideynin heç bir günahı yoxdur, yaş yarımlıq uşağı da günahlandıra bilmərik. Valideyn də həmin an, görən kimi uşağı öz avtomobili ilə bizim təcili yardım şöbəsinə gətirib. Bir saat ərzində körpə əməliyyat olunaraq yad cisim götürülüb. Əgər bir saat gecikmə olsaydı, daxili qanaxma ilə ölüm halı ola bilərdi. Əməliyyat bütün hüquqi və tibbi qaydalara uyğun həyata keçirilib”.

Bakıda 2 nəfər dəm qazından öldü

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Elnur Rəhman oğlu Quliyev və 2000-ci il təvəllüdlü Elşən Hüseyn oğlu Əliyev birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Qarabağ səhifəsi bağlandı: Sakit oturaq, sülh imzalasınlar

Ermənistana Qarabağ məsələsində daha dərinə getməməyi məsləhət görürəm. Bu bizə heç nə vermir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağdakı keçmiş separatçıların İrəvana qaçan nümayəndəsi Samvel Babayan deyib. “Ermənistan üçün, sülh üçün gəlin sakit oturaq. Proses öz axarı ilə getsin. İrəvan Bakı ilə sülh danışıqları aparır, buna qarışmayaq. Qarabağ məsələsində nizam-intizam yox idi, səhifə bağlandı. Elə davranaq ki, sonralar sülh sazişinin əldə olunmasında problem yaranarsa, günahkar Qarabağdan gələnlər olmasın. Bu məsələnin daxil edilmədiyi bir müqavilə imzalamağa hazırdırlar, qoy etsinlər. Ermənistana sülh gətirəcəksə, bu addımı atsınlar”, – S.Babayan deyib.

Rusiyanın Ukraynadakı itkiləri 356 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 920 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 356 670 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 27 tank, 42 zirehli döyüş maşını, 15 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Demarkasiya və delimitasiya sülhə daxil edilməyəcək - Şəfiyev

Azərbaycanın hədəfi Ermənistanla sülh sazişidir və ona çox yaxınıq. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, hələlik sülh sazişinin imzalanacağı dəqiq tarixi demək çətindir: "Ən əsas odur ki, mənfi münasibət sıfıra endirilib. Demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir. Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb".

Netanyahu əxlaqdan danışacaq sonuncu şəxsdir - Türkiyə

İsrail Baş naziri Benyamin Netanyahu soyqırım və əxlaqla bağlı nə isə söyləyə biləcək ən sonuncu şəxsdir. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrail baş nazirinin Ərdoğanın ünvanına söylədiyi fikirlərlə bağlı sosial şəbəkə səhifəsində deyib. “İsrail Baş naziri Benyamin Netanyahu soyqırım barədə danışacaq ən sonuncu şəxsdir. O, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri özünümüdafiə kimi dünyaya satmaq sənətinə yiyələnib. Dünya onun qarşısını ala bilməsə belə, tarix onu müharibə cinayətkarı kimi qınayacaq. Əxlaqdan danışa biləcək sonuncu şəxs İsrailin baş naziri Netanyahudur”, - F.Altun bildirib.

Ərdoğan bizi günahlandıra biləcək sonuncu şəxsdir - Netanyahu

Ərdoğan bizi günahlandıra biləcək sonuncu şəxsdir. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına münasibət bildirərkən deyib. Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri Ərdoğanın təriflədiyi və dəfələrlə ev sahibliyi etdiyi HƏMAS-la mübarizə aparır. Qeyd edək ki, daha öncə Ərdoğan Netanyahunu Adolf Hitlerlə müqayisə edərək tənqid edib.

HƏMAS-la müharibə çox yaxında bitəcək - Sabiq israilli nazir AÇIQLADI

"Qəzza zolağında müharibə tezliklə, bu həftələrdə bitəcək". Bu sözləri əvvəllər İsrail hökumətində müxtəlif nazir postunu, o cümlədən 1999-2001-ci illərdə Ədliyyə naziri vəzifəsini tutmuş Yossi Beilin deyib. O, İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində bildirib ki, HƏMAS-ın kökünü kəsmək qeyri-mümkündür: “Ancaq birlikdə oturub razılığa gəlməyimiz də mümkün deyil. Onlar bizimlə danışmaq və ya regionda mövcudluğumuzu etiraf etmək istəmirlər. Görünür, yeganə çıxış yolu onlarla mübarizə aparmaqdır. Lakin müharibə əbədi davam edə bilməz. HƏMAS-ın qalıqları və ya başqa bir şeylə qarşılaşmaq üçün kiçik bir qüvvə qala bilər, amma bu, müharibə olmayacaq. Müharibə çox yaxında bitəcək".

Ermənistan XİN: “Sülh üçün fürsət yaranıb”

“İrəvanla Bakı arasında sülhün bağlanması üçün fürsət yaranıb”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İrəvan prosesin uğuruna inanır. Ermənistan rəsmisinin sözlərinə görə, İrəvan Azərbaycanın sülh müqaviləsi üzrə son təkliflər paketi ilə bağlı yanaşmalarını öyrənəcək və lazımi qaydada təqdim edəcək.

Ukraynalıların yarıdan çoxu qısa müddətdə müharibədə qalib gələcəklərinə inanır

Ukraynalıların yarıdan çoxu (58%) ölkələrinin qısa müddətdə müharibədə qalib gələcəyinə inanır. Bu, İlka Kuçeriva adına Demokratik Təşəbbüslər Fondunun keçirdiyi sosioloji sorğu nəticəsində məlum olub. Respondentlərin yalnız 5%-i qələbəyə şübhə edib. Qeyd olunub ki, bütün yaş qruplarında Ukraynanın qələbəsinə inam üstünlük təşkil edir. Qələbəyə inananların 6%-i yaxın bir neçə ayda, 21%-i 2024-cü ilin yayına qədər, 31%-i isə 1-2 ildən sonra zəfərin əldə olunacağına ümid edir. Onların 15%-i qarşıdakı 3-5 il ərzində qalibiyyətin təmin olunmasına inanır. Sorğu iştirakçılarının 2,5 %-i isə düşünür ki, onlar öz sağlıqlarında zəfərin şahidi olmayacaqlar. Həmçinin, respondentlərin 69%-i savaşın sonunda bütün məhbusların azad edilməsinə və deportasiya olunmuş ukraynalıların geri qaytarılmasına inanır. Soğru iştirakçılarının 42 faizi rəsmi Kiyevin NATO-ya daxil olunacağını düşünür. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Oğuzda həmkəndlisini güllələyərək öldürən şəxsin məhkəməsi başlayır

Sentyabrın 14-də Oğuz rayon, Mollalı kənd sakini Toğrul Kərimovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Sozcu.az-a Oğuz Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, istintaqla 1992-ci il təvəllüdlü Pərvin Məmmədovun həmkəndlisi Toğrul Kərimovu sentyabrın 11-də yaşadığı kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakan Fidan: ABŞ-nin Türkiyəyə F-16-ların tezliklə satışına ümid edirik

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefon danışığı keçirib. Fidan amerikalı həmkarına dekabrın 26-da TBMM-nin Beynəlxalq Əlaqələr Komissiyası tərəfindən İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqlənməsi barədə məlumat verib. Bununla yanaşı, Vaşinqtonun Ankaraya F-16 qırıcılarının satışı məsələsi müzakirə olunub.

İmişlidə 10 yaşlı uşaq su kanalında batdı

İmişli rayonunun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, İmişli rayonu Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyev "Boztəpə" su kanalının İmişli rayonu Qaragüvəndikli kəndindən keçən hissəsində su kanalına düşüb. Hazırda onun tapılması istiqamətində axtarış işləri davam etdirilir. Faktla bağlı İmişli Prokurorluğunda araşdırma aparılır.

Ermənistan Hindistandan yeni silahlar almaq İSTƏYİR

Son üç ildə Hindistan Ermənistana əsas silah tədarükçülərindən biri olub. Sozcu.az xəbər verir ki, bu barədə "The National Interest" nəşrində dərc edilən məqalədə bildirilir. Müəllif yazır ki, Ermənistan və Hindistan arasındakı 40 milyon dollarlıq müdafiə sövdələşmələrinə "Pinaka" raket buraxılış sistemlərinin satışı, SWATHI radarları, tank əleyhinə raketlər və 155 mm-lik artilleriya silahları daxildir. Hindistan Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər ki, Ermənistan daha çox müdafiə sövdələşmələrində maraqlıdır. İrəvaj Yeni Dehlidən pilotsuz uçuş aparatları, antidron sistemləri, sursatlar, orta mənzilli hava hücumundan müdafiə sistemləri almaqda maraqlıdır. Nəşr xatırladır ki, 2022-ci ilin oktyabrında Ermənistanın müdafiə naziri Suren Papikyan Yeni Dehlidə müdafiə sərgisini ziyarət edib və hindistanlı həmkarı Racnat Sinq ilə görüşüb.

Azərbaycanda ZƏLZƏLƏ oldu

Neftçalada zəlzələ olub. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Neftçala ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3.8 olub.

Rusiyanın Ukraynadakı itkiləri 355 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 790 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 355 750 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 17 zirehli döyüş maşını, 10 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.