Sürüdən ayrılan Qurd

İl –ildən pis gəlmişdi. Sanki təbiətin də bərəkəti qaçmış, dağlarda ovlamağa ov da qalmamışdı. Haqqlarında əfsanələr dolaşan “Qurd” sürüsü günlərlə ovlamağa bir şey tapmırdı. Bikef-bikef dərələri dolaşır, bir tikə ov ovlamaq üçün günlərlə yol gedirdilər. Kənd camaatı da çoxdan idi ki, Qurd səsi eşitmirdi. Elə bil Qurdların ulamaq həvəsləri ölmüşdü. Əlacları kəsilən Qurd sürüsü kəndin kənarında dolaşan bir neçə sahibsiz iti öz cərgələrinə qoşaraq, itlərin hesabına yeməyə bir şey axtarırdılr. Qurd sürüsü küçə itlərinin iy bilmə qabiliyyətlərinə möhtac qalmışdı.Qurdların bu halından tək bir Boz Qurd narahat olaraq itlərə heç qovuşmurdu. Əlacı olsaydı it sürüsünü bircə anda parçalayıb məhv edərdi. Ancaq onda özününkilərin qınağına tuş olacaqdı, axı nə qədər olmasa itlərin hesabına yemlənə bilirdilər.  İt sürüsü əməlli başlı dağların şahına dönmüşdü. Bir balaca incidilən kimi özlərini dartır, Qurd sürüsünü ov olan yerlərə aparmırdılar. Boz Qurd bir neçə dəfə etiraz etmək istəmişdi. Ancaq qurdların yadlaşan çığır-bağırları buna imkan verməmişdi. İt sürüsünə qoşulandan Qurdların səsləri də dəyişmiş, ulamaq əvəzinə it kimi hürməyə başlamışdılar. Boz Qurd itləşmiş qurdlardan qorxurdu.Qurd nəslini yiyəsiz küçə itlərinin nəsli əvəzləyəcəyindən çox qorxurdu. İmkan tapan kimi sürünün cavan Qurdları ilə bir kənara çəkilir, onlara əcdadlarından, törələrindən danışırdı. Ancaq çalışırdı ki, bunu itlər görməsin. Görən kimi o saat onu "qurdçuluq" etməkdə ittiham edir, itləşmiş qurdlar da itlərə qoşularaq, onu Qurdçuluq etməklə ailəni bölməkdə ittiham edirdilər. Ancaq imkan düşən kimi itlər öz həyatlarından danışır, hətta özlərindən nağıllar uyduraraq Qurd boğan babalarından da danışmaqdan çəkinmirdilər. Qurdlarsa sanki itlərin əsirinə çevrilmişdilər. Boz Qurdun artıq səbiri tükənmişdi. Gecənin birində itləşən qurdları taleyin ümüdinə buraxaraq sürünü tərk etdi. Bu qaçmaq deyildi... Sadəcə Boz Qurd istəyirdi ki, itlərlə Qurdlar baş –başa qalsınlar . Bundan sonra Qurdların ayılacaqlarına inanırdı. Sadəcə bu gün onu eşidən yox idi.  Səhər Boz Qurdu aralarında görmədikdə sanki içlərinə bir rahatlıq gəldi . Artıq arxayın şəkildə itlərin nağıllarına qulaq asa bilərdilər. İtlər də o qədər qəmli nağıllar uydururdular ki, qurdların it kimi vəkkildəyib ağladıqları da olmuşdu. Boz Qurd dağlarda dolaşır, sürünü nəzarətsiz buraxmırdı. Sürü hara getsə, o da onların arxasınca gedir, yeni dünyaya gələn Qurd balalarını özünə qoşaraq itləşməsinə imkan verməməyə ümüd edirdi. Bu gün isə, qayadan yıxılan zaman əzilmiş ayağının ağrısından gec ayımış Qurd, sürüsünü itirmişdi. Boz Qurd həyəcanla atrafa qaçır, sürünün iyini duymağa çalışırdı. Həyacandan nə qədər yol getdiyini bilməmişdi. Dərədən gələn səs onu ayaq saxlamağa məcbur etmişdi. Səs, itlər tərəfindən boğularaq ölümcül hala gətirilmiş  bir Qurdun idi. İtlər Qurdu boğmuş, Qurd sürüsü isə bu faciyəyə seyirçi qalmışlar.  Boz Qurdun qəzəbdən gözləri hədəqədən çxmışdı. Bir tərəfdən sürüyə çatıb itləri boğmaq istəyir, bir tərəfdən də itləşmiş qurdlardan heç bir zaman Qurd olmayacağını düşünərək onların arxasınca getməkdən vaz keçməyi düşünürdü. Boz Qurd uca bir qayanın üstünə çıxaraq başını göyə tutub, sanki Tanrıya üz tuturmuş kimi ulamağa başladı. Çoxdan idi ki, Qurd ulaltısının yerinə it ulaltısı eşitməkdən bezmiş insanlar uzlərini səs gələn tərəfə tutmuşdular. Hər kəsin üzündə bir sevinc var idi. Qurd səsinin onlara xeyir- bərəkət gətirəcəyinə inanırdılar. Qurdsa hey ulayırdı. Səsinə başqa Qurdların səs verəcəyinə inanırdı. Boz Qurd, Qurd sürüsünə it sürüsü qarışmağa imkan verməyəcəyinə ,Tanrıya üzünü tutaraq and içirdi. Dağlarda əfsanələr yaratmış Ulu Qurd, babalarının ruhlarına üzünü tutaraq Qurd sürüsünü qoruyacağına 

Kim deyib ki, “Qarabağ” toxunulmazdır?

Rəşad Ergün “Qarabağ”ın Konfrans Liqasında “Gent”ə uduzaraq mübarizəni dayandrmasından sonra əndazələri, sərhədləri aşan bir məqam diqqətimi çəkdi: “köhlən atlar”ı uğursuz çıxışına görə tənqid edənləri tənqid edənlərin canfəşanlığı, israrı, hirsi-hikkəsi. Kim deyib ki, “Qarabağ” toxunulmazdır? Kim deyib ki, jurnalistin işi tənqid etmək yox, tərifləmək, dəstəkləməkdir? Jurnalist təhlil etməlidir, tənqid etməlidir, sorğulamalıdır! Bu, jurnalistika adlı çətın peşənin Azərbaycan seqmenti üçün özəl deyil, bütün dünyada belədir, belə də olmalıdır. “Qarabağ”ın rəqabət səviyyəsinin yerlə bir olduğu Azərbaycan Premyer Liqasında mübarizə aparması bizim günahımız deyil. Nə jurnalistlərin, nə azarkeşlərin. “Qarabağ”ın süni örtüklü meydançalarda, ya da qoyunun belə, otlamağa ot tapa bilməyəcəyi bərbad təbii örtüklü qazonlarda oynamasının günahkarı da jurnalistlər deyil. Heç azarkeşlər də deyil. “Qarabağ”ı “Gent”ə uduzduğu üçün tənqid edən elə bir jurnalist tanımıram ki, “Xəzər Lənkəran”ın dağılmasında iynənin ucu boyda günahı olsun. Elə bir jurnalist görməmişəm ki, “MKT-Araz”ın, “Karvan”ın, “Şəmkir”in, “Viləş”ın “rəhmətə getməsində” əli olsun. Mən heç vaxt hansısa idman jurnalistinin Azərbaycan Premyer Liqasının reqlamentini dəyişdiyini, kefi istəyəndə çempionata 10-12, kefi istəməyəndə 8 komanda buraxdığını nə eşitmiş, nə də görmüşəm. Mən heç özünə, karyerasına hörmət edən hansısa əcnəbi futbolçuya azərbaycanlı jurnalistlərdən kiminsə mesaj yazıb, zəng edib, “Başın xarabdır? Nə itin azıb Azərbaycanda? Özünə hörmət edirsənsə, bura gəlmə” dediyini də nə görmüşəm, nə eşitmişəm. Kim Azərbaycan futbolunu, Azərbaycan çempionatını bu günə salıbsa, sözünüzü onlara deyin, onları tənqid edin. “Qarabağ”ın “yandırılmış meşədə ayaq üstə qalan tək ağac” olmasının günahkarı “Gent”ə uduzduğu üçün komandanı tənqid edən jurnalistlər deyil! Bilirəm, bəzən biz də zaman-zaman “Qarabağ”ın bu çempionatla, bu ölkənin şərtləri ilə avrokuboklarda uğur qazanmasının çətinliyini qabartmışıq. Amma… Bir daha bu aksiomu xatırladıram: Jurnalistin işi təhlil etmək, sorğulamaq, tənqid etməkdir, çəpik çalmaq, alqışlamaq yox. Azarkeşin işi komandası harda oynayır oynasın, nəticə tələb etməkdir. İstəyir Konfrans Liqasında “Gent”lə oynasın, istəyir stadionunun tribunaları da, özü də qəzalı vəziyyətdə olan “Kəpəz”lə. Aydındır? Komanda.az

Dini həssaslıq

Xəqani Cəfərli 11 mart 2011-ci ildə Yaponiyanın Hönsü adasının şərq sahillərində 9.1 bal gücündə zəlzələ baş vermişdi və yeraltı təkanlar dənizdə sunami yaratmışdı. Sunami nəticəsində yaranan 36 metr hündürlükdə nəhəng dalğalar 9 metr hndürlükdə dalğaların qarşısını almaq üçün düşünülmüş səddləri aşaraq sahilyanı yaşayış məntələrində dağıntılara səbəb olmuşdu. Nəticədə 19 759 nəfər həlak olmuş, “Fukusima-1” Atom Elektrik Stansiyasında qəza baş vermişdi. “Fukusima-1” AES-də baş verən qəza Bavariya ilə yanaşı Almaniyanın iki dindar əyalətindən biri olan Baden-Vürtemberqdə Xristian Demokrat partiyasının məğlubiyyətinə, Yaşılların qələbəsinə səbəb oldu. Baden-Vürtemberqin dinadar seçiciləri Xristian Demokrat partiyasının enerji mənbəyi kimi nüvə proqramının genişləndirilməsi planına etiraz edən Yaşılların mövqeyini dəstəkləyərək onları iqtidara gətirdi. Bütün bunlar dünya avtomobil sənayesinin beşiyi hesab olunan, nəhəng maşınqayırma sənayesinə malik əyalətdə baş verdi. “BMW”, “Porsche”, “Daimler-Benz”, “Bosch”, “IBM”, “Sony”, “Mitsubishi” kimi firmaların zavodların yerləşdiyi, nefti emalı, təyyarələr, avtomobillər və avtobusların istehsal olunduğu, poliqrafiya sənayesinin 40 faizinin yerləşdiyi əyalətdə iqtisadiyyat enerjidən asılı olsa da, seçicilər nüvə enerjisindən imtinanı təbliğ edən Yaşıllara səs verdi. Son yüz ildə yalnız 7 baldan yuxarı 20-dən artıq dəhşətli zəlzələnin olduğu Türkiyə başına gələn faciələrdən təəssüf ki, dərs çıxarmır. Bütün çağdaş cəmiyyətlərin təbii fəlakətlərə qarşı hazır olmaq istədiyi bir zamanda Türkiyə toplumunun böyük bir hissəsi başına gələn faciəyə “kader” deyib, dözməyə çalışır. Bu kimi halları tənqid edənləri isə Türkiyənin dini həssaslığını nəzərə almaqdan bəhs edirlər. Toplumlar dini həssaslıqları ilə ağıllarının göstərdiyi yol arasında seçim etməlidir. Doğru seçim edənlər almanlar və yaponlar kimi irəli gedəcəklər. Səhv seçim edən toplumlar Türkiyə kimi ağır itkilər verməyə məhkumdurlar. İlahiyyatçı Hacı Şahin Həsənlinin aşağıdakı fikirləri də alman və yaponların seçiminin ən doğru yol olduğunu təsdiqləir: “İnsan üçün öncədən müəyyən olunmuş həyat yolu yoxdur: Əks halda iradə azadlığının, imtahanın, peyğəmbərlərin göndərilməsinin mənası qalmazdı. İnsan öz taleyini əməlləri ilə formalaşdırır”. Təəssüf ki, nə başqa xalqların keçdikləri inkişaf yolu, nə də Hacı Şahin Həsənli kimi ilahiyyatçıların fikirləri düşüncələri bədəvi ərəb zehniyyəti ilə daşlaşmışları dəyişməyə qadir deyil.

Paşinyana "qaz" verən səbəb nədir?

Elşən Əlisoy  Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda olan seperatçılara "hörmətli Qarabağ vətəndaşları" deyərək müraciət edib.  Fevralın 18-də Münxendə keçirilən tədbirdən dönən kimi sosial şəbəkə hesabından Ağrı dağından bəhs edən şeir paylaşıb.  Bəzi hakimiyyət yönümlü politoloqların: "Qarabağ məsələsində beynəlxalq təşkilatlar və böyük dövlətlər Azərbaycan qarşı qərəzli mövqey sərgiləyirlər" fikrinin əksinə olaraq artıq hər kəsə bəllidir ki, Paşinyanın əlini gücləndirən əsas məsələ Azərbaycanda demokratik dəyərlərin sıradan çıxarılması, siyasi məhbusların azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların tələblərinin yerinə yetirilməməsidir.  Münxəndə keçirilən tədbirdə Paşinyanın ən əsas silahının da məhs demokratiya olduğunu hər kəs gördü. Azərbaycan telekanallarında Paşinyanın demokratiya ilə bağlı çıxışının yarımçıq kəsilməsi güclü bir həmlənin qarşısından qaçmaq və üz qarası məsələsini cəmiyyətdən gizlətmək cəhdi idi.  Paşinyan Azərbaycanın zəif yerini tapıb və bundan məharətlə istifadə edir. Cəmiyyət anlamalıdır ki, Paşinyana "qaz" verən və onu haqlı vəziyyətə gətirən ən əsas səbəb, demokratik dəyərlərə münasibətdə Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətidir.   Demokratik seçki keçirən, korrupsiyanın olmadığı, mətbuat və fikir azadlığı olan bir ölkə ilə, həbsxanasında siyasi məhbusun ölüm aclığından olduğu bir ölkə arasında ciddi fərqin olması və Qarabağ məsələsində dünyanın münasibətində özünü bunun özünü göstərməsi qaçılmazdır.  Məsələləri anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur, bir balaca araşdırma qabiliyyətin olsa, kiçik bir araşdırma aparsan görəcəksən ki, Paşinyanın "dəyirmanına su tökən" konkret qüvvə Azərbaycan hakimiyyətidir.  Günahı orda-burda axtarmaq lazım deyil.