Azərbaycanlıların kədərli taleyi: Ölənə kimi işləmək...

Kim deyib, nə vaxt deyib, yadımda deyil, amma dəqiq deyib: "Azərbaycanlılar əvvəl balaları, sonra nəvələri üçün yaşayırlar. Ömür vəfa etsə, nəticə və kötücələrini ağ günə çıxarmağa çalışırlar".  Həmişə belə olub, bizdən əvvəlkilər bizim üçün yaşayıb, biz isə övladlarımız üçün yaşayırıq. Oğul-uşağımız bizdən estafeti qəbul edib özündən sonraki nəsillərə ötürəcək. Beləcə, qərinələr keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma bizim həyatımızda heç nə dəyişməyəcək. Orta statistik azərbaycanlı öz dədə-babası kimi ölənə qədər işləyəcək... Ətrafınızda dünya səyahətinə çıxmaq isdəyən adam varmı? Bu arzu ilə yaşayan bircə nəfər tanıyırsınızmı? Bəlkə də kimlərinsə belə bir arzusu var. Amma dilə gətirməyə utanır, gülüş yeri olmaq istəmir. Axı bura Azərbaycandı. Burda insanlar günü-günə güclə calayır. Burda insanlar Oğuzda yaşayan yaşlı valideyinlərinin ziyarətinə getməyə pul tapmır. Şəkidən Bakıya gəlməyə pulu olmayan zavallı azərbaycanlı Aralıq dənizinin sahillərində istirahət etməyi necə ağlına gətirsin? Əvəllər arzudan arzu doğurdu, indi arzularımız da qısırdı, onlar da doğub-törəmir... ABŞ-da 80 yaşlı adam prezidentliyə namizəd olur, Azərbaycanda isə hər min adamdan biri 80 il yaşayır. Çoxunun quru nəfəsi gedib-gəlir. Altmış yaşa çatanda işləməkdən çoxunun qəddi əyilir, əlləri əsir, gözləri tor görür. Buna görə də Azərbaycanda pensiya yaşına çatanların sayı ilbəil azalır. Bu ölkədə pensiya almaq Marsdan torpaq almaq qədər çətin işdir.  Mən hələ onu demirəm ki, bizim günəşli ölkəmizdə pensiya məbləği çox aşağıdır. Ancaq vaxtilə vəzifədə işləmiş, çapıb-talamış adamlar yüksək pensiya ala bilir. Qara camaatın günü isə həmişə qaradır; işləyib maaş alanda da, işləməyib pensiya alanda da ayın sonunda əlinə qəpik-quruş gəlir. Buna görə də pensiya yaşına çatanların çoxu qalıb işləmək istəyir. İndi Azərbaycanda insanların ən böyük arzusu ölənə kimi işləməkdir... Kədərli statistikadı, amma həqiqətdi. Təkcə 2022-ci ildə ölkəmizdə pensiya alanların sayı 86 300 nəfər azalıb. İqtisadçı Qubad İbadoğlunun apardığı  araşdırmalar nəticəsində məlum olub ki, hazırda Azərbaycan əhalisinin cəmi 11 faizi pensiya alır. Bəyənmədiyimiz Belarusda bu rəqəm 26,5 faiz təşkil edir. Qara milləti işlədib ağ günə çıxan Rusiya əhalisinin 30 faizi pensiya alır. Azərbaycanda hər 1000 nəfərdən cəmi 111-i, qotur Ermənistanda isə hər 1000 nəfərdən 158-i pensiyaçıdır. Rusların bir ildən çoxdur oda bələdiyi ucsuz-bucaqsız Ukrayna çöllərində isə bu rəqəm əhalinin təxminən 26 faizini təşkil edir.  Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da insanlar ona görə çalışıb-vuruşur ki, qocalanda pensiya alıb rahat yaşasın. Ancaq pensiyaya çıxandan sonra ayağını uzadıb şad-xürrəm yaşamaq hamıya nəsib olmur. Çünki bizim ölkəmizdə çox adam pensiyaya çıxmamışdan qabaq ayağını uzadır. Amma isti yorğan altında deyil, soyuq qəbirdə. O dünyada isə heç kimə pensiya verilmir... Seymur VERDİZADƏ 

"Gecə olan kimi maşın sürməyə “eşşəklər” çıxır" - Aparıcı sürücüləri təhqir etdi

Aparıcı Hüsniyə Məhərrəmli bəzi sürücüləri təhqir edib. Sozcu.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video yayıb. Aparıcı Bakı-Sumqayıt yolunda rastlaşdığı sürücülərdən şikayət edib: “Deməli, gecə olan kimi Bakı küçələrinə, əsas da Bakı-Sumqayıt, Bakı-Xırdalan yoluna maşın sürməyə “eşşəklər” çıxır. Adam onlara eşşək də demək istəmir. Onlar eşşəkdirsə, onda eşşəklər də adamdırlar. Deyiləsi deyil… Çoxdankı ideyam var. Onun biznes-planını yazacağam. Yadınızdadırsa, siqnallar var idi, “Lambada” səsi verirdi, sifariş də edə bilirdiniz. Elə bir siqnal sifariş edirsiniz ki, ürək sözlərinizi səsləndirsin və yanınızdan növbəti dəfə biri keçəndə əziyyət çəkmirsiniz, səs tellərinizə yazığınız gəlir. Bütün o bədahətən gələn emosiyaları özünüzdə saxlayırsınız. Siqnalı basırsınız, o, sizin yerinizə ürək sözlərinizi həmin adama çatdırır. Hələ bir-biri ilə yarışan yük maşınlarını demirəm. Gecə vaxtı məni əsəbiləşdirdilər”.

İranlı narkotacirin Bakıdakı kuryer dəstəsinin üzvləri ələ keçdilər - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıb. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur"

"Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur". Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, inflyasiyada qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmasıdır: "Təəssüf ki, bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir”. V.Əhmədov vurğulayıb ki, bir ildən artıq vaxt keçməsinə baxmayaraq həmin məcəllə hələ də parlamentə daxil olmayıb: “Hansı ki, biz bunu yaz sessiyasının işlər planına daxil etmişik. Ona görə də Baş nazirdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və məcəllə Milli Məclisə daxil olsun. Çünki hesabatdan da göründüyü kimi bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimləməsi qeyri-mümkündür”. V.Əhmədov bildirib ki, hələ də dərmanların qiymətlərinin yüksək olması ilə bağlı şikayətlər var: “Görünür problem aradan qaldırılmayıb və bundan sonra da davam edəcək. Bu məsələyə süni qiymət artımı da təsir edir. Bu sahədə antiinhisar tədbirləri daha da gücləndirilməlidir”. Deputat həmçinin bank faizlərinin yüksək olması məsələsinə də toxunub: "Kredit faizlərin yüksək olması sahibkarlar üçün problem yaradır. İkinci məsələ, bağlanmış banklarda əhalinin kifayət qədər əmanətləri var və əmanətlərin qaytarılmasında ciddi problemlər var. Üçüncü, vaxtı keçmiş kreditlərin qaytarılmasıdır. Mərkəzi Banka bu problemin həll edilməsini tövsiyə edirəm.

Azərbaycan əhalisinin sayı açıqlanıb

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il fevral ayının 1-i vəziyyətinə 10131373*) nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Ağdamdakı mina partlayışı 5 uşağı atasız qoydu

Bu gün Ağdamda iki nəfər minaya düşərək həlak olub. Hadisə rayonun Yusifcanlı kəndində baş verib. Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur.  Hadisə barədə Modern.az-a açıqlama verən Yusifcanlı kənd bələdiyyəsinin nümayəndəsi Hüseyn Sadıqov bildirib ki, minaya düşən hər iki şəxs eyni kəndin sakinləridir.  "Onlar Yusifcanlı kəndinin sakinləridir. Hər ikisi evlidir. Amid Həsənovun 3, İsrail Həsənovun iki övladı var. Onlar təsərrüfatla məşğul olublar. Hadisə heyvan otararkən baş verib. Ehtiyatsızlıqdan minanın üzərinə çıxıblar. Partlayış zamanı yerindəcə keçiniblər", - deyə Hüseyn Sadıqov vurğulayıb.  Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır. 

Ana ölüb, ata həbsdə, uşaqların taleyi necə olacaq?

Son vaxtlar ailədaxili münaqişə zəminində baş verən qətllərin sayı artıb. Bu cür qanlı insidentlərdən ən çox zərər çəkən uşaqlar olur. Valideynlərdən birinin ölümü, digərinin həbs olunması uşaqların başsız qalması ilə nəticələnir. Bu uşaqların taleyi necə olur? Onlar sığınacağamı yerləşdirilir yoxsa qohumların himayəsinəmi verilir? Son illər sığınacağa qəbul olunan uşaqların sayı artıbmı? “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, uşaqların gözü qarşısında qətl baş veribsə, onlar mütləq şəkildə sığınacağa uzun müddətə yerləşdirilməli və reabilitasiya proqramlarından keçməlidir: “Əvvəllər qohumların himayəsinə verilirdi, indi sosial xidmətlər dərhal qeydiyyata götürür, sonra vəziyyəti qiymətləndirir, qərar verilir ki, hansı zərər verməyən qohum var, ona verilsin. Başa düşürük ki, uşaqlar qohumların yanında daha rahat ola, baş verənləri daha tez yaddan çıxara bilər. Təəssüf ki, cəmiyyətdə qohumlar bu travmanı unutmur və uşaqların yanında bunu tez-tez danışırlar. Mən uşaqların qohumlara verilməsinin tərafdarı deyiləm, çünki travmanı uşağa təkrar-təkrar yaşada bilirlər. Bəzi adamlar ola bilər ki, uşaqlara bunu xatırlatmasın, müzakirə etməsin, amma uşaq hansı qohuma verilirsə, o şəxs psixoloji testdən keçməlidir. Müsbət cəhət odur ki, Sosial Xidmətlər Agentliyi dərhal uşağı qeydiyyata alır və sonrakı taleyi ilə bağlı işləri görür. Sosial xidmətlərin qərarı ilə bəzi hallarda uşaq sığınacağa yerləşdirilir, bəzi halda isə qohumlardan kiməsə verilir. Ölüm faktı ilə bizim sığınacağa yerləşdirilən uşaqlar yoxdur”. 

Rusiya Ukraynada müharibə cinayətləri törədib

BMT-nin dəstəklədiyi istintaq qrupu Rusiyanın Ukraynada mülki şəxslərə qarşı hücumları, işğal olunmuş bölgələrdə sistematik işgəncə və qətlləri, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər adlandırıb. Bu gün təhqiqat qrupu Ukrayna ilə bağlı hesabat yayımlayıb. Hesabatda insanlığa qarşı potensial cinayətlər arasında payızdan bəri Ukrayna infrastrukturunu hədəf alan və ən soyuq aylarda yüz minlərlə insanın istilik və işıqsız qalmasına səbəb olan davamlı hücumlar, həmçinin Rusiyanın işğalı altında olan bir çox regionlarda işgəncələrin “sistemli və geniş şəkildə” tətbiqi qeyd edilib. Hesabatın müəllifləri Ukrayna qüvvələri tərəfindən "az sayda" aşkar pozuntuların olduğunu da bildiriblər . Qeyd edək ki, Təhqiqat komissiyası BMT-nin dəstəklədiyi İnsan Haqları Şurasının bütün dünyada sui-istifadə və pozuntuları yoxlamaq üçün istifadə etdiyi ən güclü vasitədir. Xatırladaq ki, Ukrayna ilə bağlı təhqiqat qrupu Rusiyanın bu ölkəyə müharibəyə başlamasından qısa müddət sonra yaradılıb. Komissiyanın üç üzvü insan hüquqları üzrə müstəqil ekspertlərdir və qrupun əməkdaşları BMT-nin insan hüquqları bürosu tərəfindən dəstəklənir.

DSX kafedə qətlə yetirilən əməkdaşı barədə məlumat yayıb

Dövlət Sərhəd Xidməti (DSX) kafedə qətlə yetirən əməkdaşı barədə məlumat yayıb. Məlumatda deyilir: Mart ayının 16-da saat 00:30 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat etmişdir. Baş Gizir Cəsarət Vəliyev, 44 günlük “Vətən Müharibəsi”ndə və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

“Kontakt Home” müştəriləri belə ALDADIR

Artıq uzun müddətdir ki, “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı şikayətlər bitmək bilmir. Şirkət isə bu şikayətlərə ciddi yanaşmır. Alınan məhsulun xarab çıxması, texniki nasazlığın olması isə müştəri məmuniyyətinin daha da aşağı düşməsinə yol açır. Təsadüfi deyil ki, şirkətlə bağlı şikayətlərə sosial şəbəkələrdə də sıx rast gəlinir. Sozcu.az Yenicag.az-a istinadən xəbər verir ki, şikayətçilərdən biri “Kontakt Home”un müştərisi olan Elvin Bəylər oğludur. Onun sözlərinə görə, kreditlərini vaxtından tez ödəsə də, sistemdə hələ də şirkətə borclu olduğu görünür: “Kontakt Home”dan mebel və ütü almışıq. Öncədən 1380 manat ödəniş etmişəm və kreditimi vaxtından qabaq ödəyib bitirmişəm. Ancaq buna baxmayaraq, şirkət adıma gecikmə düşdüyünü bildirir. Bununla bağlı şirkətin *6060 qaynar xəttinə yığmışam və mənə deyirlər ki, tam ödəniş edilməyib. Halbuki əlimdə ödəniş qəbzləri var. Krediti həyat yoldaşım Sahibə Nizaməddin qızı Balabəyovanın adına götürmüşük. Əgər şirkət sistemdən gecikməni silməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəm”. Digər şikayətçi isə vurğulayıb ki, endirimlə aldığı məhsulun qiymətini nəğd şəkildə ödəsə də, şirkət məhsulu təhvil verməkdən boyun qaçırıb: “25 noyabr 2022-ci il tarixində “Böyük Cümə” endirimi zamanı “Kontakt Home”dan endirimlə 139 manata blender almışdıq. İlk önce məhsulun 2 gün ərzində çatdırılacağı bildirilmişdi. Daha sonra məhsulun 2 gün gecikəcəyi bildirildi. Düzü tələsmirdik, anlayışla qarşıladıq ki, alıcı çox olub, çatdırılma zaman ala bilər düşündük. Bir həftədən sonra əlaqə saxladıq ki, məhsulumuz haradadır? Bildirdilər ki, sistemdə məhsulun bizə verildiyi qeyd olunub. Xülasə, sübut etdik ki, məhsul bizə çatdırılmayıb. Dedilər, onda 2 günə göndərərik… Sonra məhsulu aldığımız “Əhmədli” filialına getdik, vitrindən cızıq, qutusu cırıq məhsul gətirdilər ki, buyurun. Düzü heç təəccüblənmədik. “Anbarda məhsul qalmayıb” adı ilə bizə bunu verməyə çalışdılar. Sonra malı qaytarmağı təklif etdilər. Yəni mən həmin gün məhsulu başqa mağazadan eyni qiymətə ala bilərdim, amma indi qaytarıb daha baha qiymətə almalıyam?! Sonra bildirdilər ki, “Masallı” filialında var, onu çatdıraq. 1 həftə keçdi, xəbər olmadı. Məlumat mərkəzinə zəng edib şikayət etdik, 1 həftə keçdi, yenə də xəbər çıxmadı. Bir sözlə, “Kontakt Home” 25.11.22 tarixində satılmış məhsulu bizə hələ də təhvil verməyib və pulumuzu qanunsuz olaraq mənimsəyib. Məhkəməyə müraciət edib məbləğin 100 misli həcmində kompensasiya almaq istəyirik”. Daxil olan şikayətlərdən belə başa düşmək olur ki, “Kontakt Home”un servis xidmətində də müəyyən problemlər mövcuddur. Şikayətə görə, alınan məhsulun təmirə ehtiyacı olsa da, şirkət vaxtı uzatmaqla məsuliyyətdən qaçmağa çalışır: “”Kontakt Home”dan qızıl zəmanətlə paltaryuyan maşın almışam. Qızıl zəmanət üçün isə əlavə 450 manat ödəniş etmişəm. Maşının qapağı xarab olduğu üçün servisə aparıblar və artıq 1 aydır ki, xəbər yoxdur. Servislə əlaqə saxladım və mənə dedilər ki, hələ vaxtım tamam olmayıb, gözləməliyəm. Məğər bir qapağı dəyişməyə 1 ay vaxt lazımdır?! Ən əsası paltaryuyan maşını aparan usta niyə 1 aydan sonra gətirəcəkləri barədə öncədən məlumat vermir?! Bu qədər özbaşınalıq olarmı? Əgər “Kontakt Home” problemləri həll edə bilmirsə, onda camaatı niyə aldadır?!”.

Bakıda tələbə müalicə aldığı xəstəxanada intihar edib

Bakıda tələbə müalicə aldığı xəstəxanada intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə tələbənin təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb. Qeyd olunub ki, universitetin İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Gülşən Abbaslı uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada intihar edib.

Bibisini qəbiristanlıqda döyərək öldürən şəxsə hökm oxunub

Ali Məhkəmədə Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, hadisə 2018-ci ildə Quba rayonu ərazisində baş verib. İttihama görə, Qırmızı Qəsəbə sakini M.Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə 1931-ci il təvəllüdlü bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq onu döyüb. 87 yaşlı Ş.Sumxayeva hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib. M.Migirov zorlama və qəsdən adamöldürmə maddəsi ilə ittiham edilib. Məlum olub ki, M.Migirov 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra Azərbaycana deportasiya edilib. Doğulduğu qəsəbəyə qayıdan, spirtli içki aludəçisi olan M.Migirov sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub. Bibisini öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 17 ilə endirib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və iş həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.(pravda.az)