Samuxda ev yandı: xəsarət alan var

Samuxda evdə yanğın olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonunun Köbər kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Pensiyası 500 manat olan şəxslər əlavə 300 manat da alacaq - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılacağı açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məlumatına görə, bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır. Sozcu.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib. Deputat qeyd edib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər: “Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, məsələn 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq”. “Bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir. Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir”, - deyə V.Bayramov bildirib.

Başçının “işğal etdiyi” rayonda tükürpədən əməlləri

2018-ci ilin iyunun 7-dən vəzifədə olan Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonu rəsmən işğal edib. Bu barədə Axar.az-a adının çəkilməsini istəməyən rayon sakinləri danışıb. Onların sözlərinə görə, əvvəllər biznesmen olan Məmməd Məmmədov kənd təsərrüfatında istifadə edilən gübrələrin, dərman preparatlarının satışını həyata keçirən şirkətin rəhbəri olub. Elə ona görə də el arasında “Zəhər Mamed” adını alıb. Məmmədov icra başçısı kimi fəaliyyətə başlayan gündən rəhbərlik etdiyi və nəzarətində olan şirkətlər vasitəsilə Tovuzun min hektarlarla əkinə yararlı torpaqlarını ələ keçirib. “Tovuzun ən böyük su rezervuarı olan və yaxın illərdə istifadəyə verilən Yuxarı Öysüzlü və Qazıqulu kəndlərinin ərazisində yerləşən dəryaçadan 2 1000 diametrlik boru qeyri-qanuni şəkildə Məmməd Məmmədovun əkin sahələrini suvarmaq üçün ayrılıb. Son illərdə içməli su qıtlığından əziyyət çəkən rayonların siyahısına Tovuz da daxil olub. Bütün yayı Tovuz əhalisi su qıtlığından əziyyət çəksə də, başçısının əkin sahələri susuz qalmır. Çünki rayonun su mənbələri başçının tarlalarına axıdılır”, - sakinlər vurğulayıb. Qeyd edilir ki, Azərbaycanın ən böyük və ən potensiallı rayonlarından biri olmasına baxmayaraq, Tovuz bu gün problemləri ilə dolu olan rayonlardan birinə çevrilib: “Məmməd Məmmədov vəzifədə olduğu 6 il yarım ərzində rayon üçün heç bir iş görməyib. Rayonda işsizlik baş alıb gedir, küçələr bərbaddır. İcra Hakimiyyətinə müraciət etməyin də mənası yoxdur, edilən müraciətlər demək olar, cavabsız qalır. Üz üz tutacağımız ünvan yoxdur. Rayonda sahibkarlıqla məşğul olmaq da müşkülə çevrilib. Əkinlə məşğul olan, fermer təsərrüfatı yaratmaq, biznes qurmaq istəyənlər mütləq başçının qılıncının altından keçməlidilər. Orta və böyük sahibkarlar qazandıqları puldan başçıya ənam verirlər. Olmasa, heç kim nə taxıl əkə, nə üzüm bağı sala, nə da başqa iş görə bilər”. Sakinlər bildirib ki, Tovuzun turizm üçün ən əlverişli obyektləri də M.Məmmədov və adamları tərəfindən rəsmən işğal olunub. Əksər turizm obyektləri Məmmədov və adamlarına məxsusdur: “Misal üçün, rayonun Kirən kəndində sovet dövründə fəaliyyət göstərmiş yay pioner düşərgəsi də icra başçısının şəxsi obyektinə çevrilib. Məmmədov düşərgəni ələ keçirərək, şəxsi əmlakı kimi istifadə edir”.

Bakı məktəbində bədbəxt hadisə - Şagird YARALANDI

Dekabrın 9-da Bakı şəhəri 107 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə zamanı 5-ci sinif şagirdi xəsarət alıb. Məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, şagird (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) II mərtəbədə ayaqyoluna gedərkən sürətlə qaçdığı üçün qapının tutacağına toxunub: "Nəticədə qapının dəstəyi şagirdin qarın nahiyəsinin dərisinə batıb. Məktəbdən "Azərbaycan müəllimi"nə bildirilib ki, məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib. Məktəb rəhbərliyi və müəllimlərin də müşayiəti ilə şagird tibb müəssisəsinə çatdırılıb. Hazırda şagirdin vəziyyətinin kafi olduğu bildirilir". Xatırladaq ki, bu gün Xətai Tibb Mərkəzində 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb. Məlumatı Mərkəzin özü yayıb.

Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilir

Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub. Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Bu ərazilərdə qar yağır

Dekabrın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, dekabrın 08-i saat 11:00-a olan məlumatına əsasən ölkənin bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır. Qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda Laza) 2 sm olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub. Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib. Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb. Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Güclü küləklə bağlı daha bir xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 8-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçalada fasilələrlə cənub-şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu sarı xıbırdarlığa uyğun gəlir. Şabran, Siyəzəndə isə fasilələrlə cənub-şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Bakıda yağış nə vaxta kimi davam edəcək?

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən, arabir yağış yağıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, düşən yağıntının miqdarı 3 mm-dək olub. "Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, dekabrın 7-si axşam saatlarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib", - deyə məlumatda bildirilib.

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - Rəsmi cavab

1996-cı ildə tədavülə buraxılan və 2011-ci ildə istifadə müddəti bitərək tədavüldən çıxarılan dövlət özəlləşdirmə çeklərinin yenidən qiymətli kağız kimi tədavül vasitəsi olması, dövriyyəyə qaytarılması barədə heç bir yenilik yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə "APA"ya Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib. “Həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar yanlışdır”, - deyə Dövlət Xidmətindən vurğulanıb. ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırır. Qeyd edək ki, sosial şəbəkələrdə dövlət özəlləşdirmə çeklərinin əvəzində vətəndaşlara 20 min manat pul vəsaitinin veriləcəyini barədə məlumatları əks etdirən video yayılıb. Sözügedən videoda bir qrup insanın həmin vəsaiti almaq üçün Bakı İnzibati Məhkəməsinin ətrafına toplaşdığı əksini tapıb. Dövlət özəlləşdirmə payları (çeklər) "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb. Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.

Maşınlarda qəzalara səbəb olan nasazlıqlar – Sürücülər DİQQƏT ETMƏLİDİR

Bir çox hallarda qəzalarında səbəb təkcə sürət həddi, yaxud digər qayda pozuntusu deyil, nəqliyyat vasitəsinin texniki nasazlığı da olur. Sürücünün maşına lazımi texniki qulluq göstərilməməsi və zaman keçdikcə ehtiyat hissələrinin sıradan çıxması yollarda ani qəzalara və ya yarı yolda qalma halı doğurur. Bu kimi hallarla qarşılaşmamaq üçün sürücü mütləq şəkildə maşının sazlığına və vaxtı-vaxtında yoxlanışına fikir verməlidir. Yenisabah.az nəqliyyat vasitələrində qəzalara ən çox zəmin yaradan nasazlıqları və onların səbəblərini araşdırıb. Dünya təcrübəsində avtoqəzaların başlıca səbəbi aşınmış ehtiyat hissələridir. Ən çox görülən aşınma zamanla dayaqlarda və amortizatorlarda olur. Bu, idarəetmə qabiliyyətinin və əyləc məsafəsinin artmasına gətirib çıxarır, sürüşmə ehtimalı kəskin şəkildə artır. Digər tərəfdən, həddən artıq yük və ya zərbə ucbatından yaylar qırıla və ya əyilə bilər. Çəkinin qeyri-bərabər paylanması idarəetməyə təsir edir və aşma riskini artırır. Tez-tez həddindən artıq yüklənmələr alətlərin zədələnməsini yaradır. Onlar deformasiyaya uğrayır, ya da qırılır, bu da təkərlərin düzülmə bucaqlarının pozulmasına səbəb olur və idarəetməni pozur. Maşınlarda təkərlərin sazlığına, şinlərin aşınıb-aşınmamasına və ən asası atmosfer balansına xüsusi diqqət etmək lazımdır. Nəzərə alaq ki, avtomobillərdə yer alan 4 təkər balanslı olaraq tarazlığı təmin edir və onlardan birinin sürüş zamanı sıradan çıxması faciəvi qəzalara səbəb ola bilər.

Sabahın havası: 11 dərəcə şaxta...

Sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gündüz bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Azərbaycanda repetitorluğun qarşısı alınır? "Ailə büdcəsinə ağır yükdür"

“İllərdir ölkəmizdə ailə büdcəsinə ağır yük olan repetitor fəaliyyətinin əsas səbəbləri təhsil sistemindəki müəyyən boşluqlar və problemlərlə bağlıdır. Halbuki, dövlət tərəfindən məktəblərdə müəllim və şagirdlər üçün yüksək təhsilə hər cür şərait yaradılıb. Bəs hələ də şagirdləri repetitor yanına getməyə hansı amillər məcbur edir?”. Sozcu.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında ekspert Fərid Əliyev deyib. Onun sözlərinə görə, bəzi valideynlər məktəbdə potensial görmədiyi üçün repetitor xidmətindən istifadəyə üz tutur: “Bunlara misal olaraq “fərdi yanaşma”, “daha yüksək nəticələr”, “fokuslanmış təhsil”, “inam və motivasiya” və.s amilləri sadalamaq mümkündür. Bununla yanaşı “təhsil sistemində çatışmazlıqların göstəricisi”, “maddi yük”, “aslılıq”, “təhsil bərabərsizliyi”, “stress və yüklənmə”, “keyfiyyətsiz repetitorlar” olaraq da mənfi nəticələri mövcuddur. Niyə ölkəmizdə təhsil tam ödənişsiz olduğu təqdirdə, əlavə olaraq valideynlərin şəxsi büdcəsi hesabına övladları repetitor yanına getməlidir? Nəyə görə, məktəblər də buna şərait yaradaraq öz reputasiyalarını aşağı düşürməlidirlər? Deyərdim ki, bu problemin ən başlıca səbəbi məktəblərdə olan tədris sistemi və bəzi işini düzgün bacara bilməyən məsullardır. Hər bir valideyn övladının universitetə qəbul olunmasını arzulayır və hər bir şagird də universitet həyatına atılmağı səbrsizliklə gözləyir. Lakin məktəbdə gələcəyi üçün bir potensial görmür və bu səbəbdən də repetitor xidmətindən istifadəyə üz tutur. Bu da öz növbəsində həmin sahəyə tələbi artırır”. Ekspert tədris keyfiyyətini artırmaq və müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mütəmadi təlimlər təşkil edilməli olduğunu bildirir. “Mütləqdir ki, repetitorluq fəaliyyətinə səbəb olan problemlər müntəzəm olaraq monitorinq edilməli və məktəblərdə problemlərin səbəbləri aradan qaldırılmalıdır. Bu məsələni həll etmək üçün məktəblər, təhsil sisteminin digər komponentləri ilə birgə, bir sıra addımlar da atmalıdırlar. Məsələn tədris keyfiyyətini artırmaq və müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mütəmadi təlimlər təşkil edilməlidir. Müasir tədris metodikalarının tətbiqi ilə şagirdlərin marağını artırmaq və dərsləri daha effektiv etmək mümkündür.Dərslik və proqramlarını yeniləyərək sadə, başadüşülən və praktiki etmək, çox yüklü və ya nəzəri materialları azaltmaq lazımdır. Təhsil proqramı şagirdlərin bacarıqlarına və inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır. Fərdi yanaşma ilə müəllimlər zəif şagirdlərə əlavə dəstək göstərməlidirlər. Daha sonra məktəb daxilində pulsuz əlavə məşğələlər və konsultasiyalar təşkil edilə bilər. Siniflərdə fərdi yanaşma metodlarından istifadə etməklə hər şagirdin ehtiyacları nəzərə alınmalıdır. Universitetlərə qəbul yalnız testlərə deyil, digər bacarıqlara əsaslanan müvafiq seçim mexanizmlərinə keçid etməlidir”, deyə, o, qeyd edib.. F.Əliyev deyir ki, orta məktəblərdə təhsilin səviyyəsi artmış olsa şagirdlərin repetitor dəstəyinə ehtiyacı olmayacaq. “Orta məktəb təhsili elə səviyyədə təşkil olunmalıdır ki, şagirdlər repetitor dəstəyinə ehtiyac hiss etməsinlər. Məktəblərdə əlavə  kurslar, məşğələlər və s. təşkil edilməlidir. Bunlar həm şagirdlərə dəstək, həm də repetitorluğa alternativ ola bilər. Düşünürəm ki, valideynlərlə məktəb arasında sıx əməkdaşlıq olmalıdır. Onlara repetitorluq yerinə məktəb resurslarından necə istifadə ediləcəyi izah edilməlidir. Valideynlər məktəblərdəki dəyişikliklərdən xəbərdar edilməli və onların dəstəyi alınmalıdır. Bu addımlar atılacağı təqdirdə təhsil sistemindəki boşluqları azaldaraq şagirdlərin məktəb təhsilinə olan inamını artırmağa kömək edə bilər. Məqsəd yalnız repetitorluğun qarşısını almaq deyil, təhsil keyfiyyətini yüksəltmək olmalıdır”, deyə ekspert əlavə edib,