SEPAH təyyarəsinin İrəvana nə daşıdığı bilindi

Xəbər verdiyimiz kimi, 29 mart-4 aprel tarixlərində SEPAH-a xidmət edən Boinq-747 yük təyyarəsi İrandan İrəvana 5 dəfə reys həyata keçirib. Sozcu.az xəbər verir ki, erməni mediası İranın bu təyyarə ilə Ermənistana pilotsuz təyyarələr və digər silahlar ötürdüyünü yazıb. Qeyd edək ki, İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub.

FHN Şəmkirdəki partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə baş verən partlayışla bağlı məlumat yayıb. "Report"un xəbərinə görə, məlumatda deyilir ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib. Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb. FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. 10:17 Şəmkir rayon Çaparlı kəndində 2 mərtəbəli fərdi evdə partlayış olub, 3 nəfər xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Çaparlı kənd sakini, Murad Mərdənova məxsus 2 mərtəbəli evdə qeydə alınıb. Hadisə zamanı bir ailənin 3 üzvü - 2001-ci il təvəllüdlü Azadə Mərdanova, 1985 təvəllüdlü Bəsdi Mərdanova və 1 yaşlı uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. Qeyd edək ki, qazsızma nəticəsində baş vermiş partlayış səbəbindən evin hər iki mərtəbəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Bakıda yağış, rayonlarda qar - SABAHIN HAVASI

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Zelenski: “Ərdoğan başa düşməlidir ki…”

“Ərdoğan başa düşməlidir ki, Rusiya ilə danışıqlar üçün təkcə Türkiyə kifayət deyil”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Türkiyə məhbuslarla bağlı məsələdə bizə kömək etdi. Bu, bir faktdır. Onlar vasitəçi olmaq istəyirlər. Amma prezident Ərdoğan bilməlidir ki, təkcə Türkiyə vasitəçi kimi kifayət deyil. Bizim üçün sülh sammitinin formatı daha yaxşıdır. Mən Türkiyənin təkbaşına Putinin siyasətini sıxışdıra biləcəyini düşünmürəm”, – Zelenski bildirib. Ukrayna liderinin sözlərinə görə, Türkiyə vasitəçilik missiyasını yerinə yetirəcək ölkələrin siyahısında yer alacaq. “Bu gün bizim planlaşdırdığımız format çox mürəkkəbdir. Çünki müxtəlif ölkələri bir araya gətirməliyik. Hamısını toplamalı, format tapmalı və necə davam etməyin yollarını müzakirə etməliyik. İnanıram ki, bu ölkələr Rusiyanı sülhə məcbur edə bilər”, – deyə Zelenski vurğulayıb.

Biləsuvarda "Mercedes" aşıb, xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib Sozcu.az xəbər verr k, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb. İmişli rayon Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Amil Ramiz oğlu Əsədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində sürücü və sərnişin olan həmkəndliləri, 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991-ci il təvəllüdlü Murad Zahir oğlu İsmayıllı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.apa

Bakıda Lerik sakini siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlanıb

Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb. Sozcu.az-ın məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Məmmədov Raul Ağababa oğlu küçədə gedərkən ona 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq döyüblər. Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Raul Məmmədov “Report”a açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb. Hadisənin təfərrüatı araşdırılır.report

Cəlilabadda avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Ağayev Anar Namiq oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.report

Yevlaxda qətl törədən şəxs saxlanılıb

Aprelin 7-də saat 03:00 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Sabirabadda ŞOK olay: Kişi porsuq vurmaq adı ilə qadının həyətinə girdi, təcavüz edib...

Sabirabad rayonunda 1988-ci il təvəllüdlü, üç uşaq atası Elmar qonşusu Nəcibəyə (adlar şərti verilib – red.) təcavüz edib. Elmar həmkəndlisi Nəcibəyə qarşı olan cinsi ehtirasını təmin etmək məqsədi ilə 15 fevral 2023-cü ildə saat 18 radələrində onun yaşadığı Sabirabad rayonu Türkədi kəndindəki evin qarşısına gəlib. Həmin vaxt qeyd olunan yerə ov etmək məqsədi ilə gəlməsi görüntüsü yaradaraq özü ilə ov silahını və həmin silahdan istifadə edilən patronları da götürərək evin hasarından tullanmaqla həyətə daxil olub. Elmar Nəcibənin heyvanlara su vermək üçün evin həyətyanı sahəsində yerləşən tövləyə keçməsini görüb. O, heyvanların saxlanılması üçün istifadə edilən tövləyə Nəcibənin iradəsinə zidd daxil olub, tövlənin dəmir qapısının keçəcəyini arxadan bağlayıb. Əlində olan ov tüfəngini Nəcibəyə qarşı tuşlamaqla səsini çıxarmamasını tələb edib, öldürəcəyi ilə hədələyib. Həmin vaxt Elmarın üzərinə doğru gəldiyini görən Nəcibə özünü müdafiə etmək üçün əlinə yaba götürsə də, yabanı əlindən alaraq üzünü divara dirəyib. Sonra cinsi əlaqədə olmaq istəyini bildirib. Nəcibə imtina edərək müqavimət göstərdikdə isə onu zərərsizləşdirməklə özünə tabe etmək məqsədi ilə zor tətbiq edib. Elmar Nəcibənin sağ gözaltı nahiyədə, həmçinin digər bədən nahiyyələrindən vuraraq ona xəsarətlər yetirib. Sonra ona qarşı seksual xarakterli hərəkətlər edib, qadını soyundurmağa cəhd edib. Həmin vaxt Nəcibə fəal müqavimət göstərərək tövlənin divarına qoyulmuş toxmaq kimi istifadə edilən çubuğu götürüb və qeyri-ixtiyari arxaya doğru zərbə endirməklə onu özündən uzaqlaşdıraraq oradan qaçıb. İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 29,149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 15 fevral 2023-cü ildə, saat 10 radələrində yaşadığı Sabirabad rayonunun kəndinin ərazisində yerləşən əkin sahəsində çəpər çəkmək üçün işləməyə gedib: “Evdən çıxan zaman babamdan qalan ov tüfəngini də özüm ilə götürmüşdüm. Saat 12-də qızımı məktəbə aparıb qoydum. Sonra yenidən əkin sahəsinə qayıtdım. Saat 18-ə qədər sahədə işlədim. Qızımı məktəbdən gətirmək üçün sahədən yola çıxdım. Qızımın hələ gəlmədiyini gördüm. Onu gözləyərkən su kanalında porsuq gördüm. Onu ov tüfəngilə vurmaq üçün atəş açmaq istədim. Lakin porsuğu götürə bilməyəcəyimi fikirləşərək atəş açmadım. Porsuğu vurmaq üçün su kanalının üstündən keçib divardan aşdım və Nəcibənin həyətinə keçdim. Onların evində heç kim yaşamayıb. Divarı aşandan sonra Nəcibənin həyətdə olduğunu gördüm. Hasardan aşarkən tövlədə olan inəklər hürkdü, inəyin ayağı Nəcibəyə dəydi, o, yerə yıxıldı”. Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Nəcibədən üzr istəyib: “Lakin Nəcibə deyinə-deyinə oradan getdi. Həmin vaxtı kollektorun üstündən keçdim ki, porsuğun orada olub-olmamasını görüm. Nəcibəgilin həyətindən porsuğu su kanalında görən kimi hasardan keçib porsuğa tüfənglə atəş açdım. Bu zaman qışqırıq səsi eşitdim. Baxdıqda həyətdə olan Nəcibənin qaynanası Nüşabənin qışqırdığını gördüm. Ona özümü təqdim edərək Elmar olduğunu dedim. Nüşabə isə əsəbləşərək mənə burada nə etdiyimi soruşdu. Bundan sonra evimə getdim. Sonra polis əməkdaşları gələrək məni şöbəyə apardılar. Polis şöbəsində 48 saat saxladıqdan sonra evə buraxıldım. Bir həftədən sonra yenidən rayon polis şöbəsinə çağırıldım. Araşdırma başlanıldı və həkim müayinəsindən keçdim. Bədənimdə heç bir xəsarət izləri olmadı. Qaşınmadan bədənimdə qızartı izləri əmələ gəldi. Həkim bədənimdə xəsarətin olmadığını dedi. Lakin həkim mənə “bilirəm xəsarət izi yoxdur, amma mən xəsarət olduğunu yazmalıyam” dedi. Nəcibəni zorlamaq istəməmişəm. Özümü təqsirli bilmirəm”. Təqsirləndirilən şəxs bildirib ki, sahəyə işləməyə gedəndə həmişə ov tüfəngini özü ilə götürüb: “Həmin tüfənglə arada bir ov da etmişəm. Nəcibəni və onun ailəsini tanıyıram. Həmin evdə yaşayış olmayıb. Nəcibə mənim uzaq qohumumdur. Nəcibənin qaynanası Nüşabə həm qonşumuzdır, həm də yeznəmin bacısıdır. Nüşabə ilə Nəcibə bir evdə qalırlar. Nəcibəni zorlamaq istəməmişəm. Nəcibənin nə üçün məndən şikayət etdiyini bilmirəm. Onu əvvəllər də tanımışam, münasibətlərimiz yaxşı olub. Silahdan atəş açdığım üçün Nəcibədən və onun qaynanasından üzr istəmişəm. Nəcibəni əxlaqlı və namuslu bir qadın kimi tanımışam. Hadisə günü spirtli içki qəbul etməmişəm”. İş üzrə zərərçəkmiş Nəcibənin sözlərinə görə, təqsirləndirilən Elmarı bir həmkəndlisi kimi tanıyır: “Hadisə günü, saat 18 radələrində köhnə evimizin həyətində heyvan otarmağa getdim. Həyətə gedib mal-qaranı yemləmişəm. Sonra isə su kranından vedrəyə su doldurub inəklərə vermək üçün həyətə gəldim. Bu zaman evin giriş qapısı kimi istifadə olunan darvazasının altında ov tüfəngini gördüm. Biraz sonra evin həyətyanı sahəsində olarkən Elmarın giriş qapısının sol hissəsindəki hasardan həyətə tullandığını, həyətə keçən kimi əyilib tüfəngi götürərək çiyninə asdığını gördüm. Bu zaman ondan burada nə etdiyini, nə üçün həyətə keçməsinin səbəbini soruşdum. Həyətə quş vurmaq üçün keçdiyini bildirdi. Onun bu hərəkətinə əsəbləşdim, həyətdə quş vurmaq üçün yer olmadığını bildirdim və dərhal həyəti tərk etməsini tələb etdim. Elmarın gedəcəyini düşünərək tövləyə girdim. Tövləyə girdikdən sonra Elmarın da arxamca gəldiyini hiss etdim. Bu zaman arxaya çönərək baxanda Elmarın tövləyə çiynində ov tüfəngi ilə daxil olub tövlənin qapısını çəkib kəndirlə bağladığını gördüm”. Zərərçəkmiş qeyd edib ki, Elmar ov tüfəngini ona tərəf tuşlayıb, səsini çıxaracağı halda onu öldürəcəyini deyib: “Elmardan özümü müdafiə etmək üçün əlimə yabanı götürdüm. Elmar yabanı əlimdən aldı, sonra sol qolumu buraraq arxa tərəfimə keçdi. Məni tövlənin divarına tərəf dirədi, sağ əli ilə boğazımı sıxdı. Daha sonra məni arxadan qucaqlayaraq cinsi əlaqədə olacağını dedi. Elmar əli ilə ağzımı tutdu ki, qışqırmayım. Buna görə də ağzımdan qan gəldi. Bu zaman Elmar boynumun arxa hissəsindən öpməyə çalışdı. Sağ əlini xalatımın içərisinə salaraq, əllərini sinəmdə, bədənimin müxtəlif yerlərində gəzdirdi, əynimdəki xalatımı soyundurmağa çalışdı. Mənə qarşı seksual xarakterli hərəkətlər etdi. Elmar bir neçə dəfə məni soyundurmağa cəhd etsə də, buna mane oldum. Həmin vaxtı yaxınlıqdakı toxmağı götürərək arxa tərəfə zərbə endirdim. Nəticədə Elmar geriyə çəkildi, mən arxası üstə yerə yıxıldım. Sonra isə duraraq oradan qaçdım. Elmar arxamca qışqıraraq, bu barədə kiməsə desəm, məni öldürəcəyi ilə hədələdi. Qorxduğum üçün dərhal qaça-qaça yaşadığım qaynanamın evinə getdim. Sonra bu barədə polisə şikayət etdik”. Zərərçəkmiş deyib ki, Elmarın ifadəsində dedikləri yalandır: “Hadisə vaxtı Elmar ona qarşı seksual xarakterli hərəkətlər etdiyini hiss etmişəm. Elmar məni zorlaya bilmədi. Elmarla əvvəllər heç bir ədavətimiz, düşmənçiliyimiz olmayıb. Elmar məni ərimdən boşatdıracağı ilə hədələyib. Elmarla barışmıram, ondan şikayətçiyəm”. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmar 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/

Goranboyda şagirdlər arasında baş vermiş davaya görə ...

"Aprelin 3-də Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin XI sinif şagirdləri arasında baş vermiş hadisə ilə bağlı bildiririk ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar". Sozcu.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında deyilir. Qeyd edilib ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və İdarə tərəfindən izlənilir. Bununla yanaşı, baş vermiş hadisə ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, aidiyyəti qurumlarla birlikdə araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktor vəzifəsini icra edən şəxsə xəbərdarlıq edilib. Bununla yanaşı, məktəbin direktoruna təhsil müəssisəsində sağlam mühitin təmin olunması üçün pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət, sinif rəhbəri, Uşaq Birliyi Təşkilatı Rəhbəri və psixoloqa isə töhmət verilməsi tapşırılıb. Eyni zamanda Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədi ilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bakıda bitum daşıyan yük maşını aşdı, maye yola dağıldı

Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, nəticədə avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Qəza səbəbindən Böyükşor şosesi, “Koroğlu” metro stansiyası istiqamətində də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Təlim zamanı həlak olan əsgərimizə şəhid statusu veriləcək

Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək. Sozcu.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib. O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həlak olanın xidmət keçdiyi hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilir. Qeyd edək ki, aprelin 5-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb. Fakt üzrə Qubadlı hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Güneyli məhbus aktivistlərin işlərinə aydınlıq gətirilmir

Güney Azərbaycanın milli aktivistləri Ayaz Seyfxah, Kamal Nuri, Bağır Hacızadə, Araz Aman və Tahir Nəqəvinin saxlanılmalarından 1 ay ötsə də onlara qarşı açılmış işlər qeyri-müəyyən vəziyyətdə qalır. Bu barədə İranda insan haqları aktivistləri məcmusunun xəbər orqanı olan HRANA Xəbər Portalı məlumat yayıb. Onların ailələri vasitəsi ilə məlumatlı olan şəxs HRANA xəbər portalına deyib:  “”bu vətəndaşlar 1 aydan artıqdır ki, işlərinə aydınlıq gətirilmədən Tehran şəhəri Evin Həbsxanasında həbsdədirlər.  Həmçinin onların müvəqqəti azad olunmaları da təmin olunmur”. Xatırladaq ki, aktivistlərin nədə ittiham olunduqları barədə məlumat yoxdur.

Bu yay "Qarabağ"dan kimlər gedəcək? - Müqaviləsi başa çatan futbolçular...

Azərbaycanda futbol mövsümü finiş xəttinə yaxınlaşmaqdadır. Mayın 26-da Premyer Liqaya yekun vurulur. İyunun 2-də isə Azərbaycan kubokunun final matçı keçiriləcək. Sozcu.az xəbər verir ki, ümumi mövsümün bitməsinə 2 ay qalsa da, klublar indidən transfer çalışmaları ilə məşğuldur. Hazırda onların arasında ən çox diqqət mərkəzində olan isə "Qarabağ"dır. Bu da səbəbsiz deyil. Ağdam təmsilçisi son 11 ilin 10-da Azərbaycan çempionu olub, Avropa kuboklarında uğurlu çıxış edib. Komandanın bu mövsüm Avropa Liqasında 1/8 finala qədər irəliləməsi, bu mərhələdə Almaniya nəhəngi "Bayer"lə inamlı oyunu ona nəinki Azərbaycanda, Avropada da marağı artırıb. O cümlədən "Qarabağ"ın bəzi futbolçuları xarici klubların "radarına düşüb"... Hazırda adı ən çox hallanan futbolçulardan biri Juninyodur. Ötən yay Portuqaliya "Çaves"indən "Qarabağ"a transfer olunan 27 yaşlı hücumçu hazırkı klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Lakin uğurlu oyunu ilə "Qarabağ"ın bombardiri olan Juninyonun artıq bu yay Ağdam klubunu tərk etmək ehtimalı az deyil. Eləcə də müqaviləsi hələ növbəti illərdə başa çatacaq Marko Yankoviçə, onun həmyerlisi Marko Veşoviçə də maraq çoxdur. Lakin indi onların yeni mövsümdə də "Qarabağ"da qalıb-qalmayacağı yüz faiz deyil və tərəflər bununla bağlı qəti fikir bildirməyə tələsmirlər.  İndidən dəqiq olan isə budur ki, hazırkı mövsümün sonunda 8 futbolçunun "Qarabağ"la müqaviləsi başa çatır. Bunlardan biri Andrey Lunyovdur. Amma rusiyalı qapıçının müqaviləsində sənədin daha bir 1 il artırıla biləcəyinə dair şərt də var. Düzdür, futbolçunun meneceri tərəfindən Lunyovun mövsümün sonunda "Qarabağ"dan ayrıla biləcəyinə dair də tez-tez mesaj verilir. Bununla belə, unutmayaq ki, yekunda Lunyovun getməsində də, qalmasında da son sözü deyən həm də... pul olacaq.  Uğurlu oyunu ilə "Qarabağ"ın liderlərindən birinə çevrilən Bəhlul Mustafazədənin də müqaviləsi bu yay başa çatır. Bəhlula da xarici klublardan maraq var. Amma o, gedəcəkmi, qalacaqmı, bax bunu zaman göstərəcək.  Digər mərkəz müdafiəçisi Badavi Hüseynovun da bu yay müqaviləsi bitir. Bədavi 2023/24 mövsümündə vacib oyunlarda iştirak edib və bir çox matçda inamlı oyunu ilə seçilib. Amma əlbəttə, onun komandada qalıb-qalmayacağı baş məşqçi Qurban Qurbanovun rəyindən asılıdır. Digər mərkəz müdafiəçisi, "Qarabağ"ın kapitanı və veteranı Maksim Medvedevin də müqaviləsi bu yay başa çatır. 35 yaşlı futbolçu ilə müqavilənin uzadılıb-uzadılmayacağı hələlik məlum deyil.  22 yaşlı müdafiəçi Nihad Quliyevin də müqaviləsi bu yay başa çatır.  "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın da müqaviləsi bu yay yekunlaşır. 35 yaşlı futbolçu karyerasının son illərini keçirir. Onunla müqavilənin artırılması ehtimalı bu gün üçün çox az görünür. "Qarabağ"ın liderlərindən və azarkeşlərin sevimlisindən olan Abdullah Zubirin də müqaviləsi 2024-ci ilin iyununda başa çatır. 32 yaşlı futbolçu bu mövsüm da əla oyunları ilə xarici klubların diqqət mərkəzinə düşüb. Onların arasında Səudiyyə Ərəbistanı və Fransa klublarının olduğuna dair xarici mətbuatda xəbərlər yayılıb. Bununla belə Zubirin yeni mövsümdə də "Qarabağ"da qalması ehtimalı var. Nəhayət, bu yay müqaviləsi başa çatan futbolçulardan biri də Nəriman Axundzadədir. 19 yaşlı hücumçu "Qarabağ"ın ən ümidverici oyunçularından sayılır. O, bu mövsüm keçirdiyi 38 oyunda 12 qol vurub, 1 qolun ötürməsini edib. Güman etmək olar ki, baş məşqçi Qurban Qurbanov Nərimanın komandada qalmasının tərəfdarıdır və bu səbəbdən, tezliklə onunla müqavilənin uzadılması barədə rəsmi xəbərlərə rast gələ bilərik. ELNUR, Qol.az

"Uşaqlara qarşı sosial şəbəkələrdə nalayiq hərəkət edənlərin cəzası sərtləşdirilməlidir"

"Son zamanlar insanlar "TikTok"dan gəlir əldə etmək üçün asan yollar fikirləşirlər. artıq zəhmət çəkib işləmək istəmirlər. Asan qazanc mənbəyi əldə etmək üçün övladlarını belə öz niyyətlərinə alət etməkdən çəkinmirlər". Bunu Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. O bildirib ki,  bu kimi halları əvvəllər gənclərdə görürdük, indi isə cəmiyyətin az qala bütün yaş qruplarını əhatə edir: "Bu yolla həyatlarına davam etmək istəyirlər. Ətrafında bu cür insanları görənlərin meyili daha da artır. "TikTok" fenomenləri, blogerlərin hər biri bu işə minimum məbləğlə başlayıblar, indi isə maksimum gəlir əldə etmək səviyyəsindədilər. Bu yola necə davam ediblər, hansı mərhələlərdən keçiblərsə, hər biri gözümüzün qabağındadır. Özlərini rəzil edən, yerdən-yerə vuranlar da olub. Mümkün olan bütün rəzillikləri edərək gəlir əldə etmək iqtidarında olan insanlardır. Təəssüf ki, ətrafdan baxanlar onların rəzilliyini görmür, təkcə qazanclarını görür. Ona görə də meyillər artır. Məncə, cəzalar çox yumşaqdır. Xüsusilə Uşaqlara qarşı sosial şəbəkələrdə edilən nalayiq davranışların cəzası sərtləşdirilməlidir. Vətəndaş bilməlidir ki, uşağın məsuliyyəti tək valideyndə deyil.  Uşağa nəzarəti dövlət də həyata keçirir. Təhlükəsizliyinə birbaşa dövlət cavabdir”.

"İstər Təranə olsun, istərsə də Qumral buna görə cəzalanmalıdır"

"Hələ də ayırd edə bilmirəm, uşaq kimindir? İstər Təranə olsun, istərsə də Qumral, hər ikisi məsuliyyətsizliyə görə cəzalanmalıdır". Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə müğənni Təranə Qumral və Musa Musayevin məclisdə yeni doğulan körpəni atıb-tutmaları ilə bağlı videogörüntüdən danışarkən deyib.  Sədr onlara mesaj ünvanlayıb: "Əgər bu uşağın gələcəyini düşünürlərsə, onu futbol topu kimi oynatmasınlar. Baxış, reytinq yığmaq üçün övladlarının taleyi ilə oynayırlar.Videolara baxıram, amma hələ anlaya bilmirəm ki, bu uşaqları şou alətinə çevirməyin məqsədi nədir? Dünyaya uşaq gətirmisiniz, çox gözəl, sevinc hisidir, xöşbəxtlikdir. Bu uşağın sabahkı gələcəyini, onun səhhətinə vurduğunuz ziyanı heçmi düşünmürsünüz? Güclü səs gücləndiricilərin altında bu uşağın nə işi? O, alır buna verir, bu alır onun üstünə atır". Sədr hər bir uşağın səsgücləndiricilərin altından uzaq olmalarını tövsiyyə edib.  Qeyd edək ki, müğənni Təranə Qumralla Musa Musayev dördüncü övladlarının olduğunu açıqlayıb. Onlar yeni doğulan körpəni məclislərin birində atıb tutublar. Bu görüntü cəmiyyətdə qınağa səbəb olub. 

Bayram namazı nə vaxt qılınacaq? - AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar qılıncaq namazın vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən Sozcu.az-a verilən məlumata görə, bayram namazı məscidlərdə aprelin 10-da qılınacaq. Bildirilir ki, bəzi məscidlərdə saat 08:00, digərlərində saat 09:00-da namaz qılınacaq.

"Lotu Quli"ni öldürən şəxslərə ömürlük həbs VERİLDİ

4 il əvvəl Antalyanın Serik bölgəsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı Nadir Səlifovun qətlində təqsirləndirilən Xaqan Zeynalov (Xan Əhmədlinski) və digər 7 nəgərin məhkəmə prosesi başa çatıb. Sozcu.az NTV kanalına istinadən xəbər verir ki, onların ikisi ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. İki nəfər 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, 4 müttəhimin barəsində isə bəraət hökmü çıxarılıb. Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun Xaqan Zeynalov tərəfindən güllələndiyi bildirilir. İş üzrə Əli Mövlamlı, Əmir Həmidli, Cəmil Keleş, Erkan Aşan, Xaqan Zeynalov, Nürsen Arasoğlu, Rəsul Həsənov, Ümid Nəcəfov adlı şəxslər məsuliyyətə cəlb edilib.

Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur - RƏSMİ

Azərbaycanda taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir. "Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gediş haqqı proqram təminatı ilə hesablanır", - deyə açıqlamada qeyd olunub.

Kürd Əmir, yoxsa “Kür dəymir”? - Adı mübahisə doğuran KÜRDƏMİR

Modern.az saytı adları mübahisə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin rəylərini öyrənməyi qərara alıb. Bu dəfə mövzu ilə bağlı növbəti rayon olaraq Kürdəmiri seçdik.  Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var: Bir ehtimala görə, Kürdəmir "Kür" və "Dəmir" sözlərinin birləşməsindən yaranıb. "Kür" sözü çılğın anlamını, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi obanın başçısının adını daşıyır.  Başqa versiyaya görə, guya rayonun adı Kürd Əmir və ya Qurd Əmir ləqəbli tayfa başçısının adı ilə bağlıdır.  Tarixçi Nazim Tapdıqoğlunun "Kürdəmir rayonunun toponimləri" kitabında isə yazılıb ki, Kürdəmir toponimi “Kürün dəymədiyi yer”, yəni "Kür dəymir" kimi mənalandırılır. Modern.az-ın əməkdaşı mövzu ilə bağlı müxtəlif şəxslərin fikirlərini öyrənib. Rayonu Milli Məclisdə təmsil edən deputat Əminə Ağazadə "Kürdəmir" adı ilə bağlı bir neçə versiyadan danışıb: “Bu ad kürd tayfalarının köçdüyü yer kimi də izah olunur. Ehtimal olunur ki, burada vaxtiylə müəyyən qədər kürd tayfaları yaşayıb.  Kür çayının 35 kilometrliyindən keçdiyinə görə “Kürün dəymədiyi” ifadəsi də var. Rayon camaatının, Kürdəmirlə bağlı araşdırma aparan şəxslərin böyük əksəriyyətinin fikri ondan ibarətdir ki, “Kür dəymir” ifadəsi daha uyğundur. Ancaq konkret olaraq bu versiyalar elmi cəhətdən təsdiqini tapmayıb. Bunlar fərziyələrdir". Əslən Kürdəmirdən olan filologiya elmləri doktoru, professor Vaqif Sultanlı:  “Bölgənin adı ilə bağlı qədimlik elementi əsas faktorlardan biri və ən önəmlisidir. Kürdəmirə gəlincə burada ən qədim elementi çayla bağlıdır. Ən çox üzərində dayanılan versiya “Kür dəymir” mənasıdır.  Başqa mənalara yozmaq cəhdləri olur, ancaq hesab edirəm ki, bu daha məntiqlidir. Rayon Kür çayının kənarında yerləşdiyinə görə, bu ad “Kür dəymir” anlayışına uyğundur. Başqa hansısa formada yozulması fikrimcə, yanlışdır. Bu ad tarixi bir addır, belə də qalmalıdır. Sovet İmperiyası dövründə Azərbaycanın rayonlarına, şəhərlərinə milli tarixlə, bölgənin coğrafiyası ilə əlaqəsi olmayan adlar qoyulmuşdu: Puşkin, Jdanov, Xanlar, İliç, Qasım İsmayılov, Əli Bayramlı və s. Bu rayonların adlarının dəyişdirilməsi o dönəmdə çox zəruri idi. Bəzilərinə çox yaxşı adlar seçildi, daha doğrusu tarixi adları bərpa olundu. Beyləqan, Biləsuvar, Qəbələ adlarının bərpası çox doğru addım idi. Ancaq bəzi yanlış məqamlar da var. Məsələn, Mərəzənin adını dəyişdirib Qobustan qoyublar. Duvannı qəsəbəsinin adı da Qobustandır. İkisi də qəsəbə-şəhər tipindədir. Əli Bayramlının adını Şirvan qoyublar, bu dəyişməlidir. Çünki Şirvan bölgə adıdır. Bölgənin adını şəhərə qoymaq çox uyğunsuz və yanlış addımdır”. Kürdəmirdən olan hərbi ekspert Ədalət Verdiyev də rayonun adının hardan gəldiyi ilə bağlı fikirlərini bölüşüb: "“Kürdəmir" sözünün mənbəyinə aid müxtəlif versiyalar mövcuddur. Ancaq həm mütəxəssislərin, həm də real hadisələr fonunda "Kürdəmir" sözünün “Kürün dəymədiyi” ərazi fərziyyəsi özünü daha qabarıq şəkildə göstərir. Mənim də xatırlayıram ki, uşaq vaxtlarımda və ondan sonrakı dövrdə Kür çayının daşması ilə rastlaşmışıq, lakin bu proseslər, fəlakətlər zamanı heç vaxt Kür daşqınları Kürdəmir rayonu ərazisinə qədər gəlib çıxmamışdı. Ona görə real hadisələrin əsasında “Kürün dəymədiyi yer “ ifadəsi daha doğrudur”.

Taksi sürücüləri OD PÜSKÜRDÜ: Süpürgəmizi almışıq, iyulun 1-dən süpürgəçi işləyəcəyik - Video

Məlum olduğu kimi, bu günlərdə Nazirlər Kabineti ölkədə taksi xidməti ilə bağlı qərar verib. Qərarda bir neçə tələb var. Tələblərdə bildirilir: 1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. 2. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin. 3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər. 4. Taksilərin salonunda videokameralar olmalıdır. 5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır. 6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır. Bəs taksilərlə bağlı yeni tələblər taksi bazarına necə təsir edəcək? TV Musavat-ın əməkdaşları məsələ ilə bağlı taksi sürücüləriylə söhbətləşib, onların rəyini öyrənib. Hazırladığımız videoreportajı təqdim edirik:

Daha bir tələbə vəfat etdi – FOTO

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi vəfat edib. Sozcu.az xəbər verir ki, bu haqda Sosial və Aqrar-Texnoloji Kolleci məlumat yayıb. Bildirilib ki, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının III kurs tələbəsi Əliyev Əlirza Əlikramoviç pnevmoniyadan dünyasını dəyişib.

ABŞ-dan Ermənistana: Azərbaycanla yekun razılığa gəl...

Görüş Ermənistanda aparılan islahatlara həsr olunub. Lakin biz, əlbəttə ki, İrəvanı sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə çağırdıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Brüsseldə ABŞ-AB-Ermənistan üçtərəfli görüşünün nəticələri barədə danışarkən deyib. "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq", - C.Obrayen qeyd edib.

Doğum sayında KƏSKİN AZALMA - “Əvvəllər bir qadın altı uşaq dünyaya gətirirdi”

Beynəlxalq “Database.earth” platforması maraqlı hesabat açıqlayıb. Həmin hesabata görə Azərbaycan əhalisinin sayı gələcəkdə 10 milyon 462 min 904 nəfərdən 8 milyon 265 min 201 nəfərə qədər azala bilər. Beləliklə də 2024-cü ildən 2100-cü ilə qədər əhalinin sayında 161,64% azalma baş verə bilər. Məsələ ilə bağlı Bizim.media-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirib ki, qlobal səviyyədə əhalinin artım tempində azalma müşahidə olunur: “Təbii ki, Azərbaycan da bu prosesin içindədir. Baxmayaraq ki, proqnozlara görə 2040-cı ilə qədər ölkəmizdə əhalinin sayının artımı davam edəcək. Amma sonrakı illərdə əhalinin sayında azalma gözlənilir. Bu da Azərbaycan dövlətinin təqdim etdiyi statistikaya əsasən, Beynəlxalq qurumların hazırladığı hesabatlarda özünü göstərir. Əlbəttə ki, dövlətin müdaxiləsi hesabına bu proqnozlar dəyişə, doğru çıxmaya bilər. Amma bu hesabat davam etməkdə olan tendensiyalara əsaslanıb”. Sahib Məmmədov Azərbaycanda davam edən tendensiyalardan da danışıb: “Son 60 ilin statistikasına baxdıqda görürük ki, qadınbaşına düşən uşaqların sayı üç dəfədən çox azalıb. Əgər ötən əsrin 60-cı illərində bir qadın ortalama altı uşaq dünyaya gətirirdisə, indi bu rəqəm 1,5 nəfərdən bir qədər çoxdur. Bundan əlavə Azərbaycanda selektiv abort artıq əhalinin cins tərkibini dəyişdirməkdədir. Hazırda ölkəmizdə reproduktiv qadınların sayı kişilərdən azdır. Bu tendensiya da uzunmüddətli planda demoqrafik vəziyyətə ciddi surətdə təsir edir. Yəni yaxın gələcəkdə həm əhalinin cins tərkibi, həm də yaş tərkibi dəyişəcək. Üstəlik doğuşun sayı azalacaq. Nəzərə alaq ki, əhalinin mədəni səviyyəsi artdıqca, tibbi texnologiya inkişaf etdikcə əhalinin artımında müsbət dinamikanı mənfi dinamika əvəzləyir”. İcraçı direktor mövcud zərərli təsirlərdən də danışıb: “Məsələn, Avropadan bizə ixrac edilən “uşaqsız ailə” modeli də öz sözünü deyir. Eynicinslərin evlənməsi təşviq olunur.  Bütün bunlar da qlobal səviyyədə əhalinin azalmasına yönəlik addımlardır. Bundan çıxış edən məlum təşkilat hesab edir ki, 2100-cü ilə qədər proses belə davam edərsə, onda indiki 10 milyon 500 minlik əhali iki milyona qədər azala bilər. Əlbəttə ki, bu bir proqnozdur. Nəzərə alaq ki, Azərbaycan dövlətinin müvafiq qurumları əhalinin artımı və yaxud artımın sabit saxlanılması üçün təhlillər aparır, müəyyən işlər görür. Məsələn selektiv abortun qarşısını almaq üçün ciddi iş gedir. Bu kimi addımların müsbət nəticəsi olarsa, onda əhalinin sayının azalmasının qarşısı alına bilər”.