İsveçin NATO-ya üzvlük prosesi müharibədən öncə başlayıb

İsveçin Şimali Atlantika Alyansına cəlb edilməsi Ukraynadakı xüsusi hərbi əməliyyatdan xeyli əvvəl başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfirliyinin “İsveçin uçuruma doğru addımı” başlığı altında dərc olunan məqaləsində bildirilib. "Hamıya məlumdur ki, ölkə NATO-ya cəlb olunmağa Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatından xeyli əvvəl başlayıb. Formal səbəb ortaya çıxanda ölkəmizə qarşı qorxu yarandı. Nəticə Vaşinqtonun əmri gəldi: "Müstəqil olmaqdan əl çək, bizim üçün Şimali Avropa NATO-nun Rusiyaya qarşı yeni cəbhəsi olmalıdır", - məqalədə qeyd olunub.

Nazir “Challenger” tanklarını şəxsən sınaqdan keçirdi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Böyük Britaniyanın “Challenger” tanklarının test-drayv mərhələsində şəxsən iştirak edib.  Sozcu.az "Strana" nəşrinə istinadən xəbər verir ki, o, təəssüratlarını bölüşüb.  “Ukraynanın ilk əsas döyüş tankı “Challenger 2”yə ​​minmək çox xoş idi. Böyük Britaniyanın tədarük etdiyi belə tanklar ölkəmizə bu yaxınlarda gəlib. Bu fantastik maşınlar tezliklə öz döyüş tapşırıqlarına başlayacaqlar”, - deyə Reznikov bildirib. 

Netanyahu geri çəkildi: İslahatlar dayandırılır

İsrailin Baş naziri Benyamin Netanyahu fraksiya liderləri ilə görüşdən sonra məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu barədə “Radio Kan” məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl İsrail Prezidenti İshaq Hersoq ölkənin Baş nazirini və onun hökumətini kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarının qəbulunu dayandırmağa çağırıb. Prezident mitinqlərə görə ölkənin təhlükəsizliyi və iqtisadiyyatının təhdid altına düşdüyünü deyib.

Putinə qarşı təzyiqi davam etdirəcəyik - Bayden

ABŞ və Kanada Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmək siyasətini davam etdirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Kanada Baş naziri Castin Trudo ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib. “Biz tarixi sanksiyalarımızla Putinə qarşı təzyiqi davam etdirəcəyik”, - Bayden bildirib. Eyni zamanda, Bayden ABŞ və Kanadanın Ukraynaya ehtiyac duyduğu hərbi təlimi, texnika və humanitar yardımı davam etdirəcəklərini qeyd edib.

Dünyanın gözü orada: QƏLƏBƏ anonsu verildi

Ukrayna prezidenti Vladimir Zelenski qələbə anonsu verib. O bildirib ki, əgər Ukrayna ilə Avropa arasında əməkdaşlıqda gecikmə və ya durğunluq olmasa, birgə səylər Ukraynanın qələbəsinə yönələrsə, zəfər bu il olacaq. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ukraynanın qələbə qazanması bəzi amillərdən asılıdır. Politoloq vurğulayıb ki, birinci mərhələdə Rusiya ordusunun hücumları dayandırılmalıdır: “İkinci mərhələdə Zelenskinin dediyi kimi, Avropa və Amerika vəd etdiyi hərbi texnikanı zamanında Ukraynaya çatdırmalıdır. Proses artıq başlayıb. Üçüncü mərhələdə isə yəqin ki, Ukrayna ordusu yay aylarına yaxın əks-həmlələr həyata keçirəcək. Necə ki, ötən ilin dekabrında Xersonun böyük hissəsi azad edildi. Ukraynanın ilin sonuna qədər ərazi bütövlüyünü təmin edəcəyini demək çətindir. Ancaq qeyd etdiyim amillər həyata keçirilsə, ilin sonuna qədər Ukrayna itirdiyi ərazilərin böyük hissəsini geri qaytara bilər”. Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Baxmutda ilişib qalıb: “Baxmut kiçik bir şəhərcikdir. Ukrayna ordusu sona qədər savaşır, bu şəhəri əldən vermir. Rusiyanın Baxmutda itkiləri artır. Lakin Ukrayna ordusunun Baxmutu azad edə biləcəyi barədə konkret danışmaq çətindir. Mariupol uğrunda da oxşar döyüşlər gedirdi, amma Rusiya oranı işğal etdi. Əsas odur ki, Ukrayna hər kiçik qəsəbə, şəhərcik uğrunda savaşır və Rusiyanın itkiləri artır. Əgər Ukraynaya kifayət qədər silah-sursat çatdırılsa, (Ukraynaya ən azı 700-800 tank lazımdır) Baxmut və digər şəhərləri geri qaytara bilər”. “Çin müharibəyə qoşula bilərmi?” sualına politoloq belə cavab verib: “Çin Rusiyanın strateji tərəfdaşına çevrilib. Ona görə yox ki, Rusiya ilə Çinin maraqları üst-üstə düşür, sadəcə anti-Qərb siyasətinə görə bu ölkələr yaxınlaşıb. Ukrayna müharibəsi əslində Çinin maraqlarına cavab vermir, çünki əlavə problemlərlə üzləşir, iqtisadi çətinliklər yaşayır. Dəmir yolları ilə Rusiya üzərindən Avropaya yük daşıyırdı. Bu, indi mümkünsüzdür. Ona görə də Çin müharibənin dayandırılmasını istəyir, təkliflər verir. Amma məsələ orasındadır ki, Çinin təklifində Rusiya qoşunlarının Ukraynanı tərk etməsi ilə bağlı bənd yoxdur. Yaxud da Çin lideri Si Cinpin 2 gün Moskvada oldu, Kiyevə isə getmədi. Bu cür vasitəçini nə Ukrayna, nə də Qərb ölkələri qəbul edər. Çinin vasitəçi olmaq imkanı sıfıra bərabərdir. Çinin müharibəyə qoşulması riskə getmək olar. Çünki Qərblə daha çox üz-üzə qalacaq. Çin müharibənin bitməsini istəyir, amma Rusiyanı qınamır”.(müsavat.com)

ABŞ İranın hücumlarını cavabsız qoymayacaq - General

İran tərəfindən iddia edilən yeni hücumlar olacağı təqdirdə ABŞ Silahlı Qüvvələri müxtəlif tədbirləri görməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Maykl Kurillanın yaydığı bəyanatda qeyd olunub. “Biz xalqımızı qorumaq üçün hər zaman bütün lazımi tədbirləri görüb, seçdiyimiz vaxtda və yerdə cavab verəcəyik. Biz İranın hər hansı yeni hücumu qarşısında müxtəlif tədbirlər görməyə hazırıq”, - bəyanatda bildirilir.

Qarabağda müharibə bitməyib, dayandırılıb...

Qarabağın azad edilməsi uğrunda başlanan müharibə 44-cü günündə-2020-ci ilin 10 noyabrında dayandırıldı. Bəli, müharibə bitmədi, dayandırıldı və bu dayanma Azərbaycanın təşəbbüsü, istəyi ilə olmadı. Ona görə savaşın 44-cü günündə müharibə “bitmədi”, məhz “dayandırıldı” demək, daha doğrudur və bu günün də reallığına uyğundur.  Məhz bu məntiqlə də, “bütün müharibələrin sonu sülhlə yekunlaşır” klassik deyimi, 44 günlük müharibə üçün hələlik keçərli deyil, çünki sülh müqaviləsi yoxdur, ümumiyyətlə tərəflər arasında sülh yoxdur. Sülh olmadığına görə də “müharibə bitdi” yox, “müharibə dayandırıldı”, reallığı əks etdirir. Həmin gün imzalanan üçtərəfli razılaşma Ermənistan Respublikasının geri çəkilməsi hesab edilə bilər, amma yenə də sülh deyil, çünki müharibənin bitməsinə mane olan, yəni onu dayandıran Rusiya, Azərbaycana ərazi bütövlüyünü tam həyata keçirməyə imkan vermədi, bu gün də vermir.  Müharibənin dayandırılmasından keçən 2 il dörd aydan çox müddətdə məğlub tərəf revanş götürmək məqsədilə silahlanır, Qarabağda yeni hərbi istehkamlar yaradır, havadarları-İran, Rusiya, Fransa tərəfindən hərbi-siyasi, bəzi Qərb ölkələrindən də diplomatik dəstək alır, sülh təkliflərini qəbul etmir. Deməli, dayandırılmış müharibənin yenidən davamı gözləniləndi. Təəccüblüsü odur ki, müharibəyə hazırlaşanlar “münaqişənin hərb yolu istisnadır” bəyanatlarını verir və bundan məhz bizə təzyiq vasitəsi kimi istifadə edirlər. 26 il ərzində Minsk Qrupu da, işğal etdiyi torpaqlarda rahatlanan Ermənistan da belə deyib problemi həll etmədilər, amma 44 günlük müharibə ilə çox şey həll oldu. Maraqlıdır ki, hərbi yol istisnadır deyən Rusiya da, Qərb də Ukraynada müharibəni öz maraqları naminə davam etdirirlər, amma bizə “istisnadır” bəyanatlarını ünvanlayırlar.  Üç aydan sonra Moskvaya səfər edən Ararat Mirzoyan geri qayıdandan sonra, Smolensk meydanından aldığı gücdən ruhlanaraq, dünən Ermənistan XİN-in kəskin bəyanatını yayıb.  Bəyanatda “ Artsax xalqının öz müqəddəratını təyin etməsi onun tam haqqıdır.. və öz müqəddəratını təyinetmə hüququnun inkarı və zorla boğulması, habelə münaqişənin həlli vasitəsi kimi danışıqlardan imtina edilməsi ( guya ki, bütün bu sadalananları Azərbaycan edir-red), xalqın müstəqil dövlət qurmaq hüququnun tanınması üçün əsasdır”- deyilənlərlə, dünənə qədər Paşinyanın vurğuladığı : “ ..beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağın statusu məsələsində plankanızı bir az endirin.., əks halda, bizə ümid bəsləməyin - ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik", - fikirləri arasında fərq nədən qaynaqlandı?  Zaman keçdikcə düşmən iddiasını yenidən ortaya qoyur və Rusiyanın tormozladığı sülh, onu ruhlandırır. İlk baxışdan bu gün Ermənistanla Rusiya arasında münasibətlərin gərgin olduğu təəssüratı yarana bilər, amma bu dərinə işləməyən gərginlikdir. Ermənistanın Qərbə meyillənməsi Rusiyaya təzyiq vasitəsidir. Rusiya da “günahkar” kimi “günahını” yuyur və Ermənistandan Laçın yolu vasitəsilə separatçılara silah-sursat, humanitar yardım, ərzaq və sairə daşımaqla məşğuldur. Rusiya hərbi kontingenti Laçın yolunda tam formal nəzarət funksiyasını həyata keçirir. Dinc etiraz aksiyasının onlara mane olmadığı Xəlfəli-Turşsu yolu ilə daşınan hərbi yüklərin müşayət olunması kadrları ilə sübut olundu.  Ermənistanla sülh müqaviləsi nə üçün lazımdır? Bu işin Qarabağ probleminə təsiri nədir? Tutaq ki, sabah Ermənistanla sülh müqaviləsi imzalandı, Qarabağdakı separatçı rejim və onu qoruyan Rusiya Xankəndini bizə təhvil verəcək? Son iki gündə Ermənistan rəsmilərinin açıqlamaları yalnız Qarabağla əlaqədardır. Onları delimitasiya, demarkasiya işləri, anklav kəndlərin problemi maraqlandırmır, yalnız Qarabağ ermənilərinin müstəqilliyi barədə bəyanatlar səsləndirirlər. Guya vəzifədən çıxarılan Vardanyan fəaliyyətini dayandırıb? Bu gün FB səhifəsində “Azərbaycanın uğursuz Qarabağ siyasəti” barədə geniş paylaşım edib. Vardanyan 100 günlük “blokadanı” qəhrəmancasına dəf etdiklərini və Artsax məsələsinin Azərbaycanın daxili problemi olmadığının sübut edildiyini paylaşıb. Qarabağ separatçıları Rusiyanın dəstəyilə o qədər fəallaşıblar ki, hətta qondarma rejimin keçmiş xarici işlər naziri Masis Mailyan “nikbinliyə böyük əsaslarımız var” deyə bilir.  Biz Ermənistanla sərhədimizi  və harada dayandığımızı bilirik. Ermənistan öz problemi ilə deyil, bizim daxili işimizlə -Qarabağla məşğuldur. Deməli, biz də bütün siyasi, hərbi fəaliyyətimizi Qarabağa istiqamətləndirməliyik. Ermənistanla 31 oktyabr 2022-ci ildən sonra rəsmi danışıqlarımızı dayandırmışıq, amma daxili işimiz olan Qarabağa hələ real təsir edəcək siyasətə nail olmamışıq. Xankəndi və Ermənistan arasında alternativ yolun olduğunu və bu yoldan hərtərəfli istifadə edildiyini video materiallarla sübut etdikdən sonra Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qoyulmasını bu qədər ləngitmək olmaz. Ermənistan silahlı qüvvələrin Qarabağdan çıxarılmasını sözlə yox, əməldə həll etmək artıq zərurətdir. Biz nə qədər sərt bəyanatlar versək belə qarşı tərəflərə təsir etməyəcək, necə ki, bu günə kimi təsir etməyib. Biz hərəkət etməliyik, düşməni fakt qarşısında qoymalıyıq. Müharibə bitməyib, dayandırılıb.  İlham İsmayıl, Moderator.az 

Yaponiyanın baş naziri Ukraynaya getdi

Hindistana səfərini başa vuran Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya yola düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla xəbər yayıb. Agentlik yazır ki, adətən Yaponiyanın baş nazirinin xaricə səfərindən əvvəl ictimaiyyətə açıqlama verilirdi. Bu dəfə ənənə pozulub. Bildirilir ki, səfər Yaponiyanın Ukraynaya dəstəyini nümayiş etdirir.

Putinin həbsi ilə bağlı order ömürlükdür - Kərim Xan

Rusiya prezidenti Vladimir Putinin həbsi üçün Haaqada verilən order ömürlükdür. Sozcu.az xəbər verir ki, bunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan bildirib. "İnsanlar harada olurlarsa olsunlar, qanunun olduğunu başa düşməlidirlər. Müharibə cinayətləri üçün heç bir məhdudiyyət müddəti yoxdur", - o deyib. Xanın sözlərinə görə, həbs qərarı yalnız Putinin məhkəməyə gətiriləcəyi və hakimlərin işi dayandıracağı halda geri götürülə bilər. Qeyd edək ki, Haaqa məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə qərar verib.

Ukraynada daha 760 rus hərbçisi, 1 helikopter məhv edilib

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 163320 (+760) nəfər canlı qüvvəsi, 3506 (+2) tank, 6823 (+13) ədəd zirehli döyüş maşını, 2552 (+13) ədəd artileriya sistemi, 504 (+1) reaktiv yaylım atəşi sistemi, 265 (+0) hava hücumundan müdafiə sistemi, 305 (+0) təyyarə, 290 (+1) helikopter, 2145 (+0) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5401 (+7) avtomobil texnikası və avtosistern, 258 (+1) xüsusi texnikası məhv edilib.

Əsəd Ərdoğanla “görüş şərtini” açıqladı

Türkiyə qoşunları Suriya ərazisindən çıxacağı təqdirdə Ərdoğanla görüşməyə hazıram. Sozcu.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib. “Ərdoğanla görüşə gəlincə, bu, Türkiyənin aydın formada və heç bir qeyri-müəyyənlik olmadan Suriya ərazisindən ordusunu tam çıxarmasına, vəziyyətin Suriyada müharibə başlamazdan əvvəlki vəziyyətinə qayıtmasına bağlıdır. Bu, mənim Ərdoğanla görüşümün baş tuta biləcəyi yeganə variantdır. Bundan başqa, belə bir görüş Suriyadakı müharibə üçün yekun nəticələrə gətirib çıxarmayacaqsa, onu təşkil etmək nəyə lazımdır?” - Əsəd bildirib. Onun sözlərinə görə, Türkiyə Suriyadakı müharibədə neqativ rol oynayıb, Dəməşqin terrorçu hesab etdiyi təşkilatları dəstəkləyib və ordusunu Suriya ərazisinə yeridib: “Türkiyə bizim üçün işğalçı dövlətdir”.

Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 385-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 161 520 hərbçi, 3492 ədəd tank, 6799 ədəd zirehli döyüş maşını, 2528 ədəd artilleriya sistemi, 502 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 262 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5377 ədəd avtomobil texnikası, 2 132 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 257 xüsusi avadanlıq itirib.