"8-ci kilometr bazarı"nda yanğın

Bu gün səhər saatlarında Bakının Nizami rayonundakı “8-ci kilometr bazarı”nda güclü yanğın hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerinə cəlb olunub. Hazırda hadisə yerinə yanğınsöndürmə biriqadası işləyir, xəsarət alan barədə məlumat yoxdur.

Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. İyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıblar. Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Zaqatalada 52 yaşlı qadın itkin düşüb

Zaqatalada 52 yaşlı qadın itkin düşüb. 1970-ci il təvəllüdlü Elmira Pavlovna mayın 18-də evdən hava almaq adıyla çıxıb bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır. /apa/

Bakıda 85 yaşlı kişi eyvandan yıxılaraq öldü

Bakıda 85 yaşlı kişi eyvandan yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, paytaxt sakini, 1938-ci il təvəllüdlü Kamil Cəbiyev ötən gün yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən mənzilinin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində ölüb. Hazırda fakt üzrə araşdırma aparılır.

Bu şəxslərə 600 manat veriləcək

İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O bildirib ki, bu ayın sonunda statistik məlumatlar açıqlanacaq. Qeyd edək ki, həmin şəxslərə ödənilən birdəfəlik ödənişin məbləği 600 manatdır. İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislər üçün dəstək tədbirləri - Birdəfəlik müavinət (600 manat) - Aylıq vəzifə maaşına əlavə - Hər il 5 gün əlavə məzuniyyət Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.

Hacıqabulda qardaşlar bıçaqlandı: saxlanılan var

Hacıqabulda qardaşlar bıçaqlanıb, saxlanılan var. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 1-i saat 23 radələrində Hacıqabul şəhərində şəhər sakinləri Elşən Quliyevin və qardaşı Amidin xəsarət almaları barədə polisə məlumat daxil olub. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Mehman Rzayevin münaqişə zəminində E.Quliyevə və qardaşına xəsarət yetirməsi müəyyən edilib. Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bəzi rayonlara leysan yağıb, dolu düşüb - Faktiki hava

İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Zəngilan, Ağdam, Şəki, Quba, Lerik, Yardımlı, Lənkaran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9, Zəngilan rayonunun dağlıq ərazilərinə diametri 5-6 mm dolu düşüb.

Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs havaya atəş açıb

Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs havaya atəş açıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib. Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər. Araşdırma aparılır.

Qadın onu döyən keçmiş sevgilisini bıçaqladı

Qaxda qadın onu döyən keçmiş sevgilisini bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rayon sakini Təbriz Qurbanov kafedə ofisiant işləyən keçmiş sevgilisi Q.Mahmudovanın yanına gələrək onun mobil telefonunu götürüb. Bir neçə saatdan sonra isə T.Qurbanov yenidən obyektə qayıdıb və Q.Mahmudova ilə mübahisə edərək onu döyüb. Qadın isə mübahisə zəminində oğlana bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, daxil olmuş məlumatlar əsasında Qax Rayon Polis Şöbəsində araşdırma aparılır: "Müvafiq ekspertizalar təyin olunub və tərəflərin izahatları alınıb".

Gəncədə növbə üstündə dava

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb. Sozcu.az xəbər verir ki, naməlum şəxs şəhər sakini, 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə əvvəl mübahisə edib. Daha sonra naməlum şəxs E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz möhtəviyyatı xaricə tökülüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır - Deputat

“Ölkəmizdə maliyyə sahəsində problemlər var. Şəffaflığın olmadığı göz önündədir. Daxil olan informasiyalar göstərir ki, ölkədə maliyyə şəffaflılığı ilə bağlı çox iş görülməlidir. Hesablama Palatasının təqdim etdiyi hesabatları qənaətbəxş hesab etməklə işimizi bitmiş sayırıq”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib. O, çıxışı zamanı tənqidi fikirlər səsləndirib: “Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır. Sosial müdafiəyə ayrılan pulların xərclənmədiyini görürük. Milli Məclisdə “Büdcə və büdcəyə nəzarət” komitəsi yaradılmalıdır. Bundan əlavə Milli Məclisin bu komitəsi ciddi büdcə pozuntularını izləməli, qanun pozuntuları zamanı hesab sormalıdır. Milli Məclis təkcə dövlətdən qanun layihələri gözləməli deyil. Hətta biz görürük ki, bəzi dövlət orqanları hələ də hesablarını verməyiblər. Bu nə özbaşınalıqdır? Bundan başqa bəzi qurumlar var ki, maliyyəni hələ də öz hesabında saxlayır. Xidmət haqqının çox olduğu AZAL-a niyə subsidiyalar verilməlidir ki, bu qədər vəsaiti yenidən öz hesablarında saxlasınlar”,- deyə deputat bildirib.

İyun ayının havası: Dəhşətli istilər gəlir - 40 dərəcə

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 21-35 mm). Xankəndi, Şuşa, Goranboy,Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun18-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 26-31 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 74-130 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 26-31 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 74-130 mm). Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 46-63 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 18-179 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarınd havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxınolacağı ehtimalı var (norma 12-49 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 29-47 mm).