Zərdabda ağacları kəsən şəxslər saxlanıldı

Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Siləyli və Yuxarı Seyidlər kəndləri arasında yerləşən torpaq sahəsində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Bıçaqçı kənd sakinləri Şəmistan Rəsulov və Ramiz Mirzəyev saxlanılıblar. Aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər qeyd edilən ərazidə 6 ədəd yaş gövdəli qovaq ağacını kəsərək təbiətə 10 min manatdan çox ziyan vurublar. Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

“Yerli icra orqanları torpaq alveri ilə məşğuldur” — Fazil Mustafa

Son 2 gündə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad və Tərtər rayon icra hakimiyyətlərində əməliyyat keçirib. Və hər iki rayonun baş memarı saxlanılıb.  Maraqlı məqamsa ondan ibarət idi ki, Cəlilabad Şəhər Bələdiyyəsinin sədri də keçirilən əməliyyat nəticəsində saxlanılıb. Bu isə icra hakimiyyətləri və bələdiyyələrin torpaq satmaq işlərində ortaq hərəkət etməsi şübhəsini daha da artırır. Baxmayaraq ki, hüquqi cəhətdən icra hakimiyyətlərinin buna birbaşa səlahiyyətləri çatmır.  Eyni zamanda bələdiyyələrin də torpaq satmaq barədə səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Belə ki, 2007-ci ildən etibarən bələdiyyələrin müstəqil şəkildə torpaq ayırmaq və satmaq səlahiyyəti yoxdur. İstənilən bələdiyyə torpağı müsabiqə yolu və strateji məqsədlə və hərrac yolu ilə satıla bilər.  Amma görünən odur ki, bəzən mövcud qadağalar da pozulur. Və bələdiyyə, bəzi hallarda isə hətta dövlət fonduna aid torpaqları dələduzluq yolu ilə ayrı-ayrı işbazlara satırlar.  Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, belə əməliyyatların keçirilməsi korrupsiyaya qarşı mübarizənin vacib elementlərindəndir: “Maddi-məsul şəxslərin məsuliyyətə cəlb olunması və onlara qarşı müəyyən addımların atılması dövlət postundan istifadə edərək korrupsiya ilə məşğul olan qüvvələrin sarsıdılmasına xidmət edir. Bütün hallarda bu addımlar dəstəklənməlidir. Çünki, bəzi üzdəniraq məmurların yaratdığı çirkin aura dövlətimizin və cəmiyyətimizin imicinə güclü zərbə vurur.  Çox təəssüf ki, uzun illərdir ki, ölkəmizdə torpaq alveri davam edir. Əvvəllər bunu bələdiyyələr edirdisə, indi bu işlə yerli icra orqanları məşğuldur. Son həbslər də göstərir ki, hələ də biz özümüzə normal bir hüquqi mexanizm qura bilməmişik”. 

İmişlidə ödəmə terminalının pul qutusu oğurlanıb

İmişlidə ödəmə terminalının pul qutusu oğurlanıb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Belə ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Qızılkənd kəndi ərazisindəki mağazaların birindən 70 manat pul, 2575 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından içərisində 9200 manat olan pul qutusunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Turan Rzayev və Bakı şəhər sakini Eyyub Məmmədov saxlanılıblar. Fakt üzrə araşdırma aparılır.

Naxçıvanda avtomobil oğurlayan şəxslər saxlanılıb

Naxçıvanda avtomobil oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar. Araşdırma aparılır.

Nisyə mal satanlarla bağlı XƏBƏRDARLIQ – “Cərimələr artırıla BİLƏR”

“Nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslərlə bağlı cərimələrin artırılması bütün sahələri əhatə edir. Əsas məqsəd isə istər gəlir gətirən fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxlərdə, istərsə də alış-veriş edən vətəndaşlarda məsuliyyət dərəcəsini müəyyən etməkdir”. Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.  Onun sözlərinə görə, cərimələrin tətbiqi vergidən yayınma ilə bağlı və vergi ödənişlərinin vaxtında təmin edilməsindən imtina edən halların aradan qaldırılması ilə bağlıdır:  “Bu əslində müsbət addımdır. Ona görə ki, bir sıra Avropa ölkələrindəki cərimə məbləğləri ilə müqayisədə, ölkəmizdə bu, xeyli dərəcədə aşağıdır. Ona görə də yaxın gələcəkdə bütün cərimələrin artırılacağı və yenilərinin də tətbiq olunacağı gözlənilir”.  Onun sözlərinə görə, əgər bir vətəndaş uzun müddətli nisyə alış-veriş edirsə, həm o, həm də alış-veriş etdiyi məhsulun sahibi vergidən yayınacaqlarsa, o zaman inzibati məsuliyyət daşıyacaqlar:  “Ancaq qısa müddətli nisyə alış-veriş edən şəxslər bu məsuliyyətə cəlb olunmayacaqlar. Etiraf edək ki, pərakəndə ticarət şəbəkələrində nisyə alış-veriş edən vətəndaşların sayı kifayət qədərdir və sayları daha da artmaqdadır. Ən azından bu prosesi nəzarətə götürmək baxımından bu qərarın effekti böyük olacaq. Bundan da qısa müddətli alış-veriş edən şəxslər narahat olmasınlar. Ona görə ki, burada söhbət iri məbləğli və uzun müddətli nisyə mal və məhsul alqı-satqısı edən, eləcə də nisyə xidmətlər göstərən şəxslərdən gedir. Əgər onlar bunları vaxtında bəyan etməsələr, qanun qarşısında məsuliyyət daşıyacaqlar”. Digər iqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, burada faiz elementləri böyük rol oynayır.  “Bu gün hüquqi şəxslərin, yəni MMC kimi fəaliyyət göstərən şirkətlərin bir çoxu müştərilərə “daxili kredit” adı ilə kreditlər verirlər. Bir çoxu da məişət avadanlıqları və digər mal və əşyaları kredit şəklində sataraq, aylara bölür və ödəniş qrafiki verirlər. Bu zaman da “nağd ödəniş endirimi” adı altında faiz elementlərindən istifadə edirlər.  Əsas məsələ ondan ibarətdir ki, banklar və BOKT-lar kredit verən zaman müştərilərin bank-kredit reyestrinə məlumatlar yerləşdirirlər. Ancaq şirkətlər daxili resursları hesabına kredit verərkən müştərilərin kredit reyestri açılmır və heç bir məlumat yerləşdirilmir. Bu da ona gətirib çıxarır ki, vətəndaşın öz kredit yükü haqqında dolğun təsəvvürü olmur. Banklar isə onlara kredit verərkən, başqa maliyyə təşkilatlarına nə qədər borcu olduğunu bilmirlər”. “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanunun mövcud vəziyyətlə bağlı olaraq sərtləşdirildiyini söyləyən ekspertin dediyinə görə, bu da həmin sahəyə nəzarətin daha da artırılacağını göstərir: “Bununla da mövcud boşluqlar aradan qaldırılacaq. Həm banklar, həm də BOKT-lar kredit verən zaman müştərinin maliyyə risklərini düzgün qiymətləndirəcəklər. Eyni zamanda, yaxın gələcəkdə istehlak kreditləri ilə bağlı risklər nisbətən aşağı düşəcək”.  Qeyd edək ki, Prezident İlham Əliyev dünən təsdiqlədiyi “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanununa əsasən, Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı yeni cərimələr müəyyənləşib.  Eyni zamanda, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada rtəqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək.

Azərbaycanda hərbçi yol qəzasında öldü

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan iki minik maşını toqquşması nəticəsində sürücülərdən biri, Azərbaycan Ordusunun Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Ceyhun Ağazadə və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib, 1961-ci il təvəllüdlü Faxrəddin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Tərtər İH-də saxlanılan şəxsin kimliyi bəlli oldu - Başına qara torba keçirilib Bakıya gətirildi

Xəbər verdiyimiz kimi, bir neçə saat əvvəl Tərtər rayon İcra Hakimiyyətində xüsusi əməliyyat tədiri keçirilib. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Ənvər oğlu Kərimov tutulub. 1 saata yaxın davam edən əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ötən 5 il ərzində keçirilən tenderlərə aid sənədlər götürülüb. Başına qara torba keçirilən Tofiq Kərimovun Bakıya gətirildiyi bildirilir. Qeyd olunur ki, əməliyyat keçirilən zaman başçı məzuniyyətdə olub. Belə xəbər var ki, başçı Müstəqim Məmmədov 2 gün əvvəl məzuniyyətə çıxıb və xarici ölkələrdən birinə istirahətə gedib. Müstəqim Məmmədovun da istintaqa cəlb ediləcəyi xəbəri var.

Ağdaşda orta məktəb müəllimi vəfat edib - FOTO

Ağdaşda orta məktəb müəllimi vəfat edib. Sozcu.az xəbər verir ki, rayonun Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin müəllimi Həsənova Ləman Nizami qızı dünyasını dəyişib. Onun ölümünün səbəbi hələ məlum deyil.

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada davam edən müharibə zamanı daha bir azərbaycanlı həlak olub. Sozcu.az xəbər verir ki, Maksim Məhərrəm oğlu bu gün Odessa vilayətinin Oviodopol rayonunda dəfn edilib. Anası ukraynalı, atası Şəmkir rayonundan olan Maksim 19 yaşında dünyasını dəyişib. O, evin tək oğlu idi.

Şəhid ailəsi dövlət qurumlarından narazıdır: “Hamı vəd verir”

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ilk İkinci Vətən Müharibəsi şəhidi olan müddətdən artıq hərbi qulluqçu Fariz Məhəmməd oğlu Qurbanovun 3 nəfərdən ibarət ailəsi hələ də evlə - mənzillə təmin olunmayıb.  Onu da nəzərə alsaq ki, şəhidin valideynləri yaşlı, hər ikisi də şəkər, təzyiq xəstədir və qəsəbənin ən son-ucqar nöqtəsində, elə də şəraiti olmayan həyət evində yaşayırlar, onların durumu daha da aydınlaşmış olur.  Şəhidin atası Məhəmməd kişinin və anası Lətafət xanım səhhəti xüsusilə, son 3 ilə yaxın müddət ərzində - tək və subay oğullarının şəhidliyindən sonra daha da ağırlaşıb. Hər ikisi də dəfələrlə ölümlərdən dönüb, komaya düşüblər, həkimlərin müdaxiləsi nəticəsində son anda həyata qaytarılıblar.  Şəhidin valideynlərinə, yaşlı və xəstə ata - anaya isə tək və heç bir yerdə işləməyən qızları baxır, qulluq edir və bütün ağırlıq, yük onun zərif, kövrək çiyinlərindədir. Evləri də qəsəbənin ən ucqar nöqtəsində (oradan sonra yaşayış demək olar ki, yoxdur və qəsəbənin mərkəzinə gedib-gəlmək ən azı 20-25 dəqiqəlik yoldur) olduğuna görə çox zaman həkim çağırmaq və yaxud valideynlərini qəsəbə poliklinikasına, rayon Mərkəzi Xəstəxanasına çatdırmaq onun üçün çətin olur.  Şəhidin ailəsi, anası və bacısı Əfsanə Qurbanova ötən 3 ilə yaxın müddət ərzində dövlət qurumlarına - Əmək və Əhalinin Sosial Müdafiəsinə Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə dəfələrlə müraciət etsələr də, dəfələrlə adları çəkilən qurumların rəhbər şəxslərinin qəbullarında olsalar da, hər dəfə vədlər alsalar də, heç bir nəticə yoxdur. Onlar nə Goranboyda, nə Samuxda (şəhid və qazilər üçün salınmış şəhərçikdə), nə Gəncədə, nə də Naftalanda evlə-mənzillə təmin ediliblər.  Şəhidin anası Lətafət xanımın dediklərindən: “Övladım-tək oğlum cavan yaşında Vətən uğrunda canını fəda etdi, şəhid oldu. Oğlumla fəxr edir, qürur duyuram! Ancaq balamdan sonra həyatımız çökdü, alt-üst oldu…Bir oğul, o da həyatda yox…Yoldaşımın da, mənim də səhhətimdə illərdir problemlər var. Şəkərdən, qan təzyiqindən əziyyət çəkirik. İkimizin də yerişimiz çox çətindir. Yeriməkdə, hərəkət etməkdə çox çətinlik çəkirik…Xüsusilə, övladımızın Şəhidliyindən sonra səhhətimiz daha sa pisləşib…Vallah, bizimki yaşamaq deyil! bütün yük cavan qızımın çiyinləriə düşüb. O da heç bir yerdə işləmir. Elə bil hər yerdə iş quruyub. Evimiz də qəsəbənin ən ucqar yerindədir. Dəfələrlə həm mən, həm də yoldaşım komaya düşmüşük, ölümdən dönmüşük. Rayon xəstəxanasına gedib-gəlmək, yaxud, evə həkim çağırmaq isə saatlarla vaxt aparır… Vəziyyətimizlə, durumumuzla bağlı dəfələrlə Sosial Xidmətlər Agentliyinə müraciət etmişik, qurumun rəhbər şəxslərinin qəbullarında olmuşuq. Yazıq qızım yollarda qalıb. Çox dəyərli, hər birimizin sevimlisi olan millət vəkili Qənirə xanım bizi qəbul edib, dinləyib, problemlərimiz aidiyyatı qurumlara çatdırılıb, ona da, bizə də söz verilib. Yanvar ayında Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyinin rəsmi şəxslərindən biri söz, vəd verdi ki, Samuxda mənzillə təmin olunacağıq, amma neçə ay gözlədik, səs çıxmadı. Qızım yenidən Sosial Xidmətlər Agentliyinə getdi, yenidən bizi qəbula yazdılar, qurumun rəhbəri ilə görüşdük, yenə söz verildi. Amma iki aya yaxın vaxt keçir, yenə ortada heç nə yoxdur. Dövlət başçımızın diqqət və qayğısı nəticədsində şəhid ailələrinin çoxu evlə-mənzilə təmin olunublar… Allah Prezidentimizi və dövlətimizi qorusun!  Niyə belə ayrı-seçkilik edirlər? Vallah, dünya malında gözümüz yoxdur. Kaş balamız sağ olaydı, yenə kasıb həyatımıza davam edərdik, bizə heç nə lazım olmazdı. Amma balamın nə mənzil, nə də orden haqqı tanınıb…Niyə belə olmalıdır? Biz bu gün-sabah ölüb gedəcəyik, bəs tək qızımızın taleyi necə olacaq? Bilmirəm, şəhidimin dərdini çəkim, yoxsa, tək qızımın… Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə üz tutaraq müraciət etmək istəyirəm ki, artıq yorulduq, bezdik, bizə söz, vəd lazım deyil, bizə konkret əməl lazımdır. Ya Goranboyda, ya Naftalanda, ya da Samuxda çox istəmirik - heç olmasa, bir otaqlı mənzillə təmin edilək. Bu, şəhidimin də, bizim də haqqımızdır”. A.Zeynalov  Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Bu telekanallara xəbərdarlıq edildi

Reklam çarxında xarici dildə mətnin səsləndirilməsi ilə bağlı bəzi televiziya yayımçılarına xəbərdarlıq edilib. Bu barədə Sozcu.az-a Audiovizual Şuradan məlumt verilib. Bildirilib ki, iyulun 27-də Audiovizual Şurasının onlayn formatda növbəti iclası keçirilib. İclasda Şuranın monitorinq qrupunun televiziya redaksiyalarının efirində qeydə aldığı qanun pozuntuları müzakirə olunub. Qeyd olunub ki, son günlərdə ARB, ATV, Speys TV, Xəzər TV televiziya redaksiyalarının efirində xarici dildə mətnin səsləndirilməsi ilə müşayiət olunan sərinləşdirici qəhvə içkisinin reklam çarxının nümayişi qeydə alınıb: "Bildiririk ki, həmin reklam çarxında olan bəzi ifadələrin Azərbaycan dilinə tərcüməsinin yazılı şəkildə nümayiş olunmasına baxmayaraq, "Media haqqında" qanunun 14.2-ci maddəsinin, habelə "Reklam haqqında" qanunun 4.7-ci maddəsinin tələblərinə əsasən "Dövlət dili haqqında" qanunun müddəalarına riayət olunmalı, yerüstü yayımçı proqramlarında dövlət dilindən istifadəni təmin etməli və reklamın əsas danışıq mətni də dövlət dilində səsləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq Audiovizual Şurası bütün televiziya redaksiyalarından həmin reklam çarxının dərhal yayımdan çıxarılmasını və yalnız səsli mətnin Azərbaycan dilinə tərcümə olunması və Azərbaycan dilinə adaptasiyası şərtilə həmin reklam çarxının nümayiş olunmasını tələb edir. Qanunvericilik tələblərinə əməl olunmadan proqramların (o cümlədən reklamların) yayımlanması aşkarlanarsa, həmin yayımçıya qarşı Şura tərəfindən müvafiq sanksiylar tətbiq olunacaq".

Axtarışda olan 117 nəfər saxlanıldı

Ötən gün axtarışda olan 117 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, iyulun 26-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.