Yaralanan hərbçimizin son durumu açıqlandı

Bu gün səhər saatlarında Ermənistanın təxribatı nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmovun son durumu açıqlanıb. Sozcu.az xəbər verir ki, Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyunun 15-i saat 8 radələrində Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsinə müxtəlif çaplı odlu silahlardan atəş açıb. Nəticədə məntəqədə xidmət göstərən DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bəzi yerlərdə şimşək çaxdı, leysan yağdı

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 17 mm, Qusarda 9 mm, Qrızda 8 mm, Lerikdə 7 mm, Şabran, Yardımlı, Daşkəsən, Lənkəran, Altıağac, Culfa, Sabirabad, Astara, Gədəbəy, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Ağdam, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Şahdağ, Tərtər, İmişli, Biləsuvar, Kürdəmir, Neftçala, Xaçmazda 5 mm-dək, Abşeron yarımadasında 1 mm-dək olub. Havanın maksimal temperaturu iyunun 13-də iqlim normasından 4.5 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, dağlıq rayonlarda 23 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti olub.

Xaçmazda fəhlələri daşıyan avtomobil qəzaya düşdü

Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb. Belə ki, "Ford" markalı mikroavtobusla "Kia" markalı minik avtomobili toqquşub. Nəticədə 1964-cü il təvəllüdlü Gülnarə Güloğlan qızı Xanəliyeva, 2016-cı il təvəllüdlü Şəlalə Əliağa qızı Tağıyeva , 1974-cü il təvəllüdlü Vəsilə Məlikməmməd qızı İmamova və 2001-ci il təvəllüdlü Rizvan Qurban oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların rayonda yerləşən bağlardan birində fəhlə kimi işləməyə getdikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan məktəblərində “Son zəng” çalındı

Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. Sozcu.az xəbər verir ki, "Son zəng" tədbirlərində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirib. Qeyd edək ki, bəzi məktəblərdə “Son zəng” tədbirləri davam edir.

Sumqayıtda zavodda yanğın nəticəsində atmosfer havası kəskin çirklənməyə məruz qalıb

Ötən gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda havaya qatı tüstü yayılması ilə müşayiət olunan yanğından sonra ətraf ərazilərdə atmosfer havasının keyfiyyətini müəyyən etmək üçün müxtəlif saatlarda ölçmə işləri aparılıb, nəticələr təhlil edilib. Sozcu.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzinin mütəxəssisləri tərəfindən ərazidə 6 istiqamətdə həyata keçirilən monitorinqlərin nəticələrinə görə, yanğın müddətində cənub-şərq istiqamətli küləklərin təsiri nəticəsində çirklənmə daha çox şimal (dəniz) istiqamətində qeydə alınıb. Belə ki, atmosfer havasına yayılan qaz qarışıqlarından dəm qazının miqdarı normadan 3.6, azot oksid və kükürd qazı 4.2, hidrogen-sulfid isə 3.8 dəfə yüksək olub. Yanğın söndürüldükdən sonra ərazinin şimal istiqamətində dəm qazının miqdarı 1.1 dəfə yol verilən qatılıq həddini keçib, digər göstəricilər isə norma daxilində müəyyən edilib. Bu gün səhər saatlarında isə ərazidə havanın keyfiyyət göstəriciləri norma daxilində olub.

Bu rayonlarımıza güclü yağış yağdı

İyunun 14-ü saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 25 mm, Gəncədə 19 mm, Daşkəsən, Göygöl, Zaqatala, Culfa, Şahbuz, Gədəbəy, Sədərək, Naxçıvan, Ordubad, Naftalan, Ceyrançöl, Şəmkir, Ağstafa, Balakən, Şəki, Qusar, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Lənkəran, Astara, Yardımlı, Kəlvəzdə 7.0 mm-dək olub. Cənub-şərq küləyi arabir Zaqatalada 20 m/s, Gəncədə 18 m/s-dək güclənib. İyunun 13-ü saat 23:22 radələrində Gəncə şəhəri ərazisinə diametri 10 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35 dərəcəyədək isti, Naxçıvan MR-da 34 dərəcəyədək isti, dağlıq rayonlarda 24 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti olub.

Bakıda 74 yaşlı qadına qarşı soyğunçuluq edildi

Bakıda 74 yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 9-da M.Həsənov küçəsində 74 yaşlı bir qadının içərisində pulu, sənəd və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elşən Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Təkər partladı: şirkət əməkdaşı qolunu itirdi

İmişlidə karxanada maşının təkəri partlayıb, şirkət əməkdaşı sol qolunu itirib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən Türkaz MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Bulvarda kaktusları yandıran şəxs saxlanıldı

Dənizkənarı Bulvar ərazisində kaktusları kəsərək yandıran şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin ərazidə kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb. Əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. "Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir", - məlumatda qeyd edilib.

“MedEra hospital” uşağın qida borusunu deşdi, oğlumu şikəst etdi — ŞİKAYƏT

Bir neçə gündür sosial şəbəkələrdə övladı ağır vəziyyətdə olan ana fəryad edərək dəstək və yardım istəyir. Belə ki, oğlu ağır yataq xəstəsi olan qadın xəstənin bu vəziyyətə düşməsində həkimləri və konkret olaraq, MEDERA hospitalın neyrocərrah və həkimlərini ittiham edir. Sozcu.az xəbər verir ki, aadının sözlərinə görə, onun övladını Medera Hospitalın cərrah və həkimləri səhv əməliyyat edib və sağaltmaq əvəzinə, əksinə daha da ciddi fəsadlar yetiriblər. 16 yaşlı oğlum avtomobil qəzasına düşmüşdü. Onu Semaşkoya aparmışdılar. Orda saxlamayıb, özəl xəstəxanaya köçürdüm ki, orda daha yaxşı şərait var və həkimlər mənə söz verdi ki, bura gətir, bir sağaldacağıq. Semaşkoda ölməsin deyə, onu Medera hospitala köçürdüm. Orda nə pul istədilər verdim, pula görə onun beynini əməliyyat etdilər. Beyin qapağını açdılar. Nəfəs alması üçün traxeyadan dəlik açanda, vurub boğazını, qida borusunu da deşdilər. Mən Mehriban xanıma, prezidentə müraciət edirəm. Məni həkimlər və klinika aldadıb. Hər dəfə bu ay yaxşı olacaq, gələn ay sağaldacağıq deyə-deyə uşağımı əridib, koma vəziyyətində mənə verdilər. Uşağımın başında problem yox idi. 90 kiloluq uşaqdan 30 kilo qalıb. MedEraya gedib gəldim, uşağımı müalicə edin dedim, məni polislə ordan uzaqlaşdırdılar. Əvvəl 10 min təklif etdilər. Amma mən istəmədim. Çünki mənim övladımın dərdi 10 minlə sağalmır. Məni aldatdılar ki, Azərbaycanda dərdinə dərman olmasa, Türkiyəyə göndərəcəyəm. Amma indi məni qapıdan qovurlar. Hər şeyi boyunlarından atırlar. Qida borusu salamat uşağımı deşiblər, nə yemək yeyə bilir, nə su. Əriyib gedir. Beyni salamat idi, beynini açıb qarnına tikdilər. Uşağımın sağalması üçün yalvarıram. Medera hospital məniçm evimi yıxdı”. (Medicina.az)

Taksilərdə taksometr məcburi olacaq

Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması təklif edilir. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Tovuzda avtomobillər toqquşub, ölən və xəsarət alan var

Tovuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Elçin Elvin oğlu Hüseynov dünyasını dəyişib, Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Orxan Abbasov isə ağır yaralanıb. Yaralı Gəncə şəhərindəki xəstəxanaların birinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.