Daha 10 ailə Zəngilanın Ağalı kəndinə köçüb

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə “Böyük Qayıdış”ın növbəti mərhələsi həyata keçirilib.  Bu mərhələdə növbəti 20 ailə, 94 nəfərin öz doğma yurd-tuvalına qayıdışı reallaşır. Onlardan 50 nəfərdən ibarət 10 ailə fevralın 28-də, 44 nəfərdən ibarət 10 ailə isə bu gün köçürülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu günədək ümumilikdə “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Qeyd edək ki, köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur. Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır. Sozcu.az

Zaqatalada 3 aylıq körpə ölüb

Zaqatalada 3 aylıq körpə ölüb. Sozcu.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Aşağı Tala kənd sakini, 03.12.2022-ci il (üç aylıq körpə) təvəllüdlü Rəfail Tural oğlu Rəşidov bu gün səhər saat 06 radələrində xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 3 aylıq körpə xəstəxanaya daxil olduqdan bir qədər sonra həyatını dəyişib. Körpənin bir müddət əvvəl Bakı şəhərindəki xəstəxanalardan birində əməliyyat olunduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.apa

Ağsuda sahibsiz itlər ölüm kabusuna çevrilib: Aidiyyəti qurumların vecinə də deyil

Ağsu rayonunda sahibsiz küçə itlərinin sakinlərə yaşatdığı ciddi problemlər haqda mətbuatda dəfələrlə yazılıb. Belə ki, əgər əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdusa artıq gündüz vaxtı belə itlərin bir-biri ilə, gəlib-gedən insanlara hürüşməsindən rahatçılıq yoxdur. Ağsu rayonu bu baxımdan müəyyən mənada Hindistanın tipik şəhərini xatırladır.Yalnız bir fərqlə ki, burada toxunulmaz meymun və inəklər deyil küçə itləridir. Küçə itləri burada binaların ətrafında, küçələrdə, zibil yeşiklərinin ətrafında uzun müddət məskən saldıqca artıq oranı özlərinə doğma məskən sayırlar. Sahibsiz itlər hərəkət edən maşınların, velosipedlərin dalınca aqressiv qaçaraq hürürlər. Sahibsiz itlər özlərini Ağsuda özlərini o dərəcədə komfort hiss edirlər ki, həyətlərin “sahiblərinə” çevriliblər. Sahibsuz itlər son zamanlar o qədər balalayib çoxalIblar ki, bu avtomobil sahiblərinə belə baş ağrısına çevriliblər. Belə ki, sürücülərin onların qabağından keçən itləri bilmədən vurması halları çoxalıb.  Artıq iş o yerə çatıb ki, bu heyvanlar bağlara, bağçalara doluşaraq insanların həmin yerlərə çıxmasına imkan vermirlər. Hətta onların sürü şəklində qaranlıqda insanlara hücum etmələri halları da müşahidə olunmaqdadır. Agsuda itlər nəinki yaşayış məntəqələrinin yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında, şəhərin mərkəzi yerlərində yolun ortasında, supermarketlərin, restoranların, kafelərin qabağında, uşaq bağçalarının, məktəblərin, stadionların həndəvərində günün günorta cağı var-gəl edirlər, daimi  məskən salıblar. Buna görə də məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər də vəhşi heyvanlardan çəkinirlər. İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Sürü halında gəzən küçə itləri gecə vaxtı daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı Ağsuda  az qala qəhrəmanlıq saymaq olar. Şagirdlər deyirlər ki, onlardan qorunmaq üçün səhərlər məktəbə əllərində daşla gedirlər. Bəzən isə yollarını dəyişmək məcburiyyətində qalırlar. Əlbəttə itləri öldürmək də qeyri-insani bir hərəkətdir. Amma Ağsuda  insan həyatı, əsasən də azyaşlılar üçün real təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulmalı, ərazidən uzaqlaşdırılmalı və sığınacaqlarlarda yerləşdirilməlidir. İcra Hakimiyyəti problemdən xəbərdardır, amma  heç bir tədbir  görmür, yalnız deyir “tədbir görüləcək”. Necə ki, küçə itləri ilə bağlı tədbir görməyən məmurlar da sığortalanmayıblar ki, onlar özləri və yaxınları itlərin hücumuna məruz qalmayacaq. Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır. Ekspertlər vətəndaşlara küçə itlərinin olduğu yerlərdən mümkün qədər uzaq durmağı məsləhət görürlər. Amma bu da çıxış yolu deyil. Sahibsiz itlərlə üzləşən hər bir adam soyuqqanlı davranmasa onların hücumuna məruz qala bilər. Sahibsiz itlərin  məhəllələrin içinə gətirən səbəblər də var. Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında daima çoxsaylı itlərə rast gəlinir. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. İtlər 6 aydan bir 7-8 bala verir. Heç kim demir ki, sahibsiz itlərin hücumuna qarşı mübarizə üçün onları mütləq güllələmək, öldürmək lazımdır. Sahibsiz itlərin sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.  Quduzluğa qarşı iynə vurulur, axtalanır, qısırlaşdırılır. Daha sonra qulaqlarına birka bağlanır. Bakı şəhərindəki itlərin 50 faizi birkalanıb. Bir sözlə küçə itlərinin sayı tənzimlənməlidir, yoxsa bu surətlə şəhəri itlər tamamailə basacaq. Sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirilməlidir. Bunun üçün Türkiyənin, Avropa ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır. Avropanın şəhərlərinin küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı məsələləri operativ şəkildə həll edirlər Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir. Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa, insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır. Görünən odur ki, Ağsu rayon  Təmizlik Departamenti, Ağsu şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi demək olar ki, heç bir ciddi tədbir görmür. Sozcu.az

“Semaşko”da dəhşətli virus mənbəyi – SPİD, hepatit tullantıları həyətdə…VİDEO

1 saylı Şəhər Kliniki Xəstəxanası (Semaşko) antisanitariya yuvasına çevrilib. Xəstəxana həyəti tullantılarla dolub – daşır. Reportyor.info-ya göndərilən video faktdan da görünür ki, “Semaşko” zibil dağına çevrilib. Buna şərait yaradan isə xəstəxananın direktoru Könül doktor və Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Fərrux həkimdir. Deyilir ki, xəstəxananın bütün cərrahi şöbələrində olan əməliyyatlarda istifadə edilmiş sarğı və cərrahi materialları, eləcə də dializ şöbəsində bütün xəstələrin tullantıları (hepatit B və C, HİV, SPİD, dializli xəstələrin çoxunda bu viruslar var), damardaxili sistem şlanqları (hansı ki, həmin şlanqlarla qan və qan preparatları köçürülür) həmin zibilliklərdə “rəqs edir”. Bundan əlavə, dezinfeksiya edilib yandırılmalı olan tibbi tullantılar həyətdə zibillik olaraq saxlanır və üç aydır ki, təmizlənmir. Bu da infeksiya mənbəyi, yoluxucu xəstəliklər ocağıdır. Həmin tullantılar yoluxucu xəstəliklər şöbəsinin olduğu binanın qabağında yığılıb dizə çatıb. Deyilir ki, bu məsələdə hər gün işə bahalı maşınlarda gələn direktor Könül və şöbə müdiri Fərrux doktorların günahı var. Onların zibilliyi təmizlətdirmirlər və nəticədə virus mənbəyi təhlükə saçmaqdadır. O da xəbər verilir ki, yoluxucu xəstəliklər şöbəsində reanimasiya ləğv olunub. Xüsusi təhlükəli pasientlərin qəbulu bu səbəbdən terapevtik və cərrahi xəstələrlə eyni yerdə aparılır. Eyni zamanda, 4 yoluxucu şöbə ləğv edilərək bir şöbədə birləşdirilib və eyni mərtəbədə müalicə gedir. Bir sözlə, cinayətə yol verilir.

Ordubadda oğurluq edən şəxs saxlanılıb

Ordubad rayon Qoşadizə kəndində oğurluq hadisəsi baş verib. Ordubad RPŞ-i tərəfindən aparılan təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törədən Səməd Babayev müəyyənləşdirilərək saxlanılıb. Oğurladığı pul əskinasları maddi sübut kimi götürülüb. Şəxs barədə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Dumanlı hava şəraiti nə qədər davam edəcək?

“Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti martın 2-si səhərədək fasilələrlə müşahidə olunacaq”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dumanlı hava şəraitinə səbəb Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkət etməsidir: “Belə ki, yüksək təzyiq sahəsində yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir. Gecə saatlarında da temperaturun nisbətən aşağı olması, yer səthində və yuxarı hündürlüklərdə az sürətli cənub-şərq küləklərinin üstünlüyü dumanın əmələ gəlməsinə səbəb olub”. G.Məmmədova qeyd edib ki, Bakı, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Şabran, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astarada dumanlı hava şəraiti müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb: “Müqayisə üçün bildirək ki, fevralda dumanlı günlər Abşeron yarımadasında 2012, 2013, 2014 , 2015, 2016, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə qeydə alınıb. Lakin bu il fevral ayında Bakı şəhəri və onun ətrafında, əvvəlki illərdən fərqli olaraq 3 gün ərzində davamlı qatı duman müşahidə edilir”.

Bakıda özəl bağça sahibi ağacları qanunsuz olaraq kəsib

Bakı şəhərinin Nəsimi rayonu və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı Nəsimi rayonu, Ənvər İsmayılov küçəsi, “Yaşıl Ada” uşaq bağçasının ətrafındakı ağacların bağçanın sahibi Oktay Abutalıbov, Tovuz rayonun Koxa Nəbi kəndi ərazisindəki ağacların isə kənd sakini Binnət Hüseynov tərəfindən kəsildiyi məlum olub: “Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Ağsulu sahibkarlar nazir müavini ilə görüşüblər: YENƏ SÖZ VERİLDİ

Fevral ayının 28-də Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahibləri yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar.  Nazirlikdə sahibkarları nazir müavini Vüqar Kərimov qəbul edib. Sahibkarların Sozcu.az saytına verdikləri məlumata görə, görüşdə  Vüqar Kərimova bildiriblər ki, onlara məxsus olan iaşə obyektləri dövlət layihəsi əsasında tikilib və  Prezident İlham Əliyevin adından onlara təminat verilib ki, layihəni bitirdikdən sonra  müqavilə ilə təmin olunacaqlar. Ancaq buna baxmayaraq, dövlət orqanlarının qapılarında qalıblar.  Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovun sahibkarlara köməklik göstəriləcəyini soz verdiyini deyən sahibkarlar qeyd ediblər ki, Vüqar Kərimov  bildirib  ki, Prezidentin adı olan heç bir işdə onlara problem yaradıla bilməz. Onlara müqavilə ilə təmin olunmaları ilə bağlı köməklik göstəriləcək. Vüqar Kərimov sahibkarlara əllərində olan sənədləri toplayaraq, yaxın günlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə gəlmələrini bildirib. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, iaşə obyektlərini turizim xəttinə uyğun verilən layihəyə ilə  yenidən tikmələri tapşırığı verilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Prezident İlham Əliyevin adından  sahibkarlara təminat verərək bildirib  ki, layihə tikilib təhvil verildikdən sonra, sahibkarlar müqavilə sənədi ilə təmin olunacaqlar. Sahibkarlar isə  bildirirlər ki, layihəni bitirsələr də nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.

Martda havanın temperaturu iqlim normasına yaxın olacaq

Mart ayına gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Qışla yaz arasında keçid dövrü olduğundan mart ayında hava şəraiti dəyişkən olur. Mart ayında havanın orta aylıq temperaturu kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Mart ayının ilk günlərində ölkə ərazisində əsasən şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 20-27 mm). Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44 mm). Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 9 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 11-16 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 42-52 mm). Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-48 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma 23-90 mm). Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı ehtimalı var (norma 24-45 mm).

Bakıda müəllim şagirdi döydü, valideyn polisə müraciət etdi

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib. Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə müəllimə tərəfindən döyüldüyünü bildirib. O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllimə barəsində tədbir görülməsini xahiş edib. Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

Alatava-1 söküləcək: kimə nə verəcəklər?

Alatava-1 qəsəbəsinin söküləcəyi gözlənir. Bu barədə AzadlıqRadiosuna həmin qəsəbənin sakinləri danışıb. Onların sözlərinə görə, bu barədə sakinlərə hələ ötən ilin sonundan məlumat veriblər. Amma onlar bəzi narahatlıqlarını da dilə gətiriblər. Sakinlərdən ad və soyadının çəkilməsini istəməyən bir şəxsin vurğulamasına görə, onlara deyiblər ki, bu, pilot layihəsi kimi bir şey olacaq: "Evimiz söküləcək və yerində tikilən binada bizə mənzil veriləcək". O, narahatlıqlarını belə ifadə edib: "Başqa bəzi yerlərdə, məsələn, Yasamalda, Nərimanovda görürük ki, camaatı süründürürlər. Nə ev verirlər, nə də kirayə ödəyirlər. Açığı, buna görə ehtiyatlanıram. Birdən bizdə də belə olsa? Kimə şikayət edəcəyik? İndi heç olmasa bilirik ki, pis-yaxşı evimiz var". Qəsəbənin yerləşdiyi Yasamal Rayon İcra Hakimiyyətindən isə "Turan"a bildirilib ki, bununla bağlı artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şirkətlərin biri ilə razılıq da əldə edib: "Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb". Qurumdan qeyd olunub ki, rayon ərazisində istismar müddəti başa çatan binalar və fərdi evlər artıq siyahıya alınıb: "Evlərin bir hissəsinin bu il ərzində sökülməyi nəzərdə tutulur. Sakinlərin istəyinə uyğun olaraq bəzilərinə maddi kompensasiya ödəniləcək, bəziləri isə yeni binalarda mənzillə təmin ediləcək. Tikinti zamanı sakinlər şirkət hesabına kirayə mənzillərə köçürüləcəklər". Amma icra hakimiyyətindən şirkətin adını çəkməyiblər. Ona görə də onun təkliflərinin detallarını tam aydınlaşdırmaq mümkün olmayıb. İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Alatavada artıq binaların tikintisinə başlanıb: "Qəsəbənin düz ortasında artıq iki bina tikilir. Orada 40-a yaxın ailə idi, onlarla danışıblar. Tikilən binada mənzil verəcəklər, bina tikilənə qədər kirayə vəsaiti ilə bağlı da anlaşma olub". Onun sözlərinə görə, vətəndaşlarla anlaşmağa məcburdurlar: "Yəni, bu, dövlət layihəsi deyil ki, qiyməti hansısa formada diktə etsinlər..."Qış parkı" və digər mərkəzi küçələrdə olan ərazilərdə yaşayan sakinlərin seçim imkanları məhdud idi, çünki onu dövlət layihəsi kimi təqdim etdilər. Sonra əl dəyişdi, icra hakimiyyətinin əlindən alıb kommersiya şirkətinə verdilər, daha sonra yenidən icraya qaytarıldı və insanların kifayət qədər ciddi mülkiyyət hüququ pozuldu". Cəfərlinin fikrincə, Alatavada da narazılıqlar olacaq: "Çox güman ki, evlərin, həyətlərin kvadratmetrin hesablanması qaydaları ilə bağlı kifayət qədər narazı adamlar da olacaq. Alatavada bəzi sakinlərin evlərinin çıxarışları yoxdur". İqtisadçı Alatavada yaşayan vətəndaşlara ictimai təşkilat yaratmağı məsləhət görüb: "O təşkilat vasitəsilə danışıqlar aparılsın, həm şəffaflığın yaradılmasına çalışılsın, həm də ictimai bilgiləndirmə olsun. Kommersiya şirkətləri də vətəndaşların hüquqlarını poza bilər, necə ki, biz dəfələrlə bunun şahidi olmuşuq".

BÜRCLƏRƏ görə YUXULAR

Yuxular, funksiyası və sirri hələ də həll edilməmiş, gündəlik hadisələri, qorxuları, duyğuları yaşadığımız və ya şüuraltımızda qeyd etdiyimiz qavrayışlardır. Eksperimental spiritistlər, parapsixoloqlar və psixiatrlar yuxularla elmi səviyyədə məşğul olan şəxslərdir. Lakin astroloqların fikrincə, yuxuların bürclərlə da bağlılığı var. Belə ki, bəzi bürclərin yuxularının çin çıxması ehtimalı böyükdür. Sozcu.az bürclərin necə yuxular gördüklərini araşdırıb: Qoç Qoçun yuxuları çox vaxt real həyatları ilə sıx bağlı olar. Onlar xəstələnəndə kabus görür, xoş hadisə olanda təbiət mənzərələri, mavi dəniz görürlər. Buğa Buğa bürcündə xəyalları yox, gündəlik hadisələr önəm verir. Onlar üçün məntiq hər zaman ön plandadır. Qəlblərində düşmənçiliyə yer olmayan buğalar adətən xoş yuxular görürlər. Əkiz Əkizlərin yuxuları çox vaxt həqiqətən də baş vermiş, şüuraltı hadisələr və ağrılarla doludur. O, qocalığa qədər məktəb xatirələrini yuxularında görə bilər. Xərçəng Xərçənglər gündəlik həyatlarını yuxularını gördükləri kimi yaşayırlar. Onlar röyalarında adətən zəif, müdafiəsiz və yardıma ehtiyacı olan obraza çevrilirlər. Aslan Şirlər xəyalları ilə yanaşı, intuisiyalarından bələdçi kimi istifadə edirlər. Yuxuları onların real həyatlarına birbaşa təsir edir, daha doğrusu, şirlər röyalarına uyğun olaraq gündəlik planlarını qururlar. Qız Qız bürcü insanlarının yuxuları inkişaf etmiş narahatlıq meylinə görə kabus və ya şüuraltı yuxular şəklini alır. Yuxuları xatırlaya bilmək üçün psixi cəhətdən sağlam olmalıdır. Tərəzi Tərəzilər adətən yuxularını xatırlamırlar. Yadına düşəndə ​​məntiqi simvolik izahlar tapmağa çalışır. O, xəyallarının simvolik dilini deşifrə etməyə çalışır. Əqrəb Əqrəb xəyalları kabuslu, sirli və seksualdır. Xatırladığı yuxular mütləq gələcəyə işarə edir. Düşmək qorxusu mütləq yuxularınızda əks olunur.  Oxatan Oxatanlar xəyallara əhəmiyyət verirlər. O, intuisiyasına və arzularının gerçəkləşəcəyinə inanır. Lakin Oxatanların yuxuları tez-tez gerçəkləşir. Oğlaq Oğlaqlar yuxularını xatırlamayan bürclərdir. Başı və şüuraltı zehni təhlükəsizlik, pul və karyera ilə o qədər məşğuldur ki, o, tez-tez təhlükəsizlik, uçmaq, yıxılmaq barədə röyalar görür, lakin oyananda gördüklərini xatırlaya bilmir. Dolça Dolçalar üçün uçmaq, fövqəladə güclərə sahib olmaq kimi yuxular görməyi artıq adət halına gəlib. O, fantastik xəyallar qurmağı sevir. Və qurduqları xəyallar yuxularında gerçəkləşir. Balıqlar Balıqların xəyalları şüurlatının ağır xatirələrini əks etdirir. O, tez-tez bələdçi və gələcək haqqında danışan yuxular görür. Yuxusunu davam etdirmək üçün yuxusunu uzatmağa çalışır.