Ukrayna ordusu gün ərzində Kupyansk, Liman, Baxmut, Adveyev və Marinsk istiqamətlərində Rusiya ordusunun 47 hücumunu dəf edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Ukrayna müdafiəçiləri əzmlə Baxmutun müdafiəsini təmin edirlər.
"Bu gün səfirliyimizin açıldığı İsrailin xarici işlər naziri Eli Kohenin “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir” sözləri müxtəlif şərhlərə yol açdı. İlk növbədə İran bunu “Bakının sionist rejimi ilə İrana qarşı işbirliyi” kimi təqdim edir, lakin bu sözlər Azərbaycan cəmiyyətində də İranla hərbi münaqişə narahatlığına, xüsusilə “Azərbaycanı İrana qarşı müharibəyə sürükləyirlər” kimi fikirlərə yol açdı". Sozcu.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib. İsrailin anti-İran koalisiyası yaratmağa çalışdığının sirr olmadığını bildirən politoloq, hazırda Netanyahunun beynəlxalq koalisiya yaratmaq cəhdlərinin hələki nəticə vermədiyini də qeyd edib: "Avropada müəyyən bəyanatlar verilsə də, prosesin praktiki mərhələyə keçidi olmadı. Hətta ABŞ-da belə İrana hərbi müdaxilə ilə bağlı tərəddüdlər var. İsraildə baş verənlərin arxasında müəyyən mənada bu məqamın da olduğu hiss edilir və məsələyə Trampın Baydenə, həm də Sorosa qarşı mövqeyi ilə Netanyahunun Baydenə qarşı çıxışı kontekstində də baxmaq olar. Bu başqa mövzudur". "İsrailin anti-İran bu koalisiyasında Azərbaycanı da görmək istəyi bəlli olduğunu bildirən politoloq Asif Nərimanlı, rəsmi Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaq olduğunu da diqqətə çatdırıb: "Ceyhun Bayramovun İsraillə yanaşı, Fələstinə də səfər etməsi Azərbaycanın təkcə balanslaşdırılmış yox, həm də müstəqil xarici siyasi xəttinin davamıdır. Hərçənd, burada İsrailin nə istədiyi, yaxud Bakının hansı siyasəti yürüdəcəyi yox, İranın sərgilədiyi mövqe həlledicidir. Tehran rejiminin mövcud siyasəti deməyə əsas verir ki, İrana hərbi müdaxilə baş verərsə, biz bu koalisiyaya qoşulmasaq belə onların hücum edəcəyi ilk ölkə Azərbaycan olacaq".
Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus Su-24M bombardmançı təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Su-24M Baxmut istiqamətində vurulub.
İsveçin Şimali Atlantika Alyansına cəlb edilməsi Ukraynadakı xüsusi hərbi əməliyyatdan xeyli əvvəl başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfirliyinin “İsveçin uçuruma doğru addımı” başlığı altında dərc olunan məqaləsində bildirilib. "Hamıya məlumdur ki, ölkə NATO-ya cəlb olunmağa Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatından xeyli əvvəl başlayıb. Formal səbəb ortaya çıxanda ölkəmizə qarşı qorxu yarandı. Nəticə Vaşinqtonun əmri gəldi: "Müstəqil olmaqdan əl çək, bizim üçün Şimali Avropa NATO-nun Rusiyaya qarşı yeni cəbhəsi olmalıdır", - məqalədə qeyd olunub.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Böyük Britaniyanın “Challenger” tanklarının test-drayv mərhələsində şəxsən iştirak edib. Sozcu.az "Strana" nəşrinə istinadən xəbər verir ki, o, təəssüratlarını bölüşüb. “Ukraynanın ilk əsas döyüş tankı “Challenger 2”yə minmək çox xoş idi. Böyük Britaniyanın tədarük etdiyi belə tanklar ölkəmizə bu yaxınlarda gəlib. Bu fantastik maşınlar tezliklə öz döyüş tapşırıqlarına başlayacaqlar”, - deyə Reznikov bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu fraksiya liderləri ilə görüşdən sonra məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu barədə “Radio Kan” məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl İsrail Prezidenti İshaq Hersoq ölkənin Baş nazirini və onun hökumətini kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarının qəbulunu dayandırmağa çağırıb. Prezident mitinqlərə görə ölkənin təhlükəsizliyi və iqtisadiyyatının təhdid altına düşdüyünü deyib.
"Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan “cəsarətləndi” və onun Qarabağsız sülh sazişinə marağı azaldı. Azərbaycan ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi əməliyyatlarının sayının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib. Bu Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır". Bu arada, İrandan yeni təxribatlara hazır olmalıyıq. Azərbaycan ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa tərəfdaş adlandırdığına görə, “qırmızı çizgiləri” tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur, bütün “qırmızı çizgiləri” aşıb. Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir. Elxan Şahinoğlu, politoloq
ABŞ və Kanada Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmək siyasətini davam etdirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Kanada Baş naziri Castin Trudo ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib. “Biz tarixi sanksiyalarımızla Putinə qarşı təzyiqi davam etdirəcəyik”, - Bayden bildirib. Eyni zamanda, Bayden ABŞ və Kanadanın Ukraynaya ehtiyac duyduğu hərbi təlimi, texnika və humanitar yardımı davam etdirəcəklərini qeyd edib.
Türkiyə "Hizbullah"ı kimi tanınan Hüda (Xuda) Par (Partiya) seçkilərə AKP-nin siyahılarından qatılacaq. Mən sadəcə, kənardan dəstək verəcəklərini düşünürdüm, amma görünür, prezident Ərdoğanın və AKP-nin hər səsə həyati ehtiyacı var. "Hüda Par" Türkiyənin bəzi cənub-şərq vilayətlərində aktiv olan və radikal islamçı kürdləri ətrafında birləşdirən siyasi partiyadır. Əsasən Batman və Diyarbəkirdə müəyyən elektoral gücə malikdir və AKP-yə təxminən 200 - 250 min əlavə səs qazandıra bilər. "Hüda Par" kürd məsələsində HDP-dən daha sərt mövqe tutur. Kürdlərə muxtariyyət verilməsi və Türkiyənin federallaşması kimi variantların müzakirəyə çıxarılmasının tərəfdarıdır. "Hüda Par"ın proqramında kürd xalqının qurucu element qismində türklərlə bərabər Konstitusiyada təsbit edilməsi, kürd dilinə 2-ci rəsmi dil statusu verilməsi, dövlətin Şeyx Səidin ailəsindən rəsmən üzr istəməsi və sair tələblər də var. Belə bir partiya ilə ittifaqa girən AKP və Cumhur İttifaqının bundan sonra müxalifəti HDP ilə əməkdaşlıqda ittiham etməyə haqqı qalmır. (Zatən haqqı yox idi.) Hələ üstəlik, nəzərə alsaq ki, HDP seçkilərə Millət İttifaqı ilə bərabər, onun siyahılarında deyil, öz ittifaqı ilə ayrılıqda qatılır. Qənaət yarana bilər ki, bu cür proqrama sahib olan partiyanı öz siyahılarına aldı deyə AKP-nin və Ərdoğanın səsləri daha da azalacaq. Amma belə deyil. (Bəlkə bəzi MHP-lilər bu səbəbdən Ərdoğana səs verməz, onu deyə bilmərəm.) Dəfələrlə vurğuladığım bir fikri bir daha təkrarlamaq istərdim ki, azərbaycanlılar (sosial mediada gördüyümüz insanlar) kürd məsələsində Türkiyə vətəndaşlarından daha radikal mövqe tutur və "papadan artıq katoliklik" - türkiyəlilərdən daha artıq türkiyəçilik edirlər. Hətta bir çoxları heç bir haqqı olmadığı halda, Türkiyənin tamhüquqlu vətəndaşları olan kürdlər haqqında hökm çıxarır, onları terrorçu adlandırır və sair. ("Yersiz gəldi, yerli, qaç" məsələsi...) Bizim bəzi insanlara elə gəlir ki, Türkiyədə kimsə kürd partiyası isə əməkdaşlıq edirsə, onlara salam verirsə, həmin siyasətçi və ya siyasi partiya dəhşətli əmələ yol vermiş olur və onun siyasi karyerası bitməlidir. Halbuki yaxın keçmişdə "çözüm sürəci"ndə AKP hökuməti bilavasitə PKK ilə ayrı-ayrı yerlərdə 3 masa quraraq danışıqlar aparırdı: İmralıda Abdulla Öcalan, Osloda PKK-nın Avropa qanadının liderləri Sabri Ok, Zübeyir Aydar, Mustafa Karasu, İraqda - Kandil dağında terrorçuların lideri Murat Karayılan və digərləri ilə... Bu danışıqların sonunda İstanbulda, baş nazir Ərdoğanın Dolmabahçe ofisində Türkiyə hökuməti ilə HDP arasında rəsmi Bəyannamə də imzalandı. Eyni zamanda, "çözüm sürəci" dövründə PKK-nın İraqdan Türkiyəyə külli miqdarda silah, partlayıcı maddə keçirməsinə göz yumuldu, çünki Ankaradan hökumət jandarma və polisə göstəriş vermişdi ki, onsuz da məsələni həll edirik, siz onların qarşısını kəsib prosesi pozmayın. Hətta guya silahı yerə qoyub Türkiyəyə qayıdan bəzi PKK-lılar üçün Habur sərhəd qapısında səyyar məhkəmə də təşkil olundu və onların sərbəst buraxılması barədə qərarlar çıxarıldı. Abdulla Öcalanın məktubları Türkiyə TV-lərində canlı yayınlarda oxundu, təhlil olundu, bəyənildi, hökumət tərəfindən dəstəkləndi və s... Bu qədər həngamədən sonra yəqin ki, bizim insanların məntiqinə görə, Ərdoğan və AKP Türkiyə siyasətindən silinməli idi. Amma silinmədi. "Hüda Par" ilə ittifaq səbəbi ilə də silinməyəcək. Çünki Türkiyə əhalisi (azı yarısı) fərqli məntiqə sahibdir. Bəli, Türkiyə əhalisinin çoxluğu PKK-ya yaxınlığı səbəbi ilə HDP-yə neqativ münasibətdədir, PKK-ya uzaq, amma kürd məsələsində onunla paralel düşüncələrə sahib "Hüda Par"a da o cümlədən. Amma eyni zamanda bu çoxluğun çox hissəsi anlayır ki, HDP (yaxud o cizgidəki hər hansı kürd partiyası) Türkiyənin reallığıdır və PKK-nın siyasi tələblərini haqlı sayan narazı kürdlərin leqal, legitim təmsilçisidir. 6-7 milyon Türkiyə vətəndaşı HDP-yə (qarşıdakı seçkilərə Yeşil Sol Parti adı ilə qatılacaq) səs verir, bu gerçəyi gözardı etmək mümkün deyil. Bu səbəbdən, həmin partiya yerli hakimiyyət orqanlarında, parlamentdə təmsil olunur, TBMM iclaslarını idarə edir və Türkiyənin dövlət büdcəsindən maliyyələşir. (Bu il HDP-yə büdcədən 0,5 milyard TL-dən çox pul ayrılıb.) Uzun sözün qısası, Türkiyəni səthi yanaşmalarla qiymətləndirmək doğru deyil və yanlış qənaətlərə aparıb çıxarır. Şahin Cəfərli, politoloq
Ukrayna prezidenti Vladimir Zelenski qələbə anonsu verib. O bildirib ki, əgər Ukrayna ilə Avropa arasında əməkdaşlıqda gecikmə və ya durğunluq olmasa, birgə səylər Ukraynanın qələbəsinə yönələrsə, zəfər bu il olacaq. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ukraynanın qələbə qazanması bəzi amillərdən asılıdır. Politoloq vurğulayıb ki, birinci mərhələdə Rusiya ordusunun hücumları dayandırılmalıdır: “İkinci mərhələdə Zelenskinin dediyi kimi, Avropa və Amerika vəd etdiyi hərbi texnikanı zamanında Ukraynaya çatdırmalıdır. Proses artıq başlayıb. Üçüncü mərhələdə isə yəqin ki, Ukrayna ordusu yay aylarına yaxın əks-həmlələr həyata keçirəcək. Necə ki, ötən ilin dekabrında Xersonun böyük hissəsi azad edildi. Ukraynanın ilin sonuna qədər ərazi bütövlüyünü təmin edəcəyini demək çətindir. Ancaq qeyd etdiyim amillər həyata keçirilsə, ilin sonuna qədər Ukrayna itirdiyi ərazilərin böyük hissəsini geri qaytara bilər”. Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Baxmutda ilişib qalıb: “Baxmut kiçik bir şəhərcikdir. Ukrayna ordusu sona qədər savaşır, bu şəhəri əldən vermir. Rusiyanın Baxmutda itkiləri artır. Lakin Ukrayna ordusunun Baxmutu azad edə biləcəyi barədə konkret danışmaq çətindir. Mariupol uğrunda da oxşar döyüşlər gedirdi, amma Rusiya oranı işğal etdi. Əsas odur ki, Ukrayna hər kiçik qəsəbə, şəhərcik uğrunda savaşır və Rusiyanın itkiləri artır. Əgər Ukraynaya kifayət qədər silah-sursat çatdırılsa, (Ukraynaya ən azı 700-800 tank lazımdır) Baxmut və digər şəhərləri geri qaytara bilər”. “Çin müharibəyə qoşula bilərmi?” sualına politoloq belə cavab verib: “Çin Rusiyanın strateji tərəfdaşına çevrilib. Ona görə yox ki, Rusiya ilə Çinin maraqları üst-üstə düşür, sadəcə anti-Qərb siyasətinə görə bu ölkələr yaxınlaşıb. Ukrayna müharibəsi əslində Çinin maraqlarına cavab vermir, çünki əlavə problemlərlə üzləşir, iqtisadi çətinliklər yaşayır. Dəmir yolları ilə Rusiya üzərindən Avropaya yük daşıyırdı. Bu, indi mümkünsüzdür. Ona görə də Çin müharibənin dayandırılmasını istəyir, təkliflər verir. Amma məsələ orasındadır ki, Çinin təklifində Rusiya qoşunlarının Ukraynanı tərk etməsi ilə bağlı bənd yoxdur. Yaxud da Çin lideri Si Cinpin 2 gün Moskvada oldu, Kiyevə isə getmədi. Bu cür vasitəçini nə Ukrayna, nə də Qərb ölkələri qəbul edər. Çinin vasitəçi olmaq imkanı sıfıra bərabərdir. Çinin müharibəyə qoşulması riskə getmək olar. Çünki Qərblə daha çox üz-üzə qalacaq. Çin müharibənin bitməsini istəyir, amma Rusiyanı qınamır”.(müsavat.com)
İran tərəfindən iddia edilən yeni hücumlar olacağı təqdirdə ABŞ Silahlı Qüvvələri müxtəlif tədbirləri görməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Maykl Kurillanın yaydığı bəyanatda qeyd olunub. “Biz xalqımızı qorumaq üçün hər zaman bütün lazımi tədbirləri görüb, seçdiyimiz vaxtda və yerdə cavab verəcəyik. Biz İranın hər hansı yeni hücumu qarşısında müxtəlif tədbirlər görməyə hazırıq”, - bəyanatda bildirilir.
Dostlar mütəmadi olaraq bu sualı verirlər və hər zaman bir neçə "açar" sözdən ibarət eyni cavab alırlar, bir müddətdən sonra İranın hərbi müdaxiləsilə bağlı suallar yenidən səslənir. Görünənən odur ki, cavab qane etmir və bu səbəbdən daha ətraflı izahata ehtiyac var. Dünya böyük mexanizmdir, bir detalın sıradan çıxması mexanizmin ümumi işinə zərər verəcək, bu baxımdan Rusiya və ABŞ-ın prinsipial fərqi ondan ibarətdir ki, Rusiya təsir dairəsində olan ölkələri dondurulmuş münaqişələr, təhdidlər vasitəsilə idarə edir, ABŞ öz təsir dairəsində olan ölkələri isə dayanaqlı sülh, sabitlik, sosial rifah, ədalətli idarəetmə, demokratiya ilə yönləndirir(məhz yönləndirir, idarə etmir). Dünyanın strateji təhlükəsizlik doktrinası mövcuddur. Bu doktrinada ölkələr arası, regionlar arası, hərbi-siyasi ittifaqlar arası münasibətlər tənzimlənir: hərbi-iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik qarantiyaları, nüvə təhlükəsizliyi, terror təşkilatlarla mübarizə və s. Başqa sözələrlə strateji təhlükəsizlik doktrinası dünyada sabitliyi təmin edən faktordur. *Qeyd. Rusiya Ukraynaya hücum etməmişdən qabaq ABŞ-a verdiyi "təhlükəsizlik təminatı" adlı ultimatum yadınızdadırmı? Həmin sənəddə Rusiya tələb edirdi ki, ABŞ və NATO post-sovet məkanından çəkilsin. Məhz bu sənəd qlobal strateji təhlükəsizlik doktrinasının dəyişdirilməsi cəhdi idi. ABŞ və NATO-nun Rusiyanın cəhdinə cavabı bu gün hər kəsin gözü qabağındadır. Cənubi Qafqaz geosiyasi xəritədə Qərbin təsir dairəsində olacaq regiondur, Azərbaycan da, Ermənistan da, Gürcüstan da. Deyəcəksiniz ki, bəs bu illər ərzinə bu region Rusiyanın təsir dairəsində idi. Bəli, unutmayaq ki, ABŞ regionla əməkdaşlığa başlayanda bu region məhv Rusiyanın təsir dairəsində idi(1991-ci ildə bəri) və ABŞ "long game"(uzunmüddətli) strategiyasına uyğun "realpolitik" çərçivəsində davranaraq gündən-günə təsir gücünü artırırdı. Bugünkü geosiyasi "zəlzələ"(yəni yaxın gələcəkdə Rusiyanın öz sərhədlərinə çəkilməsi) təsir dairələrin yeni sərhədlərini cızacaq və bizim region məhz Qərbin(başqa seçim də yoxdur, Çinin təsir dairəsində olan deyil ki) təsir dairəsində olacaq. Bu proses 2022-ci il 24 fevralda kəskin sürətlənib. Azərbaycan öz növbəsində enerji təhlükəsizlik sahəsilə yanaşı bir neçə sahədə Qərbin müttəfiqi sayılır. 3 ən yaxın strateji müttəfiqimiz (İsrail, Böyük Britaniya, Türkiyə) ABŞ-ın da strateji müttəfiqləridir. Təbii ki, Azərbaycanın Qərb qarşısında öhdəlikləri olduğu kimi, Qərbin də Azərbaycanın qarşısında strateji öhdəlikləri var. Azərbaycana İran və ya Rusiya tərəfindən təhdidlər strateji təhlükəsizlik doktrinasına ziddir, bu baxımdan Qərbin(məhz ABŞ-ın) Azərbaycan qarşısında ən vacib öhdəliyi təhlükəsizlik qarantiyalarıdır, ABŞ, Rusiya və İrandan gələn təhdidlərə qarşı bu qarantiyaları verir. Təbii ki, Türkiyə, İsrail və Böyük Britaniya, ABŞ tərəfindən Azərbaycana verilən təhlükəsizlik qarantiyalardan kənarda deyillər, AMMA VƏ LAKİN bir məsələnin altını xüsusilə cızmaq istəyirəm, dünya tərəfindən "terroru maliyyələşdirən" kimi tanınan 5 ölkə var(İran, Rusiya, Suriya, Ş. Koreya, Kuba), Azərbaycan 2-silə həmsərhəddir, belə coğrafiyada olan ölkəyə ABŞ-dan başqa HEÇ BİR ölkə təhlükəsizlik qarantiyaları vermək iqtidarında deyil. Azərbaycanın da öhdəlikləri var. Misal üçün ABŞ Maliyyə nazirliyinin dərc etdiyi heç bir hesabatda Rusiyaya sanksiyalardan yayınmaqda dəstək verən ölkələr siyahısında bizim adımız yoxdur. Başqa misal gətirim, bir neçə gün qabaq ilk dəfə olaraq Qazaxıstan Azərbaycan vasitəsilə Avropaya neft tədarükünə start verib("Xoşbəxt Yusifzadə" tankeri, ilk partiya 7 min ton neftdən ibarət idi). Bunlar, Azərbaycanın Rusiyaya qarşı demarşı deyil, bunlar Azərbaycanın strateji təhlükəsizlik doktrinasına görə öhdəliklərin yerinə yetirilməsidir. Və təbii ki, geosiyasi "trendə" uyğun olaraq davranışdır. Yaxın gələcəkdə ABŞ Azərbaycanın götürdüyü başqa öhdəlikləri də yerinə yetirməsini gözləyəcək: Ermənistanla sülh müqaviləsi və demokratik açılım istiqamətində ilk addımlar. Demokratik açılım daxili məsələ deyil, regionun strateji təhlükəsizlik məsələsidir. Kamran Cəfərov, politoloq Sozcu.az