Bu müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama VERİLDİ

Əgər müəllim məktəbdə iki fənni tədris edirsə, onun bir fəndən sertifikatlaşdırmadan keçməsi digər fənni tədris etməyinə təsir göstərmir. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma prosesi ilə bağlı Təhsil TV-də qonaq olarkən deyib. O bildirib ki, lakin sertifikatlaşdırmanın ilkin mərhələsi tamamilə yekunlaşdıqdan sonra bu istiqamətdə hansısa yeniliklər ola bilər: "Kimya-biologiya ixtisaslı müəllimlər tez-tez maraqlanırlar ki, əgər onlar bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaqlarsa, digər fəndən dərs demək hüquqları olmayacaqmı? Bəli, həmin müəllimlər bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaq, lakin hər iki fənni tədris edə biləcəklər. Bir müəllimin ikinci fəndən sertifikatlaşdırmaya cəlb olunması məsələsi isə hazırda aktual deyil".

Ramazanın ilk gününün duası - İmsak və iftar VAXTLARI

Sabah Ramazan ayının ilk günüdür. Sozcu.az xəbər verir ki, imsak vaxtı 05:49-a, iftar isə 18:47-yə təyin olunub. Birinci günün imsak duası: “Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin. Və nəbbihni fihi ən naumətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mucrimin!” Tərcüməsi: “İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Hazırda qar yağan RAYONLAR

Milli Hidrometeorologiya Xidmətinin fevralın 28-i saat 18:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır. Sozcu.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda 15 m/s-yə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

“Tramp kimdir ki, Ukraynanı təslim etsin... Onun hələ Putinlə də konfliktə gedəcəyi istisna deyil...”

“Bu gün Ukraynanı dəstəkləyən dövlətlərin hərbi büdcəsi 400 milyarddan yuxarıdır və bu, Rusiyanın hərbi büdcəsindən iki dəfə çoxdur. Onların arasında Fransa, Böyük Britaniya kimi nüvə dövlətləri də var...” “Mən düşünmürəm ki, Ukraynanın təslim edilməsi mümkün ola. Əvvəla, biz unutmamalıyıq ki, ortada Ukrayna xalqı var. Bu ciddi bir faktordur. Ukrayna xalqı təcavüzə məruz qalıb, onun şəhərləri dağıdılıb, yüz minlərlə insanı qətlə yetirilib, yaralanıb, şikəst edilib, milyonlarla insanı qaçqın düşüb. Ukrayna xalqının iradəsi var ortada. Bunu Tramp istəsə, Putin istəsə, hətta Zelenski istəsə, bu, mümkün olacaqmı? Mən tələsməzdim belə cavab verməyə..." Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu bunu Moderator.az əməkdaşının “Real siyasət baxımından sizin təhlilləriniz nə göstərir, doğrudanmı, bəzi şərhçilərin dediyi kimi, Tramp Putinlə görüşdükdən sonra Ukraynanın ona təslim olması üçün həlledici addımlar atacaq?” sualını cavablandırarkən dilə gətirib. “Digər tərəfdən, biz görürük ki, Ukraynanı yetərincə dəstəkləyənlər də var. Məsələn, Böyük Britaniya da daxil olmaqla aparıcı Avropa ölkələri, Kanada və s. ölkələrdən ibarət böyük bir düşərgə formalaşır. Və bu düşərgənin də hərbi və iqtisadi potensialı kifayət qədərdir. Heç də düşünməyək ki, məsələn. ABŞ yoxdu deyə,  onlar da yoxdur... Bu gün Ukraynanı dəstəkləyən dövlətlərin hərbi büdcəsi 400 milyarddan yuxarıdır və bu, Rusiyanın hərbi büdcəsindən iki dəfə çoxdur. Onların arasında Fransa, Böyük Britaniya kimi nüvə dövlətləri də var. Almaniya kimi böyük iqtisadi potensiala  malik ölkə də var. O yandan Türkiyə var. Hansını ki, Avropa Birliyi ölkələri özünə yaxınlaşdıra bilsə, - ümid edirəm ki, bu, baş tutacaq, -özü bir hərbi gücdür”, -deyə davamında analitik diqqətə şatdırıb.  “Bir sözlə, “ABŞ prezidenti Tramp Ukraynanı Rusiyaya, Putinə təslim edəcək” demək asandır, amma bunu həyata keçirmək elə də asan məsələ deyil.  Azərbaycanda da bəzi analitiklər bunu bir ifadə kimi çox işlədirlər. Tramp kimdir ki, Ukraynaya sahiblənsin, onun müqəddəratını həll etsin, onu təslim etsin. Bəli, hansısa razılaşmalar əldə edərək onlardan müəyyən dividentlər götürə bilər.  Amma hələ məlum deyil ki, Trampla Putinin münasibətləri hansı həddə qədər davam edəcək və sonradan hansı istiqamətə yönələcək. Həm də Tramp barəsində proqnoz verilməsi qeyri-mümkün olan bir şəxsdir və belə düşünürəm ki, onun hələ Rusiya ilə də konfliktə gedəcəyi istisna deyil. Yeri gəlmişkən, birinci prezidentlik müddətində bu artıq olubdur”, - ekspert vurğulayıb.

"Öcalanın Xəzər sahilindəki tərəfdarlarının onun dünənki bəyanatına reaksiyasını məmnuniyyətlə dinləyərdim, amma..."

“Qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr...” “Lakin məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoyub təslim olsunlar. Onsuz da MİT gec-tez gəlib sizin də mitilinizi atacaq...” Nəhayət, 26 ildən sonra ağlı başına gələn “PKK” terrorbaşı Abdullah Öcalan dünən tərəfdarlarına müraciət etdi ki, silahlarını yerə qoyub Türkiyə dövlətinə təslim olsunlar...  Çoxunuzun yadında olar, Abdullah Öcalan 1999-cu ildə MİT tərəfindən yaxalanıb Türkiyəyə gətirilində Xəzər sahilindəki ölkələrdən birində böyük dayaqları olduğu haqda bir söz söyləmişdi. Fəqət, bu günədək rəsmən bilinmədi ki, həmin respublikada terrorçubaşının tərəfdarları kimlərdir. Xatırımdadır ki, bircə dəfə o məmləkətin böyük şəhərlərindən birində bir cavanı sinəsində  Öcalanın şəklini, “PKK”-nın emblemini gəzdirdiyi üçün tutdular, əmbə sonra buraxıb bir müddət dəlixanaya saldılar ki, sən demə, cavan dəli imiş... İndi müxtəlif ölkələrdəki müxtəlif “PKK” tərəfdarı olan və ya o yönlü terrorçu qruplaşmalar Öcalanın bəyanatına müxtəlif cür reaksiyalar verirlər, biri “hə” deyir, biri “yox” deyir. İndi görək bu Xəzər sahilindəkilər nə deyəcəklər? Onları da tapıb, reaksiyalarını məmnuniyyətlə dinləyib təqdim edərdim, əmbə qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr... Lakin onlara məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoysunlar. Onsuz da MİT Suriyadan, İraqdan hərlənib üzü Xəzərə tərəf gəlir. Gec-tez sizlərin də mitilini Xəzərə, yox(Azərbaycan da bu dənizin yanındadır, suyumuzu murdarlamasınlar, bir azdan distillə edib içəcəyik), Sibir bataqlıqlarına atacaq...  Nə isə... Yəqin, bu yazıdan sonra bir reaksiya verərlər... Bir xəbər çıxsa və salamat qalsam, adlarını da, yerlərini də sizə bildirəcəm... Sultan Laçın  

Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanıldı

Fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub. Sozcu.az -ın məlumatına görə, DİN-dən bildirilib ki, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bakıda SPİRT KABUSU davam edir: ölənlərin sayı 22-yə çatdı

Bakıda daha bir nəfər texniki spirtdən zəhərələnərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 47 yaşlı Qaramin Dmitri Viktoroviçin meyiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir. Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatdı.

1 gündə 3 zəlzələ: Azərbaycanda seysmik aktivlik dövrü YAŞANIR

Fevralın 27-28-də Azərbaycanda bir neçə zəif maqnitudalı zəlzələ qeydə alınıb. Belə ki, ötən gün İsmayıllı rayonunda 3,3 maqnitudalı yeraltı təkan baş verib, ocağı 46 km dərinlikdə yerləşib. Həmin gün Xəzər dənizində də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Fevralın 28-də isə yenə İsmayıllı rayonunda zəlzələ baş verib – yerli vaxtla saat 07:49-da qeydə alınan təkanların maqnitudası 3 olub, ocağı isə 3 km dərinlikdə yerləşib. Zəlzələlər hiss olunmayıb və hər hansı fəsad törətməyib. Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, təşvişə səbəb yoxdur: “Bu bir dövrlükdür, mən hər zaman qeyd edirəm ki, tektonik-seysmik aktivlik müəyyən dövrlük müşahidə olunur. Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir. Burada bir neçə qovşaqlar mövcuddur. Beləliklə Xəzər dənizi ərazisi seysmik ocaqlarla zəngindir. Bütün ərazi boyu, şimal, orta və cənub hissəsi seysmik ocaqlar mövcuddur. Təbii ki, mütəmadi olaraq zəlzələlər baş verəcək. Hər zaman deyirəm ki, hiss olunan zəlzələlər il boyu qaçılmazdır”. Onun sözlərinə görə, nəinki Azərbaycanda, bütün dünyada tektonik və seysmik aktivlik dövrü yaşanır: “Gördüyünüz kimi Egey dənizində bir qədər müddət əvvəl ardıcıl olaraq güclü zəlzələlər baş verdi. Türkiyə, Yunanıstan, İtaliya və digər ölkələr silkələndi. Azərbaycanda yer hərəkətləri o dərəcədə intensiv sürətlə baş vermir. Hərəkət var, amma intensiv sürətdə deyil. Qonşu ölkələrlə müqayisədə bizdə intensiv sürət yoxdur. Ona görə də dağıdıcı zəlzələlər gözlənilmir. Amma hiss olunan zəlzələlər qaçılmazdır. Bu zəlzələlər 4, 4.5 maqnitudalı da ola bilər. Qonşu ərazilərdə seysmik ocaqlar aktivləşən zaman Azərbaycan ərazisinin sabit qalması mümkün deyil. Bu fiziki qanunlara da ziddir, qonşu ərazilərdə silkələnmə varsa, ola bilməz ki, Azərbaycan sabit qalsın. Nəzərə alsaq ki, Azərbaycan ərazisi seysmik ərazi sayılır, dövrülik daxilində hiss olunan zəlzələlər baş verə bilər, amma təşvişə səbəb yoxdur”.

"KazanForum 2025"də Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqə prioritet olacaq

Mayın 13-dən 18-dək Rusiyanın Tatarıstan Respublilkasının paytaxtı Kazan şəhərində “Rusiya – İslam Dünyası: KazanForum” XVI Beynəlxalq İqtisadi Forumu keçiriləcək. Forumun məqsədi Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarət-iqtisadi, elmi-texniki, təhsil, sosial və mədəni əlaqələri gücləndirməkdir. Qeyd edək ki, Azərbaycanın da daxil olduğu İƏT ölkələri Rusiya ilə qarşılıqlı əlaqələri xeyli gücləndirib. Son bir ildə ümumi dövriyyə 30 % artıb. Forum iştirakçıları üçün də mühüm məsələ Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqə olacaq. Azərbaycan və Rusiyanın bir çox təmas nöqtələri və əməkdaşlığın inkişafı üçün əsasları var. Bu, ilk növbədə, qarşılıqlı ticarətin artmasıdır. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 10 % artaraq, demək olar ki, 4,8 milyard dollar təşkil edib. Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı, həmçinin Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısı (34,6 %) olub. Ötən il Rusiya məhsullarının Azərbaycana tədarükü əhəmiyyətli dərəcədə artıb (14,5 % artaraq 3,621 milyard dollar təşkil edib). Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən qərb qolunun Rusiya ilə birgə işlənməsi tezliklə yeni perspektivlər aça bilər. Bu, dəhliz üzrə ümumi yük daşımalarının təxminən 70 %-ni təşkil edir. "KazanForum 2025"in proqramına iştirakçı ölkələrin nəqliyyat nazirlərinin görüşü və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş, iştirakçı ölkələrin nəqliyyat və logistika potensialının inkişafı üzrə konfrans, “Beynəlxalq Əmlak Bazarı 2025” ikinci Beynəlxalq Daşınmaz Əmlak Sərgisi, Beynəlxalq Moda Sənayesi Forumu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş daxildir.

Bakının üç rayonunda qaz KƏSİLƏCƏK

Səbail rayonu, Badamdar qəsəbəsində, Suraxanı rayonu, Zığ qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə 27.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. "Azəriqaz"dan Sozcu.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonu üzrə Əli Nəzərov, İbrahim Xəlilov, Tofiq Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Neftçilər küçələrinin, Badamdar şosesinin və 3-cü yaşayış massivinin bir hissəsinin, Qaradağ rayonu üzrə 1-ci, 2-ci, 3-cü, 6-cı yaşayış massivlərinin və B.Niftəliyev, İ.Nəbiyev küçələrinin, Suraxanı rayonu üzrə isə Zığ qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

İsmayıllıda zəlzələ oldu

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. 3.3 maqnitudalı yeraltı təkan 43 km dərinlikdə baş verib.

Bu il fitrə zəkatının məbləği nə qədər olacaq? - QMİ-dən CAVAB

Azərbaycanda martın 1-dən Ramazan ayı başlayır. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi fətvası yayılacaq. Hər il Ramazan bayramı günü müsəlmanlar fitrə zəkatı verilir. Qeyd edək ki, ötən il Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunub. Bu il də fitrə zəkatının məbləğinin nə qədər olacağı maraq doğurur. Məsələ ilə bağlı Modern.az-a açıqlamasında QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib ki, ümumilikdə hər şəxs 3 kilo buğdanın pulunu fitrə zəkatı olaraq verməlidir: “Fitrənin hesablanması yenə də  əvvəlki qaydada olacaq. Yəni istifadə etdiyimiz buğda çörəyinin, çərəzlərin qiymətinə uyğun olaraq hesablama aparılacaq. Bu il də 10 və ya 15 manat arası kimin nəyə gücü çatırsa, verərik. 3 kilo buğdanın pulunu bir nəfər verməlidir. Bu da orta hesabla 3 manat və ondan yuxarıya kimin nəyə gücü çatırsa, fitrə verə bilər”.

Qarlı havada 347 nəfər xəstəxanalıq oldu

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub.

Marketdəki partlayışda yaralananların sayı 3-ə ÇATDI - YENİLƏNİB

Binədə "OBA" marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə "OBA" məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib: "Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır". Xəbərdə qeyd olunub ki,  "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir: "Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq". *** 10:00 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi sahəsi 180 kv.m. olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb. Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** 08:55 Bakının Xəzər rayonu, Binə qəsəbəsində obyektdə yanğın baş verib. Sozcu.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. Bildirilib ki, saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub: "Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb". Məlumata görə, hadisə "OBA" marketində baş verib. Hadisə ilə bağlı marketlər şəbəkəsi də məlumat yayıb. "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib. İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində "Oba"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Xəsarət alanlar 45 yaşlı Kəmalə Paşa qızı Əhmədova və 38 yaşlı Şəlalə Şakir qızı Əsgərovadır. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda hadisənin təfərrüatı araşdırılır. Daha ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilir.

Hərbi liseyin məzunu vəfat etdi

Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnstitutunun kursantı Elvin Quluzadə uzun sürən qan xərçəngi xəstəliyi səbəbindən həyatını itirib.Oxu.az

Bu xəstəxananın milyonlarla borcu üzə çıxdı

Gəncə Beynəlxalq Xəstəxanasının əmtəə nişanının sahibi "SYNERGY MEDICAL" MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Xəstəxanasının Dövlət Vergi Xidmətinə 2711632.46 manat vergi borcu yaranıb. Qeyd edək ki, nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Paşayeva Gülnar Polad qızıdır.

9 yaşlı fiziki qüsurlu uşağı öldürən şəxsə ağır cəza verildi

Qeyri-rəsmi münasibətdə olduğu qadının 9 yaşlı fiziki qüsurlu övladını öldürməkdə ittiham olunan Yaşar Abbasovun məhkəmə araşdırması başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Məhkəmə müəyyən edib ki, Yaşar nikahsız yaşadığı İ.Əhmədovanın uşağını işgəncə ilə öldürməkdən əlavə qadının özünü də döyüb. Bu hadisədən bir müddət sonra uşağın anası da narkotik cinayətinə görə məhkum edilib. Hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin ağır maddələri ilə ittiham verilib. Hökmə əsasən, Y. Abbasov xüsusi amansızlıq, quldurluq niyyəti ilə adam öldürmə, əzab vermə və başqa maddələrlə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib.

Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb. Belə ki, Sabunçu rayonunda 45 yaşlı E.Qasımov və Nizami rayonunda 53 yaşlı A.İsayev metil spirtindən zəhərlənərək ölüblər. Məlumata görə, Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı 18-ə çatıb. Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfər texniki spirtdən zəhərlənərək ölüb. Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Xırdalanda özünə antibiotik vuran qadın öldü

Abşeron rayonunda özünə iynə vuran qadın ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib. Şəhər sakini, 42 yaşlı Gülnarə Ənvər qızı Cahangirova yaşadığı evdə özünə antibiotik iynəsi vurub. İynədən sonra halı pisləşən qadın xəstəxanaya müraciət edib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

ABŞ səfirliyi Xocalı soyqırımı qurbanlarını yad etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarını yad edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin X hesabındakı paylaşımda qeyd olunub. “Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

Bayraqdardan Xocalı qətliamı ilə bağlı paylaşım

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Xocalı qətliamı ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, o, bu barədə özünün X hesabında yazıb. “Xocalı soyqırımında həyatını itirən qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. İllər keçsə də, bu faciənin acısı hələ də qəlbimizdə təzədir. Xocalı soyqırımında həyatını itirmiş qardaş və bacılarımızın xatirəsini ehtiramla yad edirəm”, – paylaşımda qeyd olunub.

Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Nazir bu barədə "X" sosial media hesabında yazıb. "Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. Türkiyə həmişə olduğu kimi sevimli Azərbaycanımızın yanındadır", - paylaşımda qeyd olunub.

Fransa səfirliyi Azərbaycana başsağlığı verdi

Fransanın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə paylaşım səfirliyin sosial şəbəkədəki səhifəsində yerləşdirilib. “Bu gün biz Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirik və bütün Azərbaycan xalqına başsağlığı veririk”, - bəyanatda bildirib.

Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib. Sozcu.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib. Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb. Xətai rayon Məhkəmədi onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.