Xətai rayonunun Neapol dairəsi yaxınlığında, Telnov küçəsində yerləşən yeni tikilinin 14 sakini aldıqları mənzillərə köçə bilmir. İllərdir məhkəmələrə ayaq döyən, süründürməçiliklə haqqını ala bilməyən sakinlər bu dəfə Müstəqil Həmkarlar Birliyinə (MHB) müraciət edərək, hüquqlarının qorunmasını xahiş ediblər. Şikayətçilər ya aldıqları mənzilləri, ya da pullarının onlara verilməsini istəyirlər. Onlar sözügedən ərazidə yerləşən binanın bütün sakinlərinin aldadıldığını deyiblər. Binanın sakinləri Telnov küçəsindəki sözügedən binadan hələ 2014-cü ildə mənzil alıb. Amma sən demə həmin mənzillər başqasına da satılıbmış. Zərərçəkmişlər məsələ ilə bağlı məhkəməyə müraciət ediblər. Vətəndaşların şirkətə ödədiyi pullarının qaytarılması ilə bağlı məhkəmə qərarı olsa da, şirkət tərəfindən icra edilmir. Evsiz qalan “bina sakinləri” illərdir nə pullarını ala bilir, nə də evlərini… MHB-nin sədr müavini Xəzər Teyyublu Versus.az-a bildirib ki, tikinti şirkətləri tərəfindən sakinlərin bu cür aldadılması az qala adi hal alıb. Onun sözlərinə görə, problem ondan başlayır ki, bir buna bir neçə podratçı şirkətlər tərəfindən tikilir və hər şirkət də öz istədiyi kimi mənziləri satır. Beləliklə də bir mənzil bir neçə dəfə satılır və mənzilə sahib olmaq istəyən vətəndaşların pulları alınır, özləri isə çöldə qalırlar. Zərərçəkənlər məhkəmələrə üz tutur, məhkəmə dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar verir, yenə də podratçı şirkətlərin “ötür-ötür oyunu”, icraasız qalan məhkəmə prosesləri ilə ortada qalırlar. X.Teyyublu qeyd edib ki, Xətai rayonunun Neapol dairəsi yaxınlığında, Telnov küçəsində yerləşən yeni tikilinin 14 sakini Şərur İnşaat MTK-nın nəzdində formalaşan AzərTikinti İnşaat şırkətinin oyunlarına gəlib: “Məhkəmə qapılarına ayaq döyməkdən yorulan, bir az da yaşlanan bu “evsiz sakinlər” illərdir özünə, övladına aldığı mənzilə köçmək arzusunu gerçəkləşdirə bilmir, haqlarını ala bilmədikləri üçün dövlətdən narazı qalırlar. Çünki vətəndaş həm pulunu itirir, həm aldadılır, bundan qazanan isə dələduz iş adamları olur”. X.Teyyublu bildirib ki, MHB-nə daxil olan şikayətlər, qarşılaşdığımız faktlar cəmiyyətdə həllini gözləyən həddən artıq sosial, hüquqi problemlərin olduğunu göstərir. Onun sözlərinə görə, Müstəqil Həmkarlar Birliyinə hər gün belə 10-larla şikayətlər daxil olur: “İnsanlar hüquqlarını, haqlarını qoruyan, onları doğru ünvana yönəldən, sözlərinin aidiyyatı orqanlara çatdırılacağına əmin olduqları, etibar etdikləri bir təşkilata – Mütəqil Həmkarlar Biriyinə müraciət edirlər. MHB bütün şikayətləri təhlil edir, araşdırır və məsələni birbaşa aid olduğu dövlət idarəsi qarşısında qaldırır, həllinə çalışır”. X.Teyyublu MHB-nə daxil olan müraciətlər içərisində özləri ayrı-ayrı ölkə vətəndaşları olub, övladlarına vətəndaşlıq ala bilməyən insanların da çoxluq təşkil etdiyini qeyd edib. Bildirib ki, artıq valideynlərdən biri Rusiya, digəri Azərbaycan vətəndaşlığı olan şəxslərin uşaqlarının vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya xidməti ilə işlər aparırlar. X.Teyyublu eləcə də, mülkiyyət məsələləri, sosial hüquqların bərpası ilə bağlı MHB-ə edilən müraciətlərlə bağlı işlərin üzərində çalışdıqlarını deyib. O, bildirib ki, mülkiyyət hüququ ilə bağlı bələdiyyələrdə qanun pozuntuları həddən artıqdır: “Müstəqil Həmkarlar Birliyinə daxil olan şikayət dovluğunda Binəqədi Bələdiyyəsinin mülkiyyətçinin torpağını zəbt edib başqasına satması ilə bağı müraciət var. Biz bu məsələlərlə bağlı Ədliyyə Nazirliyində Bələdiyyələrlə iş üzrə şöbənin rəhbəri Emin Həsənovla görüşüb müzakirələr aparmışıq. Başqa bir şikayət ərizəsində 80 yaşı qadının mənzilində ailə üzvü olmayan bir şəxsin qeydiyyata alınması və həmin şəxsi qeydiyyatdan çıxara bilməməsi göstərilib. Məsələ ilə bağlı polisə, Daxili İşlər Nazirliyinə müraciət edilib. Polis qadını evinə gətirib yerləşdirir, polis gedən kimi qeydiyyatda olan şəxs yaşlı qadına fiziki, maddi-mənəvi güc tətbiq edərək, incidir. MHB-i olaraq bu problemin həllinə yönəlik işlər aparırıq”. X.Teyyublu MHB-nə müraciət olunan qeyd edilən problemlərin illərlə üst-stə yığılıb qalmış məsələlər olduğunu deyib: “Müstəqil Həmkarlar Birliyi bir qeyri hökumət təşkilatı olaraq çalışır ki, şikayətçiləri dinləyib real vəziyyətə uyğun olaraq onlara düzgün yol göstərsin. Bir çox məsələlərlə bağlı Azərbaycan qanunları çərçivəsində aidiyyatı strukturlara müraciət ünvanlayıb, yaxud birbaşa rəhbərliklə görüşərək həllinə nail ola bilirik”.
Xocalının Pirlər, Xanabad, Əsgəranın Ağbulaq, Naxçıvanlı, Xocavəndin Cütcü və Ağdərənin Canyataq kəndlərindən mülki erməni əhalisi təxliyə edilib. Sozcu.az xəbər verir ki, bu barədə qondarma rejimin “Ombudsmanı” məlumat yayıb. Qeyd edək ki, Canyataq kəndi 1992-ci ilə qədər Ağdərəyə aid olub. Həmin ilin oktyabrın 13-dən isə Tərtər rayonunun inzibati tərkibinə daxil edilib. Xatırladaq ki, Azərbaycan tərəfindən əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
Hazırda dövlət sərhədində bütün istiqamətlər üzrə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir. Sozcu.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov brifinqdə deyib. "Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə tərəfimizdən zəruri tədbirlər görülür. Baş verə biləcək təxribat əməlləri ilə əlaqədər DSX tərəfindən dərhal adekvat və sərt cavab tədbirləri görüləcək", - o vurğulayıb.
Daxili İşlər Nazirliyi əməkdaşlarına qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olmuşlar. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Qeyd edək ki, bundan öncə - sentyabrın 19-u saat 01:00 radələrində Füzulidə yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Tıxacla bağlı heç bir ciddi dəyişiklik olmayacaq. Bu, həlli nəzərdə tutulmayan məsələdir. Ona görə ki, bu istiqamətdə ciddi şəkildə müzakirə də aparılmır". Sozcu.az xəbər verir ki, bunu unikal-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bunun müxtəlif yolları var və qısa müddətdə həll etmək olar: "Sanki kimlərsə tıxacın olmasında maraqlıdır. Dəfələrlə bu məsələni qaldırmışıq. Tıxac uzun illərdir Bakının əsas problemlərindən birinə çevrilib. İnfrastruktur elə qurulub ki, dəyişmək mümkün deyil və buna niyyət də yoxdur. Dünyada belə proseslərin həlli istiqamətində çıxış yolları axtarılır". Oktyabrın 1-dən taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliklərin qüvvəyə minməsindən sonra vəziyyətin necə olacağına gəlincə, deputat qeyd edib ki, yeni vəziyyətin yaranacağı absurd fikirdir: "Guya taksilər dayansa nə olacaq? Buna taksi fəaliyyətinin inhisarçılıq baxımından başqa istiqamətə yönəlməsi üçün düşünülmüş addım kimi də baxıla bilər. Bu, qiymətlərə təsir edəcək. Bu məsələdə çox ümidli olmağa dəyməz. Tıxac davam edəcək və daha fəlakətli vəziyyətdə olacaq".
“Bu konfrans ərəfəsində biz 9 nəfəri hərbçi, 1 nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq”. Sozcu.az xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib. Əli Nağıyev bildirib ki, onların sırasında Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da var: “O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb”. Ə.Nağıyev vurğulayıb ki, Məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin fəaliyyəti təqdirəlayiqdir: "30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik”.
Dəlinin yadına daş salmaq kimi çıxmasın, amma Bakı şəhərinə dənizdən körpülər atmaqla bir neçə giriş-çıxış yolu inşa etmək olar. Məncə, bu, paytaxta giriş-çıxışda anormal tıxacların qarşısını alacaq. Bu yekəlikdə şəhər Bibiheybət-Azneft yolunun, Sumqayıt-Xırdalan, Biləcəri yolu girişlərinin əlində girinc qalıb elə bil. Mirza Rashad Orbey, İctimai fəal
Hazırda çətinliklər, sıxıntılar, problemlər içində olan qazilərimizdən biri də şəkili Polad Əmir oğlu Mədənidir. O Polad Mədəni ki, xüsusi təyinatlı kimi ömrünün 10 ilini hərbdə keçirib. O Polad Mədəni ki, İkinci Vətən Müharibəsində 16 erməni faşistini cəhənnəmə göndərib. O Polad Mədəni ki, Füzuli şəhəri işğaldan azad olunan gün ölümlərdən dönüb, Vətən yolunda bir ayağını itirib. O Polad Mədəni ki, səkkiz medallı və bir ordenlidir. O Polad Mədəni ki, başdan-ayağa Vətən sevdalısıdır, birinci qrup Qarabağ əlili olmasına baxmayaraq, bu gün də Ali Baş Komandanın bir əmrinə hazırdır. Polad 1989-cu ilin may ayının 30-da Şəki şəhərində sadə bir ailədə dünyaya gəlib. Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyidir. 1996-2005-ci illərdə Şəki şəhərində yerləşən Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə 9 illik təhsil alib. 2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən “N”saylı hərbi hissədə qulluq edib. Həqiqi hərbi xidmətini, əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinin yanına dönüb və cəmi bir ildən sonra - 2010-cu ildən isə həyatını yenidən hərb sənəti ilə bağlayıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin KOBRA Dəstəsində fəaliyyətə başlayıb, snayperçi olub. 2013-cü ilin fevral ayının 11-də atasını itirib. 2016-cı ildə ailə həyatı qurub. Umud və Pınar adlı iki övlad atasıdır. Qeyd etdiyimiz kimi, Polad bir hərbçi, bir xüsusi təyinatlı, bir Vətən sevdalısı kimi 44 günlük İkinci Vətən Müharibəsində iştirak edib. 20 günlük şərəfli döyüş yolu keçib, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Hadrut istiqamətlərində döyüşüb, düşmənə sözün əsl mənasında qan uddurub, 16 erməni hərbçisini öldürüb. Oktyabr ayının 16-da isə Füzuli şəhərində minamyot atəşinin partlaması nəticəsində ağır yaralanıb. 52 gün Daxili İşlər Nazirliyinin hospitalında yatıb, ağır müalicə və müayinələrdən keçib, əməliyyat olunub, sağ ayağını tamamilə itirib. Sonradan səhhəti ilə əlaqədar Daxili Qoşunlardan təxris olunub, birinci qrup əlillik dərəcəsi alıb. İstər müharibədən öncə, istərsə də müharibədən sonra medallarla -“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, o cümlədən, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubalının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Polad hazırda Bakı şəhərində, özünə məxsus olmayan bir evdə yaşayır. Minik maşını ilə təmin olunsa da, hələ də nə Bakı şəhərində, nə Şəki şəhərində evlə, mənzillə təmin edilib.Onun eyni zamanda, digər həllini gözləyən problemləri var. Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumlar, o cümlədən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə hansısa bir addım atılmır. Polad Mədəninin dediklərindən: “Mən birinci qrup müharibə, Qarabağ əliliyəm. Bir ayağımı itirmişəm. Əgər lazım gəlsə, bu vəziyyətimdə belə yenidən Vətənimin müdafiəsinə, Ali Baş Komandanın bir əmrinə hazıram. 10 ilin Xüsusi Təyinatlısı olmuşam. Heç zaman da fikirləşməmişəm ki, gedib döyüşüm, yaralanım, sonra da dövlətdən nəsə istəyim, alım. Bu Vətən yolunda təmənnasız şəkildə döyüşmüşəm, vuruşmuşam, yaralanmışam, əlil olmuşam, canım Vətənimə, dövlətimə qurban. Amma mən də insanam, ailəliyəm, iki övladım var. Onlara baxmaq, dolandırmaq lazımdır. Bu günə kimi nə Bakı şəhərində, nə də Şəki şəhərində evlə, mənzillə təmin olunmuşam. Ailəmlə Bakıda tanış bir adamın evində yaşayıram. Axı, nə vaxtacan?! Heç bir yerdə də işləmirəm. İstəyirəm ki, təsərrüfatla məşğul olum, buna da kömək edən, şərait yaradan yoxdur. Bizim məmurlar, səlahiyyət sahibləri nə üçündür, nəyə baxırlar? Niyə vəzifə borclarını yerinə yetirmirlər? Bizlərlə, qazilərlə maraqlanmaq, bizlərə, qazilərə kömək etmək onların borcudur. Ancaq təəssüflər olsun ki, çox zaman bunun əksini görürük…” A.Zeynalov Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
Sentyabrın 8-də saat 18 radələrində Göyçay rayon Kürdəmiş kənd sakini 1967-ci il təvəllüdlü Şahsən Yusifovun xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Novruz Mahmudovun rayonun Cəyirli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Şahsən Yusifova yumruqla zərbə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Novruz Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.
Azərbaycanda əhaliyə ödənilən pensiya və müavinətlərin tarixi açıqlanıb. Sozcu.az xəbər verir ki, sabah - sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödəniləcək. Bölgələr üzrə əmək pensiyalarının ödənilməsi 15 sentyabr tarixində nəzərdə tutulub. Sosial müavinətlərə gəlincə, bu ödənişlərin ödənilməsi 26 sentyabr tarixində nəzərdə tutulub.
Dünəndən etibarən Bakı Metropoliteni QSC-də pilot layihə kimi ilk dəfə bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “Bakı Kart” plastik kartından savayı, “Bakı Kart” mobil tətbiqinin QR biletlərindən ödəniş edə bilərlər. Hələlik sərnişinlər bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında “Bakı Kart” plastik kartından savayı, “Bakı Kart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bir ay texniki məşvərətlər, yoxlamalar, sərnişin məmnuniyyətinin hesablanması və digər məsələlərə baxıldıqdan sonra "Avtovağzal", "Memar Əcəmi", sonra isə yaşıl və qırmızı xəttin stansiyalarında da bu sistemin tətbiqinə başlanılacaq. "Telefon hər zaman üstümüzdə olduğundan plastik kartı almağa və üstümüzdə gəzdirməyə ehtiyac yoxdur", - deyə o qeyd edib Qeyd edək ki, “Bakı Kart” plastik kartına ehtiyac olmadan gediş haqqını mobil tətbiqdə yaradılan QR bilet vasitəsilə də ödəyə bilərsiniz. Bunun üçün QR bölməsinə keçib, QR yaradın düyməsini sıxdıqdan sonra bir gedişlik QR bilet yaradılır. QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minumum 1 manat olduğuna əmin olun. Belə ki QR bilet yaradıldıqda pul kisəsinin balansından 1 manat bloklaşdırılır və QR biletdən ictimai nəqliyyatda istifadə etdikdən sonra gediş haqqı məbləği bloklaşdırılan məbləğdən çıxılır və geriyə qalan məbləğ pul kisəsinə qaytarılır. Gediş haqqını ödəmək üçün yaradılmış QR bileti avtobuslarda yerləşən oxuma cihazının kamerasına və ya metroda turniketin üzərində yerləşən kameraya yaxınlaşdırmaq lazımdır. Hər bir QR kod unikaldır. 1 gediş üçün keçərlidir və yaradıldığı andan 5 dəqiqə ərzində etibarlıdır. QR bilet 5 dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır.