Rahib Salmanov özünü buna görə öldürüb - Təfərrüat

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür. Sozcu.az Bakipost.az-a istinadən xəbər verir ki, hakimin intiharına səbəb ailə münaqişəsi olub. Həyat yoldaşı ilə boşanma ərəfəsində olan R.Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir. Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib. Hətta bundan əvvəl də intihara cəhd etdiyi bildirilir. R.Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, R.Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq canına qıyıb.

Bakı metrosunun ilk xanım maşinisti qovuldu

Bakı Metropoliteni QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”. G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

Kürdə batan yeniyetmə qızın meyiti tapıldı

Zərdabda avqustun 25-də Kür çayında batan 14 yaşlı Əsma Müzəffərlinin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, onun meyiti ötən gün axşam saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, 2009-cu il təvəllüdlü Əsma Müzəffərli bir neçə gün öncə Bakıdan Zərdaba nənəsigilə qonaq gəlib. O, Kür çayının sahilində yellənçəkdə yellənmək istəyərkən ehtiyatsızlığa yol verib, nəticədə yeniyetmə suya düşərək boğulub. Fakt araşdırılır.

Naxçıvanda fəhlə faciəvi şəkildə öldü

Naxçıvanda fəhlə tikinti zamanı ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ordubad Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib. Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Cəlilabadda 22 yaşlı qadın itkin düşüb

Cəlilabad rayonunda 22 yaşlı qadın itkin düşüb. Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. Qeyd edilib ki, itkin düşən zaman Z.Mirzəyevanın üzərində boz rəngli köynək və qara rəngli şalvar olub. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşmüşdü və bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsilə təhvil vermişdilər.

Magistral kəmərdə qəza: bu şəhərdə su olmayacaq

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

Bu rayonlar qazsız qaldı

Sumqayıt şəhərinin, həmçinin Xızı və Siyəzən rayonlarının təbii qazla təchizatında müvəqqəti fasilə yaranıb. Bu barədə Sozcu.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, "Sumqayıt-Yaşma" magistral qaz xətti traktor qazma işləri aparan zaman zədələndiyi üçün təchizat bu gün saat 10:10-dan dayandırılıb. Hazırda təmir-bərpa işləri aparılır.

Anası ilə birlikdə avtovağzalda olan gənc yoxa çıxdı

Bakıda 15 yaşlı oğlan itkin düşüb. Sozcu.az xəbər verir ki, hadisə avqustun 23-də Bakı Beynəlxalq Avtovağzalında qeydə alınıb. Belə ki, anası ilə birlikdə avtovağzalda olan 2008-ci il təvəllüdlü Hacıağa Nəsimi oğlu İbayev anidən qadının yanından ayrılaraq çıxıb gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Ağsuda dağlıq ərazidəki yanğın söndürüldü

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Bakıda evdə partlayış: xəsarət alanlar var - Video

Bakıda evdə partlayış olub, xəsarət alanlar var. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1942-ci il təvəllüdlü İmanqulu Əbdül oğlu Quliyevə məxsus ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh İmanqulu qızı Quliyeva və 1997-ci təvəllüdlü Toğrul İmanqulu oğlu Quliyev təcili yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 125 m² sahədə yanıb, otaqlarının pəncərə çərçivələri və dəmir barmaqlıqlar yerindən çıxıb. FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Yardımlıda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var. Hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1966-cı il təvəllüdlü İlqar Əhmədağa oğlu Zeynalov idarə etdiyi UAZ markalı minik avtomobili ilə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri - Seymur Elxan oğlu Zeynallı və İsmət Etibar oğlu Zeynallı xəsarət alıblar. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Şəmkirdə həmkəndlilər arasında dava: bir nəfər bıçaqlandı

Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb. Sozcu.az xəbər verir ki, hadisə Mahmudlu kəndində qeydə alınıb. Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü F.Alıyev mübahisə zəminində bıçaqlanıb. O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Ü.Paşayev hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.