Göyçayda dava: 56 yaşlı kişi yumruq zərbəsindən öldü

Sentyabrın 8-də saat 18 radələrində Göyçay rayon Kürdəmiş kənd sakini 1967-ci il təvəllüdlü Şahsən Yusifovun xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Novruz Mahmudovun rayonun Cəyirli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Şahsən Yusifova yumruqla zərbə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Novruz Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Payız fəslinin Azərbaycana daxil olacağı dəqiq vaxt açıqlanıb

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​ Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. ​ Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq. ​

Bütün növ müavinətlər bu tarixdə ödəniləcək

Azərbaycanda əhaliyə ödənilən pensiya və müavinətlərin tarixi açıqlanıb. Sozcu.az xəbər verir ki, sabah - sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödəniləcək. Bölgələr üzrə əmək pensiyalarının ödənilməsi 15 sentyabr tarixində nəzərdə tutulub. Sosial müavinətlərə gəlincə, bu ödənişlərin ödənilməsi 26 sentyabr tarixində nəzərdə tutulub.

Metroda kartla ödəniş ləğv edilir?

Dünəndən etibarən Bakı Metropoliteni QSC-də pilot layihə kimi ilk dəfə bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “Bakı Kart” plastik kartından savayı, “Bakı Kart” mobil tətbiqinin QR biletlərindən ödəniş edə bilərlər. Hələlik sərnişinlər bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında “Bakı Kart” plastik kartından savayı, “Bakı Kart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bir ay texniki məşvərətlər, yoxlamalar, sərnişin məmnuniyyətinin hesablanması və digər məsələlərə baxıldıqdan sonra "Avtovağzal", "Memar Əcəmi", sonra isə yaşıl və qırmızı xəttin stansiyalarında da bu sistemin tətbiqinə başlanılacaq. "Telefon hər zaman üstümüzdə olduğundan plastik kartı almağa və üstümüzdə gəzdirməyə ehtiyac yoxdur", - deyə o qeyd edib Qeyd edək ki, “Bakı Kart” plastik kartına ehtiyac olmadan gediş haqqını mobil tətbiqdə yaradılan QR bilet vasitəsilə də ödəyə bilərsiniz. Bunun üçün QR bölməsinə keçib, QR yaradın düyməsini sıxdıqdan sonra bir gedişlik QR bilet yaradılır. QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minumum 1 manat olduğuna əmin olun. Belə ki QR bilet yaradıldıqda pul kisəsinin balansından 1 manat bloklaşdırılır və QR biletdən ictimai nəqliyyatda istifadə etdikdən sonra gediş haqqı məbləği bloklaşdırılan məbləğdən çıxılır və geriyə qalan məbləğ pul kisəsinə qaytarılır. Gediş haqqını ödəmək üçün yaradılmış QR bileti avtobuslarda yerləşən oxuma cihazının kamerasına və ya metroda turniketin üzərində yerləşən kameraya yaxınlaşdırmaq lazımdır. Hər bir QR kod unikaldır. 1 gediş üçün keçərlidir və yaradıldığı andan 5 dəqiqə ərzində etibarlıdır. QR bilet 5 dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır.

Bu ərazilərdə yenidən GÜCLÜ ZƏLZƏLƏ GÖZLƏNİLƏNDİR - AÇIQLAMA

Azərbaycanın son günlər bir neçə ərazisində zəlzələ təkanları qeydə alınıb. Ardıcıl olaraq, Ağdam, Saatlı, Kürdəmir rayonlarında baş verən zəlzələlərin 5-5.2 maqnitudalı olduğu haqqında Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Qeydə alınan zəlzələlər digərlərinə nisbətdə daha yüksək ballı hesab olunur. Ölkənin digər ərazilərində də güclü zəlzələlər gözlənilir? Bəs ölkədə tektonik baxımdan ən təhlükəli zonalar hansı ərazilərdir? Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun rəisi Səidə İsmayılova Referans.az-a bildirib ki, ardıcıl şəkildə təkanların bir neçə dəfə, saat fərqi ilə hiss olunmasının səbəbi “avtoşok”lardır. “Zəlzələdən əvvəl “foreşok” müşahidə olunur, bunun ardınca isə “avtoşok”lar qeydə alınır. Kürdəmir zəlzələsindən sonra 5 avtoşok qeydə alınıb və onlardan ın güclü maqnitudalı zəlzələ 3 bal gücündə olub. Güclü təkanlar hər zaman Azərbaycanda gözlənilə bilər, lakin hazırda Kürdəmirdə enerjinin boşalması prosesi getməsi səbəbindən, elə də güclü təkanın olmayacağını düşünürəm. Kürdəmir ərazisində yenə də avtoşoklar ola bilər. Lakin bütün Azərbaycanda elə də güclü zəlzələ gözlənilmir. 2023-cü ildə ümumi Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 57 təkan qeydə alınıb. Bunlardan 27-si hiss olunan təkanlar olub. Hazırda isə Şamaxı, İsmayıllı, Aşağı Kür ovalığı, Xəzər akvatoriası, Talış bölgəsi aktiv zonalar sayılır. Lakin zəlzələ haqqında əvvəlcədən dəqiq proqnoz vermək deyil”. Ekoloq, seysmoloq Ənvər Əliyev isə qeyd edib ki, Azərbaycan ərazisi zəlzələyönümlü ərazi olduğuna görə əhali artıq belə təkanlara öyrəşməli və hazırlıqlı olmalıdır, təşvişə düşməyə gərək yoxdur. “Kür-Araz ovalığı, Dağlıq Qarabağ hissəsi digər ərazilərə nisbətən daha az zəlzələyönümlü olsa da, bura daxil olan Kürdəmir, İmişli ərazilərinda ballar daha yüksəkdir, bu ərazilərdə güclü zəlzələlər ola bilər. Azərbaycan seysmik zonada yerləşir, buna görə də hər an zəlzələlər baş verə bilər. Sadəcə zəlzələlərin baş vermə ballarına görə ərazilər üzrə tikinti işləri apararkən daha diqqətli olmaq lazımdır. İnşaat işləri həmin əraziain bal göstəricisi əsasında aparılmalıdır. Zəlzələnin zamanını və məkanının əvvəlcədən demək qeyri-mümkündür. Lakin Azərbaycan ərazisində zəlzələlərin olması labüddür, bu, planetin Azərbaycan yerləşdiyi hissəsinə xas olan bir xarakterdir”. Ənvər Əliyev son olaraq qeyd edib ki, biz sadəcə güclü təkanlar baş verərsə, zəlzələdən minimum ziyanla çıxmaq üçün indidən əlimizdən gələni etməliyik. Bunun üçün də tikinti sektoruna xüsusi diqqət və nəzarət ayırmalıyıq.

Qubada maşın çaya düşdü: qadın öldü

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb. Belə ki, "Hunday" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb. Qəza nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin dünyasını dəyişib. Sürücü və başqa bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Oktyabrın 1-dən Bakıda taksilər işləməyəcək - NƏ BAŞ VERİR?

Bu gün sosial şəbəkələrdə “Елфам Елфам” adlı istifadəçi Bakıda taksi fəaliyyəti ilə bağlı maraqlı bir status yayıb. Qeyd edək ki, həmin şəxsin statusunu “Taksi tv Baku” da paylaşıb. Sozcu.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, sözügedən şəxs oktyabrın 1-dən etibarən paytaxtda taksilərin işləməyəcəyini, bununla bağlı proqramların bağlanacağını bildirib. O yazır ki, oktyabrın 1-dən etibarən bütün taksi sürücüləri proqramın bağlandığını görəcəklər. “Səhər yerindən durub taksi sifariş edənlər də proqramın işləmədiyinə şahid olacaqlar. Axşama doğru işdən çıxan müştərilər taksi tapa bilmədiyi üçün kütləvi şəkildə metroya, avtobus dayanacaqlarına doğru hücum çəkəcəklər. O gün şəhərin yükü normalda 2 saata bitirdisə, indi 4 saat çəkəcək. Gizlicə taksilər 10-15 manata müştəri daşıyacaq və s. Axşam saatlarında isə sosial şəbəkələrdə ciddi böhran, narazılıq baş alıb gedəcək”. “Елфам Елфам” iddia edir ki, oktyabrın 2-si, ən geci ayın 3-ü elan olunacaq ki, layihə hələlik qeyri-müəyyən müddətə dayandırılıb. “Təbii ki, həmin gün taksi kimi işləyən olacaq. Sosial şəbəkələrdə yaxalarında bənövşəyi qalstukla çıxıb “ayda 2000 qazanıram deyənlər” hamıdan bir az tez tərpənib DSMF-dən də keçiblər. Vergilərini də veriblər, maşınlarına elan da yapışdırıblar, məktəb oxuyub sertifikat da alıblar deyə işləyəcəklər. Müştəri daşıdıqca nümunəvi taksi olduqlarına görə mənəvi orqazm da yaşayacaqlar. Amma layihənin 2 gündən sonra dayanacağını bilmədiklərindən, ən çox zərəri də onlar çəkəcəklər. Ən azı 300-400 manat ziyandadırlar”. Qeyd edək ki, bu xəbərdən anlaşılan odur ki, otyabrın 1-dən taksi sürücülərinin istifadə etdikləri müştəri qəbul etmələri üçün nəzərədə tutulan proqram fəaliyyətini dayandıracaq. Və həmin proqramın açılması da mümkün görünmür. Həmçinin DSMF-dən keçərək, vergi ödəyib taksi sürücüsü kimi fəaliyyət göstərən şəxslərin də istədikləri olmayacaq. Çünki onlar da məlum proqramdan istifadə edə bilməyəcəklər. Əgər bu baş verərsə, sözün həqiq mənasında Bakıda taksi böhranı yaşanacaq. Bu isə onsuz da bərbad vəziyyətdə olan paytaxt sərnişindaşımasını daha acınacaqlı vəziyyətə salacaq. Onu da bildirək ki, belə bir vəziyyətin yaranmasının konkret səbəbi məlum deyil. Heç bu xəbərin müəllifi də hadisənin nədən qaynaqlandığı barədə fikir bildirməyib.

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Tərtər Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, bu ilin mayın 4-də Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmlinin öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaqla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmlini kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Sahib Əlizadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.(report) 

“Aztelekom”un binası soyuldu: saxlanılanlar var

"Aztelekom" İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində yerləşən inzibati binasından bir ədəd elektrik generatoru oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Vahid Zairov və Bakı şəhər sakini Rövşən Heydərov saxlanılıblar. İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, qabaqcadan əlbir olaraq Atbulaq kəndi ərazisində yerləşən inzibati binaya dəmir barmaqlıqları qırmaqla qanunsuz daxil olduqlarını, oradan dəyəri 1000 manatdan artıq olan bir ədəd elektrik generatorunu ələ keçirdiklərini və Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlər nəticəsində generatorun satıldığı ünvan da müəyyən edilib və maddi sübut kimi götürülüb.

2 övladı şəhid olan ata vəfat etdi

Vətən müharibəsi şəhidləri Musa və Tural Həsənov qardaşlarının atası Tapdıq Həsənov vəfat edib. Sozcu.az xəbər verir ki, T.Həsənov Mingəçevir şəhərində dünyasını dəyişib. Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Musa şəhid olduqdan bir neçə gün sonra Tural da Suqovuşan istiqamətində şəhid olub.

Məktəbli forması üçün Bakıya gələn ailə qəzaya düşdü: ata və oğlu öldü

10:04 Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində (105-ci km-də) qeydə alınıb. Belə ki, VAZ-2107 markalı minik avtomobili ilə “Toyota” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində rayonunun Böyük Həmyə kənd sakinləri - 1987-ci il təvəllüdlü Samit Bədəl oğlu Əmirov və onun oğlu 2019-cu il təvəlludlü Elnur Samit oğlu Əmirli ölüblər. Hadisədə xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. *** Bu gün səhər saatlarında Siyəzən rayonunda baş verən yol qəzasında yaralananların sayı 7-yə çatıb. Məlumata görə, onlar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilib. İlkin məlumata görə, qəzaya düşən şəxslər məktəbli formaları almaq üçün Bakı şəhərinə gedirmişlər. *** Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə baş verən yol qəzasında yaralananların kimliyi məlum olub. Məlumata görə, onlar Mələkzadə Əmirova, Elvin Əmirov, Siyafət Əmirova, Günel Əmirli, İslam Abbasov, Emil Əmirli (azyaşlı), Əlövsət Nəzərovdur. Qəza nəticəsində Samit Əmirov və onun oğlu Elnur Əmirov hadisə yerində ölüblər. Faktla bağlı araşdirma aparılır.

Azərbaycana narkotikləri uçuş aparatı ilə keçirən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotikləri uçuş aparatı ilə keçirən İran vətəndaşı saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən növbəti əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Füzuli rayonunun Qaradağlı kəndi ərazisində keçirilən tədbirlərlə İran vətəndaşı, 1980-cı il təvəllüdlü Fərhadi Hosein Qulaməhməd oğlu narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 35 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana, metamfetamin və 360 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Hosein Fərhadi ondan aşkar olunmuş narkotik vasitələri həmyerlisi “Nadir” adı şəxslə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən Füzuli rayonuna çatdırdığını bildirib. Qeyd edək ki, saxlanılan şəxs narkotikləri bu məqsəd üçün xüsusi hazırlanmış motoparaplan (uçuş aparatı) vasitəsilə keçirməyə cəhd göstərib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.