Bakıda bu yol bağlanır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinə qədər olan hissəsində yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri icra edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq işlər gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq. Belə ki, üfüqi nişanlanma xətlərinin çəkilişi bu gün saat 10:00-dan 16:00-a qədər və saat 23:00-dan sabah saat 05:00-a qədər davam edəcək. Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək. İşlər yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə aparılacaq.

Oğuzda evlərdən 300 kq fındıq oğurlayan dostlar tutuldu

Oğuzda evlərdən 300 kiloqram fındıq oğurlanıb, 3 dost saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayonun Sincan kəndində yerləşən 3 evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 300 kiloqrama yaxın fındığın oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən üç dost - Elnur Usubov, Murad və Dilavər Mikayılovlar saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində əməllərini gecə saatlarında həyata keçirdiklərini və oğurladıqları fındıqları Qəbələ rayonuna apararaq orada satdıqların, əldə etdikləri qazancı isə öz aralarında böldüklərini bildiriblər. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Cəlilabadda yeni doğulmuş körpə evdə ölüb

Cəlilabadda yeni doğulmuş körpə evdə ölüb. Bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi körpə avqustun 28-də yaşadığı evdə ölüb. Faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

“Nə evim, nə də torpağım var. Nə vaxtacan gözləyim?” - Qarabağ qazisi

“İki ildən çoxdur ki, heç bir yerdə işləmirəm. Bugünədək işlə təmin olunmamışam. Ailəliyəm, iki övladım var. Çox ciddi şəkildə şəxsi evə-mənzilə ehyiyacım var. Amma nə evlə, nə ev tikdirmək üçün torpaq sahəsi ilə, nə də mənzillə təmin olunmuşam. Bilmirəm dədrimi kimə deyim, qulaq asan yoxdur”.  Bunları biləsuvarlı Qazimiz, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı Şamxal Hüseynov dilə gətirib. Qeyd edək ki, Şamxal Hüseyn oğlu Hüseynov 1988-ci ilin oktyabr ayının 28-də Biləsuvar rayonunun Çaylı kəndində sadə bir ailədə dünyaya gəlib. Ailənin dörd övladından, iki qardaşdan biridir. 1995-2006-cı illərdə Əlimərdan Hüseynov adına Çaylı kənd 1 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən bir müddət sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.  2008-ci ilin mart ayının 15-də Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində Gizirlik kursuna daxil olub və 9 aydan, Gizirlik kursunu bitirdikdən sonra təyinatla Naxçıvan Muxtar Respublikasına (NMR) göndərilib. Bir neçə il NMR-də hərbçi-Gizir kimi xidmət etdikdən sonra 2015-ci ilin yanvar aylnın 10-da Füzuli rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissəyə göndərilib, orada tank komandiri kimi fəaliyyətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib-Lələtəpə istiqamətində.  Eyni zamanda, bir peşəkar hərbçi, bir Vətən sevdalısı kimi 44 günlük Vətən Müharibəsinə qatılıb və və döyüşlərin ilk günündə, sentyabrın 27-də, günorta, təxminən saat 3 radələrində Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində ağır yaralanıb, axşam saat 6-7-cən döyüş meydanında yaralı vəziyyətdə qalıb.  Üzü, bədəni yanıb, gözündən qəlpə yarası alıb. Sonra onu döyüş meydanından çıxararaq, təcili xəstəxanaya, oradan isə Bakı şəhərində yerləşən Hərbi Hospitala göndəriblər. Həmçinin, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanası və 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə-müayinə olunub. Hərbi Hospitalda iki dəfə gözündən əməliyyat olunub. Sonra səhhəti ilə bağlı ona 3-cü qrup əlillik təyin olunub, Ordudan təxris edilib.  Müharibədən öncə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” və “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1919-2018)” yubiley medalları, müharibədən sonra isə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb. Şamxalın digər qardaşı da hərbçidir, 2016-cı ildən Azərbaycan Ordusunda xidmət edir. 35 yaşlı Şamxal həm də ailəli, iki övlad-bir qız və bir oğlan atasıdır. Və özünün də qeyd etdiyi kimi, hazırda da heç bir yerdə işləmir, işlə təmin olunmayıb. Həmçinin, özünün, ailəsinin şəxsi evi-mənzili yoxdur, valideynləri ilə bir yerdə yaşayır. Eyni zamanda, ev-mənzil tikmək üçün torpaq sahəsi də verilməyib. Onun çox ciddi şəkildə həm işə, həm də şəxsi evə-mənzilə ehtiyacı var.  Qazimiz isə çıxış yolu kimi təklif irəli sürür ki, Biləsuvrada olmasa belə, yaxın rayonlardan birində qazilər, şəhid ailələri üçün çoxmərtəbli bina tikilsin və həm Şəhid ailəri, həm də Qazilər orada mənzillə təmin olunsun… “Bu təklifimi bir neçə dəfə səsləndirmişəm. Biləsuvarda tikmirlər, heç olmasa, yaxınlıqdakı rayonlardan, boş ərazilərdən birində Şəhid və Qazi ailələri üçün çoxmərtəbəli bina tiksinlər və oradan həm bizlərə-qazilərə, həm də şəhid ailələrinə ev-məzil versinlər. Bununla da problem həll olunsun. Çünki bir çox qazilərimiz kimi mənim də şəxsi evə-məzilə ehtiyacım var. Ötən müddətdə hər yerə müraciət etsəm də, müraciətimə cavab verən yoxdur. Bir çox yerlərdə qazilərimiz torpaq sahəsi ilə təmin olunsalar da, bizdə elə hey deyirlər ki, boş torpaq yoxdur. Yaxşı onda nə edim, nə edək? Nə vaxtacan gözləyim, gözləyək? Səhhətim də yerində deyil, dözə bilmirəm…Bir daha qeyd edirəm ki, həm evə, həm də işə ciddi ehtiyacım var. Artıq aidiyyatı qurumlar, şəxslər boş vədlər verməkdən əl çəkib, bu məsələyə bir əncam etsinlər!”  A.Zeynalov  Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Rahib Salmanov özünü buna görə öldürüb - Təfərrüat

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür. Sozcu.az Bakipost.az-a istinadən xəbər verir ki, hakimin intiharına səbəb ailə münaqişəsi olub. Həyat yoldaşı ilə boşanma ərəfəsində olan R.Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir. Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib. Hətta bundan əvvəl də intihara cəhd etdiyi bildirilir. R.Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, R.Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq canına qıyıb.

Bakı metrosunun ilk xanım maşinisti qovuldu

Bakı Metropoliteni QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”. G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

Kürdə batan yeniyetmə qızın meyiti tapıldı

Zərdabda avqustun 25-də Kür çayında batan 14 yaşlı Əsma Müzəffərlinin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, onun meyiti ötən gün axşam saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, 2009-cu il təvəllüdlü Əsma Müzəffərli bir neçə gün öncə Bakıdan Zərdaba nənəsigilə qonaq gəlib. O, Kür çayının sahilində yellənçəkdə yellənmək istəyərkən ehtiyatsızlığa yol verib, nəticədə yeniyetmə suya düşərək boğulub. Fakt araşdırılır.

Naxçıvanda fəhlə faciəvi şəkildə öldü

Naxçıvanda fəhlə tikinti zamanı ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ordubad Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib. Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Cəlilabadda 22 yaşlı qadın itkin düşüb

Cəlilabad rayonunda 22 yaşlı qadın itkin düşüb. Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. Qeyd edilib ki, itkin düşən zaman Z.Mirzəyevanın üzərində boz rəngli köynək və qara rəngli şalvar olub. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşmüşdü və bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsilə təhvil vermişdilər.

Magistral kəmərdə qəza: bu şəhərdə su olmayacaq

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

Bu rayonlar qazsız qaldı

Sumqayıt şəhərinin, həmçinin Xızı və Siyəzən rayonlarının təbii qazla təchizatında müvəqqəti fasilə yaranıb. Bu barədə Sozcu.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, "Sumqayıt-Yaşma" magistral qaz xətti traktor qazma işləri aparan zaman zədələndiyi üçün təchizat bu gün saat 10:10-dan dayandırılıb. Hazırda təmir-bərpa işləri aparılır.

Anası ilə birlikdə avtovağzalda olan gənc yoxa çıxdı

Bakıda 15 yaşlı oğlan itkin düşüb. Sozcu.az xəbər verir ki, hadisə avqustun 23-də Bakı Beynəlxalq Avtovağzalında qeydə alınıb. Belə ki, anası ilə birlikdə avtovağzalda olan 2008-ci il təvəllüdlü Hacıağa Nəsimi oğlu İbayev anidən qadının yanından ayrılaraq çıxıb gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.