“Semaşko”da dəhşətli virus mənbəyi – SPİD, hepatit tullantıları həyətdə…VİDEO

1 saylı Şəhər Kliniki Xəstəxanası (Semaşko) antisanitariya yuvasına çevrilib. Xəstəxana həyəti tullantılarla dolub – daşır. Reportyor.info-ya göndərilən video faktdan da görünür ki, “Semaşko” zibil dağına çevrilib. Buna şərait yaradan isə xəstəxananın direktoru Könül doktor və Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Fərrux həkimdir. Deyilir ki, xəstəxananın bütün cərrahi şöbələrində olan əməliyyatlarda istifadə edilmiş sarğı və cərrahi materialları, eləcə də dializ şöbəsində bütün xəstələrin tullantıları (hepatit B və C, HİV, SPİD, dializli xəstələrin çoxunda bu viruslar var), damardaxili sistem şlanqları (hansı ki, həmin şlanqlarla qan və qan preparatları köçürülür) həmin zibilliklərdə “rəqs edir”. Bundan əlavə, dezinfeksiya edilib yandırılmalı olan tibbi tullantılar həyətdə zibillik olaraq saxlanır və üç aydır ki, təmizlənmir. Bu da infeksiya mənbəyi, yoluxucu xəstəliklər ocağıdır. Həmin tullantılar yoluxucu xəstəliklər şöbəsinin olduğu binanın qabağında yığılıb dizə çatıb. Deyilir ki, bu məsələdə hər gün işə bahalı maşınlarda gələn direktor Könül və şöbə müdiri Fərrux doktorların günahı var. Onların zibilliyi təmizlətdirmirlər və nəticədə virus mənbəyi təhlükə saçmaqdadır. O da xəbər verilir ki, yoluxucu xəstəliklər şöbəsində reanimasiya ləğv olunub. Xüsusi təhlükəli pasientlərin qəbulu bu səbəbdən terapevtik və cərrahi xəstələrlə eyni yerdə aparılır. Eyni zamanda, 4 yoluxucu şöbə ləğv edilərək bir şöbədə birləşdirilib və eyni mərtəbədə müalicə gedir. Bir sözlə, cinayətə yol verilir.

Ordubadda oğurluq edən şəxs saxlanılıb

Ordubad rayon Qoşadizə kəndində oğurluq hadisəsi baş verib. Ordubad RPŞ-i tərəfindən aparılan təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törədən Səməd Babayev müəyyənləşdirilərək saxlanılıb. Oğurladığı pul əskinasları maddi sübut kimi götürülüb. Şəxs barədə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Dumanlı hava şəraiti nə qədər davam edəcək?

“Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti martın 2-si səhərədək fasilələrlə müşahidə olunacaq”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dumanlı hava şəraitinə səbəb Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkət etməsidir: “Belə ki, yüksək təzyiq sahəsində yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir. Gecə saatlarında da temperaturun nisbətən aşağı olması, yer səthində və yuxarı hündürlüklərdə az sürətli cənub-şərq küləklərinin üstünlüyü dumanın əmələ gəlməsinə səbəb olub”. G.Məmmədova qeyd edib ki, Bakı, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Şabran, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astarada dumanlı hava şəraiti müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb: “Müqayisə üçün bildirək ki, fevralda dumanlı günlər Abşeron yarımadasında 2012, 2013, 2014 , 2015, 2016, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə qeydə alınıb. Lakin bu il fevral ayında Bakı şəhəri və onun ətrafında, əvvəlki illərdən fərqli olaraq 3 gün ərzində davamlı qatı duman müşahidə edilir”.

Bakıda özəl bağça sahibi ağacları qanunsuz olaraq kəsib

Bakı şəhərinin Nəsimi rayonu və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı Nəsimi rayonu, Ənvər İsmayılov küçəsi, “Yaşıl Ada” uşaq bağçasının ətrafındakı ağacların bağçanın sahibi Oktay Abutalıbov, Tovuz rayonun Koxa Nəbi kəndi ərazisindəki ağacların isə kənd sakini Binnət Hüseynov tərəfindən kəsildiyi məlum olub: “Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Ağsulu sahibkarlar nazir müavini ilə görüşüblər: YENƏ SÖZ VERİLDİ

Fevral ayının 28-də Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahibləri yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar.  Nazirlikdə sahibkarları nazir müavini Vüqar Kərimov qəbul edib. Sahibkarların Sozcu.az saytına verdikləri məlumata görə, görüşdə  Vüqar Kərimova bildiriblər ki, onlara məxsus olan iaşə obyektləri dövlət layihəsi əsasında tikilib və  Prezident İlham Əliyevin adından onlara təminat verilib ki, layihəni bitirdikdən sonra  müqavilə ilə təmin olunacaqlar. Ancaq buna baxmayaraq, dövlət orqanlarının qapılarında qalıblar.  Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovun sahibkarlara köməklik göstəriləcəyini soz verdiyini deyən sahibkarlar qeyd ediblər ki, Vüqar Kərimov  bildirib  ki, Prezidentin adı olan heç bir işdə onlara problem yaradıla bilməz. Onlara müqavilə ilə təmin olunmaları ilə bağlı köməklik göstəriləcək. Vüqar Kərimov sahibkarlara əllərində olan sənədləri toplayaraq, yaxın günlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə gəlmələrini bildirib. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, iaşə obyektlərini turizim xəttinə uyğun verilən layihəyə ilə  yenidən tikmələri tapşırığı verilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Prezident İlham Əliyevin adından  sahibkarlara təminat verərək bildirib  ki, layihə tikilib təhvil verildikdən sonra, sahibkarlar müqavilə sənədi ilə təmin olunacaqlar. Sahibkarlar isə  bildirirlər ki, layihəni bitirsələr də nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.

Martda havanın temperaturu iqlim normasına yaxın olacaq

Mart ayına gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Qışla yaz arasında keçid dövrü olduğundan mart ayında hava şəraiti dəyişkən olur. Mart ayında havanın orta aylıq temperaturu kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Mart ayının ilk günlərində ölkə ərazisində əsasən şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 20-27 mm). Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44 mm). Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 9 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 11-16 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 42-52 mm). Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-48 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma 23-90 mm). Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma 24-45 mm).

Bakıda müəllim şagirdi döydü, valideyn polisə müraciət etdi

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib. Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə müəllimə tərəfindən döyüldüyünü bildirib. O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllimə barəsində tədbir görülməsini xahiş edib. Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

Alatava-1 söküləcək: kimə nə verəcəklər?

Alatava-1 qəsəbəsinin söküləcəyi gözlənir. Bu barədə AzadlıqRadiosuna həmin qəsəbənin sakinləri danışıb. Onların sözlərinə görə, bu barədə sakinlərə hələ ötən ilin sonundan məlumat veriblər. Amma onlar bəzi narahatlıqlarını da dilə gətiriblər. Sakinlərdən ad və soyadının çəkilməsini istəməyən bir şəxsin vurğulamasına görə, onlara deyiblər ki, bu, pilot layihəsi kimi bir şey olacaq: "Evimiz söküləcək və yerində tikilən binada bizə mənzil veriləcək". O, narahatlıqlarını belə ifadə edib: "Başqa bəzi yerlərdə, məsələn, Yasamalda, Nərimanovda görürük ki, camaatı süründürürlər. Nə ev verirlər, nə də kirayə ödəyirlər. Açığı, buna görə ehtiyatlanıram. Birdən bizdə də belə olsa? Kimə şikayət edəcəyik? İndi heç olmasa bilirik ki, pis-yaxşı evimiz var". Qəsəbənin yerləşdiyi Yasamal Rayon İcra Hakimiyyətindən isə "Turan"a bildirilib ki, bununla bağlı artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şirkətlərin biri ilə razılıq da əldə edib: "Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb". Qurumdan qeyd olunub ki, rayon ərazisində istismar müddəti başa çatan binalar və fərdi evlər artıq siyahıya alınıb: "Evlərin bir hissəsinin bu il ərzində sökülməyi nəzərdə tutulur. Sakinlərin istəyinə uyğun olaraq bəzilərinə maddi kompensasiya ödəniləcək, bəziləri isə yeni binalarda mənzillə təmin ediləcək. Tikinti zamanı sakinlər şirkət hesabına kirayə mənzillərə köçürüləcəklər". Amma icra hakimiyyətindən şirkətin adını çəkməyiblər. Ona görə də onun təkliflərinin detallarını tam aydınlaşdırmaq mümkün olmayıb. İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Alatavada artıq binaların tikintisinə başlanıb: "Qəsəbənin düz ortasında artıq iki bina tikilir. Orada 40-a yaxın ailə idi, onlarla danışıblar. Tikilən binada mənzil verəcəklər, bina tikilənə qədər kirayə vəsaiti ilə bağlı da anlaşma olub". Onun sözlərinə görə, vətəndaşlarla anlaşmağa məcburdurlar: "Yəni, bu, dövlət layihəsi deyil ki, qiyməti hansısa formada diktə etsinlər..."Qış parkı" və digər mərkəzi küçələrdə olan ərazilərdə yaşayan sakinlərin seçim imkanları məhdud idi, çünki onu dövlət layihəsi kimi təqdim etdilər. Sonra əl dəyişdi, icra hakimiyyətinin əlindən alıb kommersiya şirkətinə verdilər, daha sonra yenidən icraya qaytarıldı və insanların kifayət qədər ciddi mülkiyyət hüququ pozuldu". Cəfərlinin fikrincə, Alatavada da narazılıqlar olacaq: "Çox güman ki, evlərin, həyətlərin kvadratmetrin hesablanması qaydaları ilə bağlı kifayət qədər narazı adamlar da olacaq. Alatavada bəzi sakinlərin evlərinin çıxarışları yoxdur". İqtisadçı Alatavada yaşayan vətəndaşlara ictimai təşkilat yaratmağı məsləhət görüb: "O təşkilat vasitəsilə danışıqlar aparılsın, həm şəffaflığın yaradılmasına çalışılsın, həm də ictimai bilgiləndirmə olsun. Kommersiya şirkətləri də vətəndaşların hüquqlarını poza bilər, necə ki, biz dəfələrlə bunun şahidi olmuşuq".

Lənkəranın mərkəzi xəstəxanası, Lənkəran bazarı ilə müqayisə olundu - Müraciət

Astara rayon Hamoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyev Lənkəran Mərkəzi Xəstəxanasında olan vəziyyətlə bağlı TƏBİB - ə müraciət edib:  Sozcu.az həmin müraciəti təqdim edir:  "Hörmətli TƏBİB ! Lənkəran Mərkəzi xəstəxanasındakı vəziyyət , Lənkəran bazarından daha pisdir. Xəstəxana qanunlara deyil, həkim və rəhbırliyin istək və arzuları ilə idarə olunur. Sizin qaynar xəttə üç dəfə zəng edəndən, üçüncü cəhdən sonra , Astaradan verilən göndərişi qəbul etdilər. İki xəstəna arasındakı ziddiyyətlərin əziyyətini vətəndaş çəkməli deyil!"

DYP dumanlı hava ilə bağlı müraciət edib

Bakı şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, dumanlı hava şəraiti ilə bağlı sürücülər ara məsafəsinə, sürət həddinə diqqət yetirməlidir: O, dumanlı havada görmə məsafəsinin aşağı düşdüyünü vurğulayıb: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmağı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!”

“Azərlotoreya” cibimizə necə girir? - “Misli” və “Poz Qazan”-nın yeni cibəgirənlik üsulu

İnsan daim bəxtinin gətirməsi üçün çabalar edir, yarışlara qatılır, lotereya bileti alır, hansısa işə başlamaq üçün kimdənsə borc pul götürür və s. Bəxtsiz adamların isə sığınacağı heç bir liman yoxdur. Onların istədikləri dünyaya biletlər satılmır, heç bir təyyarə, avtobus, qatar o yerlərə gedib çıxmır. Bir də var bütün bu olanları sakitcə tamaşa edən adamlar: insanların bəxtinin açılmasında açar rolu oynayanlar.  "Azərbaycan Reallığı" xəbər verir ki, “Misli” mərc həvəskarlarını cəlb etmək üçün hər cür fırıldağa və şirnikləndirici yola əl atır.Bu oyunlarla “Misli” qumar aludəçilərini maaş aldıqları gün oyun oynamağa, qazandığı pulu oyuna qoymağa çağırış edir.  “Lotereya” Bəlkə də dırnaq içində yazıldığına görə orfoqrafik səhv axtaracaqsınız. Xalq zəhmətkeşdir.Niyə axı zəhmətkeşin cibindən onun öz əli deyil,tənbəl yaxud oyunbaz pulunu çıxartsın. Lotereya qumardır. Peşəsinə sadiq qalıb, onlarla sosial media hesabları hay-həşir salır. Hardasan “Misli” nə bilim “Poz Qazan”? Lotereya oyunları dünyanın bəzi ölkələri istisna olmaqla hər yerdə var. Dünya təcrübəsi göstərir ki, loto oyunlar nəticə etibarilə həm insanların boş vaxtlarının səmərəli və əyləncəli keçməsinə xidmət etməli, həm də iqtisadi fəaliyyət növü kimi dövlətə və cəmiyyətə sosial-iqtisadi fayda verməlidir. Azərbaycanda lotereya oyunları rəsmi olaraq 2001-ci ildə yaradılan “Azərlotereya” ASC tərəfindən keçirilir. 2021-ci ildə “Azərlotereya”nın xarici investor kimi Türkiyənin “Demirören Holding” şirkətinin idarəçiliyinə verilib. Lotereya qumardısa, qumarda tüfeyli həyat tərzidir. Qumarın leqallaşdırması, adına nə qoyur-qoysun – “Poz, qazan”, nə bilim, lotereya – məhsul eynidir. Bu, bütün dünyada var. Hamıya bəllidir ki, “Poz, qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar.  Vətəndaşlar müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlar kiçik həcmdə çoxlu sayda vəsait itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür. Dayanacaqlarda, metro girişlərinin qarşısında, hətta marketlərin yanında belə satışa çıxarılan bu lotereyalara böyüklərlə yanaşı məktəblilərin də marağı böyükdür. Xırda uduşlarla iştirakçıların şirnikləndirildiyi həmin oyunda bu günə qədər nədənsə böyük məbləğli uduşlara rast gəlinməyib. Faktlar var ortada.Qurum özü 2022-ci ilin ən yüksək uduş məbləğinin 1000 AZN olduğunu açıqlayıb. Maraqlı olan bu deyil? Maraqlısı olan odur ki,ortada gəzən bəzi insanlar 25-30 min qazandığından dəm vurur. Bu insanlar kimlərdir? Təşkilatçı cibəgirənlərin 10-15 manatını cibində gəzdirənlər. “Misli” “Poz Qazan” və başqaları… Məlumatlar verilir ki, bu kimi təşkilatların sayı cari ildə dahada artacaq. Qoy artırılsın. Pozaq. Qazanmaq istəyən pozsun. Unutmayın pozanlar sadəcə kağız kirini pozmurlar,həmdə həyatlarını pozurlar. “Misli” kimilər uğurlu fəaliyyətləri ilə davam edir. O zaman bizdə davam edəcəyik.

Ağsulu sahibkarlar etiraza qalxdı: ETSN onları niyə məhkəməyə verib? –VİDEO

Bu gün bir qrup Ağsu rayon sakini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında toplaşaraq, nazir Muxtar Babayevlə görüşmək istəyiblər. JAMAZ.İNFO xəbər verir ki, nazirin qəbul günü olsa da, onlara bildiriblər ki, nazir Muxtar Babayev hazırda iş yerində olmadığı üçün qəbul edə bilməzlər. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, hazırda olan obyektləri söküb, verilən layihəyə uyğun şəkildə tikmələri tapşırığı verilib. Prezidentin müşaviri Zeynal Nağdəliyev dövlət adından bildirib ki, layihə tikilib təhvil verildikdən sonra sahibkarlara müqavilə sənədi veriləcək. Sahibkarlar bildirirlər ki, verilən layihəni külli miqdarda kredit götürərək və digər formalarda borca düşərək tamamlasalar da, Ekologiya Nazirliyi onlarla müqavilə bağlamır. Sahibkarlar bildirirlər ki, layihəni bitirdikdən sonra onlara sənəd verəcəklərini bildirsələr də, nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.