Azərbaycanda qız uşağı alçadan zəhərlənib öldü

Mingəçevirdə 10 yaşlı qız uşağı alçadan zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, hadisə Bahar küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib. 2013-cü il təvəllüdlü Lalə Quluzadə həyətlərində yetişən alçadan zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qızın atası bütün təsərrüfatı zərərvericilərdən qorumaq üçün dərmanlayıbmış, qız isə bilmədən birbaşa ağacdan dərdiyi alçaları yeyib. Faktla bağlı araşdırma aparılır.

Məşğulluq Agentliyi 74 milyon manata aldığı mal-qaranın sayı və qiymətini AÇIQLAMIR

Dövlət Məşğulluq Xidməti aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi məqsədilə alınan heyvanların sayını və qiymətini açıqlamır. Sozcu.az xəbər verir ki, hazırda aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi üzrə həyata keçirilən əsas tədbirlərdən biri ailələrin mal-qara və digər kənd təsərrüfatı aktivləri ilə təmin edilməsidir. Bu məqsədlə Məşğulluq Xidməti davamlı olaraq tenderlər keçirir və böyük vəsaitlər sərf edərək inək, qoyun, keçi, təkə, arı aləsi və digər aktivlər alır. Bu heyvanların əksəriyyəti ölkəyə xaricdən idxal edilir. Sonuncu belə tenderin qalibi “Agro Best” QSC  (VÖEN: 1405235391) olub. Həmin şirkət Məşğulluq Xidmətinə 73 milyon 575 min manatlıq idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər mallar satacaq. Tenderin dövlət vəsaitləri hesabına keçirilməsinə baxmayaraq Məşğulluq xidməti bu vəsaitlə alınan heyvanların sayını və qiymətini açıqlamaqdan imtina edib. FED.az-ın bunnula bağlı sorğularına cavab olaraq Xidmət bu məlumatları açıqlanmayacağını bildirib. Eyni qayda ilə Xidmətin əvvəlki tenderlərlə aldığı aktivlərin də sayı və qiyməti ictimaiyyətdən gizli saxlanılır. “Agro Best” QSC 20.08.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2010 manatdır. Qanuni təmsilçisi Nahid Ələkbərov Kamil oğludur. Hüquqi ünvanı Az1007, Bakı şəhəri. Nəsimi rayonu, Feyzulla Qasımzadə ev 1, m 48. Qeyd edək ki, Məşğulluq Xidməti ölkədə rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayını, onların rayon və şəhərlər üzrə bölgüsünü, işsizlik müavinəti alanların sayını/bölgüsünü və verilən müavinətin məbləğini də ictimaiyyətdən gizli saxlayır.

"Minatəmizləyən robotlar bir saata 1500 kv. metr ərazini təmizləyir"

"GCS (Global Clearance Solutions) – 200" markalı, kənardan idarəedilən və müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur". Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının Mühəndis Xidmət rəisinin köməkçisi Atabəy Şükürlü Ağdamda jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, kənardan pultla idarə olunan aqreqat iki kovuşdan ibarətdir: "Kovuşlardan biri ərazinin piyada əleyhinə minadan təmizlənməsi, digəri isə tank əleyhinə minalardan təmizlənməsi üçün istifadə edilir. Robotun əsas xüsusiyyətlərindən biri odur ki, bir saat ərzində 1500 kvadrat metr ərazini minalardan təmizləyə bilir. Bir robotun idarə edilməsinə isə bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri təhkim olunur". A.Şükürlü bildirib ki, ərazidə partlayış baş verdiyi anda robot dayandırılır və zədənin yarandığı hissə bərpa edilir, ardınca isə robot öz işinə davam edir: "Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı yalnız robotun qarşısındakı zədələnə bilər, digər hissələr heç bir zədə görmür".

Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu sosial hüquqları pozulmuş vətəndaşların, onların problemlərin operativ həll etmək üçün təşkilatın Qaynar həttin yaradılmasını bildirib.  Vətəndaşlar 055 556 25 42 whats app vasitəsilə müraciət edə bilərlər.

Şəmkir Polis Şöbəsinə yeni rəis təyin olub

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib. "Sözcü.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, əmrə əsasən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımov tutduğu vəzifədən azad edilərək Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Şəmkirin əvvəlki polis rəisi, polis polkovniki Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Sözcü.az

Maşını ilə kanala düşən hərbçimiz hələ tapılmayıb - Video

Ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevin axtarışları davam etdirilir. FHN-dən Sozcu.az-a verilən məlumata görə, axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, S.Ağayev hərbçidir.

Fitrənin məbləği bu il nə qədər?

Ramazan ayı sona çatır, tezliklə Fitr bayramı qeyd olunacaq. Bayramdan bir gün əvvəl çıxarılan fitrənin miqdarı nə qədər olacaq? Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Müşviq Əsgərov məbləği açıqlayıb: “Fitrə çıxarmaq hər kəsə vacibdir. O, buğdanın, xurmanın qiyməti ilə hesablanır. Adambaşına 3 kilo. Əvvəlki illərdə 5-10 manat arası təşkil edirdi. İmkanı olan isə adambaşına 10 manat verir. Adətən, fitrələr əsasən bayram namazından sonra verilir. Amma yaxşı olar ki, bayramdan əvvəl verilsin.  Fitrə imkanı olmayan şəxslərə, o cümlədən dullara, yetimlərə, imkansız şəhid ailələrinə verilməlidir. Fitrəni xurma, buğda ilə də vermək olar. Ancaq pul verilməsi daha yaxşıdır ki, imkansız şəxs onunla istədiyini ala bilsin”.

Azərbaycan 2 ayda Gürcüstandan 5 minə yaxın avtomobil idxal edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 4 820 avtomobil idxal edib. Bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb. Məlumata görə, bununla da Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələrin siyahısında lider olub. Onu Ermənistan (2 834), Qazaxıstan (2 589), Qırğızıstan (1 338) və Rusiya (978) izləyib.

Türkiyədən gələn tələbələr üçün quru sərhədləri AÇILDI

Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib. Sozcu.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.

DSX əsgərinə narkotik gətirən yaxın qohumu saxlanıldı

Aprelin 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq tədbirlər görülüb. DSX-dən Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib. Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

Bu məktəbin direktoru olmaq üçün 67 nəfər imtahan verdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. İdarədən Modern.az-a verilən xəbərə görə, paytaxtdakı 20 nömrəli məktəb-liseyin binasında təşkil olunmuş imtahanda 67 namizəd iştirak edib. Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

Azərbaycanda nikahların sayı azalıb, boşanma artıb - Rəsmi

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər təşkil edib (Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidəki əhali istisna olmaqla). Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub. Sozcu.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olub. 2023-cü ilin ilk iki ayı ərzində ölkədə 11191 ölüm halı qeydə alınıb və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb. Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.