Əhməd qətldən bir sutka öncə bu xuliqanlığa görə saxlanılıbmış

Xəbər verdiyimiz kimi, ata-anası, qardaşı, bacısı və bacısının azyaşlı övladını qətlə yetirən Əhməd Əhmədov bir gün öncə xırda xuliqanlığa görə Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Sozcu.az xəbər verir ki, News24.az Əhməd Əhmədovun hansı xuliqanlıq əməlinə görə saxlanıldığını aydınlaşdırıb. Bəlli olub ki, Əhməd Əhmədov vaxtaşırı olaraq Əhmədlidəki “Fədək” restoranına gedirmiş. Qətli törətməzdən bir gün öncə (12 fevralda) o, həmin restoranda dava-dalaş salaraq, uca səslə təhqirlər səsləndirib, kassa aparatını yumruqla vurub. DİN-in “102” zəng xidmətinə məlumat verildikdən sonra hadisə yerinə gələn PPX əməkdaşları onu polis bölməsinə aparıblar. Atası Mehman Əhmədov isə bölməyə gələrək, oğlunun epilepsiya xəstəsi olduğunu, saxlanılacağı halda ölə biləcəyini bildirərək yalvarıb və Əhmədin polis bölməsindən buraxılmasına nail olub. Bir sutka sonra isə Əhməd Əhmədov atası Mehman Əhmədov da daxil olmaqla, bütün ailə üzvlərini doğrayıb.

DYP Əhmədə sürücülük vəsiqəsini necə verib?

Səhiyyə ocaqlarında sağlamlıq haqqında arayışları 50-100 manata rahat şəkildə əldə etmək olar. Bu gün də tibb məntəqələrində, poliklinikalarda baş həkimlər sağlamlıq haqqında arayışı heç bir müayinə aparmadan satır. Sozcu.az xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı Xətai rayonunda ata-anası, qardaşı, bacısı və bacısının övladını amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun psixoloji problemi olmasına baxmayaraq, sürücülük vəsiqəsi alması və avtomobil idarə etməsi haqda danışarkən deyib. Onun sözlərinə görə, sürücülük vəsiqəsini almaq üçün şəxsdən sağlamlıq haqqında sənəd tələb olunur və bu sənədi verən səhiyyə ocaqları buna görə məsuliyyət daşıyır: “Səhiyyə Nazirliyi bir rüşvət ocağına çevrilibsə, yol polisi buna nə etsin? Əhməd də sağlamlıq arayışı əsasında sürücülük vəsiqəsi ala və taksi fəaliyyəti ilə məşğul ola bilib. Psixoloji, narkoloji problemləri olan şəxslər rüşvət qarşılığında bu sənədləri əldə edə bilirsə, yol polisini bu məsələdə suçlamaq olmaz. Məsələni dəfələrlə qabartdıq ki, poliklinikalarda əməliyyatlar, reydlər keçirilsin. Yaxud da sürücülərin vahid tibbi məntəqə strukturu yaradılsın. Amma çox ciddi nəzarət altında olsun. Çünki əvvəllər belə bir qurum var idi və rüşvət yuvasına çevrildiyi üçün ləğv elədilər. Onu ləğv edib, poliklinikalara verdilər, onlar da ikiqat rüşvət yuvasına çevrildi. Yol polisi də həkimin verdiyi qərara əsaslanır. Bu yaxınlarda şəhəri bir-birinə qatan sürücü haqqında video yayılmışdı. Tutdular, məlum oldu ki, “dəlilik kağızı” var. Yaxud lüt soyunub, maşını tərsinə sürən sürücünün də psixoloji problemləri var idi. Belə misallar çoxdur. Bu, cəmiyyətin bəlasıdır. Əhmədin qətl etdiyi o beş nəfərin ahını, günahını onlar çəkəcək. Bu cinayətdə onların hər birinin payı var. Əhməd maşınla da cinayət törədə bilərdi. Odur ki, o həkimi tapmaq və cəzalandırmaq lazımdır”.

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə - YENİLƏNİB

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi ilə bağlı 9 nəfər müraciət edib. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, fevralın 12-si Şəmkir RMX-nin Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-ü isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib. Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir. *** 10:16 Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. Sozcu.az-ın məlumatına görə, 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədova yedikləri dönərdən zəhərləniblər. Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "Mersin" dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.("Report")

Yaralı hərbçimizin bədənindən snayper gülləsi çıxarıldı

Dünən axşam saatlarında xəstəxanaya daxil olan DSX əsgəri Pərviz Xəlilzadə tərəfimizdən əməliyyat olunub. Sozcu.az xəbər verir ki, bunun Ermənistanın hərbi təxribatı nəticəsində yaralanan əsgərin vəziyyəti barədə məlumat verən Respublika Neyrocərrahiyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev bildirib. Məlumata görə, əməliyyat nəticəsində kanal içərisinə siraət edən metal yad cisim müvəffəqiyyətlə xaric edilib. Onun sözlərinə görə, xəstə ağır vəziyyətdə daxil olub: “Əməliyyat 1 saat davam etdi. Hazırda vəziyyəti düzəlməkdədir, vəziyyəti daha yaxşıdır. Müalicə davam etdirilir. Xəstə ilə bağlı proqnozumuz yaxşıdır. Xəstənin bədənindən çıxardığımız yad metal cisim, yəni güllə təqdim etdiyimiz hərbi mütəxəssislərinin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper silahının gülləsidir”. Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Polisin axtardığı məktəbli qızlar, görün, harda imişlər - Foto

00:57 Abşeronda 2 məktəbli qız itkin düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 14 yaşlı şagirdlər dərsdən sonra evə qayıtmayıblar Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri – Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar. Onların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər. *** Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumatla bağlı polis əməkdaşları tərəfindən dərhal axtarış elan edilib. Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənələrinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.

Abşeronda məktəbli qızlar itkin düşüb - FOTO

Abşeronda 2 məktəbli qız itkin düşüb. "Report"un yerli bürosu məlumat verir ki, hadisə dünən baş verib. Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri – Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar. Onların evə qayıtmadığını görən valideynləri dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər.

Nazirlik aylığı 26,7 minlik ofis icarəyə götürdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerləşdiyi inzibati bina üçün aylıq icarə haqqı açıqlanıb. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, agentliyin icarələdiyi ofisin sahəsi 2000 kvadrat metrdir. Nazirlik inzibati binanın sahibi, icarədar Emil Orucovla 320 067 manatlıq müqavilə bağlayıb. Müqavilənin müddəti 1 ildir. Beləliklə, agentliyin ofis üçün aylıq icarə haqqı, təxminən, 26 670 manat müəyyənləşib. Xatırladaq ki, daha əvvəl açıqlanan məlumata görə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin isə yerləşdiyi inzibati binanın aylıq icarə haqqı bir ay üçün 63 800 manatdır. Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yerləşdiyi inzibati binanın icarə haqqı isə aylıq 48 707,1 manatdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu üç qurum üçün hər ay 140 000 manat icarə haqqı ödəyəcək.

Bakıda avtomobil gənc oğlanı vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Umbayev Nəsimi Mübariz oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.report

"Şöbə rəisinə 700 min manat vermişəm" - Müdafiə Nazirliyində yeyinti işi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 3 hərbi hissədə maliyyə xidməti rəisi vəzifəsində işləmiş Vüsal Məmmədli ifadə verib. O bildirib ki, çalışdığı ilk hərbi hissədə ümumilikdə 657 min manat mənimsəmə faktına yol verilib: “Hərbi hissədə yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı aşkar olunan əlavə vəsaitlərin 30 faizi təftişə, 20 faizi isə maliyyələşməyə vermişəm. Yerdə qalan 50 faiz vəsait isə mənə çatıb. Digər hərbi hissələrdə də eyni qaydada çalışmışam". Şahid deyib ki, üç hərbi hissədə ümumilikdə 1 milyon 500 min manata yaxın ziyan üzə çıxıb: "Bu pulun 600 min manatı mənə çatıb. Həmin məbləğdən 150 min manat istintaq dövründə, sonra da 70 min manat, ümumilikdə 220 min manat dövlət büdcəsinə ödəniş etmişəm. Pulun geridə qalan hissəsini də ödəyəcəm". V.Məmmədli qeyd edib ki, hərbi hissələrə təftişə gələnlərə Maliyə və Büdcə idarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov rəhbərlik edib və veriləcək məbləğləri o təyin edib. Daha sonra şahid qismində ifadə verən Mirseyid Eyvazov bildirib ki, əvvəlcə idarədə təftişçi vəzifəsində çalışıb. O, Rafael Xələfovun rəhbərliyi ilə hərbi hissələrə təftişə getdiyini bildiririb: “Misal üçün alınan pulların 20 min manatı Rafael Xələfova, 10 min manatı isə mənə çatıb". M.Eyvazov bildirib ki, 2020-2022-ci illərdə hərbi polisdə maliyyə xidmətinin rəisi olub: "Həmin dövr üçün aparılan maliyyə təftişləri zamanı 1 milyon 300 min manat əlavə vəsait üzə çıxıb. Biz maliyyə hesabı açırdıq. Həmin hesaba pullar köçürülürdü. Həmin vəsaitlərlə bağlı əlavə hesablarda yaradırdıq. Bu pullar bizə qalırdı. Yoxlamaya gələnlərə həmin vəsaitdən 30 faiz verirdik. Əvvəl yoxlamaya Süleyman Abbasov gəlib. Mən də pulu ona vermişəm. Daha sonra isə Sadiq Sadıqov yoxlamaya gəlib. Ona da eyni vəsait vermişik”. Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib. O, yoxlamaların nəticələrindən razı qaldığını, yoxlama nəticəsində ona 700 min manat çatdığını bildirib. Hazırda MN-in Təlim Tədris Mərkəzində müəllim işlədiyini deyən digər şahid Səbuhi Məmmədov qeyd edib ki, Cəmşid Naxçıvanski adına hərbi liseydə maliyyə xidmətinin rəisi olub. O bildirib ki, 2015-2020-ci illər ərzində hərbi liseydə aparılan yoxlamalar zamanı 3 milyon 450 min manat əlavə vəsait üzə çıxıb. S. Məmmədov qeyd edib ki, hərbi liseydə 57 nəfər qeyri-müəyyən şəxsin adına kartlar açıblar, bundan sonra pullar həmin kartlara köçürülüb. O, real olmayan şəxslərin adına kartlar almalarını belə izah edib: “Biz özümüzdən 8 rəqəm yazırdıq. Həmin 8 rəqəmli kodu banka təqdim etməklə kart alırdıq. Kart sahibləri naməlum şəxslər olub, adlar bizim tərəfimizdən uydurulmuş adlar olub”. O, daha sonra iki hərbi hissədə maliyyə xidmətinin rəisi olduğunu qeyd edib və bildirib ki, yoxlamalar zamanı hərbi hissələrdən birində 120 min, digər hərbi hissədə isə 20 min manatın mənimsənilməsi müəyyən edilib. Şahid qeyd edib ki, işlədiyi dövrdə Rafael Xələfov ondan 10 min manat əlavə pul istəyib və həmin vəsaiti alıb: “Təftişə Rövşən Əliyev gəlmişdi. Ona 690 min manat verdim. Sonra Rafael müəllim məndən 10 min manat istədi. Bunu 700 min manat verməli olmağım ilə izah etdi. Mən də ona əlavə olaraq 10 min manat verdim”. Şahid daha sonra qeyd edib ki, yoxlamaya gələn Sadiq Sadıqova 600 min manat verib: “Həmin pulu idarəyə çatdırmalı idi. Amma pulu idarəyə vermədiyi sonradan mənə məlum oldu. Bunu da Rövşən Əliyev yoxlamaya gələndə bildik. Məni idarəyə çağırdılar. Bu barədə məndən soruşdular. Mən də dedim ki, Sadıq Sadıqova vermişəm”. S.Məmmədov bildirib ki, Nizami Məmmədovun bu işlərlə bağlı ona heç bir göstərişi olmayıb. Şahidin sözlərinə görə, aşkar olunan əlavə pulun 90 faizini yoxlama və təftişə gələnlərə verib, 10 faizi isə onun özünə çatıb. O, fəaliyyətinin Maliyyə Nazirliyi tərəfindən yoxlanıldığını bildirib: “Bu yoxlama zamanı tərəfimdən dövlətə 399 min manat ziyan vurmağım üzə çıxıb. Bu ziyanın da 20 min manatını ödəmişəm”. Proses fevralın 16-da davam etdiriləcək. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

2 məktəblinin ölümünə səbəb olan sürücü barədə qərar...

Məhkəmə Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan sürücü Emin İbrahimovla bağlı qərar verib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir. Qeyd edək ki, Emin İbrahimovun sürücülük hüququ olmayıb.

Cəlilabadda 14 yaşlı oğlanın faciəvi ölümü: Qızılca, yoxsa... - "Qanı da satdılar, pulunu yedilər" - VİDEO

Cəlilabadın Alar kənd sakini, 14 yaşlı Yusif İbayevin qızılcadan dünyasını dəyişməsi barədə xəbərlər yayılsa da, ailə üzvləri yeniyetmənin başqa xəstəlikdən öldüyünü bildiriblər. Mərhumun babasının sözlərinə görə, yeniyetmənin ağciyərində problem olub: “Uşağı apardıq Bakıya, orada 10 nəfər qan verdi. Qanı da satdılar, pulunu yedilər. Üç mindən çox pul çıxdı. Dedilər uşaq qızılcaya yoluxmayıb, ağciyərində problem var”. Yeniyetmənin ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasında bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs yanvarın 24-də dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub. Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəstə vəfat edib.  Faktla bağlı araşdırma aparılır. Ətraflı Baku TV-nin süjetində:

Avtomobili necə utilizasiya edə bilərik? - Prosedur müəyyənləşdi

Nazirlər Kabineti "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə dəyişiklik edib. Sozcu.az xəbər verir ki, qərara əsasən, utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən bu Əsasnamədə nəzərdə tutulmuş orqanlara müraciət edilir. Müraciət qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində həmin orqan tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və ya aşağıdakı hallardan hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasından imtina barədə qərar qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlumat verilir: nəqliyyat vasitəsinin inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya cinayət-hüquqi tədbir qismində xüsusi müsadirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda; nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə cəza və ya digər cinayət-hüquqi tədbirlər qismində cərimənin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda; nəqliyyat vasitəsi üzərində həbs və ya yüklülük olduqda; dövlət müəssisə, idarə və təşkilatlarına, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinin silinməsinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada rəy verilmədikdə. Nəqliyyat vasitələri utilizasiyaya dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən verildikdə, bu Əsasnamənin tələblərinə əməl olunmaqla, həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu zaman ödənilməmiş cərimələrin olması nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına mane olmur.