Öldürülən müğənni ilə bağlı yeni detal üzə ÇIXDI

Bakıda əri tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilən müğənni Yaqut Nərimanla bağlı daha bir detal üzə çıxıb. Sozcu.az referans.az-a istinadən xəbər verir ki, jurnalist Könül Aypara müğənninin bir neçə il əvvəl ağır əməliyyat keçirdiyini deyib. Onun sözlərinə görə, Y.Həşimova illər öncə beynindən əməliyyat olunub və çətinliklə sağlamlığına qovuşub. "Allah lənət eləsin! O ailə Yaqutun sağ qalması üçün varından-yoxundan keçmişdi. Hər şeylərini satmışdılar ki, təki Yaqut sağ qalsın", - deyə o bildirib.

ŞOK OLAY: 8 və 9 yaşlı uşaqları nişanladılar - FOTO

Türkiyənin Mardin vilayətinin Kızıltəpə rayonunda ailələr arasında keçirilən mərasimdə 8 yaşlı qız və 9 yaşlı əmisi oğlu nişanlanıb. Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bu barədə sosial mediada fotolar paylaşılıb. Məlumata görə, nişan uşaqların nənə və babalarının istəyi ilə təşkil edilib. Paylaşımdan sonra Ailə və Sosial Xidmətlər Nazirliyi hərəkətə keçib.

Şəmkir sakini ölkə rəhbərliyindən kömək istəyir

Şəmkir rayon Çinarlı qəsəbə sakini Asif Nəbiyevə məxsus ev dağılma təhlükəsi ilə üz-üzədir. Qəsəbə ərazisindən keçən su kanalının daşması, yağış sularının ev və həyətə dolması nəticəsində həyətin böyük bir hissəsində torpaq axıntısı yaranıb. Şəmkir Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının fəaliyyəti nəticəsində evin üst tərəfindən yerləşən su kanalında bərkidilmə işləri həyata keçirilib. Evdə və həyətdə axıntı nəticəsində yaranmış çatlar təhlükənin hələdə mövcud olduğu göstərir. Ailə 6 nəfərdən ibarətdir. Ata və iki övladı əqli qüsurludur. Ailə yaranmış təhlükəli durum ilə bağlı ölkə rəhbərliyindən kömək istəyir. Ailənin sosial vəziyyətidə çox acınacaqlı durumdadır. Sözcü.az

Xankəndidə görüntüsü gündəm olan məmur işdən çıxarıldı - FOTO

Özünü buraxdığını elan edən separatçı rejimin simvolu kimi tanınan Xankəndidəki abidənin önünə Azərbaycan bayrağı asması ilə gündəmə gələn Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işdən çıxarılıb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə qərar bir neçə gün əvvəl verilib. Onun işdən çıxarılmasının məhz həmin hadisə ilə bağlı olub-olmadığı barədə rəsmi məlumat yoxdur. Qeyd edək ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur. 44 günlük II Qarabağ Müharibəsi dönəmində Araz İmanov sosial şəbəkələrdə ingilis dilindəki paylaşımları ilə aktivlik nümayiş etdirib. Antiterror əməliyyatından sonra onun “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması böyük marağa səbəb olmuşdu. Sonradan mediada A.İmnaovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc olunmuşdu.

"Moskva hələ də Qarabağa “erməni partizanları” adı ilə təxribatçı dəstələr ötürə bilər...”

“Azərbaycan dövlət başçısı tərəfindən Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələrimizdə üçrəngli Azərbaycan bayrağını ucaltması, əlbəttə, böyük uğurdur. Bununla belə, mövcud durumda da ehtimal olunur ki, Rusiya Güney Qafqazdan getməmək üçün hansısa növbəti təxribatlar törədəcək...” “Bütün bunlardan xilas olmağımız, sığortalanmağımız üçün isə yeganə yol Rusiya hərbi gücünün Azərbaycan torpaqlarından çıxarılmasıdır. Nə qədər ki, bunu etməmişik, biz hər cür təhdidi, hər cür təhlükəni gözləməliyik...” “Təxribat, münaqişə, silahlı qarşıdurma törətmək məsələlərində Moskvanın arsenalı kifayət qədər zəngindir. Bütün bunlardan xilas olmağımız, sığortalanmağımız üçün isə yeganə yol Rusiya hərbi gücünün Azərbaycan torpaqlarından çıxarılmasıdır”. Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında bu fikri ifadə edib. “Azərbaycan dövlət başçısı tərəfindən Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələrimizdə üçrəngli Azərbaycan bayrağını ucaltması, əlbəttə, böyük uğurdur. Bununla belə, mövcud durumda da ehtimal olunur ki, Rusiya Güney Qafqazdan getməmək üçün hansısa növbəti təxribatlar törədəcək. Bu, hər cür vasitə ilə ola bilər. Məsələn, Azərbaycanın daxilində hansısa separatçılığı stimullaşdıra bilərlər. Yəni yeni bir münaqişə yaratmağa cəhd edərlər. Kremlin Ermənistan-Azərbaycan sərhədində də təxribatlar törətməsi mümkündür. Bu, Qarabağın dağlıq hissəsinə “erməni partizanları” adı altında təxribatçı dəstələrin hazırlanaraq ötürülməsi də ola bilər”,- deyə siyasi analitik davamında  bildirib.  “Bir sözlə, təxribat, münaqişə, silahlı qarşıdurma törətmək məsələlərində Moskvanın arsenalı kifayət qədər zəngindir. Bütün bunlardan xilas olmağımız, sığortalanmağımız üçün isə yeganə yol Rusiya hərbi gücünün Azərbaycan torpaqlarından çıxarılmasıdır. Nə qədər ki, bunu etməmişik, biz hər cür təhdidi, hər cür təhlükəni gözləməliyik. Məsələn, mən əmin deyiləm ki, Moskva yaxın gələcək üçün Azərbaycana qarşı hansısa planlar qurmayıbdır. Putinin “Qarabağda 1000-1500 erməni qalıbdır” deməsi məntiqlə o deməkdir ki, Rusiya “sülhməramlı”ları artıq Qarabağın dağlıq hissəsindən çıxmalıdır. Lakin axı biz bilmirik ki, Rusiya lideri nəyi nəzərdə tutur. Bəlkə həmin “1000-1500 erməni” dedikdə o, təxribatçı dəstələri nəzərdə tutur və gələcək təxribatlar üçün dolayısıyla zəmin hazırlayır? Yəni Qarabağın dağlıq hissəsində yenidən hansısa toqquşmalar olsun, Azərbaycan ordusuna qarşı hansısa təxribatlar törədilsin və bununla da Kreml desin ki, burada hələ də təxribatçı dəstələr var, odur ki, bizim “sülhməramlı”lar hələ Qarabağı tərk edə bilməz...”-deyə ekspert diqqətə çatdırıb. 

"Evlənmək üçün gecikdiyimi düşünmürəm" - Oktay Kaynarca

Türkiyəli aktyor Oktay Kaynarca şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, aktyor yenidən ailə qura biləcəyini söyləyib: "Zaman çox sürətlə keçir. Bu qarmaşada həyatı əlimdən buraxdım. Amma evlilik və uşaq üçün hələ də ümidim var. Atam mən 5 yaşında olanda vəfat etdi. Uşağın ata və ana ilə böyüməsi dəyərlidir, ancaq ən vacib olan həyatdır. Ona görə də gec qaldığımı düşünmürəm".  Qeyd edək ki, Oktay 2012-2013-ü illərdə Melek Angunlə evli olub. Aktyor hazırda "Ben bu cihana sığmazam"da baş rolu ifa edir.

"Ten Haq qovulmalı, Ronaldo kapitan olmalı idi"

Jurnalist və teleaparıcı Pirs Morqan “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun 2023-cü ildə 42 matçda 46 qol vurmasına münasibət bildirib. Sozcu.az  xəbər verir ki, o, sosial şəbəkə hesabında deyib: "Ancaq o, guya "Mançester Yunayted"də problem idi. Ten Haqı qovmalı, Ronaldo "Mançester Yunayted"in kapitanı olmalı idi". Qeyd edək ki, Ronaldo ötən ilin noyabrında Morqanla qalmaqallı müsahibəsindən sonra klubdan ayrılmışdı. Portuqaliyalı hücumçu baş məşqçi Erik Ten Haqın ona hörmət etmədiyini vurğulamışdı.

Zelenski Gürcüstanı Abxaziya və Cənubi Osetiyaya qarşı müharibəyə ÇAĞIRDI

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanı itirilmiş ərazilərini geri qaytarmağa çağırıb. Sozcu.az xəbər verir ki, Zelenski bu barədə İsveçdəkeçirlən Birgə Ekspedisiya Qüvvələrinin sammitinə onlayn qoşularkən danışıb. Zelenski deyib ki, Gürcüstanın belə bir addım atması Rusiya-Ukrayna müharibəsinə də təsirsiz ötüşməyəcək. Nəticədə həm Ukraynaya qarşı müharibə aparan Rusiya zəifləyəcək, həm də Gürcüstan qarşısında ərazi bütövlüyünü bərpa etmək üçün yeni perspektivlər açılacaq. Zelenskinin sözlərinə görə, bu cür hərəkətlər Avropada ümumi təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək və tarixi kontekstdə vacibdir. Abxaziya və Cənubi Osetiyaya Gürcüstan ərazisində yaradılmış və Rusiyanın dəstəklədiyi separatçı “respublikalar”dır. Paytaxtı Sxinvali olan Cənubi Osetiya “müstəqilliyini” 1990-cı ildən elan edib. Gürcüstan hökuməti bunun qarşısını almağa çalışsa da, Rusiyanın osetinlərin tərəfində çıxış etməsi rəsmi Tbilisinin müharibəni uduzması ilə nəticələnib. Abxaziya isə 1992-ci ildə “müstəqilliyini” elan edib. Gürcüstan-Abxaziya müharibəsi də Rusiyanın müdaxiləsi nəticəsində nəticə verməyib. Gürcüstan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımır və onların özünün regionu hesab edir. Moskva isə hər iki separatçı qurumun suverenliyini tanıyıb.

TƏCİLİ! 14 azərbaycanlı əsir GÖTÜRÜLDÜ - FOTO

14 Azərbaycan vətəndaşı HƏMAS terror qruplaşmasının əsirliyindədir.  Bu barədə "Guney Azfront" teleqram kanalı məlumat yayıb. HƏMAS terror qruplaşması son hücumları nəticəsində həlak olan və itkin düşən məhbusların siyahısını 44 ölkə vətəndaşının daxil olduğu “Əl-Əqsa fırtınası” adlı milliyət təsnifatı ilə təqdim edib. Siyahıya əsasən, HƏMAS terrorçuları İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb.//News24.az 

600-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 600-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 288 630 hərbçi, 4965 ədəd tank, 9385 ədəd zirehli döyüş maşını, 6910 ədəd artilleriya sistemi, 814 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 547 hava hücumundan müdafiə sistemi, 318 ədəd hərbi təyyarə, 317 ədəd helikopter, 9271 ədəd avtomobil texnikası, 5280 ədəd PUA, 1531 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 981 xüsusi avadanlıq itirib.

İsrail atəşkəs elan etdi - Təcili

İsrail Qəzza zolağının cənub bölgəsində humanitar atəşkəs rejimi tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə “i24” telekanalı məlumat yayıb. Məlumata görə, atəşkəs yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 10:00) qüvvəyə minəcək və 5 saat davam edəcək. Bildirilir ki, atəşkəs əcnəbi vətəndaşların anklavı tərk edə bilməsi, həmçinin, Qəzzaya humanitar yardım göndərmək məqsədi ilə elan olunub.

Baydenin xəbərdarlığı: İsrail Qəzzanı işğal edəcək?

İsrail Qəzzanı yenidən işğal etmək istəmir, lakin HƏMAS-ı məhv etmək üçün hər şeyi edəcək. Sozcu.az xəbər verir ki, bunu İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib. İsrailin ABŞ-dakı səfiri Mayk Hersoq da bildirib ki, İsrail bir milyon yarım fələstinlinin həyatına nəzarət etməkdə maraqlı deyil. Qeyd edək ki, hər iki səfirin sözləri ABŞ Prezidenti Co Baydenin “İsrail Qəzzanı işğal etsə, səhv edər” ifadəsinə cavab olaraq bildirilib.

Bakı və Moskva sülhməramlılara aid yeni saziş bağlayacaq...

Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti mövcud şəraitə uyğunlaşdırılacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, son bir ildə Qarabağdakı vəziyyət kardinal şəkildə dəyişib: “2022-ci ilin oktyabrında Ermənistan baş naziri Avropa İttifaqının himayəsi altında keçirilən Praqa sammitində Qarabağ regionunu Azərbaycanın ərazisi kimi tanıyıb. O, bu mövqeyini bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə bir daha təsdiqləyib. Bununla da 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yerləşdirilməsi şərtləri ciddi şəkildə dəyişib. 19-20 sentyabrdakı toqquşmalardan sonra əhalinin kütləvi şəkildə regionu tərk etməsi fonunda sülhməramlıların fəaliyyəti (mövcüd şəraitə) uyğunlaşdırılacaq. Bu haqda bir müddət əvvəl Rusiya prezidenti də deyib”. Zaxarova onu da qeyd edib ki, artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur. Maraqlıdır, bütün bunlar nə deməkdir? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, 10 noyabr üçtərəfli Bəyannaməsinə uyğun olaraq Rusiya sülhməramlı qüvvələri Qarabağa yerləşib. Hazırda isə şərtlər dəyişib və bölgə Azərbaycanın tam nəzarətinə keçib. Dəyişən reallıqlardan biri odur ki, Qarabağdakı erməni sakinlər könüllü şəkildə ərazini tərk edib. Həmçinin silahlı erməni birləşmələri də ləğv edilib. Belə olan təqdirdə Rusiya sülhməramlı qüvvələrinə ehtiyac qalmır. Azərbaycan da onların tez bir zamanda çıxıb getməsində maraqlıdır. Rusiya rəsmiləri açıqlama verirlər ki, yerli şəraitə uyğunlaşacaqlar. İlk növbədə Rusiya sülhməramlı qüvvələrinin gəlişi zamanı şərtlər başqa idi. 20 sentyabrdan sonra isə mövcud şərtlər kökündən dəyişib. Bu da o deməkdir ki, sülhməramlılar şəraitə uyğun olaraq çıxıb getməlidir. Qarabağda nə işlə məşğul olacaqları sualı qoyulmalıdır. Təbii ki, Rusiya daima regionda qalmağa çalışacaq. Ermənilərin geri qaytarılmasinda maraqlı olacaq. Ancaq düşünürəm ki, Azərbaycan buna getməməlidir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri o qənaətə gəlməyə əsas verir ki, sülhməramlı qüvvələrinin burda qalması ilə bağlı danışıqlar olacaq. Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl çıxarılması və yeni müqavilə bağlamamaq kursunu həyata keçirəcək. Qarabağı tərk edən ermənilər geri qayıdacaqsa, onların təhlükəsizliyini Azərbaycan təmin edəcək. Bundan ötrü sülhməramlıların orada qalmasına ehtiyac yoxdur. Hesab edirəm ki, biz siyasətimizi buna uyğun qurmalıyıq. Bizə nə Rusiyanın, nə də digər beynəlxalq birliyin sülhməramlıları lazıımdır”.

"Allah xatirinə, biz Birləşmiş Ştatlarıq"

ABŞ Ukrayna və İsrailə eyni vaxtda hərbi dəstək vermək imkanına malikdir. Sozcu.az xəbər verir ki, bunu Amerika prezidenti Co Bayden "CBC News"a müsahibəsində bildirib. O qeyd edib ki, ABŞ öz öhdəliklərini yerinə yetirməlidir. “Allah xatirinə, biz Birləşmiş Ştatlarıq - bəşəriyyət tarixinin ən güclü ölkəsi. Bütün dünyada yox, tarix boyu. Biz hər iki ölkəyə kömək edə bilərik və eyni zamanda beynəlxalq arenada müdafiə qabiliyyətimizi qoruya bilərik”, - Bayden bildirib. Xatırladaq ki, bu gün ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bəyan edib ki, Ağ Ev Ukrayna və İsrailə silah tədarükü üçün Konqresdən 2 milyard dollardan çox vəsait tələb edəcək. Onun sözlərinə görə, Co Bayden gələn həftə vəsaitin ayrılması məsələsini müzakirə edəcək.

BMT-nin Livandakı mənzil-qərargahına raket düşüb

BMT-nin Livandakı mənzil-qərargahına raket düşüb. Bu barədə təşkilatın saytı xəbər verib. Məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.

Öldürülən israillilərin sayı 1400-ə çatdı

HƏMAS qruplaşmasının İsrailə hücumu nəticəsində ölənlərin sayı 1400-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə I24 telekanalı məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində yaralanların sayı 3500 nəfərdir. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb. İsrail ordusu cavab tədbirləri görür.

Qəzzada ölənlərin sayı 2670 nəfərə ÇATDI

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olan fələstinlilərin sayı 2,6 mini keçib. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. “İsrailin Qəzza zolağına davam edən təcavüzü nəticəsində 2670 dinc sakin həlak olub, 9600 nəfər yaralanıb”, - məlumatda bildirilir.

İlham Əliyev Xankəndidən xalqa müraciət edəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaldıb və çıxış edib. Dövlət başçısının xalqa müraciəti birazdan yerli telekanallar vasitəsi ilə yayımlanacaq.

Balasanyan İrəvana qaçdı və...

Özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən şahid qismində dindirilib. Sozcu.az xəbər verir ki, bu barədə Balasanyanın vəkili 24News-a müsahibəsində bildirib. “Balasanyan qanunsuz silah və sursat saxlama işi üzrə dindirilib, onun ümumiyyətlə işlə heç bir əlaqəsi yoxdur, o, şahid qismində dindirilib”, - deyə vəkil Rafael Martirosyan qeyd edib. Vəkil onu da əlavə edib ki, Balasanyanın ifadəsinin bu cinayət işinin istintaq prosesinə heç bir təsiri olmayacaq. Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib. Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərindən sonra V.Balasanyan Qarabağdan Ermənistana qaçıb.

Bəli, Xankəndi Azərbaycandır!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"İsraildən sonra bütün dünyanı ələ keçirəcəyik" - Həmas-dan ŞOK HƏDƏ

“İsraildən sonra Həmas bütün dünyanı ələ keçirəcək”. Sozcu.az-ın məlumatına görə, “The Jerusalem Post” xəbər verir ki, belə bir açıqlama ilə Həmasın liderlərindən Mahmud Əz-Zahar çıxış edib. “Yer planetinin bütün 510 milyon kvadrat kilometri ədalətsizliyin, zülmün, sionizmin, xain xristianlığın, fələstinlilərə və ərəblərə qarşı cinayətlərin olmadığı bir sistemə düşəcək”, – deyə Mahmud Əz-Zahar əlavə edib. O bildirib ki, ərəb ölkələri olan Livan, Suriya və İraq daim haqsızlığıa və zülmə məruz qalıb.konkret)

ABŞ-dan İsrailə çağırış: Müharibə qaydalarına əməl et!

ABŞ İsraili Qəzza zolağında pisləşən humanitar böhranla əlaqədar müharibə qanunlarına əməl etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, çağırış ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı arasında baş tutan telefon danışığında səsləndirilib. "Ostin müharibə qanunlarına riayət etməyin vacibliyini, o cümlədən mülki şəxslərin müdafiəsi ilə bağlı öhdəlikləri, həmçinin Qəzzada pisləşən humanitar böhranı müzakirə edib", - açıqlamada deyilib. Eyni zamanda, Ostin ABŞ-ın İsrailə davamlı dəstəyinə sadiqliyini vurğulayıb və İsrail ordusuna silah tədarükünün davam etdiriləcəyini bildirib.

Qəzzada ölənlərin sayı 2329 nəfərə ÇATDI

İsrail ordusunun Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində ölən fələstinlilərin sayı 2300 nəfəri ötüb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. “2329 nəfər həlak olub, daha 9042 nəfər isə yaralanıb”, - məlumatda qeyd olunub.

Rusiyanın itkiləri 288 minə yaxınlaşır

Ukrayna müharibənin 599-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 287 770 hərbçi, 4948 ədəd tank, 9362 ədəd zirehli döyüş maşını, 6866 ədəd artilleriya sistemi, 813 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 547 hava hücumundan müdafiə sistemi, 317 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 9249 ədəd avtomobil texnikası, 5269 ədəd PUA, 1531 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 976 xüsusi avadanlıq itirib.