Biləsuvarda 3 kəndin sakinləri təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub. Bu barədə Sozcu.az-a FHN-dən məlumat verilib. Qeyd edilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinlərinin təxliyəsi barədə qərar qəbul olunub. FHN-in qüvvələri Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə adıçəkilən kəndlərin əhalisini təhlükəsiz əraziyə təxliyə ediblər. Operativ olaraq Bolqarçay çayı üzərində sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub.

Göyçayda 50 qəpik, Bakıda 4 manat... - “Bütün ağacları dibindən kəsəcəm”

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti yenidən müzakirə mövzusu olub. Xüsusilə, mövsüm meyvələri və tərəvəzlərin bazarda baha qiymətə satılması narazılıq doğurub. Bəzi meyvələrin mövsümü başa çatsa da, qiyməti baha olduğu üçün hələ də ondan dadmayan insanlar var.  Bəs rayonlarda vəziyyət necədir? Bakı bazarlarında “od qiyməti”nə satılan kənd təsərrüfatı məhsulları tarlada, bağda, bostanda hansı qiymətə müştərilərə təklif olunur?  Kəndli min bir əziyyətlə yetişdirdiyi məhsuldan yetərincə qazanc götürə bilirmi?  Yenisabah.az problemi araşdırarkən bir o qədər də xoş olmayan mənzərə ilə qarşılaşıb. Məlum olub ki, paytaxt bazarlarında, o cümlədən, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə alıcılara xeyli baha qiymətə təklif olunan meyvə-tərəvəz heç də kəndliyə bol qazanc gətirmir. Kəndlinin min bir araya-ərsəyə gətirdiyi məhsuldan ən çox faydalanan aradakı işbazlar, dəllallar olur.  Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, ötən gün Bakıda 1 kiloqramı alıcılara 4 manata təklif olunan göycə alçası Göyçay bazarında müştərilərə 50 qəpikdən təqdim olunur. Fermer S.Məmmədov Göyçayda ezamiyyətdə olan müxbirimizə deyib ki, onlar il ərzində çəkdikləri əziyyətin bəhrəsini görə bilmirlər. Onun sözlərinə görə, əziyyət çəkən, tər tökən onlar olsa da, məhsulun xeyrini aradakı işbazlar görür:  “İndi ucuz işçi qüvvəsi tapmaq çətindir. Fəhlə alçanın bir kiloqramını 30 qəpiyə dərir. Bağdan, hətta bazardan göycə alçasının 1 kiloqramını bizdən 50 qəpiyə alırlar. Qablaşdırma, yeşik və nəqliyyat xərcini də üstünə gələndə hər kiloqram alçadan bizə cəmi 10 qəpik qalır. Bu isə heç suvarmaya çəkilən xərci belə ödəmir”.  Müsahibimiz deyib ki, yeganə çıxış yolu iritutumlu soyuducular yaratmaq və onları ucuz qiymətə fermerlərə kirayə verməkdir. O, Kənd Təsərrüfatı Nazirliyini fermerlərin əlində qalan tonlarla məhsulu almağa səsləyib:  “Hamımız borcun içində batırıq. Belə getsə, baltanı əlimə alıb bağdakı alça ağaclarının hamısını kəsəcəyəm”.  Qeyd edək ki, digər kənd təsərrüfatı məhsullarının qiymətində də kəskin ucuzlaşma müşahidə edilir. Hazırda Cəlilabadda kartofun 1 kiloqramı 20, xiyarın bir kiloqramı isə 10 qəpiyə müştərilərə təklif olunur. Xaçmazda pomidorun 1 kiloqramı 40-50 qəpiyə, gilas isə 1 manata satılır. Kənd təsərrüfatı məhsullarının yerlərdə ucuz qiymətə satılması fermerlərin ciddi narazılığına səbəb olur. 

Bakıda kafedə dava düşdü - Ər-arvad və gənc oğlan bıçaqlandı

Bakıda kafedə dava düşüb, ər-arvad və gənc oğlan bıçaqlanıb. Hadisə mayın 28-də Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1-də yerləşən adsız kafedə qeydə alınıb. Belə ki, kafedə müştəri qismində olan Ağacabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu aralarında baş vermiş mübahisə zamanı digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğluna, həyat yoldaşı, Q.Səfərovana və S.Səfərovun bacısı oğlu, 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğluna bıçaq xəsarətləri yetirib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, E.Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Bakıda 15, Gəncədə 16 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb. “Report”un xəbərinə görə, hadisə mayın 27-də paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Aişən Zaur qızı Abbaslı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır. Analoji hadisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində də qeydə alınıb. Şəhər sakini, 2007-ci il təvəllüdlü Aytən Mustafa qızı Orucova yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Bakıda faciəvi şəkildə ölən gənc aqronom imiş

Mayın 27-si axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsində ağır yol qəzası baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, idarə etdiyi mopedin yük avtomobilinə çırpılması nəticəsində ölən 1988-ci il təvəllüdlü Əliyev Rasim Güləli oğlunun şirkətlərdən birində işləməsi məlum olub. Belə ki, aqroparklardan birində aqronom kimi fəaliyyət göstərən Rasim mopedlə yaşadığı qəsəbədə hərəkətdə olarkən qəzaya düşüb.

Balakəndə kafedə DAVA: Xəsarət alan var

Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, mayın 28-də rayon sakini Ceyhun Kahayevin işlətdiyi kafeyə müştəri qismində gələn Balakən şəhər sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Məmmədov orada mübahisə yaradıb. O, əvvəlcə bakal ilə obyektdəki televizoru sındırıb, daha sonra isə C.Kahayevin üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.az-a bildirib ki, M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. “Onun xuliqanlıq əməlini sərxoş vəziyyətdə törətdiyi müəyyən edilib. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır”, – deyə M.Məsimov vurğulayıb.

Xırdalanda yaşayış binasında yanğın olub: Zəhərlənənlər var

Abşeron rayonunun Xırdalan şəhərində səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 metr kabel yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala sakini sirkə turşusundan zəhərlənib

Zaqatalada 72 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Rayonun Muxax kənd sakini 72 yaşlı Zahidət Abdullayeva kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. Zahidət Abdullayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

Ramanada avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Mayın 26-da saat 10 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən xəbər verilib. Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini olan Səbuhi Heydərzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

UNICEF koordinatoru: “Azərbaycanda minalardan ölənlərin sayı kifayət qədər çoxdur”

“Xüsusilə Azərbaycan əhalisinin sayını nəzərə alsaq, Azərbaycanda mina partlayışları nəticəsində ölənlərin sayının kifayət qədər çox olduğunu söyləyə bilərik”. Bunu Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda iştirak edən UNICEF-in minatəmizləmə üzrə koordinatoru Hyuq Loranj jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıqdan danışıb. “Azərbaycanda minaların insan itkisi olmadan təmizlənməsi çox vacibdir. Lakin bunun üçün lazımi qədər sərmayə qoymaq lazımdır. Bundan başqa, hər bir vətəndaş minaların yaratdığı təhlükə və risklərdən xəbərdar olmalıdır. Üstəlik, təhsil vasitəsilə sülhün bərqərar olmasına töhfə vermək lazımdır”, - H.Loranj bildirib. Qeyd edək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır – işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub (57-i həlak olub, 245-i yaralanıb). Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb. Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verir. Konfransın ilk günü mayın 25-də Ağdamda keçirilib. Qonaqlar panel müzakirələrdə iştirak ediblər. Onlar Ağdama səfər çərçivəsində bərpa-quruculuq planları ilə tanış olublar. İkinci beynəlxalq humanitar minatəmizləmə konfransında 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxslər - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər.

Şəhid atasının adından insanları aldadan şəxs saxlanıldı

Culfada şəhid atasının adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Culfa Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi şəhidi Nicat Məmmədlinin şəkillərini paylaşaraq şəhid atasının adından vətəndaşları işə düzəltmək adı altında aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirən Rizvan Qafarov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.