Ötən ilin yayında Nərimanovda “Metro Park”ın qarşısında baş verən silahlı insidentin məhkəmə araşdırması başa çatıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm elan edilib. Belə ki, qazaxlı həmkəndlilərin Bakıdakı davası birinin ölümü ilə nəticələnib. Hadisə 2024-cü il iyunun 26-sı axşam saatlarında baş verib. 24 yaşlı Tural Kosayev və əvvəldən tanıdığı 21 yaşlı İsmayıl Allahverdiyev ayrı-ayrı avtomobillərlə hadisə yerində olublar. Həmin vaxt Tural xanımla olub. Cinayət də onun gözləri qarşısında baş verib. Həmkəndlilər arasındakı sözlü mübahisə yavaş-yavaş daha da qızışıb. Tural getmək istəyərkən İsmayıl belindəki silahı çıxarıb onu güllələyib. Ağır yaralanmış gənc elə yerindəcə ölüb. Xüsusi amansızlıqla törədilən cinayətə görə İsmayıl həbs edilib. İfadəsindən onun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olduğu məlum olub. Elə bu səbəbdən onun işinə hərbi məhkəmədə baxılıb. Prokuror təqsirləndirilən şəxsin 18 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Qətlə yetirilən şəxsin yaxınları isə 18 il yarımla razılaşmır, ömürlük azadlıqdan məhrum etmə istəyirlər. “Bu adam ictimai-təhlükəli üsulla cinayət törədib. Təqsirləndirilən üzr istəməsini tələb edib, zərərçəkmiş də qəbul etməyib. Buna görə adam öldürürlər? Heç kim deyə bilməz ki, bu adam azadlığa çıxandan sonra cinayət törətməyəcək. Ona görə ömürlük həbs istəyirik”, - zərərçəkmiş tərəfin vəkili Ceyhun Məmmədov deyib. Müttəhim son sözündə əməlindən peşmanlığını dilə gətirib: “İstəməzdim belə olsun. Əgər Turalı öldürmək istəsəydim, elə bunu təklikdə edərdim. Çünkü hadisədən bir az əvvəl birlikdə kafedə oturmuşuq. Yeganə səbəb məni təhqir etməsidir. Son olaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edirəm”. Zeynal Ağayevin sədrlik etdiyi hakimlər dəlil və sübutları araşdırdıqdan, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamların əsaslı olduğunu təsdiq ediblər. Hökmə əsasən, İsmayıl Allahverdiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi şərti ilə 17 il azadlıqdan məhrum edilib.
Sertifikasiya imtahanlarının vaxtı və hansı fənnlərdən keçiriləcəyi ilə bağlı məlumatların açıqlanmaması müəllimlər arasında narahatlığa səbəb olub. Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib. Bir neçə gün əvvəl saytımıza daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin - tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib Təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında bildirib ki, sertifikasiya imtahanlarının tarixləri hər il aprelin sonu mayın əvvəllərində açıqlanır: "Bundan əvvəlki sertifikasiya imtahanları da imtahana 1 ay qalmış açıqlanıb. İndi daha erkən açıqlanması mənə görə əvvəlki illərdə imtahan verən müəllimlərə haqsızlıq olar. Eyni zamanda imtahanın keçirilməsi bir neçə qurumun razılığı əsasında keçirilir. Burada Elm və Təhsil Nazirliyi ilə yanaşı Səhiyyə Nazirliyi və hüquq mühafizə orqanları da iştirak edirlər. Ona görə də imtahan tarixi həmin qurumlarla da dəqiqləşdirilməlidir". Ekspert bildirib ki, imtahanlar böyük ehtimalla iyunun 14-dən sonra keçiriləcək: “Tədris ili ərzində sertifikasiya imtahanı olmayacaq. Tədris bitdikdən sonra iyunun 20-21-dən başlamaqla, iyulun ortalarına qədər bu proses davam edə bilər. Müəllimlər bilməlidirlər ki, iyunun 14-ə qədər imtahan olmayacaq. Qərarı isə aprelin sonu mayın əvvəlinə gözləmək olar”. Təhsil eksperti Məzahir Məmmədli isə qeyd edib ki, bu məsələ ilə bağlı cavab verəcək orqan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir (MÜTDA): “Onlar bu məsələlərə aydınlıq gətirməli, izahat verməlidirlər. Amma təəssüflər olsun ki, bu məsələ ilə bağlı mediada və sosial şəbəkələrdə səslənən fikirlərə belə konkret cavab yoxdur. Ona görə də müəllimlər bu məsələ ilə bağlı haqlı narahatlıq ifadə edirlər. Amma 2025-ci ildə müəyyən fənnlərin imtahanı ilə bağlı fikirlər var. Amma konkret olaraq vaxt müəyyən olunmayıb. Düzdür təlimatda nəzərdə tutulub ki, imtahana 1 ay qalmış xəbər verilir. Amma pis olmazdı ki, müəllimlər ən azından hansı ixtisasların sertifikasiyaya cəlb olunmasını bilələr və hazırlıqlı olalar”. M.Məmmədli müəllimləri təmkinli olmağa çağırıb: “Qanunvericiliyə görə, müəllimlər imtahanda müvəffəq olmasalar belə, onlara 1 il müddət verilir və yenidən imtahan verə bilirlər. Yəni imtahanı keçə bilməsələr birbaşa işdən azad edilmirlər. Onlar yenidən hazırlaşıb sonrakı il imtahanda iştirak edə bilərlər”.
Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində Zərdab-Ağcabədi yolunun 15-ci kilometrliyində qeydə alınıb. Belə ki, Esmira Binnətəliyeva idarə etdiyi “Hunday Aksent” markalı təlim avtomobili ilə hərəkət edərkən “Mercedes” markalı avtomobildən düşən Rafiq Məmmədovu vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı faktla bağlı cinayət işi başlanılıb
Qubada kişi dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, ötən gün Zöhrab Müslüm oğlu Ramazanov yaşadığı həyətdə yerləşən sanitar qovşaqda olan zaman ora quraşdırılmış su qızdırıcı avadanlıqdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.
Bakıda parkda iki qadın arasında başlayan mübahisə məhkəmədə başa çatıb. İşin məhkəməyə qədər uzanmasının səbəbi qadınlardan birinin ayağının sınması olub. Sozcu.az Musavat.com-a istinadən hadisə Yasamal rayonunda parklardan birində baş verib. 34 yaşlı Aytən Həsənova (ad şərtidir) parkda tanımadığı 50 yaşlı Zəhra Qasımova (ad şərtidir) ilə mübahisə zamanı onu itələyib. Zəhra Qasımova yıxılan zaman ayağı sınıb. Mübahisəyə səbəb isə Z.Qasımovanın Aytənin azyaşlı qızını vurması olub. Belə ki, Aytənin qızı və digər uşaqlar parkda topla oynayırmışlar. Uşaqların vurduğu top Z.Qasımovaya dəyib və onu əsəbiləşdirib. Z.Qasımova buna görə uşaqlara şillə vurub. Uşaqlar da bu barədə analarına məlumat verib. A.Həsənova qızını vurduğu üçün Z.Qasımova ilə mübahisə edərək onu itələyərək yıxıb. Yıxılan zaman Qasımovanın ayağı sınıb. Z.Qasımovanın polisə müraciəti əsasında A.Həsənova barəsində cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə zərərçəkmiş şəxs deyib ki, Aytənin qızını vurmayıb. Aytən isə deyib ki, Z.Qasımovaya xəsarət yetirmək niyyəti olmayıb. Onu bilərəkdən itələməyib. Məhkəmə Aytənin əməlinin daha yüngül maddəyə dəyişdirilməsinə qərar verib. Ona Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan az ağır zərər vurma) maddəsi ilə 7 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Məhkəmə Aytənin bu əməlində xuliqanlıq olmadığı qənaətinə gəlib.
Külli miqdarda dələduzluqda təqsirləndirilən Zakir Məmmədov və Şamil Ələkbərliyə hökm oxunub. Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, hər iki təqsirləndirilən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Qeyd edək ki, iş üz üzrə 4 zərərçəkmiş şəxs qismində tanınıb. Ümumi dəymiş ziyan isə 11 min 900 manatdır. Məhkəmə istintaqı dövründə zərərçəkmişlərə dəymiş ziyan ödənilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 178.2.2 178.2.3 (təkrarən və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Onu da xatırladaq ki, təqsirləndirilən şəxslərdən Şamil Ələkbərli (Şamil Sabiroğlu) “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri və Birinci Qarabağ müharibəsi veteranı, jurnalistdir.
Yanvarın 29-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, bununla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fiziki şəxsə məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan ikiotaqlı köməkçi tikilidə partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində partlayış dalğasının təsirindən həyətin darvazası yerindən çıxıb, həyətdə dayanan 2 ədəd minik avtomobilinin şüşələri sınıb, tikiliyə ziyan dəyib və 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Bərdədə qadın dərmandan zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində baş verib. Yeganə Araz qızı Hüseynova yanvarın 22-də çoxlu sayda təzyiq dərmanı qəbul edib. Görülən tibbi müdaxilələrə baxmayaraq, qadın yanvarın 24-də müalicə aldığı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində həyatını itirib. Qeyd edək ki, mərhum Bərdə şəhərində yerləşən "Təzə bazar" adlı ticarət mərkəzində qadın geyim paltarlarının satışı ilə məşğul olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb. Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb. Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Report-un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır. Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumdur. V.Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-ci ildə bacısının həyat yoldaşı 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.
2024-cü ilin aprelində sabiq ABŞ prezidenti Co Bayden "TikTok" sosial şəbəkəsinin ölkədə qadağan edilməsini məcbur edən qanun imzalayıb. Sənəd yanvarın 19-dan qüvvəyə minib. Yanvarın 22-də vəzifəyə gəldikdən sonra Donald Tramp fərmanı ilə Baydenin imzaladığı qanunun qüvvəyə minmə müddəti 75 gün gecikdirilib. Müddətin bitməsindən sonra Çinə məxsus sosial şəbəkəsinin taleyi qeyri-müəyyəndir. ABŞ-da 170 milyondan çox istifadəçisi olan tətbiqin perspektivləri ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəziləri onun amerikalı milyarder İlon Mask tərəfindən satın alına biləcəyini, digərləri onun fəaliyyətini tamamilə dayandıra biləcəyini qeyd edir. İnformasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, "TikTok"un bağlanma səbəbi məxfiliyi pozması, ölkə üçün təhlükəli olması və ən əsası da platformanın Çin hakimiyyəti ilə əlaqələridir: "Platforma "ByteDance" şirkətinə məxsusdur. Hökumət şirkətə təklif etdi ki, yanvarın 19-a qədər şirkəti satışa çıxarın. Əsasən şirkətin Çinli iş adamlarına satılması təklif olundu. Amma "ByteDance" bundan imtina etdi, çünki həm platforma həm də şirkət olaraq büdcəsi çox yüksəkdir. Dünyada bir çox ölkədə insanların ən çox istifadə etdiyi platformalardan biridir. Normalda ayın 19-a qədər satılması üçün vaxt qoyulmuşdu". Ekspertin sözlərinə görə, Tramp bu hadisədən sonra bir “jest” edərək satış üçün qoyulan deadline müddətini 75 günlüyünə uzatdı: “Bu şirkət üçün nəticəni dəyişmir, hər halda bu büdcəyə sahib şirkətin və platformanın satılması heç kim üçün xoşagələn deyil. Bu qərardan sonra artıq "AppStore" və "PlayStore"dan "TikTok"un yenilənməsi və yüklənməsi dayandırılacaq. Ehtimal var ki, platforma tamamilə ləğv olunmasın. Belə ki, platformanın adı dəyişdirilə, yaxud başqaları tərəfindən alına bilər. Ümumiyyətlə ABŞ-dəki istifadəçilərin təklifi budur ki, platforma İlon Maska satılsın və başqa bir ad altında "X" platforması ilə birləşdirilsin. Hazırda "TikTok" platformasının alışı üçün yatırım etməyə hazır olan bir çox adamlar var, onlardan biri də İlon Maskdır. Platformanın bugünkü satış qiyməti haradasa 20 milyard dollar məbləğində dəyərləndirilir. Təkliflərə əsasən kimin satın alacağı, hansı dəyişikliklər olacağı hələki müəmmadır”. F.Rəcəbli qeyd edib ki, "TikTok"un fəaliyyətinin dayandırılması heç kimə xoş olmayacaq: “Dünya üzərində nə qədər insanın bu platformadan istifadə etdiyini düşünün. İllərdir bu platformaya enerjisini, zamanını ayıran, burada biznesini quran insanlar var. Bunların hamısının ləğv olunması xaosa da səbəb ola bilər. Amma mən düşünmürəm ki, bu platforma bağlanacaq, bu qədər insanların əməkləri qırağa atılacaq. Böyük ehtimal ki, başqa bir şirkət yaxud hansısa iş adamı tərəfindən satın alınacaq və dəyişikliklər olunacaq. Azərbaycanda da bu öz təsirini göstərəcək. Bugün "TikTok" platforması ölkəmizdə də şəxsi platformadan biznes platformasına çevrilib. Çünki bu gün biznesini quran hər kəs "TikTok" üzərindən satışını edir, müştəri qazanır, hansısa məlumat yaxud maarifləndirmə xarakterli faəliyyət göstərir. Bunların hamısının birdən-birə dayanması bütün dünya ölkələrinə öz təsirini göstərəcək, bizim ölkəmizə də həmçinin. Bu gün "TikTok" daha çox biznes üzərində qurulub. Burada elə bizneslər var ki, ayda minlərlə qazanc əldə edir. O insanların qazanclarının hansı səviyyəyə düşəcəyini düşünün. Yenə də ümid edirik ki, platforma tam olaraq bağlanmayacaq. Gözlənilən ən pis ehtimal budur ki, başqası tərəfindən alınacaq və maksimum dəyişiklik ediləcək. Yəqin ki, heç kimin vaxtı, əziyyəti hədər getməyəcək. Hələ ki, bu günə olan gözləntilər bunlardır”.
“20 ildir “Azeri MI Drilling Fluids Ltd” neft şirkətində işləyirəm. İstehsalat zamanı xəsarət alsam da, şirkət kompensasiyamı ödəmir və üstəlik, məni işdən azad edib”. Sozcu.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Teymur Məmmədquliyev müraciət edib. O, 2004-cü ildən sözügedən şirkətdə supervayzer vəzifəsində çalışıb: “2022-ci ildə iş vaxtı, iş yerində xəsarət aldım. Sağ bilək aypara sümük sınığı və sol ayaq pəncəsinin sınığına görə iki dəfə əməliyyat olundum. Bu günə kimi fiziki funksional pozğunluq qalıb. Bunu təsdiq edəcək bütün sənədlərim var. İş vaxtı xəsarət almağıma baxmayaraq, şirkət tərəfindən heç bir köməklik, maddi yardım olunmayıb. Eyni zamanda mənə əmək qabiliyyətinin itirilməsi günləri üçün ödəniş düzgün hesablanmayıb. 2023 cü il sentyabr ayından isə bu ödənişlər tam dayandırılıb. Halbuki 9 dekabr 2022-ci il tarixindən 16 may 2024-cü ilədək xəstəlik vərəqəsi davam edirdi. Bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna müraciətlər etmişəm. Müfəttişlik tərəfindən NK-27 saylı qərara uyğun təhqiqat aparılıb. İZ aktına (İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydası) əsasən şirkət təqsirli sayılıb və cərimələnib. Aktdan əlavə, DSMF-nin 6 fevral 2024 ci il № 3-17-1/2-M-27276/2024 sənədində də şirkətin günahkar olduğu təsdiqlənib”. Vətəndaşın sözlərinə görə, dəfələrlə Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı müraciət etməyinə baxmayaraq, heç bir nəticə yoxdur: “Şirkət mənə xəstə olduğum günlərə görə 25-30 min manat borcludur. Buna görə mən onları məhkəməyə vermişəm. Bunu biləndən sonra bir neçə ay mənə 500-1000 manat pul verdilər. Məhkəmə prosesi gedə-gedə bilindi ki, mənim maaşım əslində 3720 manatdır, amma şirkət əməkhaqqımı 3400 manatdan hesablayıb. Ötən ilin mayın 16-dan işə çıxmağa başladım. Şirkət mənə dedi ki, zədələnmiş xəstə adamsan, sənin üçün burada iş yoxdur, ərizə yaz, çıx. Mən rəis idim və fiziki pozğunluğum sadəcə 20%-dir, amma işləməyə icazə vermədilər. Halbuki mən bu şirkətə görə şikəst olmuşam. Dedilər ki, müqaviləni yeniləyək 500 manat əməkhaqqı ilə işlə. Təbii ki, bununla razılaşmadım və məni oktyabrın 1-i 2024-cü il tarixində 67 C maddəsi ilə işdən azad etdilər”. Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı məhkəmə prosesi hələ də davam edir. Teymur Məmmədquliyevin bizə təqdim etdiyi “İstehsalatda bədbəxt hadisə haqqında” Aktdan da görünür ki, o, dəmir çərçivəni konteynerin mərkəzinə yerləşdirmək istəyən vaxt həmin dəmir çərçivə ilə konteynerin giriş-çıxışı olmayan hissəsində işlədiyindən dəmir çərçivə yırğalanan zaman künc hissəsi ilə onun sağ əlini və sol ayağını zədələyib, nəticədə xəsarət alıb. İddialara aydınlıq gətirmək məqsədilə sözügedən “Azeri MI Drilling Fluids Ltd” şirkəti ilə əlaqə saxladıq. T.Məmmədquliyevin narazılıqlarına cavab tapmaq istəsək də, şirkətdən yalnız rəsmi sorğu məktubu ünvanladıqdan sonra cavab verə biləcəklərini bildirdilər. Rəsmi məktubu elektron poçt vasitəsilə göndərmək istədikdə isə, onu qəbul etməyəcəklərini, yalnız fiziki sənədlə ofislərinə yaxınlaşaraq təqdim etməyimizi tələb etdilər.