Rusiyada daha bir zavod yanır

Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində yerləşən “Uralmaşzavod”da böyük yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yanğın 800 kvadrat metr ərazini əhatə edir. Qeyd edək ki, şəhərdə Mərkəzi Hərbi Dairənin qərargahı, Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Rəyasət Heyətinin və 35 federal hökumətin ərazi orqanları yerləşir.

Azərbaycanda tələbə qızılcadan öldü

Azərbaycanda tələbə vəfat edib. Bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məlumat yayıb. Bildirilib ki, akademiyanın Kütləvi tətbiqi idman fakültəsinin “Məşqçilik” ixtisasının III kurs tələbəsi Cavid Telman oğlu Süleymanlı qızılcadan dünyasının dəyişib.

Xankəndi, Ağdərə və Xocalıda yeni xidmət yaradılır

Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sozcu.az xəbər verir ki, fərmanla “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib. Müəyyən edilir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir; 3.2. Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır; 3.3. Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir; 3.4. Xidmətin nizamnamə fondu 500 000 (beş yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır; 3.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir. 4. Xidmətin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 4.1. Azərbaycan Respublikasının Prezidentinə: 4.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; 4.1.2. idarəetmə orqanlarının yaradılması; 4.1.3. Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 4.1.4. Xidmətin yenidən təşkili və ləğvi; 4.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi; 4.2. Xidmətə: 4.2.1. Xidmətin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi; 4.2.2. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 5.1. Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 6.1. bu Fərmanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin; 6.2. Xidmətin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun. 7. Xidmət: 7.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin; 7.2. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin; 7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Ruslan Əliyevə yeni vəzifə verildi

“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə Azərenerji ASC-də yeni vəzifə verilib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb. Əmrə əsasən, Ruslan Əliyev Azərenerji ASC-nin departament direktoru təyin edilib. Xatırladaq ki, Ruslan Əliyev ötən ay "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilmişdi.

Bakıda ağır qəzada iki nəfər ölüb, yaralılar var

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, qəza maşın bazarının yaxınlığında qeydə alınıb. Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub. İdarəetmədən çıxan minik maşını əvvəlcə işıq dirəyinə, daha sonra isə yük maşınına çırpılıb. Hadisədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. İki nəfər isə ağır xəsarət alıb. Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Türkiyə aviaşirkətinin Avropaya uçuşları qadağan edilib

Türkiyənin “Southwind Airlines” aviaşirkətinin Avropaya uçuşları qadağan edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Turizm Güncel” saytı Avropa İttifaqının qərarına istinadən məlumat yayıb. Belə ki, rəsmi Brüssel Aİ-yə üzv dövlətlərə elan edib ki, “Southwind Airlines” (Cortex Aviation and Tourism Trade-nin rəsmi adı) aviaşirkətinin təyyarələrinə sanksiyalar qaydalarına uyğun olaraq Avropada uçuş və enişi qadağan edilib. Hazırda bu qadağaya görə, “Southwind Airlines” tərəfindən həyata keçirilən Şarm əl-Şeyxdən “Air Cairo SM903” kodlu uçuş gecikir. Həmçinin Sürix, Berlin, Düsseldorf, Frankfurt, Hamburq, Münhen və Ştutqartın hava limanları bu aviaşirkətin təyyarələrinin gəlişinə qadağa qoyub. Aİ-də hesab edirlər ki, “Southwind Airlines” faktiki olaraq Rusiyanın sanksiya tətbiq etdiyi strukturlar tərəfindən idarə olunur. Şirkət 2022-ci ilin aprel ayında yaradılıb.

ABŞ Honqkonq rəsmilərinə qarşı sanksiya tətbiq edib

ABŞ Çinin Honqkonq Xüsusi İnzibati Bölgəsinin rəsmilərinə viza sanksiyaları tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken məlumat verib. Onun yazılı bəyanatında qeyd olunub ki, Çin hakimiyyəti Honqkonqda vətəndaş cəmiyyəti, media və fərqli fikirlərə qarşı təzyiqləri gücləndirir. O, konkret kimin ABŞ-ın hazırkı məhdudiyyətləri altına düşdüyünü açıqlamayıb. . “Biz Konqres və beynəlxalq ictimaiyyətlə birlikdə Honqkonq xalqının qorunan hüquq və azadlıqlarının bərpasına, milli təhlükəsizlik qanununa əsasən haqsız yerə həbs edilmiş şəxslərin dərhal azad edilməsinə çağırış edərək onlara dəstək olmaq üçün işləməyə davam etməyə sadiqik”, - Blinken deyib.

İtaliya qırıcıları Rusiya təyyarələrinə görə iki dəfə havaya qalxıb

Polşanın “Malbork” bazasında yerləşdirilən İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighters” qırıcıları son 24 saat ərzində Rusiya təyyarələrinə görə iki dəfə havaya qalxıb. Sozcu.az  xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Qeyd olunub ki, Baltik dənizinin beynəlxalq suları üzərində Rusiya təyyarələrinin olması qeydə alınıb. Təyyarənin aşkarlanması barədə siqnal NATO-nun Udemdəki (Almaniya) komandanlıq mərkəzindən gəlib. Bu siqnalla İtaliya təyyarələri havaya qaldırılıb. Heç bir insident qeydə alınmayıb. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya hərbi aviasiyasının bütün uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq həyata keçirilir.

Gürcüstan-Rusiya sərhədində sıxlıq müşahidə olunur

“Yuxarı Lars” keçid məntəqəsindən 4 100-dən çox yük maşını keçmək üçün gözləyir. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi bildirib. Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün isə ümumilikdə 4 132 yük avtomobili gözləyir. Hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti sərbəstdir.

Bakıda iki avtomobil toqquşub, gənc qız yaralanıb

Bakının Nizami rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Sozcu.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Məmmədli Neyjən Zamin qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır .

Hamilə qadın dəm qazından dünyasını dəyişdi

Qubada dəm qazından boğulan hamilə qadın dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, hadisə martın 29-u günorta saatlarında baş verib. 26 yaşlı Quba şəhər sakini Fidan Habil qızı Niftəliyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub. Fidan Niftəliyevanı hamamda qayınanası aşkarlayıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılsa da gənc qadının həyatını xilas etmək mümkün olmayıb. Mərhum Fidan Niftəliyeva beş aylıq hamilə idi. Niftəliyevlər ailəsinin yaşyarımlıq əkiz oğlan övladları var. Faktla bağlı araşdırma aparılır.

Niyə çəkirsən Ya Rəbb bunca imtahana məni?

Niyə çəkirsən Ya Rəbb bunca imtahana məni? Məyər ki, bu məqsədlə xəlq etdin cahanə məni? Yarımı aldın əlimdən təzə yetmiş vüsala, Od vurub can evimə, qoydun yanə-yanə məni. Həmişə rişxənd ilə Məcnuna lağ eyləmişəm, Deyəsən cəza verib, eylədin divanə məni. Əlimdə yox imkanım mən qovuşum cananıma,  Duamı qəbul eylə ,çatdır o imkanə məni. Ürəyim dözmür artıq bu dünya haqsızlığına, Niyə xəlq etməmisən hər şeyə biganə məni?! Hər tərəf yırtıcılar,çaqqallarla dolub daşir, Tək necə baş çıxarım, atmısan ormanə məni?! Mən şeir yazmağa taa uşaq ikən başlamışam, Şair tək yetişdirdi bu çətin zəmanə məni. Şeiriyyat bir dənizdir, sahili gözlə görünməz, Atmısan xırda balıq tək həmən ümmanə məni. Elçinəm nədən məni dağ kimi xəlq eyləmədin? Dağ boyda bir dərd ilə bənzətdin insanə məni. Elçin Rəhimzadə

"Yəqin hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb" - Natiq Cəfərli

“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “AvtoVAZ”ın rəhbəri Maksim Sokolovun sözlərinə istinadən məlumat yayıb. Məsələ ilə bağlı iqtisatçı Natiq Cəfərli özünün feysbuk səhifəsində yazaraq,  bildirib ki, “istehsal” adı ilə təqdim etdilən avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir.  "Azərbaycada indi də “Lada” avtomobilləri yığılacaq, bəli-bəli, istehsal olunmayacaq, məhz yığılacaq. Yəqin hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb, “Lada”-nı Rusiyadan idxal edəndə büdcəyə N qədər rüsum-vergi ödənilir, maşınları tam hazır, amma, məsələn, güzgüsüz, təkərsiz, oturacaqsız gətirirsən, məmləkətdə güzgüsünü, oturacağını, təkərini yerinə bağlayıb silib-təmizləyirsən – olur “istehsal”, nə rüsum ödənilir, nə vergi.  Dəfələrlə hökumətə ictimai çıxışlarda demişik ki, maşın istehsalı yaxşıdır, amma detallarının ən azı 25-30%-i ölkədə istehsal olunmalıdır. Bu zaman yan sahələr yaranır, yeni iş yerləri açılır, yerli mütəxəssislər yetişir – bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir. Vəssalam..."

Rusiyalı polkovnik də “Krokus”da öldürülüb

Moskvadakı “Krokus Siti Holl”da baş verən terr aktı nəticəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı qüvvələrinin polkovniki Timur Myasnikov da ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Onun Ukraynadakı hərbi əməliyyatlarda da iştirak etdiyi bildirilib.

Musa Quliyev: Dünyada pensiya yaşının azaldılması deyil, artırılması müzakirə edilir

Pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə aparılır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Musa Quliyev deyib ki, dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır, əksinə, pensiya yaşının yüksəldilməsi müzakirə edilir: “Çünki uzun ömür artır. Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq, 2040-cı ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur”.APA

“Dövlət və özəl tibb müəssisələrində “Ultravist” yoxa çıxıb”

“Kontrastlı KT, angioqrafiya və bir çox kontrastlı rentgen müayinələrində istifadə edilən “Ultravist” kontrast maddəsi həm dövlət, həm də özəl tibb müəssisələrində yoxa çıxıb”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev özünün sosial şəbəkə hesabında yazıb. “Yəni, indi hansısa bir xəstədə miokard infarktı xəstəliyinə ciddi şübhə varsa və həmin xəstəyə həyati göstərişlə, təcili olaraq Koronar angioqrafiya müayinəsi lazımdırsa, müayinə etmək mümkün olmayacaq və o xəstə həyatını itirə bilər. Bu necə tibb idarəçiliyidir?” – A. Əliyev bildirib.

Simonyan 4 kəndin qaytarılmasından danışdı: “Bizimki bizə qalacaq, onlarınkı özlərinə”

Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai TV-də hakimiyyətin Tavuş rayonuna məxsus bəzi əraziləri Azərbaycana verməyə hazırlaşdığı barədə iddiaları rədd edib. Sozcu.az-ın məlumatına görə, A.Simonyan bildirib ki, Azərbaycanın Ermənistan ərazilərinə ərazi iddiaları yoxdur. Simonyan dediklərini qrafik şəkildə əsaslandırmaq üçün İctimai TV-nin efirində xəritə də göstərib. “Bizim olan bizim qalacaq, onların olan, onların”, - o deyib. İşğal olunmuş 4 kənd Azərbaycana qaytarılandan sonra Ermənistanın bəzi infrastrukturlardan məhrum olacağı barədə fikirləri şərh edən Simonyan bildirib ki, həmin ərazidə qaz xətti yoxdur. “Oradan magistral yol keçir. Məsələ o yerə gələcək ki, biz həmin yol hissəsi ilə nə edəcəyimizi anlayacağıq, mövqeyimiz odur ki, yolumuzu bu tərəfə bir neçə kilometr çəkə bilərik. Görəcəyik ki, bizim üçün ən əlverişli olan nədir, biz onu edəcəyik”, - Simonyan bildirib. Alen Simonyan deyib ki, Ermənistan iqtidarı bunu təhdid altında etmir. “Biz təhdid altında hərəkət etmirik. Biz bunu edirik, çünki buna ehtiyacımız var. Bu bizə lazımdır, başa düşürsüz? Biz deyəndə ki, kadastr şəhadətnaməsi olsun, bu, abstrakt bir şey ola bilməz”. Qeyd edək ki, Alen Simonyan 4 kəndin qaytarılması barədə danışarkən Qazaxın işğal edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərini nəzrdə tutub.modern)

ŞOK: Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi  Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb.  Bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib. Alimin 5 mindən artıq kitabının olduğu bildirilir.  Fazil İsmayılov Yenisabah.az-a açıqlamasında haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu "faciə" adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib. Fazil İsmayılovun kömək üçün Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir. 

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Amerikanın səsi” ​radiosunun əməkdaşı İdrak Camalbəyli vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalist Kiyevdə qəfil ürəktutmadan dünyasını dəyişib.

Ukraynanın qələbəsi tezliklə gələcək, bu, mütləq olacaq - Saakaşvili

Ukraynanın qələbəsi tezliklə gələcək, bu, mütləq olacaq. Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan videomüraciətində bildirib. "Mən Ali Radaya müraciət etmək istərdim. Belə çətin şəraitdə məni unutmadığınız üçün təşəkkür edirəm. Mən də sizin üçün darıxıram. Bu illər ərzində bir dəqiqə belə olmayıb ki, Ukrayna haqqında düşünməyim. Dəstəyinizə görə sizə çox minnətdaram, mən vətənpərvər və Ukraynanın minnətdar vətəndaşı olaraq qalıram və sizə demək istəyirəm: bizim qələbəmiz tezliklə gələcək, mütləq gələcək", - deyə Saakaşvili qeyd edib.

Avtobus körpüdən aşdı: Hamı öldü, yalnız o sağ qaldı

Cənubi Afrika Respublikasında (CAR) avtobusun körpüdən aşması nəticəsində azı 45 sərnişin ölüb. Sozcu.az xəbər verir ki, SABC radiostansiyası məlumat yayıb. Hadisə Limpopo vilayətində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi körpüdən aşıb və Mokopane ilə Marken arasındakı dağ aşırımına düşərək yanıb. Hadisə nəticəsində 45 nəfər ölüb. Məlumata görə, yalnız 8 yaşlı qız faciədən sağ qurtulmağı bacarıb.

İsraildən xəbərdarlıq: Türkiyəyə getməyin!

İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlara səyahət xəbərdarlığı edib. Sozcu.az İsrail mediasına istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurası İsrail vətəndaşlarını Türkiyə, Mərakeş, İordaniya və Misirə səfərlərdən çəkinməyə çağırıb. Milli Təhlükəsizlik Şurasının rəsmisi deyib ki, məhz bu dörd ölkəyə səfər etmək tövsiyə olunmur.(konkret)

Bəlkə Qurban Qurbanova şans verilsə idi ...

Cabir Turan Cəfərbəyli Şota Arveladze,Kaxa Kaladze(daha gənc) ,Timur Ketsbaya, Levon Kobiaşvili,Mixail Kavelaşvili, Georgi Kinkladze ,Aleksandr İaşvili və başqaları ...  Bunlar Gürcüstan futbolunun "qızıl " nəslidir. Sovet hakimiyyəti dövründə yetişib, müstəqil dövrdə Millinin əsasını təşkil edən bu futbolçular Gürcüstan millisində heç nə edə bilmədilər Bir-iki həyacanlı tsikli çıxmaq şərtilə elə aşağı -yuxarı bizim kimi çıxış edirdilər. Halbu ki ,biz  Rusiyanın 1-ci dəstəsində futbolçumuz olduğunda sevincdən həyacanlananda Gürcüstan millisinin əsasını "Ayaks", "Mançester Siti""Milan","Nyukası" kimi klublarda oynayan futbolçular təşkil edirdi. Amma dediyim kimi heç bir uğur olmadı. Bəli,həmin il milli komandalar arasında rəqabət güclü idi,bu bir səbəb.  Bəs sonra?  Ümumiyyətlə,ayrıca araşdırma mövzusu aparılmalıdır ki ,SSRİ dağıldıqdan sonra azı 10 il niyə Rusiya millisindən başqa heç bir post-sovet ölkəsinin komandası Dünya və Avropa çempionatına vəsiqə qazana bilmədi? Tamam,ilk illər ruslar SSRİ-nin varisi kimi FİFA-ya üzv olmaqdan istifadə edib İlya Tsımbalar,Oleq Salenko,Yuri Nikifirov,Viktor Onopko,Axrik Çveyba,Omari Tetradze kimi futbolçuları milliləşdirdi. Amma qalan futbolçularla da Ukrayna,Gürcüstan, Belarus milliləri heç bir uğur qazana bilmədi. Nəysə, mətləbdən uzaqlaşdım.  Müstəqil Gürcüstan futbolunun "qızıl" nəslinin edə bilmədiyini böyük əksəriyyəti müstəqil Gürcüstanda doğulan futbolçulardan qurulan Milli komanda etdi və tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı. Millətlər Liqasından vəsiqə qazanması belə bu uğura kölgə salmamalıdır. Bu format elə məhz bizim , Gürcüstan kimi ölkələrin bu tip turnirlərə vəsiqə qazanması üçün təşkil olunub. Nə bilirsən,bəlkə Qurban Qurbanova şans verilsə idi , Gürcüstan millisinin yerində biz olacaqdıq? Amma yox, bazar,qohum-tanış məntiqi ilə idarə olunan federasiyalarda bu mümkün deyil. Gürcüstan Futbol Federasiyası futbolçular,özü də bizdə olan kimi kukla kimi,bir-iki kəlməni düz-qoş edib danışa bilməyənlər yox, müstəqil qərar vermək ,iş görmək qabiliyyətində olan keçmiş futbolçular idarə edir. Çünki bizdə bir süni meydana çəkilən xərcə,müasir futbol akademiyaları yaradan məntiq, şəxsiyyətlər idarə edir Gürcüstan futbolunu. Çünki gürcü futbolçular "altı çayxana,üstü moyka" təfəkkürü ilə yox,inkişaf etmək haqda düşünür.  Ümumiyyətlə bilirsiz əsas səbəb nədir? Onların Mixail Mesxisi,Aleksandr Çivadze,David Kipiani,Vitali Daraseliya,Ramaz Şengeliya,Tengiz Sulakvelidzesi olub. Üstəlik bizim 1966 bürüncümüzə qarşı 2 SSRİ çempionluğu və 1981-ci ildə qazanılan Avropa Kuboklar Kuboku... Hələ 2 SSRİ kubokunu,5 ikinci ,13 üçüncü yeri demirəm.  Bizdə? Anatoli Banişevski ? Hə,onu məhv edənlərdən biri elə özümüz olmuşuq. Ələkbər Məmmədov? Bizdən olub,bizimki olmayan. Latviya nümunəsini çıxmaq şərtilə ,belə məlum olur ki, futbol ənəsi olan ölkə olmaq da başqa şeydir. Nəzərə alsaq ki, əgər ənənəsi olmayan ölkə federasiyaları bazar məntiqi ilə idarə olunur,onda vəziyyət lap bərbaddır. Belə...

Şəmkirdə Polkovnik Cahangir Rüstəmovun anım tədbiri keçirilib

Bu gün Şəmkir şəhər Şəhidlər Xiyabanında Polkovnik Cahangir Rüstəmovun anım günü keçirilib.  Anım tədbirində Polkovnikin ailəsi, yaxınları, döyüş silahdaşları, qazilər və Şəmkir ictimaiyyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, sabiq Briqada komandiri Gədəbəyin müdafiəsinin təşkil edilməsində bir hərbiçi və mənəvi nüfuzu olan bir ağsaqqal kimi adını Azərbaycanın şərəf tarixinə yazdırıb. 1992-ci ildə uğurlu Başkənd əməliyyatı, Şəmkir Aerodromunun ruslardan tərksilah olunması qeyd olunarkən mütləq ki, bu hadisələrə rəhbərlik etmiş mərhum briqada komandiri hörmət, sevgi və şükranla xatırlanır.  Sözcü.az