“Farşların ətdən ucuz olması barədə Azad İstehlakçılar Birliyinə çoxlu müraciətlər olunur. Bu da təbii haldır. Çünki farşın hazırlanmasında heyvanın beynindən, piyindən, yaxud yeyilməyən nahiyələrindən istifadə olunur. Bəzən də çəkilmiş ətin tərkibinə soya unu qarışdırırlar”.
Bu fikirləri “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. O, mağazalarda satılan farşla bağlı bir sıra iddialara aydınlıq gətirib:
“Sadalanan səbəblərdən dolayı bu məhsulun qiyməti sümüksüz ətdən daha ucuz başa gəlir. Hətta murdar olan heyvan ətlərinin də farşın hazırlanmasında istifadə olunduğu istisna hal deyil. Bu isə istehlakçılar tərəfindən qətiyyən ayırd edilə bilmir. Bunu ancaq ekspertlərin apardığı araşdırmalar nəticəsində ortaya çıxarmaq mümkündür. Təəssüflər olsun ki, Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilmir. Həmin qərara görə, əmtəə bazarında satılan bütün mallar, o cümlədən, farşlar bükülməlidir, üzərində farşa və onu istehsal edən müəssisəyə aid məlumatlar, həmçinin, istehsal və son istifadə tarixi qeyd edilməlidir. Lakin bunlara əməl edilmir. Ona görə də satışda olan çəkilmiş ətlə bağlı daim şübhələr mövcuddur. Hətta insanlar təmiz ət alıb mağazada çəkdirmək istəyəndə belə satıcılar onları aldadır. Bəzi işpazlar öncədən ətçəkən maşının içinə arzuolunmaz əti daxil edərək, həmin məhsula qatqı olaraq əlavələr edə bilirlər. Belə hallardan sığortalanmaq üçün istehlakçılara tövsiyəmiz odur ki, satıcıdan ətçəkən maşını bir neçə dəqiqə işə salıb təmizləndikdən sonra əti ora daxil etməyi tələb etsinlər. Bütün hallarda isə 1003 qaynar xəttinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyini bu barədə xəbərdar etmək mütləqdir”.
Qida eksperti İsa Əliyev də “Yeni Sabah”a açıqlamasında alıcılara bir sıra vacib tövsiyələr verib:
“Normalda farş da digər ətlər kimi keyfiyyət parametrlərinə uyğun olmalıdır. Bu məhsulun özünə aid sənədi, forma 2 arayışı olması mütləq şərt sayılır. Alıcılar bu sənədi satıcılardan tələb etməlidir. Çünki farş dediyimiz ətə müxtəlif əlavələr qataraq, onun qiymətini ucuzlaşdırırlar. Farş qatılan əlavələrə müxtəlif heyvan piyləri, bir sıra bitkilər, həmçinin, kartof qataraq, onun həcmini artırırlar. Bu təmiz yerdə hazırlanan zaman sağlamlıq üçün təhlükə törətmir. Ancaq birbaşa qida saxtakarlığıdır. Vətəndaşı aldadaraq, haqsız qazanc əldə edilir. Beləliklə, istehlakçı hüquqları pozulmuş olur.
Farşın hazırlanmasında istifadə olunan ətlər bəzən ölü və yararsız heyvanın ətindən olur. Hətta çəkilmiş ətə at əti qatanlar da var. Bu kimi hallar artıq birbaşa insan sağlamlığına təhdiddir. Belə hadisələrlə qarşılaşmamaq üçün istehlakçılara tövsiyə edirik ki, əti aldığı mağazadan, satıcıdan onun sertifikatını tələb etsinlər. Bu onların haqqıdır. Bu sənəddə ətin haradan alındığı, tərkibinə hansı əlavələrin olunduğu haqda məlumatlar öz əksini tapmalıdır. Əgər satıcı satdığı məhsulun sertifikatını təqdim edə bilirsə, ona güvənmək olar. Əks halda etibarlı sayılmır”.