Avtomobil bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəzin keçirdiyi monitorinqə əsasən, ucuzlaşma əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır. 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8.2 faiz azalıb. Amma Ai-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib. Bu tendensiya hansı müddətə qədər davam edəcək? Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bazardakı durğunluğun yanacaq qiymətləri ilə heç bir əlaqəsi yoxdur: “Avtomobil satışı və qiymətlərindəki durğunluğun yanacaqla əlaqədar olduğunu düşünmürəm. Çünki indiyə qədər, yaxın bir neçə ildə avtomobillər üçün satılan Ai-92 və Ai-95 markalı benzinlərin qiyməti dəyişməyib. Bu isə avtomobil bazarına heç bir təsir etməyib. Təbii ki, ehtiyacı olan öz avtomobilini yanacaqdan asılı olmayaraq sürəcək. O ki qaldı taksidə istifadə olunan maşınların kütləvi şəkildə bazara çıxarılmasına, bunun da durğunluğa birbaşa təsir etdiyini düşünmürəm. Belə avtomobillər uzaq məsafələr və yolsuzluq şəraiti üçün əlverişsizdir”. Ekspert buraxılış ili nisbətən gənc olan avtomobillərin idxal qiymətlərinin son dövrlər bahalaşdığını da qeyd edib: “Söhbət kütləvi alıcılıqdan gedir. Bu zaman qiymət minimal olaraq 15-25 min manat arası alıcılıq qabiliyyəti nəzərdə tutulur. Amma son dövrlərdə təxminən 10 yaşdan aşağı olan avtomobillərin idxal qiyməti sahibkar üçün 22-26 manata başa gəlir. Bu meyarlar qiymətə ciddi təsir edir. Hazırda bazarda ən çox tələb olunan avtomobillər qiyməti 5-15 min manat arası olanlardır. Digər tərəfdən, bəzi avtomobil modellərinə tələbatın azaldığını da görmək olar. Lakin ölkədə avtomobilə kifayət qədər tələbi var. Hələ də tələb təklifi üstələyir. Çünki təklif tələbdən çox olarsa, bazar qaydalarına uyğun olaraq qiymət düşməlidir”.
Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”, - Abbasova vurğulayıb. Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olduğu qeydə alınmışdı.
Mayın 26-sı saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi mayın 25-də ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunub. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb. Şimal-şərq küləyi arabir Gəncədə 28-30 m/s, Göygöldə 24-28 m/s, Tovuzda 24 m/s, Goranboyda 23 m/s, Culfada 22 m/s, Neftçala, Ağstafa, Şəki, Şəmkir, Naftalan, Daşkəsəndə 20 m/s-dək güclənib. Düşən yağıntının miqdarı Lerikdə 7 mm, Tovuz, Qusarda 4 mm, Bərdə, Ağstafa, Ceyrançöl, İsmayıllı, Yardımlı, Şəki, Ağdam, Şahbuz, Qrız, Şabran, Ağsu, Göyçay, Şahdağ, Tərtər, Yevlax, Zərdab, İmişli, Sabirabad, Yardımlı, Biləsuvar, Astara, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Qobustan, Ordubad, Culfa, Gədəbəy, Şəmkir, Gəncədə 3 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Mayın 25-i saat 16:10-16:15 radələrində Naxçıvana diametri 6 mm olan, saat 16:40-16:45 radələrində isə Şahbuza 2 mm olan dolu düşüb. Sumqayıt, Daşkəsən, Qax, Balakən, Gədəbəy, Qusar, Göyçay, Lerik, Qrız, Şahdağda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Naxçıvan MR-da 21-26, Aran rayonlarında 20-25, dağlıq rayonlarda 13-18 dərəcə isti olub.
Mayın 25-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, öncədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti davam edir. Müşahidə olunan küləkli hava şəraiti mayın 26-sı səhərədək davam edəcək. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib ki, Naxçıvan və Şabhuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb. Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 3 mm olub. Culfa rayonunda isə hazırda sürəti 18-22 m/san güclü külək əsir.
Bir çox elan saytlarında kütləvi şəkildə Xəzər rayonu Binə qəsəbəsində yerləşən həyət evlərinin satışı müşahidə olunur. Son bir neçə həftə ərzində özünü göstərən bu tendensiya müzakirələrə səbəb olub. Bazar qiymətindən xeyli aşağı - 30-35 min, hətta 24-25 min manata təklif olunan həyət evləri alıcıların marağına səbəb olub. Binədə evlər niyə Bakının digər qəsəbələri ilə müqayisədə xeyli ucuzdur? Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu evlərin mütləq əksəriyyətinin çıxarışı və sənədi yoxdur: “Ümumiyyətlə, elan saytlarında qoyulan evlərin əksəriyyətinin çıxarışı yoxdur. Bu evlər qanunsuz və sənədsiz formada tikilən evlərdir. Ən çox satışa təqdim olunan və əksər vaxtlarda aylarla satışda qalan, amma alıcı tərəfindən istənilməyən belə evlərin çıxarışı olmur. Belə evlər təkcə Binə qəsəbəsində deyil, Bakıda və Abşeron rayonunda kifayət qədər çoxdur. Hətta alıcı olanda belə, bu evlərin ilkin baxışdan sonra tikinti normalarına uyğun gəlmədiyi və kommunal təchizatı zəif olduğuna görə sövdələşmə baş tutmur”. Ekspert bu evlərin kommunal təchizat sarıdan olduqca bərbad vəziyyətdə olduğunu qeyd edib: “Onların bir çoxunda su təchizatı demək olar ki, mövcud deyil. Çünki bu evlərə su xəttləri qanunsuz birləşmələr vasitəsi ilə çəkilir. Əksəriyyətinin kanalizasiyası yoxdur. Belə evlərə demək olar ki, tələbat yoxdur. Ümumiyyətlə, fərdi yaşayış evlərinə tələbat olsa da, bu seqmentdə olan evlərə maraq olduqca aşağıdır. Belə evləri alanlar bir müddət sonra sadalanan problemlər ucbatından evlərini satmağa çalışır. Bu evlərin satış bazarında kifayət qədər çox olmasının başlıca səbəbi məhz elə bununla bağlıdır. Digər tərəfdən, bu qəbildən olan evlərin yerləşdiyi ərazilər əksər hallarda plansız və pərakəndə formada salınır. Bu səbəbdəndir ki, kütləvi satışlar özünü göstərir”.
Mayın 27-si saat 11:00-dan etibarən işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri üçün iyun ayı üzrə biletlər satışa çıxarılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumat yayıb. Bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 729 reys həyata keçirilib, 29 718 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovun meyitinin qalıqları Ağsu rayonuna gətirilib. Sozcu.az xəbər verir ki, Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağsu rayonunun Kalva kəndində ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilib. Qeyd edək ki, Vurğun Əlamət oğlu Seyidov 1974-cü il yanvarın 1-də Ağsu rayonunun Kalva kəndində anadan olub. O, 1993-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Hacıkənd-Toğana kəndi) itkin düşüb. V.Seyidov Kalva kənd qəbiristanlığında dəfn olunub.
Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlılığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb. Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar. Paytaxtda tikilən binaların zəlzələyə davamlı olub-olmaması ilə bağlı isə cəmiyyətdə təzadlı fikirlər mövcuddur. İnsanların bir qismi yeni tikililərin əvvəlki binalar kimi keyfiyyətli olmadığını desə də, bəziləri hazırki binaların müasir standartlara tam cavab verdiyini düşünür. Bəs reallıqda vəziyyət necədir? Paytaxtda inşa olunmuş binalar zəlzələyə dözümlüdürmü? Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı ortalama 8-9 bal olaraq nəzərdə tutulub: “Açıqlanan məlumatlarda görünür ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı təqribən 8-9 bal arasında hesablanır. Amma qeyd etdiyimiz rəqəm tam dəqiq şəkildə aparılacaq monitorinqin nəticələrindən sonra müəyyən olunacaq. Bu gün elə binalar var ki, onlar artıq öz istismar müddətini başa vurub. Bəzi binalar da var ki, yeni tikililər olsa da, ya düzgün ərazidə inşa olunmayıb, ya da seysmik baxımdan aktiv ərazidə inşa olunub”. Ekspert standartlara cavab verməyən binaların söküləcəyini bildirib: “Hər bir halda düşünürəm ki, monitorinqlər başa çatdıqdan sonra biz yekun nəticə haqqında danışa bilərik. Hələki istinad edəcəyimiz mənbə Türkiyədə baş verən zəlzələdən sonra, dövlət qurumlarımızın açıqladığı məlumatlardır ki, onlar da binaların davamlılıq göstəricisinin 8-9 bal arasında dəyişdiyini bildirirlər. Bu mənbələr isə tikinti prosesi dövründə həmin icra hakimiyyəti orqanlarının apardığı texniki ekspertizaların nəticələrinə əsaslanır. Təbii ki, əgər seysmik göstəriciləri normadan aşağı olarsa və bərkitmə kimi tədbirlər mümkün olmazsa, bu halda həmin binaların gələcək taleyi ilə bağlı qərar qəbul olunacaq”.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb səyyar qəbul zamanı etdiyi diqqətsizlik olub. Belə ki, o, görüşdə özü və ətrafındakı vəzifəli şəxslərə (rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərləri) kölgədə yer rahatladığı halda, onun qəbuluna yazılan Uzuntala kəndinin sakinləri saatlarla günəşin altında oturmaq məcburiyyətində qalıblar. Onu da vurğulayaq ki, qəbul zamanı yaşlı kişilər bağçalarda körpələrə verilən stullarda əyləşdiriliblər.
Son illər müxtəlif sahələrdə sertifikatlaşdırma prosesi həyata keçirilir. Belə ki, müəllimlər, tibb işçiləri sertifikasiya imtahanına cəlb edilirlər. Təkrar sertifikasiyadan keçməyən müəllimlərin əmək müqaviləsinə xitam verilir. Tibb işçilərinin də növbəti sertifikasiya imtahanı gözlənilir. Bəs sertifikasiyadan keçə bilməyən səhiyyə işçiləri təkrar imtahana cəlb edilirlərmi, yoxsa ilk sertifikasiyadan keçə bilmədikdə əmək müqaviləsinə xitam verilirmi? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, Sertifikasiya Komissiyasından verilən məlumata görə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 46 maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil alan şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilən qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər: “Yuxarıda qeyd edilən qanunun 49-1. maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə qanununda nəzərdə tutulmuş qaydada sertifikasiya imtahanına cəlb edilirlər. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1. maddəsinə əsasən Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan ərazisində tabeçilik və mülkiyyət formasından asılı olmayaraq praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan bütün ali və orta ixtisaslı mütəxəssislər sertifikasiya imtahanına cəlb edilməlidirlər. Hazırda, keçirilən imtahanlarda mülki tibb işçiləri, güc strukturlarının tibb heyəti, o cümlədən ölkəmizdə praktik tibb fəaliyyətini həyata keçirən əcnəbilər və vətəndaşlığı olmayan tibb mütəxəssisləri sertifikasiya imtahanında iştirak edirlər. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplayan şəxslər sertifikasiyadan keçən hesab olunurlar”. Qeyd olunb ki, imtahandan keçid balını toplaya bilməyən şəxslər 6 ay müddətində müvafiq təkmilləşmə kursunda iştirak etdikdən sonra təkrar imtahana cəlb olunurlar: “Sertifikasiya imtahanından təkrarən keçid balını toplaya bilməyən tibb işçiləri ilə bağlanan əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məlumat üçün diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 215.4. maddəsinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”. (Cebhe.info)
İstilər düşsə belə, may ayında Azərbaycanın bəzi bölgələrinə hələ də qar yağır. Qeyri-sabit keçən hava şəraiti insanlarda təşvişə və narahatlığa səbəb olub. Bir çoxları bu kimi hadisələrin iqlim dəyişikliyinə görə baş verdiyini vurğulayır və əvvəlki kimi fəsillərin hər birinin dadını çıxara bilməməkdən, birbaşa qışdan yaya atlamaqdan narazılıqlarını dilə gətirirlər. Mayda qarın yağması nəyin xəbərçisidir? Ekoloq Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, əslində Azərbaycan üçün yağıntı dövrü məhz bu aylarda, yazın sonu, yayın əvvəllərindədir: "Bütün sinoptik göstəricilər illər ərzində bunu təsdiqləyir. Azərbaycana müxtəlif istiqamətlərdən, xüsusilə Şimal və Qərbdən gələn hava kütlələri yağıntını məhz bu aylarda gətirirlər. Bəzən də deyirlər ki, bütün bunlar iqlim dəyişkənliyinə görədir. Mən bu fikirlərlə razı deyiləm. Çünki iqlim dəyişikliyi min illərin nəticəsidir. Onu əmələ gətirən amillər var. Buna fəsillərin dəyişməsi, yağıntılı və quraqlıq dövrünü aid etmək olar". Ekoloq qeyd edib ki, yəni mayın yağıntılı keçməsinin fəsillərə aidiyyəti yoxdur: "Bəzən görürsən ki, 10, 20, hətta 50 il müddətinə yağıntılar azalır, çox seyrəklik olur. Bu, planetin bir çox yerlərində təkrarlanır. Məsələn, Azərbaycandan söz açsaq, ötən il Naxçıvanda apreldən oktyabra qədər 60% yağıntılar qalxmışdı. Bu il də ötən ilə nisbətən yağıntılar hədsiz çoxdur. Yəni təşvişə düşməli heç bir hal yoxdur. Məsələn, Bakıda qışın bir hissəsi, kiçik çillədə, yəni fevralın əvvəlindən 20-nə qədər quraqlıq oldu. Əslində isə kiçik çillə dövrü ən çox yağıntılı və soyuq vaxt olmalıdır. Amma 2020-2022-ci illərdə də fevral ayı məhz belə yağıntısız olub. Ona görə də yenə deyirəm, narahat olmalı heç bir durum yoxdur".
Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrin siyahısı tərtib edilib. Sozcu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. Qeyd olunub ki, siahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir (qeyd olunan ali təhsil müəssisələri ilə keçiddən tanış ola bilərsiniz). Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.