Bu ərazilərə qar yağdı

Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, Şahdağa qar, Xınalıqda isə sulu qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Qar örtüyünün hündürlüyü Şahdağda 5 sm-ə çatıb. Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Kürdəmirdə 27 mm, Cəfərxanda 19 mm, Biləsuvar, İmişlidə 16 mm, Neftçala, Şamaxıda 14 mm, Qrız, Oğuzda 12 mm, Lənkəranda 11 mm, Yevlax, Göygöl, Ordubad, Qobustan, Xaltan, Şəki, Mingəçevir, Lerik, Naftalan, Qax, Tərtər, Gədəbəy, Şahbuz, Sabirabadda, Altıağac, Göyçay, Yardımlı, İsmayıllı, Astara, Naxçıvan, Sədərək, Qusar, Zərdab, Beyləqan, Gəncə, Balakən, Şərurda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 2 mm, Maştağa, Sumqayıt, Neft Daşları, Binədə 1 mm-dək olub. Naftalan, Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 11-14, dağlıq rayonlarda 4-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta olub.

“Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü” - Şəhidin qardaşı

“Atam son nəfəsində qardaşımın şəklini qucaqlayıb dünyadan köçdü”. Bu sözləri “Report”un Yuxarı Şirvan bürosuna mayın 8-də İsmayıllı rayonunun Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Ayaz Həbibulla oğlu Ağayevin qardaşı Eynulla Ağayev bildirib. O, atasının ötən illər ərzində bir dəqiqə də olsa, ümidini üzmədiyini və oğlunun yolunu gözlədiyini bildirib: “Atamın uzun illər ərzində qardaşımı tapmaq üçün döymədiyi qapı, müraciət etmədiyi qurum qalmadı. Həmişə də bizə dönə-dönə deyirdi ki, əgər ömrüm vəfa etməsə, məndən sonra da qardaşınızı axtarıb tapın. Bu gün artıq atamın da ruhu şad və rahatdır”.

Dövlət qurumuna sərt ittiham: “Onların ucbatından insanlar ölür”

“Ümumiyyətlə, Azərbaycanda qida zəhərlənmələri illər boyu gizlədilir. Bu hələ AQTA yaranmamışdan öncə başlayıb və hələ də davam edir". Bunu "Yeni Sabah"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. O, mayın 7-də Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı danışıb. Xatırladaq ki, hazırda dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb. Onların hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış qidadan istifadə etdiyi iddia olunur. Baş verən hadisə bir daha ölkədə qida zəhərlənmələri ilə bağlı problemləri gündəmə gətirib. Mövzu ilə bağlı Yenisabah.az-a danışan AİB sədri Eyyub Hüseynov da qida zəhərlənmələrini ciddi problem hesab edir: “AQTA-nın saytına baxsaq, görərik ki, qida zəhərlənmələrinə görə Azərbaycan dünyanın ən xoşbəxt ölkəsidir. Bütün bunlara baxmayaraq, insan ömrünün uzunluğuna görə Azərbaycan 190 ölkə arasında 119-cu yerdədir. Afrikanın və Asiyanın bir sıra geridəqalmış ölkələrindən belə geridəyik. Bu o deməkdir ki, qidalarımız heç də təhlükəsiz deyil. Agentlik yarananda düşünürdük ki, bu problemlər həll olunacaq, lakin bu belə olmadı. Mən 2 il AQTA-da ictimai şuranın üzvü oldum və dəfələrlə dönərxanalarda vəziyyətin düzəldilməsi ilə bağlı məsələ qaldırdım. Lakin bu çıxışlarım qurumda ironiyaya səbəb oldu. Dönərxanalarda xüsusən quş ətləri ilə bağlı ciddi problemlər var. Məsələ təkcə ətdə deyil, eləcə də mayonez və dönərə əlavə olunan digər əlavələrdədir. Mayonezin saxlama müddəti qabı açıldıqdan sonra 5 saatdan artıq deyil. Amma bir çox dönərxanaya mayonez açıq şəkildə gətirilir və isti şəraitdə saxlanılır. Bundan başqa, bu gündən sabaha qalan, boyat dönərin satışı problemi var”.  Eyyub Hüseynov qanunvericilikdə də ciddi boşluqların mövcudluğunu vurğulayıb: “Dönər elə bil məhsuldur ki, hansı şəraitdə saxlanmasından asılı olmayaraq, 1 gün qaldıqda mütləq kiflənir. Ona görə də elə bil nəzarət sistemi qurulmalıdır ki, bu gündən sabaha saxlanılan dönərin satışı qadağan olunsun. Çox təəssüf,  AQTA-nın çatışmayan fəaliyyətlərindən biri də budur ki, mallardan arxayın olmaq üçün sənəd, sertifikat yoxdur. Sadəcə olaraq AQTA istehsalçı müəssisələrini dövlət büdcəsinə kiçik bir məbləğ ödəməklə reysterə daxil edir. Ciddi çatışmazlıq olan məsələlərdən biri də qanunlardakı boşluqdur. AQTA-nın elə bir səlahiyyəti yoxdur ki, istənilən məntəqəyə cəld müdaxilə edə bilsin. AQTA-nın əsasnaməsinə mütləq dəyişiklik edilməlidir. Belə bir vəziyyətdə, əlbəttə, zəhərlənmələr çoxalacaq. Hesab edirəm ki, Zaqataladan baş verən zəhərlənməmin mənbəyi xammaldan gəlir. Dönərxanalar eyni məntəqədən mal götürür və orada ciddi çirklənmə baş verib. Ona görə bu istiqamətdə AQTA ciddi araşdırma aparmalıdır”.

"Bakı ölüm zonası hesab olunur"

"Əhalinin Bakıya cəmlənməsi insanların ömrünün qısalmasına səbəb olan amillərdən biridir".  Sozcu.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Yusifov deyib. Onun sözlərinə görə, Bakıda insanların məskunlaşması ciddi problemlərə səbəb olur: "Bütövlükdə Qafqaz coğrafiyası uzun ömürlülər diyarı olub. İnsanın uzun ömür sürməsi üçün bütün faktorlar mövcuddur. Ona görə də Azərbaycan xalqı bu coğrafiyada həmişə uzun ömürlülər statistikasına daxil olub. Ancaq təəssüflər olsun ki, son 15-20 ildə Azərbaycan orta yaş həddinə görə sonuncu yerdə olan ölkələrin sırasında gəlir". Sosioloqun fikrincə, bunun səbəbləri çoxdur: "Həm təbii, həm də sırf insanla bağlı süni səbəblər var. Azərbaycan təbiəti kütləvi şəkildə özünün xarakterini dəyişir. Məsələn, Bakı şəhərində statistikaya əsaslansaq, yaşıllıqların ümumi sahəsi 1991-ci illə müqayisədə ən azı 50% azalıb. Bunun müqabilində isə isə insanların sayı kifayyət qədər çoxalıb". Ekspert bildirib ki, Bakı yaşayış üçün təbii baxımdan ən əlverişsiz zonaya çevrilib: "Səbəbi budur. İnsanın yaşadığı ərazidə hava ekoloji baxımdan təmiz, okisgenlə zəngin olmalıdır. Mütəxəssislərin verdiyi rəyə görə Bakı şəhərində okisgenin səviyyəsi yaşayış üçün tələb olunan səviyyədən iki dəfə azdır. Ona görə də bu mənada Bakı ölüm zonası hesab olunur. Okisgenin azlığı insan orqanizminin immun sisteminin aşağı düşməsinə, onun yaddaşının və bütövlükdə orqanizmin tez zəifləməsinə gətirib çıxardır". Sosioloq əlavə edib ki, Azərbaycan əhalisinin təxminən yarısı Bakı şəhərində yaşayır: "10 milyon əhalinin təxminən 2 milyonu Rusiyada, 1 milyona yaxını Türkiyədə, Ukraynada və digər ölkələrdədir. Deməli, Azərbaycanda real əhalinin 7 milyon civarında götürmək olar. Bunun da 3 milyon yarımı Bakı şəhərindədirsə, Azərbaycan əhalisinin təxminən yarısı paytaxt şəhərində cəmlənib. Ona görə də uzun ömürlülərin sayı azalır. Çox yaşamağın şərtləri də çoxdur. Burada psixoloji-sosial, təbii coğrafi faktorlarda var. Bakı şəhərində təbii yaşayış üçün tələb olunan şərtlərin heç biri mövcud deyil. Bakının nə uca dağları, nə də meşə örtüyü var. Nə çəmənləri, nə axar çayları mövcuddur. Bakı tarixən səhra zonasıdır".  Sosiloq hesab edir ki, xalqın bu gün istifadə etdiyi ərzaqların keyfiyyəti köklü sürətdə dəyişib: "İnsanlar əvvəllər təbii ərzaqlarla qidalanırdısa bu gün az qala 90% əhali zərərli qatqıları olan məhsullarla qidalanır. Bunun nəticəsində orqanizimdə təbii qocalma prosesi sürətlənir. Məsələn, bu gün hamının böyük market şəbəkələrindən aldığımız məhsullar kimyəvi qatqılıdır. Onlar insan orqanizmində hüceyrələr tərəfindən sorulmur. Nəticədə orqanizmin qocalmasını sürətləndirir. Azərbaycan xalqının yenidən uzun ömürlülər siyahısına qayıtması üçün əvvala Ərzaq Təhlükəsizliyi mükəmməl şəkildə işlənməlidir və ölkəyə gətirilən trans yağlar, geni dəyişdirilmiş meyvələr tamamiylə bazardan yığışdırılmalı və insanların qida rasionundan çıxarılmalıdır". Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Azərbaycanda uzun ömürlülərin statistiksa açıqlanıb. 2024-cü ilin may ayında yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayı 280 nəfər təşkil edib. Onların 36 nəfəri kişi, 244 nəfəri isə qadındır. 

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az- a cavab olaraq bildirilib. İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Azərbaycanda vəzifəli şəxsi həbs olundu - RƏSMİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar açılmış cinayət işi üzrə xəstəxananın vəzifəli şəxsi həbs olunub. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iş üzrə Məhəbbət Abdullayev və Vidadi Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxan məhkəmənin qərarı ilə hər iki şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdi. Məhəbbət Abdullayev barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müvafiq qərardan verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmuş və təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz edilib.

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 9-u gündüzədək davam edəcək.  Sozcu.az xəbər verir ki, bu abərədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosu məlumat yayıb.  “Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında mayın 8-i gündüzədək arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi bu gün gündüz saatlarına qədər tədricən mülayimləşəcək. Bölgələrdə də yağıntıların 9-u gündüz saatlarına qədər tədricən kəsiləcəyi gözlənilir”, - məlumatda qeyd edilib.  Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu bu gün gündüz saatlarında 13-16, aran rayonlarında 15-20, dağlıq rayonlarında isə 6-11 dərəcə isti olacaq. 

Bakıda güclü külək əsəcək, intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Qeyd olunub ki, mayın 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. 7-si axşam yağıntıda fasilə olacaq.

“Şevrolet”in şüşəsini sındırdı, “Hover”i yandırdı

Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Şevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub. DİN-dən Sozcu.az-a verilən məlumata görə, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO

Bakıda yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Muxtarova hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Rəşad Muxtarov 19 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Rauf Malışov təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə ötən il fevralın 8-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev adıçəkilən təhsil müəssisəsinin tələbəsi, otaq yoldaşı, 2007-ci il təvəllüdlü Rəşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölüb. Rəşad Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb. /ARBTV/

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ - Evlərə çıxarışların...

Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Sozcu.az xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 min 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür. Departament direktoru sənədsiz evlərlə bağlı məsələyə də toxunub. Prosesin davam etdiyini deyən Lalə Əkbərova evlərə çıxarışların müəyyən sənədlər əsasında verildiyini bildirib. Onun sözlərinə görə, sovet dövründə və müstəqilliyin ilk illərində verilən sənədlər hüquqmüəyyənedici olmadığına görə, vətəndaşlar daşınmaz əmlaklarını qeydiyyata aldıra bilməyiblər. Əmlak Məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, hazırda həyət evləri ilə bağlı amnistiya işləri aparılır. Onun sözlərinə görə, bununla bağlı xüsusi portalın istifadəyə verilməsi nəzərdə tutulur. Ekspert əlavə edib ki, gələcəkdə müəyyən sənədləri olan əmlakların qeydiyyat prosesi daha sürətli şəkildə aparılacaq.

Talassemiyalı uşaqların ailələrindən 1 milyon alan şəxs həbs edildi

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxslər vəsatət qaldıraraq ev dustaqlığında olan Aynur Bayramovanın da həbs edilməsini tələb ediblər. Onlar bunu ziyanın ödənilməsinin gecikməsi ilə əlaqələndiriblər. Azad Məcidovun sədrlik etdiyi hakimlər heyəti zərərçəkmişlərin vəsatətini əsaslı sayıb. Qərara əsasən, A.Bayramova məhkəmə zalında həbs edilib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. A.Bayramova xərçəng xəstəliyindən əziyyət çəkən övladının olduğunu deyərək etiraz edib.