Bu rayonda anadan olan uşaqların yarısı nikahdankənar doğulub – Rəsmi

Azərbaycanda il ərzində doğulan 122 min 846 körpədən 15,3%-i və ya 18 min 814-ü rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Sozcu.az açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin 14 min 401-i hər iki valideyinin ərizəsi əsasında, 4 min 413-ü isə tək ananın ərizəsi əsasında qeydə alınıb.  Onu da bildirək ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı son bir ildə 7,1% artıb Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin 11 min 630-u kənd yerlərində, 7 min 184-ü şəhərlərdə doğulub. Qeyd edək ki, Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən çox 2011-ci ildə olub - 30 min 983 nəfər. Məlumat üçün onu da qeyd edək ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı ən çox Cəlilabad rayonunda qeydə alınıb. Bu rayonda il ərzində dünyaya gələn uşaqların 47,9%-i və ya 1 815-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Cəlilabad rayonun kəndlərində doğulan körpələrin isə yarıdan çoxu – 51,6%-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı ən az Şahbuz rayonunda qeydə alınıb. Şahbuzda il ərzində dünyaya gələn uşaqların cəmi 1,5%-i və ya 3-ü rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.

Ət dükanlarında alıcıları belə aldadırlar - ŞOK OLACAQSINIZ!

“Farşların ətdən ucuz olması barədə Azad İstehlakçılar Birliyinə çoxlu müraciətlər olunur. Bu da təbii haldır. Çünki farşın hazırlanmasında heyvanın beynindən, piyindən, yaxud yeyilməyən nahiyələrindən istifadə olunur. Bəzən də çəkilmiş ətin tərkibinə soya unu qarışdırırlar”.  Bu fikirləri “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. O, mağazalarda satılan farşla bağlı bir sıra iddialara aydınlıq gətirib: “Sadalanan səbəblərdən dolayı bu məhsulun qiyməti sümüksüz ətdən daha ucuz başa gəlir. Hətta murdar olan heyvan ətlərinin də farşın hazırlanmasında istifadə olunduğu istisna hal deyil. Bu isə istehlakçılar tərəfindən qətiyyən ayırd edilə bilmir. Bunu ancaq ekspertlərin apardığı araşdırmalar nəticəsində ortaya çıxarmaq mümkündür. Təəssüflər olsun ki, Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilmir. Həmin qərara görə, əmtəə bazarında satılan bütün mallar, o cümlədən, farşlar bükülməlidir, üzərində farşa və onu istehsal edən müəssisəyə aid məlumatlar, həmçinin, istehsal və son istifadə tarixi qeyd edilməlidir. Lakin bunlara əməl edilmir. Ona görə də satışda olan çəkilmiş ətlə bağlı daim şübhələr mövcuddur. Hətta insanlar təmiz ət alıb mağazada çəkdirmək istəyəndə belə satıcılar onları aldadır. Bəzi işpazlar öncədən ətçəkən maşının içinə arzuolunmaz əti daxil edərək, həmin məhsula qatqı olaraq əlavələr edə bilirlər. Belə hallardan sığortalanmaq üçün istehlakçılara tövsiyəmiz odur ki, satıcıdan ətçəkən maşını bir neçə dəqiqə işə salıb təmizləndikdən sonra əti ora daxil etməyi tələb etsinlər. Bütün hallarda isə 1003 qaynar xəttinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyini bu barədə xəbərdar etmək mütləqdir”.  Qida eksperti İsa Əliyev də “Yeni Sabah”a açıqlamasında alıcılara bir sıra vacib tövsiyələr verib:  “Normalda farş da digər ətlər kimi keyfiyyət parametrlərinə uyğun olmalıdır. Bu məhsulun özünə aid sənədi, forma 2 arayışı olması mütləq şərt sayılır. Alıcılar bu sənədi satıcılardan tələb etməlidir. Çünki farş dediyimiz ətə müxtəlif əlavələr qataraq, onun qiymətini ucuzlaşdırırlar. Farş qatılan əlavələrə müxtəlif heyvan piyləri, bir sıra bitkilər, həmçinin, kartof qataraq, onun həcmini artırırlar. Bu təmiz yerdə hazırlanan zaman sağlamlıq üçün təhlükə törətmir. Ancaq birbaşa qida saxtakarlığıdır. Vətəndaşı aldadaraq, haqsız qazanc əldə edilir. Beləliklə, istehlakçı hüquqları pozulmuş olur.  Farşın hazırlanmasında istifadə olunan ətlər bəzən ölü və yararsız heyvanın ətindən olur. Hətta çəkilmiş ətə at əti qatanlar da var. Bu kimi hallar artıq birbaşa insan sağlamlığına təhdiddir. Belə hadisələrlə qarşılaşmamaq üçün istehlakçılara tövsiyə edirik ki, əti aldığı mağazadan, satıcıdan onun sertifikatını tələb etsinlər. Bu onların haqqıdır. Bu sənəddə ətin haradan alındığı, tərkibinə hansı əlavələrin olunduğu haqda məlumatlar öz əksini tapmalıdır. Əgər satıcı satdığı məhsulun sertifikatını təqdim edə bilirsə, ona güvənmək olar. Əks halda etibarlı sayılmır”. 

Abşeron 3, Yardımlıda 5 otaqlı ev yanıb

Abşeron və Yardımlıda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin döşəməsi 15 m² sahədə və tavanının taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Bundan başqa Yardımlı rayonunun Vərgədüz kəndində ümumi sahəsi 235 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rayonlarda yağıntılı hava nə vaxta kimi davam edəcək?

Aprelin 15-i saat 9:00-a olan məlumata əsasən, aprelin 14-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, Şahdağda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm olub. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 28 mm, Baş Daşağıl (Oğuz), Əlibəydə (Zaqatala) 23 mm, Qəbələdə 8 mm, Balakəndə 7 mm, İsmayıllı, Göyçay, Ağsu, Bərdə, Qrız, Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Kürdəmir, Qusar, Yevlax, Quba, Tərtər, Şamaxıda 5 mm-dək olub. Aprelin 14-də şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib. Biləsuvar, Şahdağ, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20-25 dərəcə, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub. Yağıntılı hava şəraiti aprelin 15-i axşam saatlarından tədricən kəsiləcək. 16-17-də ölkə ərazisində havanın sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.

Kürdə batan ata və qızı AXTARILIR

Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.  Bu barədə Sozcu.az-a FHN-dən məlumat verilib.  Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıb.  Xatırladaq ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb. 

89 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

Aprelin 12-də saat 04 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma aparılır.

Daha iki tiktoker saxlanıldı, biri həbs edildi - Rəsmi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, Tiktokda “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanov saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib. R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək. “Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”, - DİN-in məlumatında deyilir. Xatırladaq ki, bundan öncə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşdığına görə, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov isə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirdiyinə görə saxlanılıblar

Təkliflər əl yandırır – Mənzillər öz qiymətindən 2 dəfə baha təklif olunur

Hazırda ölkəmizdə mənzil sahibi olmağın yollarından biri də ipotekadan istifadə etməkdir. Gənc ailələrin bir çoxu da məhz bu kredit növündən istifadə etməklə ev almağa daha çox meyl göstərir.  Lakin ipoteka müddətinin və aylıq ödənişinin olduqca yüksək olması mənzil sahibi olmaq istəyənlərin işini bir qədər çətinləşdirir. Paytaxtda mənzil satışı ilə məşğul olam şirkətlərdən birinin təklif şərtlərinə əsasən, 47 kvadrat metr mənzil ilkin ödəniş 13 min 300 manat olmaqla, aylıq 1130 manata 20 illik ipoteka ilə təqdim olunur.  Riyazi hesablama apardıqda məlum olur ki, hansısa vətəndaş belə bir mənzili ipoteka ilə aldıqda evin qiyməti ona 285 min manata başa gəlir. Bu isə demək olar ki, mənzilin nağd dəyərindən bir neçə dəfə çoxdur.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ümumiyyətlə istənilən mənzilin nağd və kreditli satış qiyməti fərqli olur: “Kreditlər müxtəlif formalarda olur. İllik faizlərinə görə, güzəştli kreditlər 4, adi ipotekalar 7-8, bankdaxili ipotekalar isə 10-14 faiz arası dəyişir. Amma hesablayanda ilk ödənişi hesablayırıq və sona qədər həmin ödəniş ödənilmir. Mənzilin nağdı və kreditli satış qiyməti fərqli olur. 8 faizli ipoteka ilə təxminən 100 manatlıq ev 25 il ərzində 200 min manata yaxın olur. Bu daha dəqiq ipoteka kalkulyatoru ilə hesablanır”.  Ekspert bir çox ölkələrdə mənzillərlə bağlı aşağı faizli xüsusi ipotekaların olduğunu diqqətə çatdırıb: “Dünyanın hər bir yerində banklar pul satır və bankın iş prinsipi də məhz budur. Dünyanın bir çox ölkəsində sırf mənzillə bağlı ipoteka kreditlərinin faiz dərəcəsi azdır. Çünki vətəndaş ipoteka ilə evi aldıqdan sonra həmin mənzil üçün əşyalar alır və bu iqtisadiyyatda pulun dövr etməsinə səbəb olur. Bizim ölkədə də faiz dərəcəsi aşağı olsa daha yaxşı olar. Amma nəzərə almaq lazımdır ki, zaman keçdikcə mənzillərin qiyməti artır və tikinti şirkətləri də məhz buna əsasən qazanc əldə etmək istəyir”.

Neftçalanın "Şəhidlər şəhirciyi"ndə acınacaqlı vəziyyət - FOTOLAR

Neftçala rayonunun Mirzə Ələkbər Sabir küçəsində, rayonda "Şəhidlər şəhirciyi" kimi tanınan yaşayış massivində problem yaşanır.  Şəhərciyin sakini Maqsud Poladov Qaynarinfo-ya bildirib ki, şəhərcik salınandan sonra bəzi küçələr təmir olunsa da, onların yaşadığı küçə bərbad vəziyyətdədir.  "Burada cərgə ilə şəhid ailələri və qazilər üçün fərdi yaşayış evləri tikilib. Tikinti bitdikdən sonra bizim küçədən başqa bütün ara küçələr təmir edildi. Bizim küçənin hansı səbəbdən təmir olunmadığı ilə maraqlandıqda dedilər ki, növbəti il təmir olunacaq. Artıq 3 ildir ki, evlər təmir olunub. Bu müddət ərzində bizim küçəyə heç baxan olmayıb", deyə Maqsud Poladov əlavə edib.  Onun sözlərinə görə, problemlə əlaqədar yerli icra hakimiyyətinə müraciət edilsə də, nəticəsi olmayıb. "Bu biganəliyin səbəbi bizə məlum deyil. Küçə bərbad vəziyyətdədir. Yağış yağdıqda ümumiyyətlə bu küçədə hərəkət etmək mümkün olmur. Dəfərlərlə icra hakimiyyətinə müraciət etmişik. Oradan bildiriblər ki, düzələcək, amma düzəlmir ki, düzəlmir. Bilmirik hara müraciət edək", deyə şikayətçi vurğulayıb.  Maqsud Poladov bildirib ki, sakinlər məsələ ilə əlaqədar daha yuxarı orqanlara müraciət etmək niyyətindədirlər:  "Rayon rəhbərliyi heç bir tədbir görmədiyinə görə, düşünürük ki, daha yuxarı qurumlara şikayət edək. Bəlkə o zaman gəlib düzəldərlər. Başqa yolumuz yoxdur". Qaynarinfo məsələ ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, zənglərə cavab verən olmayıb.  Maqsud Poladov redaksiyamıza ərazidən çəkilən görüntüləri də təqdim edib. Həmin görüntüləri oxucuların diqqətinə çatdırırıq.

Zavod çörəyi ilə bağlı inanılmaz iddia: Tərkibindəki bu maddə öldürür!

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı mağazalardakı qidaların keyfiyyətsizliyindən və alıcıların aldadılmasından danışıblar.  Sozcu.az xəbər verir ki, ekspertlər hətta marketlərdə satılan çörəyin də sağlamlıq üçün təhlükəli olduğunu qeyd ediblər. Elçin Bayramlı zavod çörəyinin konsaregenlərlə dolu olduğunu iddia edib: “Emal sənayesində elə bir qida yoxdur ki, tam sağlam olsun. Mən sizi əmin edirəm ki, bu, belədir. Təbii qida təbiətdən gələn, heç bir kimyəvi maddə qatılmayan, rafinə edilməyən qidalardır. Bu gün insanlar qida qəbul etmir qidanın imitasiyasını qəbul edir. Adi xamanı götürüb üstündə yazılanları oxusanız görəcəksiniz: quru süd, süd yağı əvəzləyicisi, digər kimyəvi maddələr. Xamanın içində süd yoxdur, bunu açıq-aşkar özləri yazırlar.  Çörək də təbii deyil. Yalnız təndirxanalarda, birinci növ undan bişirilən çörəklər təbiidir. Zavodlarda müddət uzadıcı, ağardıcı dərmanlar vurulan çörəklər birbaşa konsaragendir. Bu, birbaşa ölümcül məhsuldur. Zavodlarda bişirilən çörəklərə sürətli mayalandırıcı vurulur. Normal vəziyyətdə 30 dəqiqəyə mayalanan xəmir bu sayədə 5 dəqiqəyə mayalanır, çünki zavod dayanmadan istehsal etməlidir. Bu maddə isə birbaşa konsaragendir. Və ya unun keyfiyyətsizliyini gizlətmək üçün çörəyə ağardıcı dərmanlar vurulur. Bu zaman çörək artıq təbii qida sayılmır”.   Eyyub Hüseynov bir müddət əvvəl Azad İstehlakçılar Birliyinə gətirilən “təbii bal”ın tərkibini yoxladıqlarını və tərkibindən baldan əsər-əlamət olmadığını açıqlayıb:  “Keçən həftə Azad İstehlakçılar Birliyinə “təbii bal” gətiriblər. Saxla bal istehsalçısı üstünə “natural” yazıb, arı şəkli vurub. Tədqiqat apardıq, məlum oldu ki, “paraşok”dur  (toz). Məlum oldu ki, tərkibində baldan əsər yoxdur, hamısı tozlardan hazırlanıb. Qida Təhlükəsizliyi Agentliyi ilə məsələ qaldırdıq və həmin məhsulun satışı tamamilə dayandırıldı, mallar müsadirə olundu. Qida sahəsində bu cür anormal hallar var”. 

Ər və arvad dəm qazından boğuldu

Cəlilabad rayonunda fərdi yaşayış evindən ər və arvadın meyitləri aşkar edilib. Sozcu.az xəbər verir ki, onların dəm qazından öldüyü ehtimal olunur. Hadisənin təfərrüatı və onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Bakıda yağış, rayonlarda qar - SABAHIN HAVASI

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.