Bayram namazının vaxtı açıqlandı

İyun ayının 28-də məscidlərdə Bayram namazı qılınacaq. Sozcu.az xəbər verir ki, bu barədə QMİ-nin Qurban bayramı ilə bağlı fitvasında deyilir. Qeyd edilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. "Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq", - fitvada bildirilir.

Zaqataladan sel keçdi

İyunun 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Göygöl, Balakən, Beyləqan, Daşkəsən, Gədəbəy, İmişli, Cəfərxan, Sabirabad rayonlarında və Abşeron yarımadasında 4 mm – dək olub. Yağan leysan xarakterli yağış nəticəsində bu gün saat 08:00 radələrində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib. İyunun 22-də saat 08:18-də Daşkəsən rayonuna diametri 13 mm olan dolu düşüb. Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu iyunun 21-də iqlim normasından 1 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 15, Aran rayonlarında 31 dərəcəyədək isti təşkil edib.

Özümə də, biliyimə də güvənirəm - Yüksək bal toplayan şəhid anası

Xəbər verdiyimiz kimi, müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ikinci günü başa çatıb. İmtahanda iştirak edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qaziyeva yüksək nəticə əldə edib. Zaqatala rayonunun Aşağı Tala kəndindəki 3 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyən Südabə Qazıyeva 67 dəqiqədə 59 bal toplayıb. İmtahanla bağlı təəssüratlarını Modern.az-la bölüşən şəhid anası yüksək bal toplayacağına əminliyini ifadə edib. “İmtahan yaxşı keçdi. Heç bir problemim olmadı. Mən diaqnostikada da yaxşı bal yığmışdım. Sınaqda da iştirak etmişdim. Ona görə sertifikasiyada yüksək bal gözləyirdim. Aşağı bal toplamayacığımdan əmin idim”,- o deyib.   Südabə Qazıyeva imtahan üçün xüsusi hazırlıq keçmədiyini qeyd edib: "Sözün açığı, mən imtahana elə də hazırlaşmırdım. Çünki buna heç ehtiyac yoxdur. Sınaqlarda iştirak etmişəm. Biliyimə əminəm, özümə güvənirəm. Sadəcə "Youtube" kanallarında kurikulumla bağlı videolara baxırdım. İmtahan prosesi çox yaxşı keçdi. Həyəcanlanmadım”. Müsahibə mərhələsindən gözləntilərinə gəlincə, şəhid anası deyib: “Mənim məktəbdə işlərim çoxdur. Hazırda həmin işlərlə maraqlanıram. Müsahibə mərhələsində də uğur qazanacağımı düşünürəm". Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

Bakı Hava Limanında qarşıdurma: Yüzlərlə sakin Naxçıvana uça bilmir

Bakı Hava limanında dünən gecədən etibarən gərginlik yaranıb.  Bakı-Naxçıvan reysilə uçmağa çalışan vətəndaşların "AzPolitika.info"-ya verdikləri məlumata görə, gecə reyslərinin Naxçıvanda hava şəraitinin yaxşı olmaması səbəbindən təxirə salınmasına görə yüzlərlə sərnişin gecəni hava limanında keçirib.  Gecə saat 2-də uçmalı olan sərnişinlərə bildirilib ki, onların reysi bu gün 16,30-a qədər təxirə salınır. Lakin səhər saat 7-yə təyin olunmuş reysin yerinə yetirilməsi cəhdi gərginliyə yol açıb.  Aeroport rəhbərliyi narazı vətəndaşların qarşısına polisi çıxarıb. Gecədən reysi yubanan vətəndaşlar tələb ediblər ki, birinci onlar yola salınsınlar. Bundan sonra hətta iki reysin sərnişinləri arasında da gərginlik yaşanıb.  Mənbə bildirir ki, hazırda Naxçıvana heç bir reysi yerinə yetirmək olmur, yüzlərlə sərnişin, o cümlədən uşaq və yaşlılar aeroportda gözləyir.

Bakıda çay evinin sahibi müştəriləri bıçaqladı

Bakıda çay evinin icarədarı müştərilərini bıçaqlayıb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Naxış” çay evində qeydə alınıb. Belə ki, çay evinin icarədarı Hüseyn Baratovla həmin obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayev arasında mübahisə yaranıb. Mübahisə zamanı o, üzərində gəzdirdiyi bıçaqla hər iki şəxsə xəsarət yetirib. Faktla əlaqədar cinayət işi başlanılaraq istintaq aparılır.

İdman zalında qətl törədən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində idman zalında qətl törətməkdə ittiham olunan Əli Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ə.Abbasovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qeyd edək ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən orada idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla mübahisə edib. Bəxtiyar Nəsibov Əli Abbasova bədən xəsarətləri yetirib. Daha sonra Əli Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibova üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb. Əli Abbasov əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilib. Dövlət ittihamçısı bu maddənin sanksiya tələbinə uyğun olaraq ona cəza istəyib. Bundan sonra zərərçəkmiş tərəfin vəsatəti əsasında onun əməlində daha ağır cinayətin olması şübhəsi olduğu üçün iş prokurora geri qaytarılıb. Yenidən aparılan araşdırmadan sonra Əli Abbasova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddələri ilə ittiham verilib. /Pravda.az/

Bu həkimlərə əlavələrin ödənilməsi dayandırılacaq

Həkim və tibb mütəxəssislərinin əmək fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinq komissiyasının yaradılması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumun açılış mərasimində deyib. Qurum rəsmisi qeyd edib ki, komissiya tərəfindən həkim mütəxəssislərə 6 ay ərzində monitorinq keçiriləcək: “Monitorinqdən müvəffəqiyyətlə keçən həkimlərə həvəsləndirici əlavələrin ödənilməsi 2024-cü ilədək uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərə əlavələrin ödənilməsi dayandırılacaq”. V.Qurbanov vurğulayıb ki, monitorinqlər zamanı həkimlərin peşəkarlığı və şəxsi keyfiyyətləri əsas götürüləcək.

Keçmiş deputat vəfat etdi

Milli Məclisin keçmiş deputatı Akif Şahbazov vəfat edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, o, 65 yaşında Bakı şəhərində dünyasını dəyişib. Mərhum doğulduğu Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib. Qeyd edək ki, Akif Rəhim oğlu Şahbazov 15 dekabr 1957-ci ildə anadan olub. O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

Hər uşaqlı ailəyə 500 manat veriləcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet informasiya ehtiyatına (www.president.az) oxşar saxta veb səhifələr yaradılaraq ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara yeni qanunun qüvvəyə minməsi və uşaqlı hər bir ailəyə 500 manat məbləğində müavinət verilməsi ilə bağlı saxta mesajlar göndərilir. Sozcu.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Vətəndaşlardan qeyd olunan müavinəti əldə etmək üçün göndərilən saxta keçidə daxil olaraq özünün və övladının tam adını, növbəti mərhələdə isə bank kartı məlumatlarını yazmaları tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, əlaqədar qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir. Müxtəlif vasitələrlə sizə göndərilən şübhəli keçidlər vasitəsilə bank və digər fərdi məlumatlarınızı daxil etməyin.

Gələn həftədən 7 günlük tətil başlayır

Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır. Sozcu.az xəbər verir ki, Baş nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə imzaladığı qərarə əsasən, 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir. 1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq. 7 günlük tətildən sonra isə yeni iş günü iyulun 3-dən başlayacaq.

Bakı sakininin bank kartı oğurlanıb

Bakı şəhər sakininin bank kartı oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, paytaxt sakini olan bir nəfər iyunun 9-da Binəqədi rayonu ərazisindəki kafelərin birində cüzdanından 90 manat pulunun və bank kartının oğurlanması, sonradan həmin kartından 493 manat dəyərində alış-veriş edilməsi barədə polisə müraciət edib. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Biri 3 gün əvvəl məzun olmuşdu - Kürdə batan yeniyetmələr...

Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların hər biri rayonun Beşdəli kənd sakinləridir. 18 yaşlı Elşən Əhmədov və 16 yaşlı Siyasət Əhmədov qardaşdır. S.Əhmədov orta məktəbi bu il bitirib, o, üç gün əvvəl məzun gününü qeyd edib. Çayda boğulan Teymur Məlikov isə Dövlət Sərhəd Xidmətinə (DSX) daxil olan təhsil müəsisələrindən birinin kursantıdır. Yeniyetmələr ötən gün Kür çayının Neftçala rayonu, Cəngən kəndindən keçən hissəsində çimərkən boğulublar. Onların cəsədləri FHN tərəfindən tapılaraq ailələrinə təhvil verilib.