Pensiya alan qadınlara pis xəbər – İyuldan...

Son günlər ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də qadınların bu il pensiya yaşının artırılması ilə bağlıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 olacaq. Sirr deyil ki, son zamanlar ölüm yaşı gəncləşib, əksəriyyət pensiya yaşı həddinə çatmır. Sual yaranır: "Əgər ölüm yaşı azalırsa, o zaman pensiya yaşı nəyə əsasən tənzimlənir?" Sozcu.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, hazırda kişilərin pensiya yaşı 65-dir, qadınlarda da 2027-ci ilə qədər bu hədd 65-ə çatacaq. O, qanunla qadınların pensiya yaşının 6 ay artırıldığını qeyd edib: "Kişilərdə bu proses daha sürətli getdi, qadınlarda isə 60-dan 65-ə artırıldığına görə gec gedir. Artım kişilərdə 2021-ci ildə yekunlaşıb, qadınlarda 2027-ci ildə yekunlaşacaq. Bu, "Əmək pensiyaları haqqında" Qanuna uyğun həyata keçirilir. Artıq qanun 7-8 il bundan öncə Milli Məclisdə qəbul edilib. Sadəcə, ardıcıllıq belə planlaşdırılıb və 2027-ci ildə bitəcək". İqtisadçı deyib ki, son illərin statistikası əvvəlki illərlə müqayisədə ömür müddətinin artdığını göstərir: "Biz bunu rəsmi statistikaya əsasən deməliyik. Digər tərəfdən qadınların ömrü kişilərdən haradasa 2 il çox olur. Kişilərin 65, qadınların isə daha tez pensiyaya çıxmasına gender problemi kimi baxıla bilər. Nəzəri olaraq kişilərlə qadınların eyni vaxtda pensiyaya çıxması yaxşıdır. Lakin məsələyə ümumi yanaşdıqda, pensiya yaş həddi Azərbaycan üçün çoxdur. 2017-ci ildə qəbul edilmiş qanun tamamilə yanlışdır. Burada ciddi sürətdə anti-humanist addım atılıb. Dediyim kimi, qadınlar kişilərdən çox yaşayır. Bunun orta yaş həddi haradasa 74 yaş həddindədir. 65 yaşda pensiyaya çıxanda orta ömür müddəti 74 olursa, bu o deməkdir ki, hökumət nəzəri olaraq vətəndaşa 9 il pensiya vermiş olur. Bunu da ona görə belə ediblər ki, daha az adama pensiya verilsin. Çünki pensioner dövlət üçün əlavə sosial yükdür". Xalid Kərimli Azərbaycanla Avropanı müqayisə edib: "Avropada da 65 yaşdan pensiyaya çıxılır. Amma orada insanların ömür müddəti 83-84 ildir. Avropada ömür müddətinin 80 ildən aşağı olan ölkəsi yoxdur. Ona görə də bizdə həm kişilərin, həm də qadınların pensiya yaş həddinin 65-ə qaldırılması yanlış idi. Lakin kişi və qadınların eyni yaşda pensiyaya çıxması tamamilə doğrudur. Bu, fərqli ola bilməz. Hətta fərqli olacaqsa, kişilərin xeyrinə olmalıdır. Çünki bəylərin gözlənilən ömür müddəti daha aşağıdır". Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qadınların pensiya yaşı sonuncu dəfə 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. 2025-ci il iyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq. Beləliklə də, 1 iyul 2026-cı il tarixindən etibarən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı 65 olacaq. Xatırladaq ki, Azərbaycanda azı 25 il sığorta stajı olan kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 edilib.

Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18-i olacaq. Belə ki, fevralın 25-də ilk - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il üçün Azərbaycanda martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı kimi müəyyən olunub. Martın 23-ü və 24-ü şənbə, bazar gününə təsadüf etdiyindən ardıcıl olaraq 20, 21, 22, 23, 24, 25, 26 mart qeyri-iş günləri olacaq./Azxeber.com

Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib. O, yanvarın 9-da oğlunun yanında dəfn ediləcək. Qeyd edək ki, Qasım Həşimov bu gün vəfat edib.

Oğurluq edən şəxsin bacısı: "İcra başçısının münasibətdə olduğu qadınlardan sadəcə biriyəm"

Siyəzən rayonunda yerləşən qum-çınqıl karxanasına məxsus 103 min manatlıq avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxsin məhkəməsi başa çatıb. Sozcu.az "Qafqazinfo"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1976-cı il təvəllüdlü Yusif Axundov (bütün ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, Yusifin bacısı bir neçə il əvvəl Bakının rayonlarından birinin sabiq icra başçısı olmuş şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Oğurluq hadisəsi də sabiq icra başçısına məxsus karxanada baş verib. İş üzrə sabiq icra başçısının sürücüsü olmuş M.Məmmədov zərərçəkən şəxs qismində tanınıb. Sabiq vəzifəli şəxs ifadəsində obyektin ona məxsus olmasını gizlətməyib. O, karxananı qardaşı Teymur və sürücüsü olmuş M.Məmmədovla birgə işlətdiyini bildirib. Təqsirləndirilən şəxs isə keçmiş icra başçısının onun bacısından qisas almaq məqsədi ilə polisə müraciət etdiyini deyib. O, sabiq başçının və digər şəxslərin karxanaya məxsus avadanlıqların götürülməsindən məlumatlı olduğunu, heç bir oğurluq faktının baş vermədiyini deyib. Y.Axundovun​ bacısı L.Axundova da qardaşının dediyini təsdiq edib. O, ifadəsində sabiq icra başçısının çox imkanlı şəxs olduğunu, karxananı da onlara hədiyyə etdiyini bildirib: "İ.M. ilə 2017-ci ildə qeyri-rəsmi ailə münasibətləri qurmuşdum. Onunla 3 ilə yaxın birlikdə yaşamışıq. İ.M. karxananı qardaşıma verdiyini, nə istəyirsə, edə biləcəyini demişdi. Oranın sökülməsi ilə bağlı nəsə bilmirəm, lakin işlək vəziyyətdə deyildi, bundan əlavə karxananın fəaliyyəti ilə bağlı məhkəmə mübahisəsi də mövcud idi. İ.M.-in maddi vəziyyəti yaxşı olduğu üçün bu cür vəziyyətdə olan karxananın qardaşıma verilməsi ona problem deyildi. Mənimlə yaşadığı müddətdə mənə ev də tikdirmişdi. Sabiq icra başçısı birgə yaşadığımız evdən getdikdən sonra qardaşımın onunla heç bir əlaqəsi olmayıb. Karxananın faktiki olaraq sahibi İ.M. idi, o, karxananı sata bilmirdi, hətta oranı metal qəbulu yerinə verməsinə baxmayaraq, qəbul etmirdilər. Qardaşım ondan xəbərsiz nəyisə satmayıb". L.Axundovanın sözlərinə görə, o, icra başçısı ilə qeyri-rəsmi münasibətdə olduğu qadınlardan sadəcə biri olub. Onun iddiasına əsasən, İ.M.​ digər qadınlara və onların qohumlarına da müxtəlif hədiyyələr verib: "​Maddi imkanı yaxşı olduğu üçün belə hədiyyələr normal idi". Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmənin hökmü ilə oğurluqda təqsirli bilinən Y.Axundova 6 il həbs cəzası verilib.

Sabah hava belə olacaq - PROQNOZ

Azərbaycanda yanvarın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.

Virus dərs davamiyyətinə necə təsir edir? - RƏSMİ

Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyətdə mənfi dinamika müşahidə edilmir. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Xatırladaq ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb. Nazirlik dəfələrlə respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin qrip əleyhinə vaksinasiyadan keçməsini tövsiyə edir.

Xaçmazda iki maşın toqquşdu: yaralılar var

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Nərəcan kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı VAZ 2109 və “Audi” markalı minik avtomobilləri toqquşub. Hadisədə VAZ 2109-da olan sürücü və sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Sabunçu körpüsü yaxınlığında qəza: ölən var

Bakıda avtomobil təxminən 40-45 yaşlarda kişini vurub. Sozcu.az xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib. Belə ki, 1980-ci il təvəllüdlü Nail Fuad oğlu Abdullayev idarə etdiyi "Mersedes" markalı avtomobillə Heydər Əliyev prospektində hava limanı istiqamətində hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında ehtiyatsızlıqdan piyadanı vurub. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyən edilməyib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 9. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 10. Babək prospekti, mərkəz istiqamətində; 11. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 12. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində; 14. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 15. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 16. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 17. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Hava kəskin soyudu: Yağış və qar gəlir...

Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az a bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 14:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Sozcu.az xəbər verir ki, Xidmətdən bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir. Xidmət rəisi Nazim Mahmudov küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. “Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”, - o deyib.

Bu ərazilərdə 9 dərəcə şaxta oldu

Yanvarın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda isə 9 dərəcəyədək şaxta qeydə alınıb.