Bu tibb işçiləri işdən çıxarılır - RƏSMİ

Son illər müxtəlif sahələrdə sertifikatlaşdırma prosesi həyata keçirilir. Belə ki, müəllimlər, tibb işçiləri sertifikasiya imtahanına cəlb edilirlər. Təkrar sertifikasiyadan keçməyən müəllimlərin əmək müqaviləsinə xitam verilir. Tibb işçilərinin də növbəti sertifikasiya imtahanı gözlənilir. Bəs sertifikasiyadan keçə bilməyən səhiyyə işçiləri təkrar imtahana cəlb edilirlərmi, yoxsa ilk sertifikasiyadan keçə bilmədikdə əmək müqaviləsinə xitam verilirmi? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, Sertifikasiya Komissiyasından verilən məlumata görə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 46 maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil alan şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilən qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər: “Yuxarıda qeyd edilən qanunun 49-1. maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə qanununda nəzərdə tutulmuş qaydada sertifikasiya imtahanına cəlb edilirlər. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1. maddəsinə əsasən Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan ərazisində tabeçilik və mülkiyyət formasından asılı olmayaraq praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan bütün ali və orta ixtisaslı mütəxəssislər sertifikasiya imtahanına cəlb edilməlidirlər. Hazırda, keçirilən imtahanlarda mülki tibb işçiləri, güc strukturlarının tibb heyəti, o cümlədən ölkəmizdə praktik tibb fəaliyyətini həyata keçirən əcnəbilər və vətəndaşlığı olmayan tibb mütəxəssisləri sertifikasiya imtahanında iştirak edirlər. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplayan şəxslər sertifikasiyadan keçən hesab olunurlar”. Qeyd olunb ki, imtahandan keçid balını toplaya bilməyən şəxslər 6 ay müddətində müvafiq təkmilləşmə kursunda iştirak etdikdən sonra təkrar imtahana cəlb olunurlar: “Sertifikasiya imtahanından təkrarən keçid balını toplaya bilməyən tibb işçiləri ilə bağlanan əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məlumat üçün diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 215.4. maddəsinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”. (Cebhe.info)

May ayında qarın yağması nəyin XƏBƏRÇİSİDİR?

İstilər düşsə belə, may ayında Azərbaycanın bəzi bölgələrinə hələ də qar yağır. Qeyri-sabit keçən hava şəraiti insanlarda təşvişə və narahatlığa səbəb olub. Bir çoxları bu kimi hadisələrin iqlim dəyişikliyinə görə baş verdiyini vurğulayır və əvvəlki kimi fəsillərin hər birinin dadını çıxara bilməməkdən, birbaşa qışdan yaya atlamaqdan narazılıqlarını dilə gətirirlər. Mayda qarın yağması nəyin xəbərçisidir? Ekoloq Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, əslində Azərbaycan üçün yağıntı dövrü məhz bu aylarda, yazın sonu, yayın əvvəllərindədir: "Bütün sinoptik göstəricilər illər ərzində bunu təsdiqləyir. Azərbaycana müxtəlif istiqamətlərdən, xüsusilə Şimal və Qərbdən gələn hava kütlələri yağıntını məhz bu aylarda gətirirlər. Bəzən də deyirlər ki, bütün bunlar iqlim dəyişkənliyinə görədir. Mən bu fikirlərlə razı deyiləm. Çünki iqlim dəyişikliyi min illərin nəticəsidir. Onu əmələ gətirən amillər var. Buna fəsillərin dəyişməsi, yağıntılı və quraqlıq dövrünü aid etmək olar". Ekoloq qeyd edib ki, yəni mayın yağıntılı keçməsinin fəsillərə aidiyyəti yoxdur: "Bəzən görürsən ki, 10, 20, hətta 50 il müddətinə yağıntılar azalır, çox seyrəklik olur. Bu, planetin bir çox yerlərində təkrarlanır. Məsələn, Azərbaycandan söz açsaq, ötən il Naxçıvanda apreldən oktyabra qədər 60% yağıntılar qalxmışdı. Bu il də ötən ilə nisbətən yağıntılar hədsiz çoxdur. Yəni təşvişə düşməli heç bir hal yoxdur. Məsələn, Bakıda qışın bir hissəsi, kiçik çillədə, yəni fevralın əvvəlindən 20-nə qədər quraqlıq oldu. Əslində isə kiçik çillə dövrü ən çox yağıntılı və soyuq vaxt olmalıdır. Amma 2020-2022-ci illərdə də fevral ayı məhz belə yağıntısız olub. Ona görə də yenə deyirəm, narahat olmalı heç bir durum yoxdur".

Diplomları tanınmayan ali məktəblər

Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrin siyahısı tərtib edilib. Sozcu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. Qeyd olunub ki, siahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir (qeyd olunan ali təhsil müəssisələri ilə keçiddən tanış ola bilərsiniz). Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Sabah saat 10-dan etibarən...

Yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması, qaz kəmərlərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə 22.05.2024-cü il tarixində saat 10:00-dan etibarən Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib. Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sabunçu və Zabrat qəsəbələrinin, Xəzər rayonu üzrə isə Binə Sovxoz adlanan yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Rəsmən təsdiqləndi, sayğacların 74 faizi düz işləmir – ALDADILIRIQ?

“Ölkədə mövcud olan ölçmə vasitələrinin 74 faizi düz işləmirmiş. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti maraqlı bir rəqəm açıqlayıb. Qurum deyir ki, yoxlamalar nəticəsində ölkədə mövcud olan ölçmə avadanlıqlarından 74,2 faizində nöqsanlar aşkarlanıb”. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz sosial media hesabında bildirib. Ekspert qeyd edib ki, bununla da bir sıra rəsmi və özəl qurumlarda hansısa xidməti, sərfiyyatı, çəkini və sairəni ölçən cihazların əksəriyyətində problem yaşandığı ortaya çıxır: “Anlaşıqlı desək, bu o deməkdir ki, “Azərişığ”ın, “Azərsu”nun sayğaclarında, eləcə də digər dövlət qurumlarında hansısa xidməti, sərfiyyatı, çəkini və sairə ölçən cihazların əksəriyyətində problem varmış. Tərəzinin də problemli olması o deməkdir ki, düz çəkmirmiş. Antiinhisar konkret hansı quruma məxsus hansı ölçmə vasitələrinin düz ölçmədiyini, düz ölçməyənlərlə bağlı hansı tədbirlərin görüldüyünü, səhv ölçmə ilə bağlı vətəndaşlara hansı kompensasiyanın ödənildiyini açıqlamayıb”. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev Milli Metrologiya Forumunda deyib ki, Azərbaycanda 2023-2024-cü illərdə 201 dövlət idarə və müəssisələrində metroloji nəzarət tədbirləri aparılıb: “Onların 156-da metroloji tələblərin pozulması faktı aşkar edilib. Eyni zamanda bu nəzarət tədbirləri zamanı 25 615 ölçü cihaz və avadanlıqların nəzarətə cəlb edilməsi təmin edilib. Nəzarət tədbirləri zamanı 19 018 cihazda nöqsanlar aşkar edilib ki, bu da, 74,2 %-ni təşkil edir”. Bəs görəsən, vətəndaşların mənzilləri də yoxlanılırmı? Araşdırma aparılarsa, evlərdə nə qədər nöqsan olar? Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Musavat.com-a fikirlərini bildirib: “Azərbaycanda nəinki yüz minlərlə, milyonlarla ölçü cihazları var. Belə olan halda 19 min ölçü cihazında aşkar edilən nöqsan 74 faiz təşkil edə bilməz. Bu o deməkdir ki, burada yalnız dövlət idarə və müəssisələrində aparılan və eyni zamanda baxış keçirilmiş cihazlara aiddir. Açıqlama qısa olduğundan bir çox sualların cavabı yoxdur. Yəni bu nasazlıq hansı istiqamətdədir, mənfiyə, yoxsa müsbətə doğrudur. Yəni istifadəçinin xeyrinə, yoxsa zərərinədir. İstənilən halda bu, tərəflərdən birinə zərər gətirir. Daha az hesablamaya gətirib çıxaran bir nasazlıqdırsa, bu, digər tərəfə zərər verir. Əgər daha çox ölçü göstərən bir nasazlıqdırsa, o zaman istifadəçinin özünə zərər verir. Hər bir halda bunun məsuliyyəti var. Bütün hallarda 74.2 faizlik həddən artıq böyük nöqsandır. Bir daha vurğulayıram, bu, vətəndaşa yönəlmiş məsələ deyil. Bu, bilavasitə müəssisə və təşkilatların cihazları ilə bağlıdır. Bütün hallarda oxşar yoxlama bütün vətəndaşlara şamil olunmalıdır. Düzdür, əhalinin yaşadığı yerlərə on milyona yaxın cihaz quraşdırılıb, bunların hər birini yoxlamaq mümkün deyil, amma seçmə metodu ilə hər bir istiqamətdə mövcud vəziyyətin öyrənilməsi daha doğru olardı”.

Un bahalaşdı: Çörəyin qiyməti artacaq?

Azərbaycanda unun qiyməti son bir ayda bahalaşıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, aprel ayının 25-nə qədər 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Ötən ayın sonlarından isə bu qiymət 27 manat 35 qəpiyə qədər artıb. Belə olan halda çörəyin qiyməti artırılacaqmı? Məsələ ilə bağlı açıqlama verən Sarı Sünbül MMC unun bahalaşmasını təsdiq edib: “Bəli, 50 kiloqramlıq unun hazırda topdansatış qiyməti 27 manatdır. Bahalaşma unun bütün növlərinə aiddir. Buna səbəb isə buğdanın qiymətinin artmasıdır”. “İsrafiloğlu” MMC-dən isə bildirilib ki, NUR çörəyi hələ ki, köhnə qiymətlə satılır: “Unun bahalaşması səbəbindən çox güman ki, biz də topdansatış qiymətini artıracağıq. Bu, bizdən asılı məsələ deyil. Un bahalaşırsa, avtomatik cüzi də olsa çörəyin qiyməti artırılacaq”.

Ötən illə müqayisədə bu il may niyə soyuq keçir?

Bu ilin may ayında ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ötən illərin may ayı ilə müqayisədə daha çox müşahidə olunub, ildırım-dolu prosesinin miqyası və intensivliyi artıb. Sozcu.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O bildirib ki, 2022-ci ilin may ayında 17, ötən ilin may ayında 39 dolu hadisəsi müşahidə olunduğu halda, bu ilin may ayının bugününədək 54 dolu hadisəsi qeydə alınıb: "Bunun əsas səbəbi ölkəmizə soyuq hava kütlələrinin daxil olması və mürəkkəb sinoptik şəraitlə əlaqədar formalaşan kütlədaxili prosseslərdir”. O qeyd edib ki, bu ilin 1-20 may tarixlərində ölkənin əksər bölgələrində hava 18 gün yağıntılı olub: "Düşən yağıntının miqdarı Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində, eləcə də Bakıda və Abşeron yarımadasında aylıq normadan çox olub. Leysan xarakterli intensiv yağışlar nəticəsində çaylarda sululuq kəskin artıb, 8 sel hadisəsi qeydə alınıb. Küləkli günlərin sayı 13 olub. Havanın temperaturu ötən illərlə müqayisədə daha aşağı qeydə alınıb”.

Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb

Şirvanda azyaşlı qızdırmadan ölüb. Sozcu.az-ın məlumatına görə, şəhərin M.Rəsulzadə küçəsi 7 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Vəliyev Əli Xəyyam oğlu Şirvan Şəhər Xəstəxanasında qızdırmadan ölüb. İlkin məlumata görə, evdə müalicə olunan Ə.Vəliyevin bir həftəyə yaxın hərarəti aşağı düşməyib. Son anda xəstəxanaya gətirilərkən artıq gec olub. Faktla bağlı araşdırma aparılır.report

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun SON GÖRÜNTÜSÜ

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb. Sozcu.az "modern.az"a istinadən xəbər verir ki, T.Əhmədov 6 ildən çoxdur səhhətindəki problemlərlə mübarizə aparır. O, qan təzyiqi, şəkər, kəskin ürək ağrılarından əziyyət çəkir. Sabiq rəisə ən çox əziyyət verən isə ayaqlarındakı ağrıların şiddətlənməsidir. Məlumatlara görə, 3 ildən çoxdur T.Əhmədovun hərəkət imkanları məhdudlaşıb. Hazırda onun əlil arabasına möhtac qaldığı deyilir. Bakıdakı klinikaların birinin daimi pasiyenti olan sabiq rəisin hərəkət imkanlarını itirəndən sonra yaxın ətrafı ilə əlaqəni kəsdiyi, dostları və keçmiş iş yoldaşları ilə telefon vasitəsilə əlaqə saxladığı bildirilir.

Bu gecədən başlayaraq mayın 25-dək... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ

Bu gündən Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Sozcu.az Sfera.az-a istinadən xəbər verir ki, qasırğa öz təsirini gecə saatlarından etibarən göstərməyə başlayacaq. Mayın 20-də isə geomaqnit qasırğası səngiyəcək. 22 maydan isə yenidən müşahidə olunmağa başlayacaq və ayın 25-dək davam edəcək. Qeyd edək ki, hava şəraitindən asılı olaraq, yaşlı insanlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan insanların səhhəti pisləşə bilər. Xüsusilə baş ağrısı, başgicəllənmə, ürəkbulanma, oynaq ağrıları, yorğunluq və yuxusuzluqdan əziyyət çəkə bilərlər.

Ziya Məmmədovun yaxın qohumu Gəncədə məktəbliləri çölə atdı

Gəncə şəhərində yerləşən Telman Hacıyev adına 2 saylı uşaq musiqi məktəbində dərslər dayandırılıb.  Modern.az-ın məlumatına görə, musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Məlumata görə, uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra sinif otaqlarının boşaldılması haqqında qətnamə qəbul olunub və hazırda qərar icra olunur. Bu, tədris ilinin yekunu ilə bağlı imtahanlara hazırlaşan şagird, müəllim heyətinin narazılığına səbəb olub. Artıq 3 gündən çoxdur tədris prosesi dayandırılıb, alətlər, şkaflar, stollar çölə atılıb. 60 işdən çoxdur fəaliyyət göstərən məktəbin binasına bitişik ərazi Məmmədova Yaqut Tofiq qızı tərəfindən alınıb. İddia əsasında məktəb binasının boşaldılması barədə qərar çıxarılıb. Otaqlardan çıxarılan invertar məktəbin əsas binasına toplanıb, lakin daha sonra iddiaçının nümayəndəsi əsas binanın da onlara məxsus olduğunu və buranı da boşaltmağı tələb edib. 80 müəllim, 500-dən çox şagirdin olduğu məktəbin satılması valideynləri də narahat edib. Məlumata görə, binanın sahibi sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur. O, vəzifədə olan zaman bina özəlləşdirilib. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov deyib ki, onlar məktəbin bir hissəsinin icarə haqqı ödənilməsi şərti ilə cari tədris ilinin sonunadək istifadə olunmasını təklif etsələr də, qarşı tərəf bu təklifi qəbul etməyib. Ona görə də məhkəmənin qərarının icra etmək məcburiyyəti yaranıb.

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barəd Milli Hidrometeorologiya Xidmətindən bildirilib.  Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.