Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr gedir. İllərdir həllini tapmayan bu məsələ yenidən gündəmdədir. Bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. O bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturlar. O, yerli mətbuata açıqlamasında deyib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb. Ötən ilin oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı bildirilirdi. Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Sənədsiz ev məsələsinin öz həllini tapmadan bu qaydaların qüvvəyə minməsi narazılıqla qarşılanıb. Bəs, sənədsiz ev problemi necə həll ediləcək? Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, artıq sənədsiz evlərlə bağlı qanunun icrasına başlanılıb: “Dövlət başçısının bu məsələ ilə bağlı sərəncamı var. Artıq 2 aydan çoxdur ki, tətbiqinə başlanılıb. Buna əsasən sənədləri olmayan tikintilər, obyektlər, binaların hamısı asan yol ilə özəlləşib, sənədlərini ala bilərlər. Hansı ki, bu evlərin neçə illərdir işıq, su, qaz pulu ödənilir. Ancaq nəyəsə görə sənədlər tam, sona qədər yekunlaşmayıb. Bu evlərin qanuniləşdirilməsi üçün xüsusi portal var. Portala müraciət edib, qeydiyyatdan keçirlər. Bu mexanizmlə sənədsiz evləri sənədləşdirmək mümkündür. Mənimlə görüş zamanı bir neçə ev sahibi, sahibkar bu sərəncamdan istifadə etdiyini söyləyib. Qeyd edim ki, bu proses iki aya qədər çəkir. Sonda da şəffaf formada sənədlər verilir”. Bəs sənədsiz ev problemi həll olunduqdan sonra evlərin qiymətində bahalaşma olacaqmı? Məsələyə münasibət bildirən əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, sənədsiz evlərin sənədi olduqdan sonra dəyəri artacaq: “Sənədsiz evlərlə bağlı məsələ həll olunduqdan sonra bazara eyni miqdarda sənədli evlər daxil olacaq. Bu əksinə qiymətlərinin artımını deyil, alqı-satqı əməliyyatlarını sürətləndirə bilər. Bazara xeyli miqdarda ev daxil olacaq. Xüsusən də həyət evlərinin qiymətində müəyyən ucuzlaşama ola bilər. Məlumdur ki, həmin sənədsiz evlər satışa çıxarılarkən tikinti xərcini ödəməsə belə, vətəndaşlar satışa çıxarır. Çünki sənədsiz olduğu üçün onları almaq istəyən olmurdu. Çox zaman vətəndaşlar risk etmək istəmirdilər. Ancaq ümumən fərdi yaşayış evlərinin qiymətlərində, sənədli evlərin qiymətində müəyyən enmə ola bilər. Çünki birdən-birə bazara xeyli miqdarda ev çıxarılacaq”. Ekspert sənədli evlərin çoxalmasının fərdi yaşayış evlərinin qiymətlərində müəyyən ucuzlaşmaya səbəb olacağını düşünür: “Məlum olduğu kimi hazırda sənədli olan fərdi yaşayış evləri baha qiymətə təklif olunur. Sənədsiz ev 30 min manata təklif olunursa, sənədli olan həmin ev təxminən 60 min manata təklif olunur. Təbii ki, sənədləşmə həmin evlərin 30 minə deyil, 50 minə satışını həyata keçirməyə imkan verəcək. Belə olduqda, 60 min manata satılan evlərin qiyməti təxminən 50 min manata düşə bilər. Sənədsiz olan evlərin qiymətində artım olacaq, ancaq sənədli onlan evlərin qiymətində ucuzlaşma ola bilər. Sənədi olan fərdi yaşayış evlərinin qiymətlərində hansı ki, bu gün bazara baha qiymətə təklif olunur, onların dəyəri müəyyən qədər düşə bilər”.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev xəstəxanalarda reaktivlərin olmadığını iddia edir. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında ona daxil olan müraciət əsasında paylaşım edib. “Xəstə gedib analiz verməyə, reaktiv yoxdur deyib başqa klinikaya göndəriş veriblər, ikinci klinika da deyib ki, reaktiv qurtarıb. Axırda xəstə məcbur qalıb gedib özəl klinikada analiz verib. TƏBİB, İTS, qurduğunuz sistem budur, insanların başına oyun açırsız!”, - paylaşımda deyilir. Daha sonra TƏBİB əməkdaşının ona müraciəti əsasında fikirlərinə aydınlıq gətirib və videomüraciətlə məsələni izah edib. “Xəstə Respublika Endokrinoloji dispanserinə müraciət edib. Orada ona “insulinəbənzər boy faktoru” analizi lazım olub. Ona reaktivin qurtardığını bildiriblər. Xəstəyə 6 nömrəli uşaq xəstəxanasına göndəriş veriblər. Ordan 7 nömrəli uşaq poliklinikasına. Orda da reaktivin bitdiyi deyilib. Xəstə məcbur qalıb özəl klinikada analiz verməyə”, - radioloq danışıb. Həkim belə problemlərin çox olduğunu bildirib: “Niyə reaktiv yoxdur? Həftələrlə reaktivlər yoxdur. Xəstə nə qədər gözləməlidir? Pasiyentin hər ay öz əmək haqqından və işlədiyi müəssisənin büdcəsindən vəsait tutulur bu müayinələr üçün. Niyə təmin etmirsiz? Qurtarıb, təmin edin vaxtlı-vaxtında!”
Fevralın 5-i gündüzdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var. Fevralın 4-ü gündüz və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-da isə bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəşəngül Fərhad qızı Qəhrəmanovanın kəsimiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Mübariz Əvəz oğlu Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
"Əlaçı təqaüdü alan tələbələrin qiymətini kəsərək onları əlaçılıqdan salmaq universitetlərə sərf edir. Bu zaman onlar büdcəyə qənaət etmiş olurlar". Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bəzi ali təhsil müəssisələrində semestr imtahanları zamanı əlaçı təqaüdü alan tələbələrin qiymətlərinin kəsildiyi haqda xəbərləri şərh edərkən bildirib. O qeyd edib ki, universitet tələbələrə əlaçı təqaüdü verməyəndə həmin vəsait büdcədə qalır: "Təbii ki, bu,universitetə sərf edir”. Ekspert hesab edir ki, universitetlərdə təhsil alan tələbələrin müəyyən hissəsi öz hüquq və haqlarını tələb etməkdən çəkinirlər: “Əgər doğurdan da imtahan sessiyası zamanı tələbənin biliyi düzgün qiymətləndirilməyibsə, müəllim haqsızlıq edib onun qiymətini kəsibsə, o, buna öz etirazını bildirməlidir. İlk olaraq məsələ ilə bağlı təhsil aldığı universitetin rektoruna müraciət etməlidir. Rektor tərəfindən tələbənin müraciətinə baxılmasa, birbaşa Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə üz tutulmalıdır. Agentlikdən də bir cavab çıxmasa, tələbə daha yuxarı qurumlara üz tutub sona kimi öz haqqını tələb etməli, məsələ ilə bağlı ədalətli qərarın verilməsinə nail olmalıdır. Tələbələr heç kimdəm, heç nədən çəkinməməlidir. Əgər tələbə gecə-gündüz əziyyət çəkib imtahanlara hazırlaşıb və imtahanda yüksək nəticə göstərdiyi halda ona aşağı qiymət yazılıbsa, o, mütləq bu ədalətsizliyə öz etirazını bildirməlidir. Heç bir müəllimin bilikli, savadlı, imtahanlarda yüksək nəticə göstərən tələbəyə məqsədli şəkildə aşağı qiymət yazmağa haqqı yoxdur”.
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev vəfat edib. Bu barədə Bakupost.az -a universitetdən məlumat verilib. Qeyd olunub ki, 2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricilərinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.
Azərbaycanda son günlər sürət qatarlarının hərəkət sürəti tənqid hədəfinə çevirilib. Bu günlərdə tanınmış vəkil Elçin Sadıqov Bakı-Gəncə qatarının videosunu paylaşaraq “Bakı-Gəncə sürət qatarı çox yüksək sürətlə hərəkət edir” – deyə sarkazmla qeyd əlavə edib. Bundan əvvəl də bir neçə oxşar videolar yayılmışdı. Bütün dünyada sürət qatarları yüksək sürətlə hərəkət etdiyi halda, bu ad Azərbaycanda özünü niyə doğrultmur? Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, ölkəmizdə dəmiryolu relsləri müasir infrastruktura cavab vermir: “Sürət qatarlarının ölkəmizdə tətbiqi prinsip etibarı ilə yaxşıdır. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində bu nəqliyyat növündən istifadə olunur. Amma digər tərəfdən bizdə sürət qatarlarının lazımi yol infrastruktur sistemi demək olar ki, yoxdur. Sürət qatarlarının istifadəyə verilməsindən öncə tələb olunan infrastruktur hazırlanmalı idi. Xüsusən, dəmiryolu relsləri Avropa ölkələrinin texnologiyasına əsaslanmalıydı. Eyni zamanda tələb olunan sürəti yığa biləcək müasir qatarlar təəssüf ki, bizdə yoxdur. Dünyada artıq tam elektronlaşmış sürət qatarları var ki, onlar saatda 500-600 kilometr sürət həddinə qədər qalxa bilir. Bu məsələlər bizdə təəssüflər olsun ki, nəzərə alınmayıb. Dəmiryolu xətləri, relslər hamısı demək olar ki, sovet dövründən qalmadır, çox köhnədir. Bu mövzuda çatışmazlıqlar olduqca çoxdur”. Ekspert bu məsələdə dünya təcrübəsindən istifadə olunmalı olduğunu qeyd edib. “Hazırda sürət qatarlarının digər nəqliyyat vasitələrindən fərqli tək üstünlüyü təhlükəsiz olmasıdır. Bu nəqliyyat növündə qəza riski çox aşağı olur. Amma əgər hansısa bir avtobus, taksi sürət qatarından daha tez lazımi ünvana çatırsa, sərnişinlər vaxt amilinə görə bunlara üz tutur. Yaxın gələcəkdə sürət qatarları üçün lazımi infrastrukturun yaradılması üçün çalışmaq lazımdır. İstər Bakı-Gəncə, istərsə də Bakı-Qax-Zaqatala istiqamətində tətbiq olunan sürət qatarları yaxşı təşəbbüsdür. Amma hər şeydən öncə biz bu infrastrukturu müasirləşdirməliyik. Çində, Yaponiyada elə sürət qatarları var ki, hətta binaların içərisindən hərəkət edir. Gəlin unutmayaq ki, dəmiryolu nəqliyyatı ən ucuz nəqliyyat növüdür”.
Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm). Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, dağlarda 6-11 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 8ğ mm).
İllərdir həllini tapmayan sənədsiz ev problemi yenidən gündəmdədir. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev açıqlama verib. O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir. Mətin Eynullayev bu məsələ ilə bağlı qanun layihəsinin hazırlandığını bildirib. Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, tikinti qadağası olan xüsusi ərazilərdə tikilənlər istisna olmaqla, digər sənədsiz evlərə mərhələli formada çıxarış veriləcək: “Bu prosesə 2019-cu ildən başlanılıb. Əmlak Məsələləri üzrə Dövlət Xidməti hələ o vaxt komissiya yaratmışdı və həmin komissiya öz profilinə uyğun olaraq hər bir rayonun ərazisində olan sənədsiz-qeydiyyatsız evlərin qeydiyyat uçotunu aparmağa başlamışdı. Lakin 2020-ci ildə pandemiya başlandığı üçün bu proses yarımçıq qaldı. Təcrübə göstərdi ki, bu qeydiyyataalma prosesi icra hakimiyyətləri tərəfindən özünəməxsus formada aparılıb. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq, təyin olunmuş xüsusi zonalar istisna olmaqla, digər yaşayış evlərinə çıxarışların verilməsinə mərhələli formada amnistiya veriləcək”. Ekspert amnisitiyaya düşməyəcək əraziləri də qeyd edib. “Xüsusi zonalar dedikdə, elektrik xətlərin keçdiyi, neft əraziləri və kənd təsərrüfatı təyinatlı torpaqlar nəzərdə tutulur ki, bunların sənədləşdirilməsi qanunvericiliyə ziddir. Sənədləşdirmə ilə bağlı müvafiq dövlət qurumlarının rəyi hazırlanır. Bu proses mərhələli formada həyata keçiriləcək. Çünki hazırda sənədsiz evlərin sayı olduqca çoxdur və bunlar müxtəlif təyinatlı torpaqlarda tikilib”.
İllərdir həllini tapmayan sənədsiz evlər məsələsi yenidən gündəmdədir. Sozcu.az Xəzər TV-yə istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bu barədə açıqlama verib. O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, "sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil". Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir. Dövlət Xidmətinin rəisi Mətin Eynullayev həmçinin fevral ayı ərzində Xankəndidə 40-a yaxın ictimai obyektin açılacağını bildirdi. Qeyd edək ki, Qarabağda ümumilikdə torpaq sahəsinin ayrılması ilə bağlı 11 min hektar yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib.
Avtomobillərin utilizasiya haqqının məbləği, güzəşt məbləği və birdəfəlik ödənişin həcminin müəyyənləşdirilməsi ilə bağlı əsas prosedurlar başa çatıb, proses son mərhələdədir. Sozcu.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. İbrahim Məmmədov qeyd edib ki. yaxın günlərdə Nazirlər Kabinetinin bununla bağlı qərarı olacaq. Qeyd edək ki, fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəniləcək. nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi də tələb ediləcək. Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 1 fevraldan qüvvəyə minən sərəncamda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqının ödənilməsi qeyd edilib. Həmçinin qeyd edilib ki, avtomobil istismara yararsız vəziyyətə çatdıqda, o utilizasiyaya veriləcək və buna görə avtomobil sahibinə birdəfəlik ödəniş veriləcək və yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər avtomobil sahibi yerli avtomobil almağı nəzərdə tutmursa, o müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaq.(Trend.az)
Əlilliklə bağlı müraciətlərin 43 faizi doğru çıxır, öz təsdiqini tapır. Sozcu.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib. “Əlillik üçün saxta rəylər hələ də mövcuddur. Bu kimi halların qarşısının alınması üçün əlillik təyinatı videomüşahidə ilə aparılacaq”, - sədr bildirib.