51 yaşlı müəllim sirkə içərək intihar etdi

Sədərək rayonunda 51 yaşlı müəllim sirkə içərək intihar edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sədərək kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Həsənov Yusif Rahim oğlu yaşadığı evdə sirkə içərək intihar edib. Faktla bağlı Sədərək rayon Prokurorluğunda araşdırma aparılır.

Niderland Ukraynaya “Patriot” silahı verdi

Niderlandın müdafiə naziri Ruben Brekelmans ölkəsinin Ukraynaya “Patriot” zenit-raket sistemləri tədarük etdiyini bildirib. Sozcu.az-ın məlumatına görə, bu barədə BBC-nin məlumatında qeyd edilib. “Hava reydləri davam etdiyi üçün ukraynalıları sərt qış gözləyir. Buna görə də biz onları üç “Patriot” buraxıcısı ilə təmin etdik”, - Brekelmans bildirib.

Tiflisdə gərginlik artır: Zurabişvili aksiyaya qoşuldu - Canlı

Tiflisin Rustaveli prospektində, Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası davam edir. Sozcu.az xəbər verir ki, aksiyaya minlərlə şəxsin qatıldığı məlum olub. Mitinq iştirakçıları Gürcü Arzusunun bugünkü – AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir və hökumətin nəhayət, ölkənin Avropa kursundan əl çəkdiyini bildirirlər. Onların fikrincə, Gürcüstanın Avropa seçimi xilas edilməlidir. Gürcüstan mətbuatı aksiyaya Gürcüstan Prezidenti Salome Zurabişvilinin də qoşulduğunu yazıb. Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlayıb. Bu xəbərin ardınca Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə Gürcü Arzusunun baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb.

Zurabişvilidən şok çağırış: Qanuni şəxs mənəm, etiraza qalxın!

Bu gün bu ölkədə yeganə qanuni institut mənəm, bu ölkənin yeganə qanuni nümayəndəsiyəm, cəmiyyətimiz adından dünyaya danışmaq hüququna malik olan yeganə insanam. Mən bunu edəcəm və sona qədər burada, sizin və ictimaiyyətin yanında olacağam. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili xalqa təcili müraciətində deyib. Gürcüstan prezidenti “divandan qalxmağa və təslim olmamağa” çağırıb: “Televizor qarşısında oturanlara, ona baxmayanlara müraciət edirəm: ümidinizi itirməyin, heç kimə cəsarət edib bugünkü etirazı öldürməyə imkan verməyin. Dözümsüzlük, itaətsizlik və müqavimət - siz sona qədər sadiq olduğunuz kimi mən də buna sona qədər sadiq olacağam”. Zurabişvili ayrıca polis, ordu, AB ölkələrinin səfirləri və Gürcüstan diplomatik korpusuna da müraciət edib. Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlayıb. Bu xəbərin ardınca Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə Gürcü Arzusunun baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb.

Qar yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

Noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, 30-da isə Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeronda müşahidə olunan hava şəraiti açıqlandı

28 noyabr tarixində səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi ərazilərində yağıntılar leysan xarakterli və qısamüddətlidir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş ərazini əhatə edir. Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman buludların üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır. Son günlər Bakıda və Abşeron yarımadasında fasilələrlə müşahidə olunan yağıntılar da lokal xarakterlidir. “Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 28-də Bakı və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə qısamüddətli, bəzi ərazilərində isə arabir leysan xarakterli yağış müşahidə olunub. Hazırda saat 16:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti müşahidə olunur. Günorta saatlarında qısa müddətə fasilə olsa da, hazırda yağıntılar davam edir və bəzi ərazilərdə leysan xarakterlidir”.

Sülhə güclə nail olacağıq - Trampın xüsusi elçisi

Donald Tramp administrasiyasında Ukrayna və Rusiya üzrə xüsusi elçi vəzifəsinə namizəd olan Keyt Kelloq ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın sözlərini təkrarlayaraq “sülhü güc vasitəsilə” təmin edəcəyinə söz verib. Sozcu.az xəbər verir ki, Kelloq bu barədə "X"-də bildirib. "Mən Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə köməkçisi və xüsusi elçisi kimi xidmət etməkdən şərəf duyuram. Prezident Trampla işləməkdən xoşbəxtəm Güc vasitəsilə sülhü təmin etmək və Amerikanın maraqlarını inkişaf etdirmək üçün yorulmadan çalışmağı səbirsizliklə gözləyirəm", - deyə o yazıb. Respublikaçılar komandasının sözçüsü Kerolayn Livitt daha əvvəl bildirmişdi ki, Tramp Ağ Evə qayıtdıqdan sonra “sülhü güc vasitəsilə sülhü bərpa edəcək”. 1981-1989-cu illərdə ABŞ lideri olan Reyqan xarici siyasət prioritetlərini təsvir etmək üçün “güc vasitəsilə sülh” anlayışından istifadə edib. Siyasətçi iddia edirdi ki, “güc balansı illüziyadır, sülhü güc vasitəsilə axtarmaq lazımdır".

Xəzərdə zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.6 maqnitudalı zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. SUPER40 endirim kodu - Sən sifariş edənə qədər bəlkə də bu məhsullar tükənəcək! Yeraltı təkanlar 21 km dərinlikdə, yerli vaxtla 16:31-də qeydə alınıb.

“Sənədsiz həyət evlərinə amnistiya verilməsi gözlənilir”

2024-cü ilin ilk 2 rübündə torpaq sahələri və həyət evlərinə olan maraq kəskin sürətdə azalıb. Çıxarışı olmayan torpaqlarda tikilən əmlaka kommunal xətlərin çəkilməsi ilə bağlı tətbiq olunan qadağa və fərdi yaşayış evlərinin bəzilərində tətbiq edilən söküntü alıcıları baha da olsa, çıxarışlı əmlaklar almağa sövq edib.  Bu tendensiya növbəti ildə də davam edəcəkmi?  Mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak ekspert Anar Nəsirov bildirib ki, sənədsiz əmlakla bağlı nəzərdə tutulan onlayn portal fəaliyyətə başlasa, sözügedən vəziyyət dəyişə bilər: “Həyət evlərinin və torpağın qiymətlərinə təsir edən keçən ildən qüvvəyə minən qanun olub. Artıq alıcıların sənədsiz torpaqlara marağı xeyli azalıb. Çıxarışı olmayan həyət evləri və torpaqların qiyməti olduqca ucuzlaşıb. Lakin əksinə, çıxarışlı əmlakın dəyərində bahalaşma özünü göstərir.  Əvvəlki tələb o zaman artar ki, həyət evlərinin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulan onlayn platforma istifadəyə verilsin və sənədləşdirməyə başlanılsın. Yaxın vaxtlarda sənədsiz həyət evlərinə amnistiya verilməsi gözləniləndir. Düşünürəm ki, bundan sonra vətəndaşlar daha çox torpağa üstünlük verəcəklər”.  Ekspert qeyd edib ki, hazırda alıcıların bir çoxu məcburən mənzil almalı olurlar: “Bazarda əmlak qiymətləri od tutub yanır. Bu da o deməkdir ki, insanlar daha çox sənədli evlərə üstünlük verir. Vətəndaş bilsə ki, 2-3 sot sənədli torpaq alıb sonra isə yavaş-yavaş onu tikə biləcək, torpaq almağa daha çox üstünlük verər. İnsanlar çarəsizlikdən mənzil alır. Alıcıların 90-95 faizi məcburdur bina evlərinə üstünlük versin. Əgər sənədsiz həyət evlərinin qeydiyyata alınması prosesi başlansa və torpaqlara da çıxarış verilsə, alıcıların ən az 60 faizi torpaq sahələrinə yönələcək”.

Suraxanıda 13 yaşlı oğlan itkin düşdü

Bakı şəhəri Suraxanı rayonunda 13 yaşlı oğlan itkin düşüb. Sozcu.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Kənan Ataşov yaşadığı evdən çıxaraq geri dönməyib. Faktla bağlı Sabunçu RPŞ-də araşdırılma aparılır.

Tovuzda həlak olan hərbçilərimiz bu rayonlardandır

Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş vermiş ağır qəzada həlak olan hərbçilər bu gün dəfn ediləcək. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun baş giziri Qurbanov Ruslan Əhliman oğlu Ağstafanın Aşağı Göyçəli, Alıyev Qabil Qaybalı oğlu Qazaxın Alpout, Əhmədov Qələndər Mail oğlu Ağstafanın Kolxəlfəli, Mehdiyev Turan Cavad oğlu Qazaxın Dəmirçilər kəndində dəfn olunacaq. Əliyev Bəhlul Aydın oğlu isə Qazax şəhərində torpağa tapşırılacaq. Bildirilir ki, qəzada həlak olan hərbçilər Kəlbəcərdə xidmət edirmiş. Onlar xidmət etdikləri yerdən yaşadıqları rayona qayıdarkən dəhşətli hadisə baş verib. Qeyd edək ki, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

1009-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1009-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 736 630 hərbçi, 9 450 ədəd tank, 19 306 ədəd zirehli döyüş maşını, 20 852 ədəd artilleriya sistemi, 1 255 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 186 ədəd avtomobil texnikası, 19 661 ədəd PUA, 2 765 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 697 xüsusi avadanlıq itirib.

Türkiyənin dəstəklədiyi qrup hücuma keçdi, şiddətli döyüş gedir

Suriyada dörd illik dondurulmuş münaqişədən sonra cəbhə yenidən alovlandı. İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşması türkiyəyönlü qüvvələrin dəstəyi ilə Hələb şəhərinə doğru irəliləməyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tsarqrad” məlumat yayıb. Mənbələrin məlumatına görə, “Heyət Təhrir əş-Şam”ın hücumu kütləvi xarakter daşıyır: “Radikallar artıq Suriya ordusuna qarşı döyüşə giriblər. Zirehli maşınlardan istifadə edilib. Dəstə Hələbə gedən yolda artıq bir neçə yaşayış məntəqəsini keçib. İdlibdə və Anadan ətraflarında toqquşmalar qeydə alınıb. Əgər bu alınsa, yaraqlıların şəhərin qərb kənarına yolunu açacaq. Bu, dörd il əvvəl münaqişənin dondurulmasından bəri ən böyük eskalasiyadır. Öz növbəsində Suriya ordusu yanacaqla bağlı ciddi problemlər yaşayır. Bundan əlavə, terrorçular taktiki uğur qazanırlar. Suriya ordusunun müdafiəsi bazaların və dayaq məntəqələrinin sıxlığının az olması səbəbindən dağılır. Cihadçılar əsirlərin foto və videolarını fəal şəkildə yayırlar. Rusiya xüsusi təyinatlılarının texnikası da görünür. Fotolarda ən azı bir nəfərin cəsədi açıq-aydın slavyan görünüşlüdür. Terrorçular isə onun rus olduğunu iddia edirlər”. “Heyət Təhrir əş-Şam” və “Fəth əl-Mubin” əməliyyat mərkəzinin qrupları Hələbin qərbində Suriya ordusunun mövqelərinə hücum edərək, bəzi mərkəzlərə nəzarəti ələ keçirdikləri iddia edilir. Suriya hökumət qoşunları Atarib şəhəri, Darat İzza və ətraf kəndlərdə qruplaşmaların arxa mövqelərini atəşə tutub. Rusiya hərbi təyyarələrinin də “Heyət Təhrir əş-Şam” qüvvələrinə qarşı hücum etdiyi bildirilir.

Bakıda 17 yaşlı qız qazdan boğulub öldü

Bakıda yeniyetmə qız qazdan zəhərlənib. Sozcu.az lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində baş verib. 17 yaşlı Aysel Əli qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7,1 kilometr dərinliyində baş verib. Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

Bitkoinin qiyməti 740 min dollara çatacaq?

“Pantera Capital”ın qurucusu Dan Morhed, Donald Trampın "Blokçeyn"ə dost yanaşma siyasətləri ilə bitkoinin (BTC) yüksəliş trendini davam etdirəcəyini proqnozlaşdırır. Sozcu.az xəbər verir ki, Morhed bitkoinin 2028-ci ilə qədər 740.000 dollara çatacağını və bazar dəyərinin 15 trilyon dollara yüksələcəyini bildirir. Kriptovalyuta sektorunun aparıcı investisiya şirkətlərindən biri olan “Pantera Kapital” bitkoin üçün diqqətəlayiq bir proyeksiya yayımlayıb. Şirkət, 2013-cü ildə bitkoin yalnız 65 dollar olduğu dövrdə başladığı investisiya fondu ilə rekord qazanc əldə edib. Dan Morhedin sözlərinə görə, bitkoin illik 88%-lik artım tempi ilə irəliləyərək, 2028-ci ildə 740.000 dollara çata bilər. İnvestisiya dünyasındakı müsbət ab-hava, bitkoinin son dövrlərdə bütün zamanların ən yüksək səviyyələrinə çatmasına imkan yaradıb. Tramp administrasiyasının "Blokçeyn" texnologiyasına qarşı müsbət yanaşması, sektorda tənzimləmə aydınlığının artacağına dair gözləntiləri gücləndirir. Morhed bitkoini "qızıldan sonra ilk qlobal valyuta" və "ilk sərhədsiz ödəniş sistemi" kimi xarakterizə edir. Hazırda təxminən 2 trilyon dollarlıq bazar dəyəri ilə bitkoin, Meta şirkətini geridə qoyaraq dünyanın ən böyük altıncı aktivinə çevrilib.

Azərbaycanda məktəblər distant təhsilə keçir? - AÇIQLAMA

Ceyhun Məmmədov Milli Məclisin dünən keçirilən plenar iclasında bildirib ki, əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə bildirib ki, şagirdi az olan məktəblərdə distant təhsilə keçməklə bu məktəbləri qorumaq olar.  Nəzərə alsaq ki, bu gün şagird sıxlığının olması daha çox məktəbə ehtiyac var deməkdir. Xüsusilə kənd rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəblərin bağlanması təhsilin əlçatanlığı, şagirdlərin rifahı və regionların sosial-iqtisadi inkişafı baxımından ciddi problemlər yarada bilər. Elə ucqar ərazilərdə yerləşən məktəblər var ki, həmin yerə nəqliyyatla getmək mümkün deyil, yalnız piyada yol qət edilməlidir. Qış aylarında dağlıq ərazilərdə havaların daha sərt keçdiyini nəzərə alsaq, hər gün çətinliklə yol qət edib məktəbə getmək dərs davamiyyətinə də öz təsirini göstərəcək. Maraqlıdır, sözügedən ucqar ərazilərdə təhsil alanların tədris prosesi necə təşkil olunacaq? Bu prosesdə distant təhsilə keçid tətbiq oluna bilərmi? Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bu, nisbətən böyük xərcləri azaltmaq və məktəbləri komplektləşdirməklə daha keyfiyyətli tədrisə yol açmaq baxımından müsbət bir addımdır, ancaq məsələnin digər tərəflərinə də baxmaq lazımdır: “Məsələn, ölkədəki 4400 məktəbin 1500-də şagird sayı 100-dən aşağıdır. Bu məktəblərin 99%-i regionlarda, xüsusilə dağlıq və ucqar rayonlarda yerləşir. Komplektləşdirmə siyasəti çərçivəsində bir neçə şagirdi olan məktəblər bağlanaraq, onlar vahid, mərkəzləşdirilmiş məktəblərə birləşdirilir. Bu yanaşma xərcləri optimallaşdırmaq baxımından məntiqli görünsə də, şagirdlərin və onların valideynlərinin rahatlığı, məsafə problemləri və əlavə maddi çətinliklər kimi faktorlar nəzərə alınmalıdır. Məsələ burasındadır ki, şagird sayı 100-dən aşağı olan məktəblərdə təhsilin keyfiyyəti necədir? Şəxsən mən, bir tədqiqatçı olaraq, əminliklə deyə bilərəm ki, bu məktəblərin böyük əksəriyyətində təhsilin səviyyəsi o qədər də yüksək deyil. Bu səbəbdən, müəyyən qədər optimallaşdırma qaçınılmaz görünür. Təbii ki, kimlərsə suallar verə bilər ki, bəs şagird sayı çox olan məktəblərdə təhsil yüksək səviyyədədir? Bu, ayrı bir mövzudur. İndiki halda diqqətimizi şagird sayı az olan məktəblərə yönəldək. Praktik olaraq, belə siniflərdə iştirak göstəriciləri də aşağı olur. Hava şəraitinin pis olduğu günlərdə bir-iki şagird məktəbə gəlsə, tədris prosesi tamamilə pozula bilər. Bu vəziyyət təhsilin səmərəliliyini azaldır və məktəblərin fəaliyyətini daha da çətinləşdirir. Komplektləşdirmənin tərəfdarıyam. Doğrudur, bu prosesdə məsafə, xərclər və digər çətinliklər olacaq, ancaq uzunmüddətli perspektivdə buna getməyimiz vacibdir”.  Ekspert qeyd edib ki, belə məktəblərdə müəllimin işə motivasiyası və dərslərə yanaşması zəif ola bilər: “Bu müəllimlərin dərs saatları azdır, bu da onların əməkhaqlarına təsir edir. Bundan əlavə, bir sinifdə, məsələn, 2-3 şagirdin təhsil aldığı hallarda həmin sinifdə nə qədər effektiv dərs prosesi həyata keçirilə bilər? Onların iş yeri və əməkhaqlarının düzgün şəkildə bölüşdürülməsi prinsipi təmin edilməlidir. Əgər bu məsələlər həll olunarsa, biz bu prosesə müsbət yanaşa bilərik. Əks halda, biz özümüz və media nümayəndələri ilə birlikdə yeni və daha ağır problemləri müzakirə etməli olacağıq”. E.Nuri vurğulayıb ki, məktəblərin komplektləşdirilməsindən sonra tədris keyfiyyətinin artırılması məsələsinə ciddi yanaşılmalıdır. Əgər tədris keyfiyyəti yüksəlməzsə, o zaman bu addım əbəs yerə atılmış olacaq. Mütəxəssisin sözlərinə görə, həmin ərazilərdəki məktəblərin distant təhsilə keçməsi real deyil: “Fazil bəyin həmin ərazilərdə distant təhsilin tətbiqi ilə bağlı təklifini başa düşürəm. Onun niyyəti təhsilin daha əlçatan olması və problemlərin həllinə töhfə verməkdir. Lakin mən bu təklifin reallığını görmürəm. Birincisi, bağlanmış məktəblər tamamilə fəaliyyətsiz qalmamalıdır. Onlar müəyyən maarifləndirici mərkəzlər kimi fəaliyyət göstərə bilər. İkincisi, distant təhsil üçün bizim ucqar ərazilərdə lazımi infrastruktur yetərli deyil. Hətta texniki imkanlar təmin edilsə belə, distant təhsilin məzmunu, müəllimlərin bu prosesə hazırlığı, metodların tətbiqi və faydalı olması ilə bağlı ciddi suallar var. Bu problemlər həll edilmədən distant təhsil effektiv olmayacaq.Nəticədə, bu məsələlər nəzərə alınmadan atılan hər hansı addım faydasız qalacaq. Bu mövzuda birgə müzakirələr aparmaq, daha yaxşı həll yolları tapmaq vacibdir”.

Bələdiyyə seçkilərinin tarixi açıqlandı - MSK-nın qərarı

Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi tarix məlum olub. Sozcu.az xəbər verir ki, bu qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında elan edilib. Bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək

Azərbaycanda ZƏLZƏLƏ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Cəlilabad stansiyasından 13 km şimalda, Cəlilabad rayonunda 3.3 maqnitudalı zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar 25 km dərinlikdə, yerli vaxtla 17:07-də qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Metroda təşviş yaşandı

Bakı metrosunun “Gənclik” stansiyasında qatarda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib. Sozcu.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, “Gənclik” stansiyasını qatar tərk edərkən sərnişinlərdən biri qatarda yanğın qoxusunun olması barədə bildirib. Qeyd olunub ki, qatarda hər hansı problem aşkarlanmadığı, eyni zamanda maşinistin idarəetmə pultunda nasazlıq olmadığı halda sərnişinin məlumatı əsasında qatara əlavə texniki baxışın keçirilməsi zərurəti yaranıb. Nəticədə qatarda hər hansı problem aşkarlanmayıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1008-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 735 410 hərbçi, 9 449 ədəd tank, 19 304 ədəd zirehli döyüş maşını, 20 830 ədəd artilleriya sistemi, 1 255 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 126 ədəd avtomobil texnikası, 19 616 ədəd PUA, 2 765 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 687 xüsusi avadanlıq itirib.

Ölkə üzrə QAR və leysan xəbərdarlığı - Bu tarixədək...

Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ağadadaş Ağayev növbəti dəfə hakim qarşısına çıxarılır

Sabah, noyabrın 28-də Xalq artisti Ağadadaş Ağayev növbəti dəfə müttəhim kürsüsünə oturacaq. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Vüsal Tağıyev sədrlik edir. Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb. Bu şəxslər “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur. Ötən prosesdə təqsirləndirilən Ağadadaş Ağayevin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra onun müqavilə əsasında vəkili Asim Abdullayev olduğu müəyyən edilib. Ağadadaş Ağayev ona dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. Deyib ki, müqavilə bağladığı vəkilin yardımından istifadə edir. Hakim Ağadadaş Ağayevin dövlət hesabına təyin edilmiş vəkildən imtinasını qəbul edib. Daha sonra zərərçəkmiş şəxslər və onların hüquqi nümayəndələri elan edilib. Onlara hüquqları izah olunub. Zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu deyib. Onun sözlərinə görə, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib:  “Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”. Vəkil daha sonra qeyd edib ki, Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyir. Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını deyib. O bildirib ki, vəsatətlərin təmin olunması üçün əsaslar mövcud deyil. Ağadadaş Ağayevin vəkili də vəsatətin əsassız olduğunu deyib. O, hər iki vəsatətin rədd olunmasını istəyib. Ağadadaş Ağayev müdafiəçisi ilə razı olduğunu deyib. Daha sonra hakim müşavirəyə yollanıb. Məhkəmə vəsatətləri təmin etməyib. Prosesdə dövlət ittihamçısı çıxış edərək işin məhkəmə baxışına verilməsini istəyib. Zərərçəkmişlər öz mövqelərində qalıblar. Onlar işin ibtidai istintaqa qaytarılmasını istəyiblər. Ağadadaş Ağayev və vəkili isə işin məhkəmə baxışına verilməsinə razı olduqlarını qeyd ediblər. Hakim işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilən cinayət işi də məhz budur. Bu il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Hazırda Nurəddin Cəlilovun cinayət işi üzrə istintaq davam edir. Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb. Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib. Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib. Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub: “Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”. Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb: “Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?” Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər. Xalq artisti Ağadadaş Ağayev “MedEra Hospital”a qarşı mülki iddia qaldırıb. Ağadadaş Ağayev “MedEra Hospital”ı mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə verib. Öz növbəsində, “MedEra Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.Musavat.com

Merkel: Putin Ukrayna əleyhinə müharibədə qalib gəlməməlidir

Almaniyanın keçmiş kansleri Angela Merkel 26 noyabrda Berlindəki Alman Teatrında öz xatirə kitabının təqdimatında verdiyi bəyanatda, Ukraynanın suverenliyini qorumaq üçün beynəlxalq tərəfdaşların kömək etməli olduqlarını vurğulayıb. Musavat.com-un məlumatına görə Merkel bildirib ki, Rusiyanın müharibədə qalib gəlməməsi vacibdir: "Bizim maraqlarımıza uyğun olan, Ukraynanın müstəqil bir dövlət olaraq qalmasıdır", - deyə o, əlavə edib. Keçmiş kansler, Avropa və beynəlxalq icmanın Ukraynanın ərazi bütövlüyünü təmin etmək və onun müstəqilliyini qorumaq üçün daha fəal dəstək göstərməli olduğunu qeyd edib. Merkel həmçinin qeyd edib ki, bu müharibənin yalnız Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyi üçün də ciddi əhəmiyyət kəsb etdiyi üçün daha çox həmrəylik və birgə mübarizə tələb edir. Merkelin sözləri, beynəlxalq dəstəyi daha da gücləndirmək və Ukraynanın qalib gəlməsi üçün diplomatik və hərbi yardımların davam etdirilməsini təşviq edən bir çağırış kimi qiymətləndirilir.