Bakıda 2 yaşlı körpə yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Yasamal rayonunda 2 yaşlı körpə yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. İki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü A.Qədirli ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.

Sabirabadda iranlı narkotacirə kuriyerlik edənlər saxlanıldı

Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb, onlardan 13 kiloqramdan artıq narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Fərid Muradov və Yolçubəyli kənd sakini Aydın Eyvazov saxlanılıblar. Həmin şəxslərin üzərinə və əllərində olan çantaya keçirilən baxış zamanı 3 ədəd polietilen torbada qablaşdırılmış və təmiz çəkisi 13 kiloqram 325 qram olan marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, F.Muradov və A.Eyvazov Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq 2 500 manat pul müqabilində narkokuryerlik etməyə razılaşıblar. Əvvəlcədən deyilən ərazidən narkotik vasitəni götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə onlar polis əməkdaşları tərəfindən yaxalanıblar. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib - YENİLƏNİB

Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərib. Sozcu.az xəbər verir ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir. Eyni zamanda Ukraynaya 20 ton yanacaq da göndərilib. Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub. 16:33 Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir. Sozcu,az xəbər verir ki, humanitar yük Bakıdan təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq. Humanitar yardıma su boruları, su nasosları, xilasedici gödəkçələr və s. daxildir.

“SOCAR PETROLEUM”un baza direktoru 274 min manatlıq mənimsəmədə təqsirləndirilir

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, istintaqla Bayram Bağırovun həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə rəhbərlik etdiyi müəssisəyə etibar edilmiş ümumilikdə 274 min manatdan artıq məbləğdə benzin və dizel yanacağını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Bayram Bağırova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İbtidai istintaq dövründə vurulmuş ziyanın bir qisminin ödənilməsi təmin edilib.

Bakıda qadın idmançılara adam oğurlatdı, işgəncə verib, pul tələb etdi - MƏHKƏMƏ + FOTO

Bakı Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Aygün Abbasovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə aralarında dünya və Avropa çempionlarının olduğu dəstə üzvlərindən Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum ediliblər. İdmançı Fərəh Rəsulovaya sınaq müddəti seçilməklə şərti cəza verilib. Adam oğurluğunun sifarişçisi olan Aygün Abbasova da 5 il həbs cəzası alıb. Lakin onun himayəsində azyaşlı uşaq olduğundan övladının 14 yaşı tamam olandan sonra məhkumluğu başlayacaq. Qeyd edək ki, idmançılar Xətai rayon sakini Hüseyn Əsgərovu oğurlamaqda ittiham olunublar. Məhkəmə araşdırması zamanı məlum olub ki, onlar Aygün Abbasovanın sifarişini yerinə yetiriblər. Belə ki, H.Əsgərovun A.Abbasovaya 25 min manat borcu olub. Borcunu ala bilmədiyi üçün idmançı dəstəyə müraciət edərək pulunu geri alacaqları təqdirdə onlara 10 min manat verəcəyini vəd edib. Dəstə üzvləri Əsgərovu avtomobilə məcburi əyləşdirib Abbasovanın Pirşağı qəsəbəsindəki bağ evinə aparıblar. Orada Hüseyni döyüb 25 min əvəzinə 30 min manat ödəməsini tələb ediblər. DİN-in keçirdiyi əməliyyatla idmançı dəstə saxlanılıb və Hüseyn Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, ittiham olunan şəxslərdən Fərəh Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudur. Niyaməddin Kazımlı klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionu olub. Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür. O, 2009-cu ildə Ermənistanda bürünc medal qazanıb. Vasif Allahverdiyev də güləşçi olub. Qaçırılan Hüseyn Əsgərovun da peşəkar idmançı olduğu bildirilir. /Pravda.az/

Abort etdirmək üçün xaricdən Azərbaycana gəlirlər - Qalmaqallı açıqlama

2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistikaya görə aborta gedənlərdən 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.  Ölkəmizdə 2022-ci ildə ümumilikdə, 58 min abort qeydə alınıb.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış Psixoloq Gülnar Orucova qeyd edib ki, Azərbaycanda abort etdirmək xarici ölkələrə nisbətdə daha rahat prosesdir.  "Statistikaya nəzər salsaq görərik ki, Azərbaycan abortun sayına görə ilk yerlərdə olan ölkələrdən biridir. Azərbaycanda nə qədər qadağalar qoyulsa belə, həkimlər bunu reallaşdıra bilirlər. Onlar müxtəlif diaqnozlar qoyaraq bunu edirlər.  Hətta xaricdə yaşayan həmvətənlərimiz sırf bu məqsədlə Azərbaycana gəlirlər. Çünki xaricdə abort etdirmək üçün kifayət qədər səbəbin olmalıdır ki, buna icazə verilsin. Xaricdə bunu etmək çox çətin olduğu üçün onlar Azəərbaycana gəlirlər, çünki burada uşağı götürtmək daha asan olur".  G.Orucovanın sözlərinə görə, övladı yeniyetmə yaş dövründə olan valideynlər mütləq diqqətli olmalı, onunla dil tapmağı bacarmalıdırlar: "Ümumiyyətlə, son dönəmlərə fikir versək görərik ki, 13-16 yaşlı qızlar evdən qaçmağa daha çox meyilləniblər. Bu isə yaş dövrü ilə əlaqədardır. Yeniyetmə yaş dövründə valideyn övladla dil tapmağı bacarmalıdır. Valideyn dil tapa bilmirsə, övlad bu yaşda anadan imtina etməyi gözə alır. Bu yaşda yeniyetmələr həyatı ağ və ya qara görürlər, onlar üçün orta rəng yoxdur. Ona görə bəziləri intihar edir, bəziləri evdən qaçır, bəziləri də müxtəlif aqressiya göstərir. Bu dönəm elə bir dönəmdir ki, yeniyetmələr özlərini azad, sərbəst hiss etmək istəyirlər. Bunu da öz davranışları ilə göstərirlər. Bəzisi müxtəlif tatular edir, bəzisi siqaret çəkir, yaxud digər zərərli vərdişlərə yönəlirlər, əcaib saç stili, geyim üslubu ilə bunu göstərir. Yeniyetmələrin bir çoxunda dini obsessiyalar formalaşır, deyirlər ki, mən deistəm, ateistəm və s.  Amma burada bir məsələ var ki, burada diqqətli olmaq lazımdır. Bu dövrdə yeniyetmə valideynlə hər hansı problem yaşayırsa, evdən qaçmağa meylli olur. Bu gün qanunlara görə evlilik yaşı 18-dir, amma bu o demək deyil ki, sən 18 yaşı olan kimi uşağına icazə verməlisən ki, get ailə qur. İnsan evliliyə hazır olanda ailə qurmalıdır, əks halda, abortlar, xəyanət özünü göstərəcək". Psixoloq bu qədər abortun təcavüzə görə baş verməsi ehtimalının az olduğunu deyib: "Ana ilə övlad arasındakı yaş fərqi 18-20-ni aşmalıdır. Belə olmayanda ana öz gəncliyini yaşamadığı üçün ya həmin uşağı abort edir, ya da övladını ata bilir.  Abortların sayının artmasında təcavüzü ön plana çəkmək fikrimcə, düzgün deyil. Azərbaycanda bu qədər təcavüz ola bilməz, bu, gülüncdür. Bu təcavüz yox, yeniyetmə özbaşınalığıdır. Bu kimi hallar valideyn nəzarətsizliyindən yaranır". 

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 19 mm, Ceyrançöldə 15 mm, Lerik, Şəkidə 12 mm, Qusar, Gədəbəy 8 mm, Balakən, Şahbuz, Göygöldə 6 mm, Astara, Oğuz, Zaqatala, Naftalan, Quba, Qrız, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən, Tərtər, Yardımlı, Şəmkir, Ağdam, Qobustan, Şərur, Ordubad, İsmayıllı, Xaltan, Şahdağ, Bərdə, Göyçay, Zərdab, Kürdəmirdə 5 mm-dək olub. Zaqatala rayonunun Talaçay-Zaqatala məntəqəsindən sel keçib.

300 manat bir həftəlik yaşayışa bəs edir - Vahid Əhmədov

300 manat adamın bir həftəlik yaşayışına bəs edir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vahid Əhmədov deyib. "Regionlarda işsizlik ciddi problemdir. Maraqlıdır dövlət büdcəsində işsizliklə əlaqədar nə qədər işlər görülüb. Rayonlarda iş yerləri yoxdur. Bununla bağlı İqtisadiyyat Naziri Mikayıl Cabbarova da müraciət etdim. Rayonlarda ən azı 1 milyon manat civarında emal zavodları açmaq olar. Camaatın həyatını yaxşılaşdırmaq istəyiriksə onlara iş verməliyik. 300 manat adamın 1 həftəlik yaşayışına bəs edir”, - deputat vurğulayıb. Millət vəkili dərman  və ərzaq qiymətlərinin də diqqət saxlanılmasının vacibliyini vurğulayıb. "Əhalini dərman və ərzaq qiymətlərini nəzərə almalıyıq. Əmək haqqlarının 10% artırılması gözlənilir. Amma bu artım sadəcə inflyasiya qarşısında balansı bərpa edir. İqtisadiyyat Nazirliyi ciddi monitorinqlər aparmalıdır. Mərkəzi Bank inflyasiya pronozunu 8,3%, hökumət isə 10,4% proqnozlaşdırır. Bu iki rəqəm arasında reallıq nə qədərdir? – deputat bildirib./Anews.az

Xəstəxananın mühafizəçiləri qəzaya düşdü: ölən var

Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb. Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri işdən çıxıb evə gedərkən onların olduğu nəqliyyat vasitəsi digər avtomobillə toqquşub. Nəticədə mühafizəçilərdən biri Elnur Kəlbiyev dünyasını dəyişib, Sahil İsayevin isə vəziyyəti ağırdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, hazırda araşdırma aparılır.

46 yaşlı kişi qohumunun toyunda qəfil öldü

Neftçalada 46 yaşlı kişi qohumunun toyunda infarkt keçirǝrǝk ölüb. Sozcu.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Ramil Məmmədov iyunun 6-da rayonun Dördlər kəndində əmisi nəvəsinin kiçik toy məclisində olan zaman infarkt keçirǝrǝk vəfat edib. İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Məmmədovun ürəyinə stend qoyulubmuş. Meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət izi aşkar olunmayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xaçmaz rayonunda yük qatarının vaqonundan oğurluq edilib

Xaçmaz rayonunda yük qatarının vaqonundan oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Ləcət dəmir yolu stansiyası ərazisində yük qatarının vaqonlarından birində içərisində şirkətlərdən birinə məxsus avtomobil ehtiyat hissələri və mühərrik yağları olan konteynerin qapısının plombsuz və açıq olmasının aşkar edilməsi barədə polisə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və oradan 30 ədəd yağ filtirinin, 20 ədəd yağ qutularının oğurlanması məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Sergey Atamanenko müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Hadisə mayın 20-də Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Qasımov Rasim Əfqan oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyadalar - 2002-ci il təvəllüdlü Bayramov Naməd Ceyhun oğlu və 2001-ci il təvəllüdlü Əvəz Hüseynlini vurub. Nəticədə Ə.Hüseynli az ağır bədən xəsarəti alıb, N.Bayramov isə iki həftə sonra müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.