Göbələk yeyən ana və iki övladı zəhərləndi

Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib. Sozcu.az xəbər verir ki, şəhərin Məhəmməd Əsədov küçəsində yaşayan 44 yaşlı Samirə Nəzərova, onun 15 yaşlı qızı və 23 yaşlı oğlu dünən səhər saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər. Onlar zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidmətinə müraciət ediblər. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Belə təhsil olan ölkədə bulinq də görəcəksiz, əxlaqsızlıq da... - Sevinc Telmanqızı -VİDEO

Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən olunan zorakılıqdan danışıb. Sozcu.az xəbər verir ki, 156 saylı məktəbin XI sinif şagirdi yanvarın 17-si məktəbdən kənarda, 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.  Sevinc Telmanqızı bildirib ki, bu qudurğanlıq, zorakılıq, tərbiyəsizlikdir.  Ətraflı videoda:

Yeniyetmə qızı alçaldan məktəbliləri hansı cəza gözləyir? - Hüquqşünas danışdı

Sosial şəbəkələrdə Bakıdakı 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülər ciddi müzakirələrə səbəb olub.  Məktəbdən bildirilib ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Hazırda cəmiyyəti ən çox bu sual düşündürür:  IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik hərəkət edən məktəbli qızları hansı cəza gözləyir?  Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bu barədə "Yeni Sabah"a açıqlama verib:  “Təhqirə məruz qalan uşaq 18 yaşından aşağı olduğu üçün, onun valideynləri təhqirolunma barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir. Üstəlik, bu məsələdə hadisənin görüntüyə alınıb sosial şəbəkələrdə paylaşılması faktoru da var. Təhqirin kütləvi informasiya vasitələrində yayılması ilə bağlı əməl Cinayət Məcəlləsində nəzərdə tutulub. Espertiza nəticələri əsasında hadisənin həqiqətən təhqir olması təsdiq olunsa cinayət işi açılır. Belə olduqda insan ləyaqətini, şərəfini alçaltma ilə bağlı məhkəmə bu əməli törətmiş şəxsləri azadlıqdan hətta məhrum da edə bilər. Əgər təhqirə məruz qalmış şəxs 18 yaşından yuxarıdırsa özü birbaşa məhkəməyə müraciət edə bilər”.  Sonda hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Valideynlərin NƏZƏRİNƏ - Məktəblərdə bu arayış TƏLƏB EDİLƏCƏK

“Son günlər orta məktəbdə, kollec və universitetlərdə şagird və tələbələrdən sağlamlıq haqqında arayışın tələb olunması ilə bağlı müraciətlər daxil olur. Hətta sağlamlıq haqqında arayışı təqdim etməyən şagirdlərin buraxılış imtahana buraxılmayacağı deyilir”. Sozcu.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz feysbulunda pylaşımında qeyd edib. “Bu istək və tələbin heç bir hüquqi əsası yoxdur. Qüvvədə olan qanunvericilik aktlarına görə şagird ancaq 1-ci sinifə gedəndə, tələbə 1-ci kursa daxil olanda, işçi ilk dəfə işə qəbul olunanda o sağlamlıq haqqında arayışı təqdim etməlidir. Yəni bu o deməkdir ki, həmən şəxs sağlamdır. Daha şagirddən, tələbədən ildə bir dəfə sağlamlıq haqqında arayışı tələb etmək olmaz. Çünki heç bir normativ hüquqi aktlarda belə bir hal nəzərdə tutulmur. Buraxılış imtahanında isə, Dövlət İmtahan Mərkəzi pandemiya dövründə yoluxma ilə bağlı bəyənnamə təqdim edirdi, onu da imtahan iştirakçısı imzalayırdı ki, bütün məsuliyyəti özüm daşıyıram. Sadəcə olaraq, təhsil müəssisələri şagird, tələbə dərsə iştirak etməyəndə ondan mövcud vəziyyəti təsdiq edən xəstəlik haqqında arayış tələb edə bilər. Yəni həqiqətən də sən xəstə idin. Amma universitet və kolleclər o xəstəlik haqqında arayışı üzürlü hal hesab edib sizin qayıblarınızı ləğv etmir. Yəni siz xəstəlik haqqında arayış təqdim edib qayıbdan azad olmursunuz. Təhsil müəssisələrinin mütəmadi olaraq təhsil alanlardan sağlamlıq haqqında arayışı tələb etmək hüququ yoxdur və bu mövcud qanunvericikdə nəzərdə tutulmur”,- deyə ekspert əlavə edib.Redaktor.az

Qar yağacaq, 10 dərəcə şaxta olacaq - Kəskin soyuqlar gəlir

Fevralın 20-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.  Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.  Azərbaycanın rayonlarında da əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Nəqliyyat qiymətləri bahalaşacaq, metro da...

Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrinin bir çoxunda ictimai nəqliyyat vasitələrində gediş haqqı məbləğlərinin artacağı ilə bağlı müzakirələr və xəbərlər dolaşır. Bir çoxları bunu aidiyyəti dövlət qurumlarının mütəmadi olaraq nəqliyyat xərclərinin baha olması və qiymət tarifinin olduqca aşağı olduğunu bildirməsi ilə əlaqələndirir.  Xüsusilə metro qiymətlərində 40-50 faizə qədər bahalaşmanın olması ilə bağlı müxtəlif proqnozlar var. Bəs görəsən yaxın gələcəkdə ictimai nəqliyyat vasitələrində, o cümlədən metro və marşurtlarda qiymət artımı gözləniləndirmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu proqnozun reallaşması ehtimalı yüksəkdir. “Düşünürəm ki, nəqliyyat sahəsində bir müddət sonra qiymətlərdə yeni dəyişikliklər gözlənilə bilər. Bu həm metro, həm də yerüstü nəqliyyatda gözlənilir. Çünki nəqliyyat sahəsində hələ də, rəsmilərin dediyi məlumata görə, böyük həcmdə dotasiyalar alınır. Bu daim vurğulanırsa, deməli bununla bağlı hansısa başqa qərarların ehtimalı da artır”.  Ekspert bildirib ki, il ərzində baş tutması gözlənilən seçkilərdən dərhal sonra nəqliyyat qiymətlərinin bahalaşması gözlənilir. Ola bilsin ki, bu artım yaxın vaxtlarda olmasın. Çünki qarşıda bizi parlament və bələdiyyə seçkiləri gözləyir. Yeni hökumət belə bir qərarın əhali arasında etiraz doğuracağını bildiyi üçün yaxın vaxtlarda bu addımı atmayacaq. Ancaq seçki dönəmindən sonra qiymət artımının mümkün olduğu ilk sahələrdən biri nəqliyyat sahəsi olacaq. Bu baxımdan ictimai nəqliyyat vasitələrinin qiymətləri ilə bağlı proqnoz nikbin deyil”.

Əsgər getməyibsə, vergi borcu varsa.. - Kimlər vətəndaşlıqdan çıxarılır?

“Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq şəxsin vəsadəti əsasında həyata keçirilən prosesdir”.  Bu sözləri “Yeni Sabah”a hüquqşünas Ramil Süleymanov bildirib. O, vətəndaşlıqdan çıxma haqqında bir sıra məqamları açıqlayıb: “Əgər vətəndaşlıqdan çıxmaq istəyən şəxsin dövlət qarşısında öhdəlikləri icra edilməyibsə, məsələn, əsgərliyə getməyibsə, vergi yaxud kommunal borc üzrə öhdəliyi varsa, bu hallar vətəndaşlıqdan çıxma haqqında vəsadətin rəddinə səbəb ola bilər. Eyni zamanda şəxs əgər müttəhim olaraq cinayət məsuliyyətinə cəlb olunursa, barəsində icra olunmayan məhkəmə qərarı varsa, yaxud şəxsin vətəndaşlıqdan çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə zidd sayılırsa, belə olan təqdirdə şəxsin sözügedən vəsadəti ləğv oluna bilər”.  R.Süleymanov sözügedən məsələ barədə hansı qurumlara müraciət etmək lazım olduğunu da qeyd edib:  “Vətəndaşlıqdan çıxmaq istəyən şəxs bununla bağlı iki quruma, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi, o cümlədən mövcud olduğu ölkənin səfirliklərinə ərizə ilə müraciət edə bilər. Burada 60 dollar rüsum ödənilir, həmçinin, şəxsin vəsadəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası qərar qəbul edir. Bununla bağlı həmin komissiyanın sorğuları müxtəlif dövlət qurumlarına göndərilə bilir. Hər sorğuya isə 1 ay müddətində, ümumilikdə isə, 6 ay ərzində bütün sorğulara baxılır və cavablandırılır. Dövlət qurumundan həmin sorğu ilə bağlı imtina verildiyi halda, şəxsin həmin cavabı aldığı andan 1 ay müddətində inzibati məhkəməyə müraciət etmək hüququ var. Bununla da, o, vətəndaşlıqdan çıxarılma öhdəliyinin müvafiq dövlət qurumunun üzərinə qoyulma haqda iddia ərizəsi ilə çıxış edə bilər”. 

Əhməd qətldən bir sutka öncə bu xuliqanlığa görə saxlanılıbmış

Xəbər verdiyimiz kimi, ata-anası, qardaşı, bacısı və bacısının azyaşlı övladını qətlə yetirən Əhməd Əhmədov bir gün öncə xırda xuliqanlığa görə Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Sozcu.az xəbər verir ki, News24.az Əhməd Əhmədovun hansı xuliqanlıq əməlinə görə saxlanıldığını aydınlaşdırıb. Bəlli olub ki, Əhməd Əhmədov vaxtaşırı olaraq Əhmədlidəki “Fədək” restoranına gedirmiş. Qətli törətməzdən bir gün öncə (12 fevralda) o, həmin restoranda dava-dalaş salaraq, uca səslə təhqirlər səsləndirib, kassa aparatını yumruqla vurub. DİN-in “102” zəng xidmətinə məlumat verildikdən sonra hadisə yerinə gələn PPX əməkdaşları onu polis bölməsinə aparıblar. Atası Mehman Əhmədov isə bölməyə gələrək, oğlunun epilepsiya xəstəsi olduğunu, saxlanılacağı halda ölə biləcəyini bildirərək yalvarıb və Əhmədin polis bölməsindən buraxılmasına nail olub. Bir sutka sonra isə Əhməd Əhmədov atası Mehman Əhmədov da daxil olmaqla, bütün ailə üzvlərini doğrayıb.

DYP Əhmədə sürücülük vəsiqəsini necə verib?

Səhiyyə ocaqlarında sağlamlıq haqqında arayışları 50-100 manata rahat şəkildə əldə etmək olar. Bu gün də tibb məntəqələrində, poliklinikalarda baş həkimlər sağlamlıq haqqında arayışı heç bir müayinə aparmadan satır. Sozcu.az xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı Xətai rayonunda ata-anası, qardaşı, bacısı və bacısının övladını amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun psixoloji problemi olmasına baxmayaraq, sürücülük vəsiqəsi alması və avtomobil idarə etməsi haqda danışarkən deyib. Onun sözlərinə görə, sürücülük vəsiqəsini almaq üçün şəxsdən sağlamlıq haqqında sənəd tələb olunur və bu sənədi verən səhiyyə ocaqları buna görə məsuliyyət daşıyır: “Səhiyyə Nazirliyi bir rüşvət ocağına çevrilibsə, yol polisi buna nə etsin? Əhməd də sağlamlıq arayışı əsasında sürücülük vəsiqəsi ala və taksi fəaliyyəti ilə məşğul ola bilib. Psixoloji, narkoloji problemləri olan şəxslər rüşvət qarşılığında bu sənədləri əldə edə bilirsə, yol polisini bu məsələdə suçlamaq olmaz. Məsələni dəfələrlə qabartdıq ki, poliklinikalarda əməliyyatlar, reydlər keçirilsin. Yaxud da sürücülərin vahid tibbi məntəqə strukturu yaradılsın. Amma çox ciddi nəzarət altında olsun. Çünki əvvəllər belə bir qurum var idi və rüşvət yuvasına çevrildiyi üçün ləğv elədilər. Onu ləğv edib, poliklinikalara verdilər, onlar da ikiqat rüşvət yuvasına çevrildi. Yol polisi də həkimin verdiyi qərara əsaslanır. Bu yaxınlarda şəhəri bir-birinə qatan sürücü haqqında video yayılmışdı. Tutdular, məlum oldu ki, “dəlilik kağızı” var. Yaxud lüt soyunub, maşını tərsinə sürən sürücünün də psixoloji problemləri var idi. Belə misallar çoxdur. Bu, cəmiyyətin bəlasıdır. Əhmədin qətl etdiyi o beş nəfərin ahını, günahını onlar çəkəcək. Bu cinayətdə onların hər birinin payı var. Əhməd maşınla da cinayət törədə bilərdi. Odur ki, o həkimi tapmaq və cəzalandırmaq lazımdır”.

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə - YENİLƏNİB

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi ilə bağlı 9 nəfər müraciət edib. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, fevralın 12-si Şəmkir RMX-nin Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-ü isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib. Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir. *** 10:16 Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. Sozcu.az-ın məlumatına görə, 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədova yedikləri dönərdən zəhərləniblər. Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "Mersin" dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.("Report")

Yaralı hərbçimizin bədənindən snayper gülləsi çıxarıldı

Dünən axşam saatlarında xəstəxanaya daxil olan DSX əsgəri Pərviz Xəlilzadə tərəfimizdən əməliyyat olunub. Sozcu.az xəbər verir ki, bunun Ermənistanın hərbi təxribatı nəticəsində yaralanan əsgərin vəziyyəti barədə məlumat verən Respublika Neyrocərrahiyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev bildirib. Məlumata görə, əməliyyat nəticəsində kanal içərisinə siraət edən metal yad cisim müvəffəqiyyətlə xaric edilib. Onun sözlərinə görə, xəstə ağır vəziyyətdə daxil olub: “Əməliyyat 1 saat davam etdi. Hazırda vəziyyəti düzəlməkdədir, vəziyyəti daha yaxşıdır. Müalicə davam etdirilir. Xəstə ilə bağlı proqnozumuz yaxşıdır. Xəstənin bədənindən çıxardığımız yad metal cisim, yəni güllə təqdim etdiyimiz hərbi mütəxəssislərinin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper silahının gülləsidir”. Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Polisin axtardığı məktəbli qızlar, görün, harda imişlər - Foto

00:57 Abşeronda 2 məktəbli qız itkin düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 14 yaşlı şagirdlər dərsdən sonra evə qayıtmayıblar Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri – Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar. Onların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər. *** Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumatla bağlı polis əməkdaşları tərəfindən dərhal axtarış elan edilib. Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənələrinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.