Müsavat fəalını qətlə yetirən şəxsə hökm oxundu

Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sozcu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Elsəvər İslamov 19 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub. O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb. Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ittiham elan olunub.

"Nyukasl" finalda "Liverpul"a qalib gəldi

Bu gün İngiltərə Liqa kubokunun finalı keçirilib.  Sozcu.az xəbər verir ki, turnirin həlledici mərhələsində "Liverpul" "Nyukasl"la qarşılaşıb. Matç Londonda, "Uembli" stadionunda keçirilib.  Görüş mersisaydlıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, "Nyukasl" kubokun qalibi olub.  "Liverpul" - "Nyukasl" - 1:2  Qollar: Çyeza, 90+4 - Börn, 45, İsak, 52 

"Barselona"dan möhtəşəm geridönüş

İspaniya La Liqasında 28-ci tura yekun vurulub. Sozcu.az xəbər verir ki, bu gün 5 oyun keçirilib. “Rayo Valyekano” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. “Leqanes” evdə “Betis”, “Sevilya” “Atletik”ə, “Osasuna” isə “Xetafe”yə uduzub. Turun mərkəzi oyununda “Atletiko” “Barselona”nı qəbul edib. Meydan sahibləri 2:0 öndə olsalar da, “Barselona” sonradan 4 qol vuraraq əzmkar qələbəyə sevinib. 16 mart "Leqanes" – "Betis" - 2:3 Qollar: Raba, 29; 44 – İsko, 64-pen. Bakambu, 78. K.Ernandes, 82. "Sevilya" – "Atletik" - 0:1 Qol: Y.Alvares, 84. "Osasuna – "Xetafe" - 1:2 Qollar: Budimir, 45-pen – Terrats, 55; 71. "Rayo Valyekano" – "Real Sosyeda" - 2:2 Qollar: Trexo, 58. P.Dias, 72 – Subimendi, 20. Marieskurrena, 80. "Atletiko" – "Barselona " - 2:4 Qollar: X.Alvares, 45. Sörlot, 70 – Levandovski, 72. F.Torres, 78; 90+8. L.Yamal, 90+2. Bu nəticələrdən sonra "Barselona" 60 xalla liderdir. "Real" eyni xalla 2-ci, "Atletiko" 56 xalla 3-cüdür. "Barselona" rəqiblərindən bir oyun az keçirib.

Andrey Qnatov Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib

Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Andrey Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə иu barədə Zelenskinin ofisinin saytında məlumat yer alıb. Kadr dəyişikliyinin səbəbləri açıqlanmır.

NASA qərargahının əməkdaşları Trampın sərəncamından sonra tarakanlardan şikayət ediblər

ABŞ Prezidenti Donald Trampın bütün federal işçilərin ofisə işə qayıtması barədə əmrindən sonra NASA işçiləri qərargahda tarakanlarla və masa çatışmazlığı ilə üzləşiblər. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Yanvarın 20-də inauqurasiyadan sonra Tramp bütün federal işçilərə pandemiya zamanı keçmiş Vaşinqton administrasiyası tərəfindən aktiv şəkildə həyata keçirilən evdən işləmək təcrübələrinə son qoyaraq, dərhal ofislərinə qayıtmağı əmr edən sərəncam imzalayıb. “Reuters” xəbər verir ki, NASA-nın ABŞ paytaxtında yerləşən qərargahının əməkdaşları keçən ay işə qayıdanda ofislərinin döşəmələrində tarakanlar və su kranlardan sürünən digər həşəratlar aşkarlayıblar. Agentlik həmçinin yazıb ki, yazı masası çatışmazlığı səbəbindən çoxları stullarda oturaraq işləyirmiş. Məqalədə qeyd edilir ki, “Reuters” ofisdə işləməyə qayıdan bir neçə nümayəndə ilə danışıb. Daxili Gəlir Xidmətinin (IRS) baş qərargahının meneceri deyib ki, o, masası olmadığından konfrans zamanı kompüterini qucağına alıb yerdə oturmalı olub. Şöbə əməkdaşları yararsız iş şəraiti arasında internetin olmamasını da qeyd ediblər. Qeyd olunur ki, onlardan bəzilərinə mobil telefonlarından "Wi-Fi"ın giriş nöqtələri kimi istifadə etmək tapşırığı verilib.

ABŞ-də qasırğa qurbanlarının sayı 36-ya çatıb

ABŞ-ni vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb. "Biz Cənub və Orta Qərbdə bir çox ştatları vuran şiddətli tornado və tufanları fəal şəkildə izləyirik - 36 günahsız insan həlak olub", - paylaşımda deyilir. ABŞ KİV-lərinin məlumatına görə, təbii fəlakətin qurbanları Alabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texas ştatlarının sakinləridir. Tramp əlavə edib ki, dağıntıların nəticələrini aradan qaldırmaq və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkanzas ştatına ABŞ Milli Qvardiya bölmələri yerləşdirilib. “Associated Press”in məlumatına görə, tornadolara, toz fırtınalarına, 100-dən çox meşə yanğınına səbəb olan fəlakət 100 milyondan çox insanın yaşadığı əraziyə təsir edib.

AMB: Trampın siyasəti iqtisadiyyatı COVID-19 pandemiyasından daha çox sabitsizləşdirir

ABŞ Prezidenti Donald Trampın addımları qlobal iqtisadiyyatı COVID-19 pandemiyasından daha çox sabitsizləşdirir. Sozcu.az xəbər verir ki, bu fikirləri Avropa Mərkəzi Bankının (AMB) sədr müavini Luis de Qindos Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində bildirib. "Biz qeyri-müəyyənlik səviyyəsinin indi nə qədər yüksək olduğunu nəzərə almalıyıq. Bu, hətta pandemiya dövründəkindən daha yüksəkdir", - o deyib. "Biz görürük ki, ABŞ-nin yeni administrasiyası ümumi problemlərin həlli üçün yurisdiksiyalar arasında əməkdaşlığı nəzərdə tutan çoxqütblülük siyasətini davam etdirməyə o qədər də açıq deyil. Bu, çox mühüm dəyişiklik və böyük qeyri-müəyyənlik mənbəyidir", - Luis de Qindos vurğulayıb. Bununla yanaşı, de Qindos bazarın qısamüddətli volatilliyini uzunmüddətli tendensiyalardan fərqləndirməyin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, hətta yüksək qeyri-müəyyənliyi nəzərə alsaq belə, AMB-nin uzunmüddətli perspektivdə Avropada inflyasiyanın iki faiz səviyyəsinə endirilməsi hədəfi tamamilə həyata keçirilə bilər. "Real əmək haqqı artıb, inflyasiya aşağı düşür, faiz dərəcələri düşür və maliyyələşdirmə şərtləri yaxşılaşır. Lakin fakt odur ki, istehlak artmır", - iqtisadçı qeyd edib. "Səbəb istehlakçıların gəlir səviyyələrindəki qısamüddətli dəyişikliklərə heç də həmişə reaksiya verməməsidir. Onlar həm də orta müddətli ticarət müharibəsi və ya böyük bir geopolitik münaqişə ilə bağlı iqtisadiyyata nə baş verə biləcəyinə diqqət yetirirlər”, - o vurğulayıb.

BMT ABŞ-nin Yəmənə zərbələrindən narahatdır

BMT ABŞ-nin Yəmənin “Ənsar Allah (Husilər) hərəkatının nəzarətində olan ərazilərinə zərbələr endirməsindən narahatdır və bütün tərəfləri hərbi fəaliyyəti dayandırmağa çağırır. Sozcu.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin jurnalistlərə yaydığı bəyanatda deyilir. "ABŞ-nin Yəmənin husilərin nəzarətində olan bölgələrinə çoxsaylı zərbələr endirdiyini və bunun ölənlər və yaralananlarla nəticələnməsini narahatlıqla qeydə alırıq. Biz həmçinin husilərin Qırmızı dənizdə gəmiçiliyə hücumları davam etdirməsi ilə bağlı təhdidlərdən də narahatıq", - bəyanatda bildirilir. Beynəlxalq təşkilatdan həmçinin qeyd olunub ki, hər hansı növbəti gərginlik regional gərginliyi daha da gücləndirə, Yəmən və (Yaxın Şərq) regionunda sabitliyi daha da poza, ölkədə onsuz da ağır olan humanitar vəziyyətə ciddi təhlükə yarada biləcək yeni cavab tədbirləri həyata keçirə bilər.

Trampın müşaviri: Rusiya atəşkəsdən imtina etsə tədbir görəcəyik

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəsə getməsə, ABŞ ona qarşı tədbir görə bilər. Sozcu.az xəbər verir ki, bu barədə o, “ABC News”yə müsahibəsində bildirib. O, bununla bağlı suala “Şübhəsiz, bütün variantlar nəzərdən keçirilir” - cavab verib. Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın təşəbbüsü ilə keçirilən sammitin yekunlarına dair brifinqdə Rusiyaya ərazi güzəştləri məsələsini “kəskin” adlandırıb. Onun fikrincə, Rusiya məhz buna nail olmağa çalışır. Ukrayna lideri ABŞ-nin Ciddədə bu məsələni qaldırdığını, Ukraynanın mövqeyi ilə tanış olduğunuı qeyd edib və respublikanın artıq Rusiyanın nəzarətində olan ərazilərin itirilməsini tanımadığını vurğulayıb.

Latakiyada partlayış - Ölənlərin sayı 16 nəfərə çatdı

Suriya şəhəri Latakiyanın cənubunda şənbə günü baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 18 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Al Watan” qəzeti Mülki Müdafiə Xidmətinin bəyanatına istinadən bildirib. Məlumata görə, ölənlər arasında beş qadın və beş uşaq var. Bəyanatda vurğulanıb ki, bu məlumatlar ilkindir, çünki xilasetmə işləri davam edir. Dağılmış binanın altında hələ də meyitlər qalır. Daha öncə hadisə nəticəsində 3 nəfərin öldüyü deyilirdi. Yerli Mülki Müdafiə Xidmətinin məlumatına görə, partlayışa metal tullantıları anbarında partlamamış böyükkalibrli mərminin detonasiyası səbəb olub. O, partlayış nəticəsində uçmuş Ər-Raml məhəlləsindəki dördmərtəbəli evin yaxınlığında yerləşirdi.

Rusiya ilin əvvəlindən bəri 100 min hərbçisini itirib - Sırski

Rusiyanın 2025-ci ilin əvvəlindən Ukraynaya qarşı müharibədə canlı qüvvə itkisi 100 mindən çox olub. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Aleksandr Sirski deyib. “Ordumuzun koordinasiyalı və peşəkar işi sayəsində bu ilin əvvəlindən işğalçıların canlı qüvvədə ümumi itkiləri 100 min nəfəri ötüb”, - Sırski bildirib.

Rusiya minlərlə raket atıb, sülh istəyən belə etmir - Zelenski

Rusiya bir həftə ərzində Ukraynaya minlərlə PUA və KAB göndərib. Bu onu göstərir ki, onlar müharibənin bitməsinə hazır deyillər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bu həftə şəhərlərimiz yüz dəfələrlə atəşə tutulub: Çerniqov, Xerson, Donetsk, Xarkov, Dnepr, Odessa, Poltava, Kiyev, Nikolaev, Zaporojye və Sum vilayətləri. Ruslar bir həftə ərzində 1020-dən çox hücum PUA-sı, 1360-a yaxın idarə olunan hava bombası və 10-dan çox müxtəlif tipli raketlər buraxıb. Müharibənin tez bitməsini istəyənlər belə etmir. Ona görə də Rusiyaya birgə təzyiq etməliyik ki, təcavüzə son qoymağa məcbur olsun”, - Zelenski bildirib.

Britaniya 10 minlik ordusunu Ukrayna göndərir

Koalisiya liderlərinin görüşündə Britaniya Ukraynaya Qərbin sülhməramlı kontingenti çərçivəsində 10 min hərbçi yerləşdirmək planını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” yazıb. Nəşrin məlumatına görə, Ukraynaya göndəriləcək Britaniya qoşunlarının yekun sayı 10 min nəfəri keçəcək. Sülh yolu olacağı təqdir də də Ukraynaya iki Britaniya minaaxtaran gəmisinin göndərilməsi planlaşdırılır. Bundan başqa, 35-ə yaxın ölkə Ukraynadakı sülhməramlılara silah, maddi-texniki və digər dəstək verməyə razılaşıb.

Ərdoğan və Tramp regionu müzakirə etdi

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Liderlər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Bu ölkədə dəhşətli yanğın: 50 ölü, onlarla yaralı

Şimali Makedoniyanın Koçani şəhərindəki "Puls" adlı diskotekada yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə MİA agentliyi məlumat yayıb. Məlumata görə, yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 6:00) radələrində baş verən yanğının səbəbi pirotexniki vasitələrin istifadəsi olub. 1500 nəfərin olduğu diskotekada baş verən yanğın nəticəsində 50 nəfərin öldüyü bildirilir. Onlarla yaralı ölkənin müxtəlif şəhərlərindəki xəstəxanalara yerləşdirilib.

Ağdərədə dağlıq ərazidə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Sozcu.az xəbər verir ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində 80 ha sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

MN: Mövqelərimiz atəşə tutulub

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə XİN: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Türkiyə Xarici İşlər Nazirliyi Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb. Sozcu.az xəbər verir ki, bəyanatda Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib. Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub: “Krım tatar türklənin durumu başda olmaqda yarımadadakı vəziyyət yaxından izləyir və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa çalışırıq”.

Bakıda 28 dərəcə isti olacaq - SABAHIN HAVASI

Martın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 20-25° isti olacaq.

Adamı yandıran bilirsən nədir?

Adamı yandıran bilirsən nədir? Dəyər verib qoynunda bəslədiyin, Kədərdən,zərbələrdən qoruyub gizlədiyin, Yanında olmayanda darıxıb özlədiyin, Biri səni atanda. Adamı yandıran bilirsən nədir? Müqəddəs sevgiylə sevdiyin biri, Könlünə həmdəmin saydığın biri, Onunçün canına qıydığın biri, Danaraq əhdini dönük çıxanda. Ya da dayaq bilib arxalandığın, Dar günündə yetişəcək sandığın, Sevincinə sevinib, kədərinə yandığın, Dostun səni satanda. Adamı yandıran bilirsən nədir? Dalda qeybət edib üzə gülənlər, Yasına da sevinərək gələnlər, Yaltaqlıqla zirvəyə yüksələnlər, Səndə nöqsan tutanda. Ömrü boyu işlə,ver yeyim deyən, Yaltaqlıqla hamıya boyun əyən, Başqasının süfrə artığın yeyən, Biri sənə atmacalar atanda. Adamı yandıran bilirsən nədir? Bütün günü avara gəzən veyillər, Bir insanın gərəyi də deyillər, Bu da adam içinə çıxdı deyirlər, Zəhmətinlə bir yerlərə çatanda. Aşıq pərdələrdə sazın gəzdirir, Rəqqasə önündə sinə əsdirir, Biri bir milyona ayı kəsdirir, Qardaş,kasıb borc içində batanda. Adamı yandıran bilirsən nədir? Daim fəxr eləyən İslam diniylə, Torpaq düşməndədir deyən diliylə, Qohum olub xaricdə erməniylə, Saf qanını it qanına qatanda. Görən sonu yoxmu bu cür zillətin?! Cavabın bilmirəm,çətindir,çətin, Sabahı narahat edir millətin, Rahatlıq da vermir gecə yatanda. Deyirlər ki, unut, nəyinə gərəkdir? Bu millətə yalnız Allah köməydir, Gəlib bu gününü kaş ki, görəydi, Fəxr edərdi sənlə mərhum atan da. Fəxr edərdi sənlə mərhum atan da. Elçin Rəhimzadə, jurnalist

Ramazanın 16-cı günü: imsak və iftar VAXTLARI

Martın 16-sı Ramazan ayının 16-cı günüdür. Sozcu.az xəbər verir ki, imsak saat 05:25-də, iftar isə saat 19:03-dədir. 16-cı günün duası: “Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl- aləmin”. Tərcüməsi: “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”. Allah orucunuzu qəbul etsin!

Ukraynaya qoşun göndərməyə hazırıq

Böyük Britaniyanın baş naziri Keir Starmer Aİ ölkələrinin başçıları, NATO-nun baş katibi və digər dövlətlərin liderləri ilə keçirdiyi telefon danışığı barədə açıqlama verib. Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. O bildirib ki, tərəflər Ukraynanın təhlükəsizliyini və ölkənin silahlı qüvvələrini gücləndirməyə davam edəcəkləri barədə razılığa gəliblər. Starmer deyib ki, Ukrayna öz ərazisində növbəti münaqişə baş verəcəyi təqdirdə özünü müdafiə edə bilməlidir və əlavə edib ki, döyüşlər bitdikdən sonra Ukraynaya sülhməramlı qüvvələri göndərməyə hazırdır. “Biz... Ukraynanın quruda, dənizdə və səmada təhlükəsizliyinin təmin edilməsinə kömək etmək üçün sülh sazişi əldə ediləcəyi təqdirdə “istəkli ölkələr koalisiyası” kimi yerləşdirməyə hazır olacağıq. Atəşkəs vəziyyətində, biz razılaşmanın hər hansı pozuntusunun müəyyən edilməsini və dayandırılmasını təmin etmək üçün güclü monitorinq tədbirlərinə ehtiyac olduğunu vurğuladıq", - Starmer qeyd edib. Tərəflər, həmçinin razılaşıblar ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşi dərhal dayandırmaqdan imtina edərsə, Ukraynanın gücləndirilməsi, Rusiyanın hərbi maşınının zəiflədilməsi və Vladimir Putini danışıqlar masasına oturmağa inandırmaq üçün səyləri gücləndirməli olacaqlar. Buna nail olmaq üçün biz hərbi dəstəyimizi artıracağıq, sanksiyalarımızı sərtləşdirəcəyik... və Rusiyanın Ukraynaya vurduğu ziyanı ödəməsi üçün bütün hüquqi yolları araşdırmağa davam edəcəyik”.

Tramp komandasında daha bir türkə yüksək vəzifə verilir

Bir ay öncə tanınmış ürək cərrahı Mehmet Öz ABŞ-ın yeni administrasiyasında Sağlıq Sığortası Departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi. Bir neçə gün öncə isə Mehmet bəyin bacısı, Massaçusets Texnologiya Universitetinin məzunu Seval Öz ABŞ Nəqliyyat Naziriliyində nazir müavini vəzifəsinə namizəd göstərilib, yaxın günlərdə onun təsdiqi parlamentdə səsverməyə çıxarılacaq. Sozcu.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli məlumat paylaşıb. O bildirib ki, bacı-qardaş Türkiyənin Konya vilalətinin kiçik bir qəsəbəsi - cəmi 25 885 nəfər əhalisi olan Bozqırdandır. N.Cəfərli bir ailədən, kiçik bir qəsəbədən iki böyük mütəxəssisin çıxmasını böyük uğur adlandırıb və alqışlayıb.

Bu, bizim üçün kifayətdir, lakin Rusiya üçün... - Zelenski

30 günlük atəşkəs gələcək fəaliyyətlə bağlı razılaşma yolunda yalnız ilk addımdır. Bu, Ukrayna üçün kifayətdir, lakin Rusiya üçün kifayət edəcəyinə zəmanət yoxdur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Bundan sonra nə olacağını söyləmək mənim üçün çətindir. Çünki bu, növbəti addımlar barədə razılığın əldə edilməli olduğu dövrdür. Əlavə edəcəyim heç nə yoxdur", - Zelenski bildirib.