“Məndən soruşurlar ki, cəmiyyətdə əxlaqsızlığın artması sizi narahat etmirmi, buna qarşı necə mübarizə aparmaq olar? Bu, çox ağır mövzudur. Doğrudan da, sosial şəbəkələr, televiziyalar və digər vasitələrdə sosializm dağılandan sonra elə vəziyyət yarandı ki, əxlaqsızlıq həndəsi silsilə ilə artdı. Çox geniş vüsət alıb. Cəmiyyətdə əxlaqsızlığı təmizləmək kömürü ağartmaq kimi bir şeydir, yəni bu qədər çətindir. Həzrəti Peyğəmbərdən soruşurlar ki, bütün peyğəmbərlərin möcüzəsi var, bəs sənin möcüzən nədir? O deyir ki, mən əxlaqı tamamlamaq üçün göndərildim. Əxlaq bizim milli sərvətimizdir. Hətta cəhalətə qarşı mübarizə aparan Mirzə Fətəli Axundov deyib ki, dinin əsas vəzifəsi əxlaqdır. Ümumiyyətlə, 4 şey insan əxlaqını pozur - tamahkarlıq, qorxaqlıq, tənbəllik, borc alıb qaytarmamaq. Əxlaqlı insan odur ki, onda hiylə olmaz. Kiminsə hiyləsi varsa, o, əxlaqlı insan deyil. Bütün dahilər deyiblər ki, övladlarınıza puldan çox əxlaq verin”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
Deputat düşünür ki, əxlaqsızlığa ən çox kütləvi təsir vasitələri yol açır: “Subyektiv səbəblər də var. Mən vaxtilə çox müqavimət göstərdim. Avropa Şurasına daxil olanda, bizdən tələb etdilər ki, Cinayət Məcəlləsinin 113-cü - namus maddəsini ləğv edin. Ləğv etdik, bu, düzgün deyildi. Baxın, Avroviziya mahnı müsabiqəsində geylərin paradı təşkil olunur. Belə şeylərdən narahat oluram. Əxlaqdan kənar insanlıq yoxdur, heyvanlıq var. Hətta bəzi heyvanlar belə təknikahlı olur. Bütün insani dəyərlərin təməli əxlaqdır. Deyirlər ki, əxlaq məhdudiyyətdir. Belə deyil. Əksinə, əxlaq azad, dürüst həyata itaət etməkdir. Mənəviyyat, əxlaq insanlar arasında olan münasibətlərin ən mühümüdür, böyük bir vəzifədir. Yohann Volfqanq Höte deyərdi ki, əxlaq köynəyini soyunan başqa heç bir köynək geyinə bilməz. Əxlaqın ölçüsü ən birinci qadına münasibətlə, qadınların öz davranışları ilə bağlıdır. Bu, təkcə müsəlman cəmiyyətinə deyil, bütün bəşəriyyətə aiddir. İnsanın içindəki əxlaq həmişə bəşəriyyəti heyran edir. İki cür əxlaq var - varlıların və kasıbların əxlaqı. Varlı açıq-saçıq geyinəndə deyirlər ki, “modadır”, kasıb o cür geyinəndə deyirlər, “pozğunluqdur”. Bir də görürsən, türk seriallarında göstərirlər ki, elit, açıq-saçıq geyinmiş insanların məclisində sadə geyinmiş kimsə gəlir, deyirlər, “sadə adam burada nə gəzir?” Bu cür məsələlər əxlaqımıza çox ciddi maneə olur. Sosializm hər şeyi qadağan edirdi, o cümlədən əxlaqsızlığı da. Kapitalizm isə hər şeyə icazə verir, o cümlədən əxlaqsızlığa da. Əxlaqsızlar hər yerdə əxlaq dərsi keçirlər. Ən böyük dəhşət budur. Məsələn, boşanırlar, pis yola gedirlər və əsaslandırırlar ki, niyə belə edirlər, bu, guya doğrudur. İnsanın fiziki boyu başından yerə qədərdir, mənəvi boyu isə başından göyə qədər. Buna görə də mənəvi boya fikir vermək lazımdır. Sanki tərəzinin iki gözüdür - əxlaq və qəbahət. Tərəzinin bir gözü qalxanda, digəri enir. Bu qanundur, bunu Platon müəyyən edib, mən yox. Əxlaqi münasibətləri guya estetikaya, etikaya zidd sayırlar. Əksinə, adətlərimiz çox gözəl əxlaq, gözəllik mənbəyidir. Sokrat deyərdi ki, kişilər qanunları icad ediblər, qadınlar isə əxlaqı. Buna görə də qadınların əxlaqlı olmaları, kişilərin isə onların əxlaqına dəyər vermələri çox mühümdür. Əxlaqsızlığı aradan qaldırmaq üçün ən az iki nəsil yaşamaq lazımdır. Biz həyanı uduzmuşuq. O halda uduzuruq ki, qumara qoyuruq. Həyası olmayan cəmiyyət sağlam ola bilməz. Şübhəsiz ki, əxlaq varsa, əxlaqsızlıq da var. Əxlaqsızlıq həm də tamah doğurur. Qadın ləyaqətinin meyarı onun sevdiyi kişi olmalıdır. Hələ 1990-cı ildə ilk dəfə deputat seçiləndə əxlaq və mənəviyyat komissiyasının yaradılmasını təklif etdim. Halbuki əxlaqsızlıq 1990-cı ildə min dəfə bundan aşağı idi. Çox az yerlərdə əxlaqsızlıq var idi. Amma mənim gücüm çatmadı. Bir növ uduzdum. Bundan sonra ümidim çox azdır, amma yenə də əxlaq, sağlamlaşma uğrunda vuruşuram. Həm cəmiyyət, həm də hökumət tərəfindən əxlaqa mütləq ədalətli münasibət lazımdır. Əxlaqi qaydalara riayət etmək vacibdir. Hesab edirəm, texnoloji geriliyimiz əvəzinə bizim İslam, Qafqaz, türk mövcudiyyətindən gələn əxlaq sistemimiz var ki, bu, başımızın tacıdır və buna əməl etməliyik”.