Bakıda qadın sürücü qəza törətdi: ölən var

Pirallahıda qadın sürücü piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, Firəngiz Heydərova idarə etdiyi “Ford Fusion” markalı avtomobillə piyada Elxan Həsənovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Əməliyyat otağında ad günü edən həkimin əri də işdən çıxdı

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın həyat yoldaşı, sözügedən klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Əziz Rəfibəyov da işdən çıxıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, o, Sumqayıtdakı Real Tibb Mərkəzində Ginekologiya və doğum şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb.

Bakıda əməliyyat: qadın saxlanıldı

Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 8300 dolların oğurlanması barədə polisə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı F.Eyyubov, 34 yaşlı G.Əliyeva və 28 yaşlı E.Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

OBA şokolada görə 7 yaşlı uşağı girov götürdü – Bakıda inanılmaz

Bakıda, Sabunçu rayonu ərazisində yerləşən OBA marketlərdən birində 7 yaşlı (ikinci sinif şagirdi olan) iki uşaq şokolad oğurladıqlarına görə mağaza müdiri tərəfindən girov götürülüb və valideynlərindən yüksək məbləğdə pul tələb edilib. Sozcu.az xəbər verir ki, bu barədə uşaqlardan birinin valideyni “Hüquqşünaslar” qrupunda məlumat yayıb. Adını açıqlamayan valideynin sözlərinə görə, uşaqların oğurluğu kameraya düşüb. Uşaqları girov götürən mağaza rəhbərliyi onların valideynlərini çağırtdırıb. Şikayətçi bildirib ki, işdən çağırılıb və oğurluq videosu ona göstərilib. O isə üzr istəyərək, ziyanı ödəməyə hazır olduğunu deyib. Mağazanın müdiri 300 manat tələb edib, əks halda isə uşağı buraxmayacağını vurğulayıb. “Mən övladlarımı atasız böyüdürəm, onun-bunun qabağında işləyərək. 300 manat ödəməlisiniz deyəndə ağladım, çünki ayda 500 manata işləyən adamam, o qədər pulum yoxdur”, - valideyn yazır. Nə qədər yalvarsa da, müdir uşağı pul gəlməyincə buraxmayıb: “Mən 1 telefon və şəxsiyyət vəsiqəmi orda qoyub, oğlumu götürüb, evə gəldim, həmin gün axşam 150 manat tapıb getdim, yalvardım ki, daha yoxdur. Müdir dedi ki, 50 manat da ayın axırında gətirərsən”. Ananın iddiasına görə, digər uşağın ailəsindən 70 manat istəyiblər. Ümumilikdə mağazadan uşaqlar 12 ədəd “Alpenqold” şokoladı götürüblərmiş. Şikayətçi hər şeyin video-qeydə düşdüyünü, ona zəng edən mağaza müdirinin nömrəsini də təqdim edib. Qeyd edək ki, hüquqşünaslar uşağın, daha sonra isə şəxsiyyət vəsiqəsinin girov saxlanılmasını qanun pozuntusu olduğunu bildirərək, bu qanunsuzluğa hüquq-mühafizə orqanlarının reaksiya verməsini istəyiblər. Vəkil Aqil Layıcın verdiyi məlumata görə, "Veysəloğlu" şirkətindən məsələ ilə bağlı onunla və valideynlə əlaqə saxlayıblar və bildiriblər ki, 300 manat o uşağın indiyə qədər oğurladığı şokoladların puludur. Belə ki, uşaq oğurluğu bundan əvvəl də edibmiş, sadəcə, sonuncu dəfə ələ keçib. Buna baxmayaraq, vəkil hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə etməsi gərəkdiyini xatırladıb. Valideyn isə onunla heç bir təmasa keçilmədiyini yazıb.(axar)

Azyaşlının ölümünə səbəb olan həkim barədə hökm

Azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həmçinin Elton Musayev iki il altı ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum edilib. İttihama görə, Kürdəmir rayon sakini Roman Qəribov 2023-cü ilin noyabr ayında dörd yaşlı oğlu Rüfət Qəriblini müayinə olunmaq üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıb. Rüfət Qəriblini xəstəxananın həkim-infeksionisti Elton Musayev müayinə edərək ona yanlış olaraq “Ağırlaşması olmayan qızılca” diaqnozu təyin edib. İttihamda bildirilib ki, həkim təyin edilən diaqnozu dəqiqləşdirmək üçün hər hansı bir müayinələr aparmayıb, diaqnoz əsaslandırılmayıb, xəstədə ağciyərlərin pnevmoniyasını müəyyən etməyib, onun vəziyyətinin ağırlıq dərəcəsini nəzərə alaraq təcili müalicəyə cəlb etməli olduğu halda bunları etməyib. Nəticədə həkimin göstərdiyi tibbi xidmətin yetərsizliyi səbəbindən Rüfət Qəribli kəskin tənəffüs çatışmazlığından ölüb. Zərərçəkən Roman Qəribov prosesdə təqsirləndirilən Elton Musayevə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Məktəblərdə 7 gün dərs olmayacaq

Məktəblərdə 5 gün dərs olmayacaq. Yanvarın 27-dən Azərbaycanda məktəblərdə qış tətili başlayır. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 5 günlük məktəblərdə ilk dərs günü fevralın 3-də, 6 günlük məktəblərdə isə fevralın 1-də başlayacaq. Bu qərar ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir.

Nəzrinin ölümündə günahlandırılan həkim barədə qərar VERİLDİ

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Sozcu.az “Report”a istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqdimat təmin edilib və Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur. Cinayət işi üzrə ötən gün həkim Sənan Mehdiyev saxlanılaraq məsuliyyətə cəlb olunub.

28 yaşlı Şəbnəmi öldürən qardaşına AĞIR CƏZA

Siyəzən rayonunda 28 yaşlı Şəbnəm Mustafazadəni qətlə yetirməkdə şübhəli bilinən 21 yaşlı qardaşı Səfər Mustafazadənin məhkəməsi başa çatıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər 9 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Qeyd edək ki, ali təhsilli müəllim olan Şəbnəm “Siyəzən Broyler” ASC-də mühasib köməkçisi kimi çalışırmış. O, müxtəlif intellektual bilik yarışmalarının iştirakçısı və qalibi olub. Şəbnəmlə qardaşının münasibətinin yaxşı olduğu, Səfərin axşam saatlarında bacısına qəfil hücum edərək onu qətlə yetirdiyi bildirilib. Hadisə ötən il avqustun 24-də, saat 22:30 radələrində qeydə alınıb.

Bakıda 3 nəfər dəm qazından öldü

Bakının bir rayonunda üç nəfər dəm qazından boğulub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon sakinləri - 1977-ci il təvəllüdlü İlqar İsmayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğularaq ölüblər. Hər üç faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Rayonlara qar yağıb - FAKTİKİ HAVA

Yanvarın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə, yanvarın 21-i saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib. Lakin 20-də bəzi şərq rayonlarında arabir yağıntılı olub. Belə ki, düşən yağıntının miqdarı Biləsuvar, Yardımlıda 2, Ordubad, Şəki, Şabran, Astarada eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qrızda (Quba) 16, Altıağacda 9, Lerik, Şamaxıda 3, Şahbuzda 2, Xaltan, Lənkəran, Qobustan, Daşkəsəndə 1 sm-dir. Qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib. Şamaxı, Qrız, Şahdağ, Lerik, Şəki, Qubada duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

“Dedilər dostunu nə tez unutdun?” - İlkindən tənqidlərə CAVAB

“Və gözlənilən şərhlər yağdı: “Dostunu nə tez unutdun?”, “O qədər yaxın idi, indi necə gülə bilirsən?” və s. Bütün şərhlərinizi oxudum, normalda belə hallarda şərh bölümünü bağlayırlar, amma mən etmədim, tənqidə hər zaman açıq olmuşam”. Bu sözləri aparıcı İlkin Həsəni instaqramda yazıb. O, Cem Yılmazla Bakı konsertindən sonra çəkilən fotosuna mənfi şərh bildirənlərə cavab verib: “Bir balaca analiz edib, daha sonra isə ümumi bir cavab yazıram hər zaman. Kədəri anlamaq üçün sadəcə ona baxmaq kifayət deyil. Çünki kədər göz yaşlarımızda deyil, qəlbin ən dərin qatlarında yatır. İnsanlar çox vaxt bizim xarici görünüşümüzlə daxili fırtınalarımız arasında körpü qura bilmirlər. Nəticədə isə içdəki nifrəti hərflərə çevirirlər. Dostumu əsla unutmadım, həyat isə mənim dayanmamağımı tələb edir. İnsan sevdiklərini itirdikcə, bir tərəfdən özü də kiçilir, yox olur. Amma həmin sevdiklərinin xatirəsi ilə yaşamaq bir növ borca çevrilir. İnsanın ayağa qalxması, addım atması, gülməsi unudulma demək deyil. Bu, sadəcə, o itki ilə barışmaq cəhdidir. Nə qədər qısa və hər anın nə qədər qiymətli olduğunu.  Məncə, dostum mənim göz yaşlarımı yox, gücümü, gülümsəməmi görmək istərdi. Bilin ki, kimisə unutmamaq üçün onu hər an matəm kimi yaşamaq da məcbur deyil. Həyat davam edir, çünki həyat dayanmır. Bu paylaşım da, Cem də, tədbir də, həyatın özü də onun xatirəsinə əlavə etdiyim yeni bir parça kimidir. Axı paylaşımda da qeyd etmişdim ki, bəzən həyatın qayğıları arasında belə anlar insanın ruhunu yenidən doğurur. Bəlkə də siz hər şeyin gözlə görünən tərəfinə baxırsınız. Amma əmin olun, qəlbinizi dinləsəniz, hər birimizin içində keçməyən yaraların izlərini görə bilərsiniz. Bu, mənim gerçəkliyimdir və bu gerçəklikdə 40 gün 40 gecə yas saxlamaq standartları yoxdur. Siz eləsinizsə heç kimi elə olmağa məcbur edə bilməzsiniz. Xahiş edirəm, imkan verin, dostumun ruhunu şad edim. Sevgi ilə qalın!”  (Olay)

Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə əlaqədar Azərbaycanın bütün ərazisində 1 dəqiqəlik sükut olub. Sozcu.az-ın məlumatına görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb. Bakı metrosunda 1 dəqiqəlik sükutla əlaqədar qatarların fit səsi eşidilib.