Elşən Əlisoy
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda olan seperatçılara "hörmətli Qarabağ vətəndaşları" deyərək müraciət edib.
Fevralın 18-də Münxendə keçirilən tədbirdən dönən kimi sosial şəbəkə hesabından Ağrı dağından bəhs edən şeir paylaşıb.
Bəzi hakimiyyət yönümlü politoloqların: "Qarabağ məsələsində beynəlxalq təşkilatlar və böyük dövlətlər Azərbaycan qarşı qərəzli mövqey sərgiləyirlər" fikrinin əksinə olaraq artıq hər kəsə bəllidir ki, Paşinyanın əlini gücləndirən əsas məsələ Azərbaycanda demokratik dəyərlərin sıradan çıxarılması, siyasi məhbusların azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların tələblərinin yerinə yetirilməməsidir.
Münxəndə keçirilən tədbirdə Paşinyanın ən əsas silahının da məhs demokratiya olduğunu hər kəs gördü. Azərbaycan telekanallarında Paşinyanın demokratiya ilə bağlı çıxışının yarımçıq kəsilməsi güclü bir həmlənin qarşısından qaçmaq və üz qarası məsələsini cəmiyyətdən gizlətmək cəhdi idi.
Paşinyan Azərbaycanın zəif yerini tapıb və bundan məharətlə istifadə edir. Cəmiyyət anlamalıdır ki, Paşinyana "qaz" verən və onu haqlı vəziyyətə gətirən ən əsas səbəb, demokratik dəyərlərə münasibətdə Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətidir.
Demokratik seçki keçirən, korrupsiyanın olmadığı, mətbuat və fikir azadlığı olan bir ölkə ilə, həbsxanasında siyasi məhbusun ölüm aclığından olduğu bir ölkə arasında ciddi fərqin olması və Qarabağ məsələsində dünyanın münasibətində özünü bunun özünü göstərməsi qaçılmazdır.
Məsələləri anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur, bir balaca araşdırma qabiliyyətin olsa, kiçik bir araşdırma aparsan görəcəksən ki, Paşinyanın "dəyirmanına su tökən" konkret qüvvə Azərbaycan hakimiyyətidir.
Günahı orda-burda axtarmaq lazım deyil.