25 yaşlı oğlan valideynlərini və qardaşını öldürdü - Dəhşət

17:04 Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. *** Baş Prokurorluq Xətai rayonunda bir ailənin üç üzvünün öldürülməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, qətl hadisəsi mübahisə zəminində baş verib. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

“Nazirlikdə alim yoxdur, bazar adamları var” - Şöbə müdirindən sərt sözlər

“Ya bu dərd məni yeyib bitirəcək, ya mən bu dərdi bitirəcəm”.  Sozcu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun şöbə müdiri Könül Nəhmətova şəxsi sosial şəbəkə hesabında yazıb. Şöbə müdiri Elm və Təhsil Nazirliyinin fəaliyyətindən narazılığını ifadə edib:  “Bir gün TN-nə zəng etdim, onda hələ ETN deyildi, heç indi də deyil. İçində alim yoxdur, bazar adamları var. Hə, zəng edib şikayət etdim ki, məmurlardan biri mənə təzyiq göstərir: yaramaz proqramları təsdiq etməyimi tələb edir. Mənə nə cavab versələr, yaxşıdır: "Könül xanım, siz gedin abituriyent hazırlayın". Bəli, abituriyent hazırlayan kursların rəhbərləri gəlib təhsilə doluşandan sonra elm və təhsil adamları təhsildən didərgin salındı. Sonuncu adamlardanam ki, zor-güc dirənib qalmışam və hamını ayıltmağa çalışıram, ölülər ayılmırlar.  Ölülər öz cəlladlarının əlindən, ətəyindən öpürlər. Bu hələ çox adi bir faktdır. Mən istəyirəm ki, səsimi cənab Prezidentə çatdıra bilən adamlar məni dinləsinlər. Biz məhv oluruq”.  O, haqq səsinin eşidilməsini istədiyini bildirib: “Doğru danışanı yeddi köydən qovarlar, deyirlər. Lap yeddi planetdən qovun, amma dinləyin məni artıq. Bir gün oyanıb görəcəksiniz ki, Könül özünü asıb. Bu naduristlük içində yaşamağa daha gücüm qalmayıb”.  Qeyd edək ki, şöbə müdirinin bu statusu böyük rezonans doğurub. Çoxlu sayda insan şərh yazaraq, ona dəstəklərini ifadə ediblər. 

Yaralı hərbçimizin bədənindən snayper gülləsi çıxarıldı

Dünən axşam saatlarında xəstəxanaya daxil olan DSX əsgəri Pərviz Xəlilzadə tərəfimizdən əməliyyat olunub. Sozcu.az xəbər verir ki, bunun Ermənistanın hərbi təxribatı nəticəsində yaralanan əsgərin vəziyyəti barədə məlumat verən Respublika Neyrocərrahiyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev bildirib. Məlumata görə, əməliyyat nəticəsində kanal içərisinə siraət edən metal yad cisim müvəffəqiyyətlə xaric edilib. Onun sözlərinə görə, xəstə ağır vəziyyətdə daxil olub: “Əməliyyat 1 saat davam etdi. Hazırda vəziyyəti düzəlməkdədir, vəziyyəti daha yaxşıdır. Müalicə davam etdirilir. Xəstə ilə bağlı proqnozumuz yaxşıdır. Xəstənin bədənindən çıxardığımız yad metal cisim, yəni güllə təqdim etdiyimiz hərbi mütəxəssislərinin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper silahının gülləsidir”. Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Bakıda sökülən bu evlərə görə kompensasiya verilməyəcək

Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq olunması geniş yayılıb. Son illər bir çox vətəndaşımız öz mənzillərini, obyektlərini və fərdi yaşayış evlərini sığortalamağa üstünlük verir.  Bəs paytaxt Bakıda və Abşeronun digər ərazilərində əksəriyyət təşkil edən sənədsiz evlərin sığortalanması hüquqi paraktikada mümkündürmü?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, sığorta şirkətləri heç bir halda çıxarışı olmayan evləri sığorta etmir:  “Birinci onu qeyd etmək lazımdır ki, vətəndaşların sənədsiz ev və torpaq sahələrini alması və yaxud təyinatı başqa növ kateqoriyalı olan fərdi yaşayış evləri və torpaq sahələri üçün ödəniş etməsi risklidir. Nəticə etibarı ilə bu gün vətəndaşlar evlərinin qanuni çıxarışlarının olmaması səbəbindən daşınmaz əmlaklarını icbari qaydada sığorta etdirə bilmirlər. Sığorta şirkətlərinin bu növə aid oaln daşınmaz əmlakları sığorta etməkdən imtina etməsi də qanuni və əsaslıdır. Çünki icbari sığorta haqqında qanunvericiliyin tələblərindən biri odur ki, mütləq şəkildə daşınmaz əmlak müvafiq dövlət qeydiyyatına alınmalıdır. Qeyd edim ki, çıxarışı olmayan evlərin və torpaqların sığortası mümkünsüzdür. Çünki sığorta şirkətləri mütləq qaydada çıxarışı olan fərdi yaşayış evlərini sığorta etmək barədə qanunvericiliyin tələblərini icra etmək məcburiyyətindədir”.  Hüquqşünas fərdi yaşayış evlərinin sığorta edilməsi üçün mütləq şəkildə çıxarış alınmalı olduğunu diqqətə çatdırıb.  “O cümlədən neft ərazisi, kənd təsərrüfatı təyinatlı torpaq, sahibkarlıq və sənaye təyinatı torpaqlarda tikilən evlərin sənədləşdirilməsi ciddi problemdir. Bununla bağlı ilkin olaraq ərazidə yaşayan vətəndaşların müvafiq icra hakimiyyəti qurumuna müraciət etməsi tələb olunur. Bundan sonra Nazirlər Kabinetinin müvafiq qərarı və sərəncamı əsasında əhalinin kütləvi halda məskunlaşdığı ərazinin torpağının təyinatı dəyişdirilir. Sonra isə vətəndaşların tikmiş olduğu fərdi yaşayış evlərinin sənədləşməsinə başlanıla bilər və sənədləşmədən sonra vətəndaşlar mənzillərini, fərdi yaşayış evlərini sığorta etdirə bilər”. 

Sumqayıtda yeniyetmə qız dəm qazından öldü

Sumqayıt sakini dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində 13.06.2008-ci il təvəllüdlü Fatimə Elvin qızı Nurəliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ordumuz qisas əməliyyatı keçirdi: post darmadağın edildi

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd ediib ki, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan ordusunun Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Məhv edilən erməni hərbçilərlə bağlı - Mühüm məlumat

Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozub təxribata cəhd edərkən məhv edilən iki erməni hərbçisi “Yerkrapa” könüllülər birliyinin üzvü olub. Sozcu.az xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb. Qeyd edək ki, “Yerkrapa” könüllülər birliyi 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak edən erməni hərbçilərini (terrorçuları - red.) birləşdirən ittifaqdır. Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. Nəticədə iki erməni əsgər məhv edilib, yaralılar var.axar

Polisin axtardığı məktəbli qızlar, görün, harda imişlər - Foto

00:57 Abşeronda 2 məktəbli qız itkin düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 14 yaşlı şagirdlər dərsdən sonra evə qayıtmayıblar Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri – Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar. Onların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər. *** Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumatla bağlı polis əməkdaşları tərəfindən dərhal axtarış elan edilib. Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənələrinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.

Abşeronda məktəbli qızlar itkin düşüb - FOTO

Abşeronda 2 məktəbli qız itkin düşüb. "Report"un yerli bürosu məlumat verir ki, hadisə dünən baş verib. Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri – Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar. Onların evə qayıtmadığını görən valideynləri dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər.

“Real Madrid”in avtobusu qəzaya uğradı

“Real Madrid”in futbolçularını və məşqçilər heyətini daşıyan avtobus Çempionlar Liqasının 1/8 final mərhələsində "RB Leypsiq"lə oyuna gedərkən qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” portalı məlumat yayıb. Qeyd olunur ki, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü “Real Madrid”in futbolçularını aparan avtobusu çəkməyə çalışıb. Bu zaman o, idarəetməni itirib və onun avtomobili ispan klubunun avtobusu ilə toqquşub. Xəsarət alan olmayıb. Fevralın 13-də “Red Bull Arena”da Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real Madrid” və “RB Leypsiq” komandaları arasında ilk oyun keçiriləcək. Cavab oyunu martın 6-da Madriddə "Santyaqo Bernabeu" stadionunda olacaq.

Sərhəddə insident törədən şəxslər cəzalandırılacaq - Ermənistan MN

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin bəyanatında deyilir. “Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və (və ya) məcbur qaldığı hallar aydın şəkildə müəyyən edilir. Bu hal təsdiq olunarsa, əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”, - açıqlamada qeyd olunub. Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

3 uşaq evdə diri-diri yandı

Rusiyanın Krasnodar diyarının Yujnı kəndində fərdi yaşayış evində yanğın baş verib. Sozcu.az yerli KİV-ə istinadla bildirir ki, yanğın barədə səhər tezdən məlumat verilib. Həmin vaxt evdə bir qadın və 5 aylıqdan 9 yaşa qədər olan altı uşağı olub. Ana üç uşağı xilas etsə də, qalanları ölüb. İlkin məlumata görə, yanğına səbəb uşaqların nəzarətsiz qalması olub. Ananın sözlərinə görə, uşaq oynayan zaman alışqan götürərək şkafdakı əşyaları yandırıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə "Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma" ilə cinayət işi açıb. O da məlum olub ki, ana övladlarını saxlamaq və tərbiyə etmək vəzifələrini yerinə yetirmədiyinə görə dəfələrlə inzibati məsuliyyətə cəlb edilib.

XİN: Ermənistan tərəfinin son təxribatı sülh prosesinə ciddi zərbədir

Ermənistan tərəfinin son təxribatı sülh prosesinə ciddi zərbədir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən törədilmiş son hərbi təxribata dair şərhində deyilir: "12 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır", - şərhdə qeyd edilib.

“Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyirik” - ABŞ Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib. "Biz açıq şəkildə bu məsələ ilə bağlı davamlı dialoqu dəstəkləyirik. İnanırıq ki, bu, davamlı nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bununla bağlı səyləri davam etdirəcəyik", - Miller bildirib. Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bildirib ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyə ümidvardır. Rəsmi Bakı xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələlik razılaşdırılmadığını bildirib.

Ermənistan atəşkəsi pozdu - Hərbçimiz yaralandı - Təcili

Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Sozcu.az xəbər verir ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Yaqubovdan qalmaqal yaradan konsertinə - Reaksiya

“Əziz izləyicilərim! Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixinə keçirilməsi planlaşdırılan konsertimin “Kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. Sozcu.az xəbər verir ki, bunu xalq artisti Eyyub Yaqubov bildirib. “İlk olaraq bildirim ki, mənim üçün “kişilər günü” deyilən bir anlayış yoxdur. Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yalnışdır. 44 günlük müharibədə Qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün “Kişilər günü”dür”, - müğənni vurğulayıb. Qeyd edək ki, sosial şəbəkələrdə E.Yaqubovun 23 fevralda “Kişilər günü” adlı konsert verəcəyi ilə bağlı məlumat yayılmışdı.

Bakıda 14 fevral “küləyi”: Güllərin qiymətində fantastik bahalaşma – QİYMƏTLƏR

Hər il fevral ayının 14-ü Azərbaycanda və bütün dünyada sevgililər günü kimi qeyd olunur. Bu gözəl gündə sevgililər və evli cütlüklər bir-birinə müxtəlif hədiyyələr alaraq, öz sevgilərini nümayiş etdirirlər.  Adətən hər il sevgililər günü ilə əlaqədar gül satışı mağazalarında hərəkətlilik müşahidə olunur. Bununla bağlı olaraq müxtəlif gül buketlərinin qiymətlərində artımlar nəzərə çarpır.  Yenisabah.az hazırda hədiyyəlik gül buketlərinin qiymətləri ilə bağlı vəziyyəti öyrənmək üçün bir neçə mağaza ilə əlaqə saxlayıb.  “Yusif” gül mağazasının sahibi Yusif Fərəcov hazırda gül buketlərinin qiymətlərində 10-15 manat bahalaşmanın olduğunu deyib. “Buketlərimizin qiyməti 40-45 manatdan başlayır və 150 manata qədər davam edir. Qiymət buketin həcmindən, güllərin sayından və rənglərdən asılı olaraq dəyişir. Ümumi götürsək, hər buketdə 10-15 manat bahalaşma var. Sifarişlərimiz o qədər çoxdur ki, ancaq öncədən rezerv etmək lazımdır”. “CheeChak” gül mağazasında da eyni vəziyyət müşahidə olunur. Mağazanın satıcısının dediyinə görə, güllərin qiymətin 10-20 manata qədər bahalaşma var: “Hazırda ən ucuz buketimiz 50 manatdır. Sevgililər gününə görə hər buketdə 10-20 manat arası bahalaşma var. Bu isə gülləri aldığımız yerlərin qiymətləri bahalaşdırması ilə bağlıdır. İstər-istəməz qiymətlərə təsir edir. Ən bahalı buketlərimiz 150-200 manatdır. 14 fevralla bağlı sifarişlərimiz isə olduqca çoxdur”. Gül satışı ilə məşğul olan məşhur “Ağ Çiçəyim” mağazalar şəbəkəsində isə 101 qızılgülün qiyməti 500 manat, 201 qızılgül isə 700 manata təklif olunur. Əlavə olaraq miks buketlərin ən ucuzu 45 manat, ən bahası 400 manatdır.

Basarkeçər sakinləri Paşinyana müraciət etdi: “Silah, tank, qoşun istəyirik”

“Ən yaxın yüksəklikdə türklər var və bu gün onlara qarşı çıxanlar cüzi maaş alırlar”. Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu fevralın 12-də Basarkeçərdə keçirilən etiraz aksiyası zamanı Mets Masrik kəndinin sakini David Qasparyan deyib. “Burada, sərhəddə nə baş verdiyini bilən varmı? Qoy dövlət insanların Rusiyaya gedib beton tökməməsinə çalışsın, pul versinlər, insanlar vətənini müdafiə etsinlər. Əvvəllər Qarabağ bizim qapımız idi, indi bu qapılar yoxdur, indi qapı Vardenisdir. Bu bizim dağımızdır, onu qorumalıyıq, insanların Vardenisi tərk etməməsi üçün çalışmalıdırlar ki, bura Ağdama çevrilməsin. Burada vətəndaşların 90%-i əlinə silah alıb döyüşə bilir. Biz bir daha Paşinyana müraciət edirik - silah, tank, qoşun istəyirik. Gəncləri cəlb edin ki, gəlib kamikadze olsunlar”, - Qasparyan bildirib.

Yeni silahları bu ölkələrdən alırıq - Xaçatryan

Bu gün Ermənistanın təkcə Hindistan və Fransa ilə deyil, həm də hərbi-texniki sahədə ciddi irəliləyişlər əldə etmiş digər dövlətlərlə əməkdaşlıq edir və silahların alınması ilə bağlı çox ciddi razılaşmaları var. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki müqavilə" fraksiyasının deputatı Armen Xaçatryan deyib. “Biz ultra-müasir sayıla bilən, ən azı dördüncü və beşinci nəsil silahlar alırıq. Biz istifadə edilmiş silahları almayacağıq. Yəni müasir müharibələrin taktikasını öyrənməklə həm də ciddi təhlilimiz var və 44 günlük müharibənin acı təcrübəsindən artıq bilirik ki, hansı silahlara ehtiyac var. Və biz təbii ki, bu silahlara sahib olan və onları bizə satmağa hazır olan ölkələrlə əməkdaşlıq edirik”, - Xaçatryan bildirib. Qeyd edək ki, bundan öncə Xaçatryan 4 və 5-ci nəsil ultra-müasir silahları Ermənistanın da istehsal etdiyini bildirmişdi.

Nazirlik aylığı 26,7 minlik ofis icarəyə götürdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerləşdiyi inzibati bina üçün aylıq icarə haqqı açıqlanıb. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, agentliyin icarələdiyi ofisin sahəsi 2000 kvadrat metrdir. Nazirlik inzibati binanın sahibi, icarədar Emil Orucovla 320 067 manatlıq müqavilə bağlayıb. Müqavilənin müddəti 1 ildir. Beləliklə, agentliyin ofis üçün aylıq icarə haqqı, təxminən, 26 670 manat müəyyənləşib. Xatırladaq ki, daha əvvəl açıqlanan məlumata görə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin isə yerləşdiyi inzibati binanın aylıq icarə haqqı bir ay üçün 63 800 manatdır. Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yerləşdiyi inzibati binanın icarə haqqı isə aylıq 48 707,1 manatdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu üç qurum üçün hər ay 140 000 manat icarə haqqı ödəyəcək.

ŞİMALA YENİ YOL: 21-Cİ ƏSRDƏ SÜVEYŞ KANALINA ALTERNATİV NƏ OLACAQ?

"Şimal – Cənub" beynəlxalq nəqliyyat dəhlizi (INSTC) və Şimal dəniz yolu Avrasiyada yük daşımaları sürətləndirməklə əvvəlki dəniz marşrutlarına sərfəli alternativ ola bilər. 2024 — cü ildə "Şimal – Cənub" genişmiqyaslı logistik layihə "Rusiya-İslam dünyası: KazanForum" 2023 Beynəlxalq İqtisadi Forumunda müzakirə olunduğu kimi yeni bir inkişafa nail olacaqdır. Avrasiya ölkələrinin yük daşıyıcıları Hind okeanı və Fars körfəzindən Xəzər dənizi bölgəsinə, Baltikyanı və şimal dənizlərindəki Rusiya limanlarına — dəmir yolu ilə yeni sürətli yolun açılmasını gözləyirlər. İranda Rəşt şəhəri vasitəsilə ölkənin dəmir yolu şəbəkəsini Xəzər dənizinin liman infrastrukturu ilə birləşdirən yekun xəttin tikintisi artıq başa çatdırılır. Paralel olaraq, Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycan, Qazaxıstan və Türkmənistandan keçməklə Xəzər dənizi ətrafında qərb və şərq quru yolları inkişaf etdirilir. Ötən il Rusiya və İran arasında layihənin qərb qolunun Rəşt və Astara şəhərləri arasında sonuncu dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalanıb. Rusiya "Şimal – Cənub" dəhlizinin inkişafına 2030-cu ilə qədər 280 milyard rubl sərmayə qoymağı planlaşdırır. Gələn il Rusiya Baş nazirinin birinci müavini Marat Hüsnullinin KazanForum 2023-də səsləndirdiyi proqnozlara görə, Rusiya ilə Xəzər regionu, Cənubi Və Cənub-Şərqi Asiya, Fars körfəzi ölkələri arasında yük dövriyyəsi "iki dəfə – ən azı 30 milyon tona, 2030 – cu ilə qədər isə 35 milyon tona qədər artmalıdır. Bu, 2021-ci ilə nisbətən 155% çoxdur." Mütəxəssislərin fikrincə, nəqliyyatın orta qiyməti 30-40% -dək azala bilər. Yük axınlarının həcmi nəzərəçarpacaq dərəcədə artacaq, tranzit potensialı güclənəcək və layihəyə üzv ölkələrin xarici bazarlarına çıxış genişlənəcək. Bu işdə əməkdaşlıq etmək Xəzər dənizi ətrafındakı bütün ölkələr üçün faydalıdır”, - İranın Ticarətin Təşviqi Təşkilatının rəhbəri Əlireza Peyman-Pak KazanForum 2023-də bildirib.  Şimal-Cənub yüksək sürətli nəqliyyat dəhlizi multimodal xarakter daşıyır. Dəniz, dəmir yolu və avtomobil yolları ilə birləşir və Baltikdən Hind okeanına qədər olan marşrutun ümumi uzunluğu 7200 km-dir. Layihə çərçivəsində infrastrukturun inkişafı və birgə logistika məsələlərinin həlli artıq marşrutların müxtəlif nəqliyyat növləri ilə keçdiyi bir sıra ölkələri birləşdirir: Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran, Hindistan, İraq, Tacikistan, Özbəkistan. Qitədə, o cümlədən Şimal Dəniz Marşrutu boyunca yüklərin sürətləndirilmiş və etibarlı çatdırılması üçün yeni imkanlar İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin iştirakı ilə 2024-cü ilin mayında keçiriləcək növbəti KazanForumunda müzakirə olunacaq

Türkiyə ordusunun əsgəri İraqda şəhid oldu

Türkiyə ordusunun hərbçisi İraqın şimalında “Pəncə-Qaplan” əməliyyat zonasında şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbçi Mustafa Özqardaş “Pəncə-Qaplan” əməliyyat zonasında avtomobil qəzası nəticəsində şəhid olub.

“Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb” - Paşinyan

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb”. Sozcu.az xəbər verir ki, bunu “The Telegraph”a müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var: “Ötən ilin sonu bizə elə gəldi ki, yekun müqavilənin mətnini razılaşdırmağa yaxınıq. Güman edirəm ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra razılaşdırılmış maddələrin reallaşdırılmasına nail ola biləcəyik”.

Ölüm xəbəri yayılmış Cavanşir Quliyev DANIŞDI

“Dualara görə hər kəsə təşəkkür edirəm. Babatam”. Sozcu.az xəbər verir ki, bu sözləri teleqram-a açıqlamasında Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib. Xatırladaq ki, sənətkar fevralın 5-də İstanbulun Acı Badem xəstəxanasına yerləşdirilmişdi, hazırda müalicəsi davam edir. redaktor.az