Bakıda 15, Gəncədə 16 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb. “Report”un xəbərinə görə, hadisə mayın 27-də paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Aişən Zaur qızı Abbaslı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır. Analoji hadisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində də qeydə alınıb. Şəhər sakini, 2007-ci il təvəllüdlü Aytən Mustafa qızı Orucova yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Bakıda faciəvi şəkildə ölən gənc aqronom imiş

Mayın 27-si axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsində ağır yol qəzası baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, idarə etdiyi mopedin yük avtomobilinə çırpılması nəticəsində ölən 1988-ci il təvəllüdlü Əliyev Rasim Güləli oğlunun şirkətlərdən birində işləməsi məlum olub. Belə ki, aqroparklardan birində aqronom kimi fəaliyyət göstərən Rasim mopedlə yaşadığı qəsəbədə hərəkətdə olarkən qəzaya düşüb.

Balakəndə kafedə DAVA: Xəsarət alan var

Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, mayın 28-də rayon sakini Ceyhun Kahayevin işlətdiyi kafeyə müştəri qismində gələn Balakən şəhər sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Məmmədov orada mübahisə yaradıb. O, əvvəlcə bakal ilə obyektdəki televizoru sındırıb, daha sonra isə C.Kahayevin üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.az-a bildirib ki, M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. “Onun xuliqanlıq əməlini sərxoş vəziyyətdə törətdiyi müəyyən edilib. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır”, – deyə M.Məsimov vurğulayıb.

Xırdalanda yaşayış binasında yanğın olub: Zəhərlənənlər var

Abşeron rayonunun Xırdalan şəhərində səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 metr kabel yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala sakini sirkə turşusundan zəhərlənib

Zaqatalada 72 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Rayonun Muxax kənd sakini 72 yaşlı Zahidət Abdullayeva kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. Zahidət Abdullayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

Ramanada avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Mayın 26-da saat 10 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən xəbər verilib. Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini olan Səbuhi Heydərzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

UNICEF koordinatoru: “Azərbaycanda minalardan ölənlərin sayı kifayət qədər çoxdur”

“Xüsusilə Azərbaycan əhalisinin sayını nəzərə alsaq, Azərbaycanda mina partlayışları nəticəsində ölənlərin sayının kifayət qədər çox olduğunu söyləyə bilərik”. Bunu Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda iştirak edən UNICEF-in minatəmizləmə üzrə koordinatoru Hyuq Loranj jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıqdan danışıb. “Azərbaycanda minaların insan itkisi olmadan təmizlənməsi çox vacibdir. Lakin bunun üçün lazımi qədər sərmayə qoymaq lazımdır. Bundan başqa, hər bir vətəndaş minaların yaratdığı təhlükə və risklərdən xəbərdar olmalıdır. Üstəlik, təhsil vasitəsilə sülhün bərqərar olmasına töhfə vermək lazımdır”, - H.Loranj bildirib. Qeyd edək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır – işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub (57-i həlak olub, 245-i yaralanıb). Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb. Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verir. Konfransın ilk günü mayın 25-də Ağdamda keçirilib. Qonaqlar panel müzakirələrdə iştirak ediblər. Onlar Ağdama səfər çərçivəsində bərpa-quruculuq planları ilə tanış olublar. İkinci beynəlxalq humanitar minatəmizləmə konfransında 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxslər - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər.

Şəhid atasının adından insanları aldadan şəxs saxlanıldı

Culfada şəhid atasının adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Culfa Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi şəhidi Nicat Məmmədlinin şəkillərini paylaşaraq şəhid atasının adından vətəndaşları işə düzəltmək adı altında aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirən Rizvan Qafarov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçildi

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən Səfər Kavazovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Xaçmaz Rayon Məhkəməsində çıxarılıb. Belə ki, hakim Sərxan Səmədzadənin sədrliyilə keçirilən məhkəmə iclasında S.Kavazovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb və barəsində cinayət işi açılıb. *** 17:04 Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən Səfər Kavazov Xaçmaz Rayon Məhkəməsinə gətirilib. Məlumata görə, bu gün onun barəsində istintaq orqanının təqdimatına baxılacaq. Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb, və barəsində cinayət işi açılıb./Report

Bakı sakini döyüldü, 4000 manatı və 2800 manatlıq telefonu əlindən alındı

Mayın 20-də Nəsimi rayonu ərazisində bir nəfərin Bakı şəhər sakini M.Quliyevə zor tətbiq edərək içərisində 4000 manat olan cüzdanını və 2800 manat dəyərində mobil telefonunu talaması barədə polisə məlumat daxil olub. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir. 324 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcəkdir. İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin edilib. İmtahanda iştirak edən ən yaşlı namizəd 67 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 61%, respublikanın digər regionları üzrə isə 39%-dir. Qeyd edək ki, say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur. Bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəkdir. Namizədlərin 14%-i xarici, 86%-i yerli ali təhsil müəssisələrində təhsil alanlardır. Bu siyahıda ilk yeri 54% ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 66%-ni təşkil edir. Qadın namizədlər 25%, kişi namizədlər isə 75%-dir.