Məcburi köçkünlər üçün tikilmiş mənzillər satışa çıxarıldı

2023-cü ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən satış prosesi ümumilikdə 5 kompleks üzrə 1662 mənzili əhatə edir. Satış prosesinin 2023-cü il iyulun 1-dək davam edəcəyi gözlənilsə də hazırda nazirliyin müvafiq portalında satılmayan mənzillərə rast gəlinir. Eyni zamanda, xeyli sayda bron edilən mənzillər də var. Sozcu.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən Bizim.Media-ya keçmiş məcburi köçkünlər üçün tikilmiş, ancaq istifadəsiz qalan mənzillərin nazirlik tərəfindən satış prosesinin davam etdirildiyi bildirilib. Qeyd olunub ki, nazirlik tərəfindən satışı həyata keçirilən mənzillərlə bağlı məlumat (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) ms.sosial.gov.az portalında təqdim olunur: “Mənzillərdən maksimum 3 mənzili bron etmək mümkündür. Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır. Bron prosesinin ardından isə vətəndaşlar mənzilə baxış keçirmək və qərarlarına əsasən alqı-satqı prosesini yekunlaşdırmaq üçün dəvət olunurlar. Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur”. Bildirilib ki, hazırda 1194 mənzil satışdadır: “Yeni binalarda yerləşən həmin mənzillər tam təmirlidir, istifadə olunmayıb. Hazırda Qaradağ rayonundakı Ümid qəsəbəsindəki kompleksdə 44 ədədi üç otaqlı, 14 ədədi dördotaqlı olmaqla ümumi 58 mənzil, Abşeron rayonundakı kompleksdə 821 ədədi üçotaqlı, 197 ədədi dördotaqlı olmaqla ümumi 1018 mənzil, Sabuçu rayonu, Ramana qəsəbəsindəki kompleksdə 102 ədəd dördotaqlı, Samux rayonunda yerləşən kompleksdə isə 16 ədəd dördotaqlı mənzil satışdadır. Mənzillər çıxarışla təmin olunduğu üçün ipoteka və kredit predmeti hesab oluna bilər. Bunun üçün vətəndaşlarımız müvafiq banklara müraciət edə bilərlər”. Məlumat üçün bildirək ki, satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Bu xəstələrə əlillik statusu verilir – ŞƏRTLƏR

Cərrahi əməliyyat zamanı orqanlarından birindən məhrum olan və ya öz funksiyalarını böyük ölçüdə itirən şəxslər əlillik hüququnu necə alır? Mövzu ilə bağlı "Yeni Sabah"a danışan vəkil Turan Abdullazadə bildirib ki, bu məsələ əlilliyi olan şəxslərin hüquqları haqqında qanuna əsasən tənzimlənir: “Qanuna əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətini müvafiq orqan (qurum) müəyyən edir. Qanun Azərbaycan vətəndaşlarına, habelə ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil olunur. Əlilliyin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında status müəyyənləşdirilir.  "Əmək pensiyaları haqqında" qanunun 11-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyə görə pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə ümumən sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlillik pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir”.  Hüquqşünas qeyd edib ki, əlilliyə görə əmək pensiyası almaq istəyən vətəndaşlar bunu etməlidir: “Dövlət Sosial Müdafiə Fondun regional filialına və ya DOST mərkəzlərinə şəxsən və ya etibarnamə üzrə nümayəndə vasitəsilə yazılı, o cümlədən elektron qaydada müraciət. Qanunların məzmununundan göründüyü kimi, əlilliyə görə pensiya sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Əgər əməliyyat zamanı vətəndaş daxili orqanlarından hər hansı birini itirirsə və onun real vəziyyəti yuxarıda qeyd olunan qanunların müddəalarına da uyğun gəlirsə əlbəttə ki, ona da əlillik təyin edilə bilər. Əlillik 1 il, 2 il, 5 il və müddətsiz müəyyən edilə bilər”.

“Kim bunu edirsə, şəxsiyyəti...” - Psixoloqdan qalmaqallı 14 fevral açıqlaması

Sevgililər Günü sevginin və romantikanın bayramı kimi təqdim olunsa da, bu gün hər kəs üçün xoş emosiyalar doğurmur. Sosial mediada nümayiş olunan ideal sevgi münasibətləri, bahalı hədiyyələr və xüsusi jestlər bəzi insanlarda yalnızlıq hissini daha da gücləndirir. Tək olanlar özlərini kənarda qalmış kimi hiss edə, münasibətdə olanlar isə yüksək gözləntilər səbəbindən təzyiq və stress yaşayırlar. Sevginin simvoluna çevrilmiş bu gün, əslində, bir çox insan üçün emosional gərginliyin və sosial müqayisənin qaynağına çevrilə bilər. Psixoloq Vüsalə Rüstəm bununla bağlı “Yeni Sabah”a açıqlama verib. O, işbazların bu günü bir növ alətə çevirdiyini vurğulayıb: “Bu, müqəddəs valentin günü kimi Roma imperiyası dövrünə təsadüf edən, katolik xristianların inancına görə bayram edilən tarixi bir gündür. Qlobal dünyada insanlar çox asanlıqla səyahətə gedə bilir və müxtəlif sivilizasiyalardakı bayramları və tarixi günlərini öz ölkələrinə gətirə bilirlər. Bu gün xristianlara aid olan bir gündür. Milli sevgililər günü isə iyun ayının 26-sı qanlı yanvar şəhidlərimizdən olan İlham və Fərizənin evlilik günü hesab edilir. Sevginin günü, saatı, dəqiqəsi, ili olmur, sevgi insanı həyata bağlayan bir duyğudur. Keçmiş dövrlərdə olan bayramları müasir dövrdə kommersiya alətinə çeviriblər. Gül və hədiyyə satışı ilə məşğul olanlar o günü sosial şəbəkələrdə qabardaraq insanları hədiyyə almağa təşviq edir”. Psixoloq onu da qeyd edib ki, keçmiş dövrlərdə həmin günləri diqqət üçün ayırıb insanları duyğulara köklənməyə, daha mərhəmətli sevgi dolu olmağa çağırırdılarsa, bu gün elə günlər başqalarında həsəd yaratmaq, mağazalardakı hədiyyələri daha baha qiymətə satmaq məqsədi güdür: “Heç bir əsl sevgili, ya həyat yoldaşı, ya da nişanlı öz sevdiyinə aldığı hədiyyəni və öz sevgisini kiməsə nümayiş etdirmək ehtiyacı duymaz. Kim bunu edirsə, şəxsiyyəti tam formalaşmayıb, həyatını ona-buna göstərməklə yaşayır və reallıqla heç bir əlaqəsi olmur. Çox zaman ayrılır, ya da boşanır. Əsl olan ailə, sevgi münasibətləri sosial şəbəkələrdə paylaşılmağa ehtiyac duyulmayanıdır. Çox insan bunu anlamır, başqalarının sevgililər günü hədiyyələrini baxaraq tənhalaşır, depressiya düşür. Anlamır ki, sosial şəbəkə çox zaman yalançı göstəriş üzərində qurulur, real həyat tam başqadır. Sevdiyin insanı sevmək üçün nə sənə xüsusi gün, nə də hədiyyə lazım deyil. Onun verdiyi quru bir çiçək sənə ruh verir, dünyaya bağlayır, həyatın rənglənir. Hədiyyə, pul  üzərində qurulan heç bir münasibət real deyil, buna inanmayın. Gec ya tez həqiqət üzə çıxır. Sevgilisi olmayan insanlar belə günlərdə sosial şəbəkələrdə göstərilən böyük ayı oyuncaqlarına, üzük taxılmış "aşkımın hədiyyəsi" üzüklərini baxıb öz həyatları barədə neqativ düşünməsinlər. Belə insanların çoxu paylaşımları ilə kimlərəsə acıq verir, ya da mağaza, hədiyyə reklamları olur. Xoşbəxtlik gizliliyi və sakitliyi sevir. Bir çiçək alan real insanları sevin, maddiyyat üzərində qurulan münasibətlər sınıq körpüdür, gec ya tez uçacaq”.

“Azərpoçt”un adından yenə dələduzluq edilir

Ani mesajlaşma tətbiqləri üzərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından dələduzluqlar həyata keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Qeyd olunub ki, müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək onlar saxta keçidlərə yönləndirilir: “Həmin keçidlər vasitəsilə məhsulun ödənişini almaq üçün vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur. ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir". Xatırladaq ki, daha əvvəl də “Azərpoçt”un adından vətəndaşlara qarşı dələduzluq hallarına yol verilib.

Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ

Fevralın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə,  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əxlaqsız paylaşımlar edən müəllim həbs olundu

Sosial şəbəkələrdə əxlaqsız paylaşımlar edən şəxs məsuliyyətə cəlb edilib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü S.Səfərov (şərti) barəsində fevralın 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Saxlanılan şəxs Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Səfərova 15 sutka inzibati həbs cəzası verilib. Qeyd edək ki, həbs edilən şəxs Sabunçu rayonunda yerləşən 10 saylı Musiqi Məktəbinin müəllimidir.

Bakıdakı bu binalar zəlzələyə davamlı deyil — AÇIQLANDI

“Hələ SSRİ dövründə Azərbaycanın seysmik zonaya aid olduğunu nəzərə alaraq tikintiyə icazə strukturları Bakı şəhərində maksimum 10-11 mərtəbə hündürlüyə icazə verirdilər. Texnologiyanın inkişaf etməsi nəticəsində tikinti ediləcək ərazidə seysmik durum, suxurların vəziyyəti əvvəlcədən öyrənilir, daha sonra tikintiyə icazə verilir". Bu sözləri Demokrat.az-a çıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib. O bildirib ki, yeni binalar daha möhkəm qurğular üzərində tikilir, təhlükəsizlik məsələləri daha ciddi nəzarətə alınır: "Bu baxımdan daha hündür mərtəbəli binalar tikilə bilir. Düşünürəm ki, Bakı Şəhərsalma qurumu, memarlıq strukturları, FHN yanında Tikinti və Təhlükəsizliyə Nəzarətetmə xidməti Azərbaycanın seysmik zona olduğunu nəzərə almalıdırlar. Hazırda dövr olaraq seysmik çuxurlar və yer qabığı fəallaşıb. Türkiyədəki faciə də məhz bu səbəbdən baş vermişdi. Bütün bunları nəzərə alaraq yüksək mərtəbəli binaların tikintisinə daha ciddi yanaşılmalıdır. Əks halda böyük faciələrə səbəb ola bilər". Ekspertin sözlərinə görə, evlərinin tikintisində də nəzarət mexanizmi olmalıdır: "Ancaq bu mexanizm insanların tikinti arzularını, layihəhələrini reallaşdırması üçün əngəl olmamalıdır. Adətən hansısa mexanizm mürəkkəbləşdiyi zaman məmurlar özbaşınalıq edib bu yenilikdən hüquqların pozulması və qeyri-qanuni tələblər üçün istifadə edirlər. Birmərtəbəli evlər tikinti normativlərinə uyğun tikilibsə, onlar da elə də böyük problem yaranmayacaq. Yüksək mərtəbəli yaşayış mənzillərində isə bu ehtimallar hər zaman var.  Tikinti normativlərinə əməl edilməsi hündür mərtəbəli mənzilləri də faciədən qurtara bilər. Nəzarət mexanizmi tətbiq olunmalıdır ki, müvafiq icra orqanları da təhlükəsizliyin təmin edilməsi üçün nəzarət imkanı əldə etsin. Bütün hallarda bu vətəndaşların tikinti hüquqlarını əlindən almamalıdır".

Nazirlikdən əsgər valideynlərinə daha bir çağırış

Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: "İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".

Üçüncü kurs tələbəsi qəfil vəfat etdi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin tələbəsi qəfil vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə kollec məlumat yayıb. Məlumata görə, Tükəzban Arif qızı Bəşirli sosial iş (SİT 023) ixtisasının lll kurs tələbəsi olub. Onun ölüm səbəbi məlum deyil.

Şaxta olacaq, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az verilən məlumata görə, lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Bakıda iş saatları dəyişəcək - Tətbiq olunacaq QRAFİKLƏR

Bakı və ətraf ərazilərdə nəqliyyat yükünü azaltmaq və ictimai nəqliyyat sisteminin effektivliyini artırmaq məqsədilə iş qrafikinin dəyişkən rejimdə təşkili ilə bağlı mühüm addımlar atılacaq. Sozcu.az BAKU.WS-ə istinadən xəbər verir ki, 2025–2026-cı illəri əhatə edən yeni yanaşma çərçivəsində dövlət orqanları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslər üçün fərqli iş rejimləri müəyyən ediləcək. Müvafiq qurumların aparacağı təhlillər əsasında müxtəlif sahələr üzrə işəgəlmə və işdən çıxma saatlarında dəyişikliklər ediləcək. Beləliklə, insanların eyni vaxtda yollara axışmasının qarşısı alınacaq və nəqliyyat sistemində yaranan sıxlıq azalacaq. Bəzi dövlət və özəl sektor müəssisələrində distant iş rejiminin tətbiqi də nəzərdə tutulur. Bununla yanaşı, iş yerlərinin dəyişkən qrafik əsasında fəaliyyət göstərməsi işçilərə daha rahat hərəkət etmək imkanı yaradacaq və iş-nəqliyyat balansını optimallaşdıracaq. Dəyişikliklərin məqsədi Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu təkmilləşdirmək, şəhərdaxili sıxlığı azaltmaq və ümumi hərəkət rahatlığını təmin etməkdir. Eyni zamanda, özəl sektorun bu prosesə innovativ həllərlə qoşulması təşviq olunacaq. Bu tədbirlər nəticəsində həm iş, həm də nəqliyyat rejimi daha çevik və rahat olacaq, insanlar isə sıxlıq probleminə görə vaxt itirmədən gündəlik həyatlarına davam edə biləcəklər. Qeyd edək ki, Beynəlxalq təcrübədə iş qrafiklərinin optimallaşdırılması üçün müxtəlif modellər tətbiq olunur. Nəqliyyat sıxlığını azaltmaq və işçilərin məhsuldarlığını artırmaq üçün ən ideal çıxış yollarından biri fleksibil (elastik) iş saatlarıdır. Dünyada nəqliyyat sıxlığını azaltmaq üçün ən ideal iş saatları aşağıdakı kimi müəyyən edilib: 07:00–15:00 (Erkən başlayanlar üçün) 08:00–16:00 (Standart iş vaxtı) 09:00–17:00 (Ənənəvi iş rejimi) 10:00–18:00 (Gec başlayanlar üçün).

Boşanan şəxslərə xəbərdarlıq – Qanunda dəyişiklik edilib

Boşanma sonrası ortaya çıxan ciddi problemlərdən biri də uşaq faktoru ilə bağlıdır. Bir çox hallarda tərəflərdən biri, digərinə uşaqları vaxtı-vaxtında göstərməkdən boyun qaçırır. Bu isə tərəflər arasında alimentin gecikməsi və digər mübahisələrin yaranması ilə nəticələnir.  Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ailə mübahisələləri ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edilib: “2024-cü ilin 20 dekabr tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarına əsasən, artıq ailə mübahisələrinə baxılan zaman bir sıra dəyişikliklər həyata keçirilib. Nikahın pozulması zamanı mütləq şəkildə təkcə nikahın polzulması və aliment mübahisəsinə baxılmayacaq.  Burada eyni zamanda tərəflərin birgə nikahdan olan övladlarının ayrı yaşayan valideynlərinin həmin övladlarla ünsiyyət məsələsi də həll olunur. Həmçinin əvvəllər çıxarılmış məhkəmə qərarından sonra, uşağı saxlayan valideyn hər dəfə ölkə üzrə yaşayış minimumu dəyişdikdə yenidən alimentin artırılması ilə bağlı iddia ərizəsi verə bilirdisə, artıq buna ehtiyac qalmır. Sadəcə 1 ərizə verməklə, xüsusi icraat qaydasında alimentin artırılmasına nail olunacaq”.  Hüquqşünas qeyd edib ki, uşaqlarla ünsiyyət qaydaları da artıq yeni dəyişikliklərə uyğun formada tənzimlənir: “Uşaqla ünsiyyət məsələsinə gəldikdə isə, Ailə Məcəlləsinin tələblərinə görə tərəflərin hər ikisinin uşaqla ünsiyyət hüququ olduğuna görə onlar mütləq şəkildə bir-birinə maneçilik törətməməlidir. Nikahın pozulması zamanı tərəflərin ərizəsi əsasında uşaqla ünsiyyət qaydaları da müəyyən edilə bilər. Burada vacib olan məqamlar ondan ibarətdir ki, tərəflər öz aliment öhdəliklərini yerinə yetirdiyini sübut etməlidirlər. Yaxud gələcəkdə uşağın əxlaqına və tərbiyəsinə zidd davranışların olmayacağını bildirməlidirlər”.