Litva Rusiya ilə sərhəddə əcnəbilər üçün qeydiyyat mərkəzini bağlayıb

Litva Rusiya ilə sərhəd yaxınlığında əcnəbilər üçün qeydiyyat mərkəzini bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, Kibartay şəhərindəki mərkəzin fəaliyyəti dayandırılandan sonra oradakı miqrantlar Pabrade şəhərindəki digər mərkəzə köçürüləcək. Kibartaydakı mərkəzdə yaşayan qeyri-qanuni mühacirlərə Litva ərazisini tərk etməyərək, 24 saat ərzində mərkəzdən çıxmaq üçün vaxt verilmişdi. “Onlar, çox güman ki, qanunsuz olaraq Litva sərhədini keçiblər, çünki əvvəldən onların məqsədi Qərbi Avropa ölkələrinə keçmək olub”, - xəbərdə deyilir.

Yunanıstanda üç günlük matəm elan edilib

Yunanıstanda bu gün baş vermiş qatar qəzası səbəbi ilə üç günlük matəm elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli “ERT News” xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, bu gün Yunanıstanda baş vermiş qəza zamanı yük və sərnişin qatarı toqquşub. Qəza zamanı sərnişin qatarında 346 nəfər olub və son məlumatlara əsasən 36 nəfər ölüb, 85 nəfər yaralanıb.

Qobustanda azyaşlının qulağından sırğanı oğurlayan qadın tutulub

Qobustanda azyaşlı qızın qulağından sırğanı oğurlayan qadın tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, fevralın 14-də Qobustan qəsəbəsində yaşayan bir qadının evində aldadılaraq pulunun və geyim əşyalarının alınması, habelə qohumu olan azyaşlı qızın qızıl sırğalarının soyğunçuluq yolu ilə talanması barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Gülnarə Vəliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Zelenski ali baş komandan qərargahını TOPLADI

Ukrayna prezidenti Volodimir Zelenski ali baş komandan qərargahının iclasını keçirib. Sozcu.az "RBK Ukraine"a istinadən xəbər verir ki, müzakirə mövzularından biri Rusiyanın mümkün işğal planları olub. Məlumata görə, görüşdə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, qoşunların operativ-strateji qrupunun komandiri Aleksandr Sırski də iştirak edib. “Qərargah üzvləri ümumi əməliyyat vəziyyəti və düşmənin yaxın gələcəkdə hərəkətlərinin xarakterini nəzərdən keçiriblər. İclasda ukraynalı müdafiəçilərin döyüş sursatı və texnikası ilə təmin olunma vəziyyəti, hərbi kadrların xaricdə hazırlığı, xüsusilə müdafiə qüvvələrinin say və ixtisas baxımından ehtiyacları da müzakirə olunub", - deyə məlumatda bildirilib.

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə aclıq aksiyasını dayandırıb. Sozcu.az xəbər verir ki, onun vəkili Aqil Layıc məlumat verib. “Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək”, - deyə o bildirib. Qeyd edək ki, fevralın 23-də istintaq orqanının təqdimatı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 aya qədər uzadılıb. Bundan əvvəl isə yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılmışdı. Xatırladaq ki, ötən ilin dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb. Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.

Kamran Əliyevə yeni köməkçi təyin edildi

Baş Prokurora yeni köməkçi təyin edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Rail Bayramlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunub.

Rəşad Dağlı ilə bağlı nə qərar olacaq? - RƏSMİ AÇIQLAMA

Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbirinin başa çatmasına bir neçə gün qalıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaxın günlərdə onun barəsindəki istintaqın tamamlanacağı və işin məhkəmə baxışına veriləcəyi gözlənilir. Məsələ ilə bağlı meyxanaçının vəkili Bəhruz Xıdırovla əlaqə saxlasaq da, heç bir açıqlama vermək istəmədiyini bildirib. Baş Prokurorluğun Mətbuat xidmətdindən sorğumuza cavab olaraq qeyd edildi ki, hazırda ibtidai istintaq davam etdirilir və digər xüsusatlar üzrə əlavə məlumat veriləcək. Qaradağ Rayon Məhkəməsindən isə Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə hər hansı təqdimatın daxil olmadığı deyilib. Xatırladaq ki, Rəşad Dağlının qətl törətməsi cəmiyyətdə böyük rezonans doğurmuşdu. Tanınmış meyxanaçı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün öz maşını ilə onu evdən götürüb Lökbatan dairəsi yaxınlığına aparmışdı. Maşınında onu 14 bıçaq zərbəsi ilə qətlə yetirdikdən sonra aşağı atmış və polis bölməsinə gedərək təslim olmuşdu. Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. O narkotik ticarətinə görə, əvvəllər dəfələrlə həbs həyatı yaşayıb. 43 yaşlı Mehtiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumudur. Rəşad Dağlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 9-da başa çatır.

“Putini yaxın adamları öldürəcək” - Zelenski

“Putini yaxın adamları öldürəcək”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin bir illiyinə həsr olunan sənədli filmdə deyib. Zelenski bildirib ki, bir gün yaxın ətrafı Putini öldürəcək: "Putin rejiminin kövrəkliyi getdikcə bütün ölkə ərazisində hiss olunmağa başlayacaq. Sonra isə yırtıcılar onu yeyəcək. Onlar qatili, yəni Putini öldürmək üçün səbəb tapacaqlar"

"8 Martda təhsil işçiləri üçün bahalı hədiyyə alınması, külli miqdarda pulun verilməsi pedaqoji dəyərlərə uyğun deyil"

Məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, bu məsələdə iki hal olur: "Biri məcburetmə, biri də valideynlərin özlərinin təşəbbüsü ilə hədiyyələrin alınması. Bu halda istəyimiz odur ki, bizə şikayət daxil olsun ki, məsələni araşdıra bilək. 8 martda və digər günlərdə valideynlərin təhsil işçiləri üçün bahalı hədiyyə alması və külli miqdarda pulun verilməsi ümumilikdə pedaqoji dəyərlərə uyğun deyil. Onu da nəzərə almaq lazımdır ki, pul və ya hədiyyə qəbulu heç də həmişə müəllimin təşəbbüsü ilə olmur. Təxminən 1,5 milyonluq şagird kütləsindən danışırıq. Arzumuz ondan ibarətdir ki, qadın müəllimləri təbrik etmək üçün bahalı hədiyyə və pul yığımı olmasın. Bəzi hallarda təşəbbüskarı müəllim yox məhz valideynlər edir. Məktəb rəhbərliyi ilə bağlı olanda ölçü götürə bilərik. Amma valideynlərə sadəcə tövsiyə edə bilərik. Bu hərəkət daha çox davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb rüşvət formasında hədiyyə verməməlidir. Yanlış utanmaq hissindən valideynlər müəllimləri maddi dəyəri böyük olmayan, əksinə mənəvi dəyəri çox olan açıqcalarla təbrik etsinlər"./Report

Deputat quru sərhədlərin açılmasını təklif etdi

“Bu ilin ilk ayında Azərbaycana 119.1 min turist gəlib ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 1.6 dəfə çoxdur. Gələnlərin 33,8 faizi Rusiya, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub”. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycana daha çox Pakistan və Hindistandan gələnlərin sayı artıb: “Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər”. O, quru sərhədlərinin açıqlmasının tərəfdarı olduğunu bildirib: “Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir. Digər tərəfdən, Azərbaycana gələnlərin əksəriyyətinin qonşu ölkələrin payına düşdüyünü nəzərə aldıqda epidemoloji vəziyyət nəzərə alınmaqla quru sərhədlərin mərhələli şəkildə açılması məqsədə uyğun olardı. Bu turizmin inkişafına töhvə verməklə yanaşı, vətəndaşlarımızın xaricə daha asan və az xərc ilə getməsinə də imkan yaradar”.

“Rejissorluqdan başı çıxmayan film, toy operatorları serial çəkir, ona görə də...”

“O məni depressiyaya saldı, daim filmlərdə çəkilən aktyor üçün bu olduqca çətin idi...” “Bütün rollarım mənim bir taleyimdir. Həmişə düşünmüşəm ki, yaxşı ki, o filmlərdə çəkilmişəm. Su gələn arxa bir də gələr. Bu barədə mən xoşbəxt aktyoram ki, qismətimə yaxşı rollar düşüb. Çox vaxt istedadlı aktyorlar olur, amma onlara yaxşı rollar rast gəlmir”. Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevimli sənətkar Rasim Balayev deyib. “Uğur qazanmaq üçün, yaxşı aktyor olmaq üçün 3 şey vacibdir. Təbii ki, birinci fitri istedadın olmalıdır. Zəhmətkeş, əməksevərlik də öz yerində. Bir də bəxt, şans. Bunların üçü birləşəndə müəyyən bir uğura nail olursan. Bunlardan biri olmayanda görürsən ki, çətindir. 40 il bilməmişəm ki, illərim necə keçib. Bir də ayılıb görürdüm ki, artıq ilin əvvəlidir. İki filmdə burada çəkilirdim, ikisinə xarici ölkədə, sonra gəlirdim burada dublyaj edirdim. O qədər iş-güc olurdu ki, zamanın necə keçdiyindən xəbərim olmurdu” deyə sənətkar bildirib. Rasim Balayev deyir ki, aktyor filmə çəkilməyəndə də xəstələnir. “Kinoya çəkilmək üçün aktyor sağlam olmalıdır. 6 il evdə oturdum, filmlərə çəkilmədim. Daim filmlərə çəkilən aktyor üçün bu çox çətin idi. Bu isə məni depressiyaya saldı. Sonra belimdə ağrılar başladı. "Babək" filmində iki dəfə atdan yıxılmışdım. O vaxt hiss eləmirdim, sonradan belimdəki ağrılar üzə çıxırdı. Belimdə yırtıq var. Gənclik illərimdə idmanla biləvasitə məşğul olmuşam. Daha çox futbol, voleybol oynamışam. Filmlərdə çəkilirdik, at çapırdıq, bunun özü elə bir idman idi də. “Babək”, “Dədə Qorqud”, “Nəsimi” filmlərində bu cür səhnələr daha çox idi. İndi müalicəvi idmanlar var ki, həkimin məsləhəti ilə onları edirəm. İmkanım və həvəsim olanda bir az təmiz havada gəzirəm. Artıq yaş da, o yaş deyil. Aktyor çəkilməyəndə də xəstələnir, sağlamlığı sözünə baxmır. Gənc ikən özümüzə qulluq etməliyik ki, yaşa dolanda səhhətimiz heç olmasa normal olsun” deyə sənətkar bildirib. Sənətkar kino sahəsində hələ də çatışmazlıqların olduğunu bildirib. “Bizim kinomuz hər zaman güclü olub, irəlidə olmuşuq. O vaxt Türkiyədə güclü senarilərlə filmlər çəkilmirdi. Onlarda bu sahə birdən-birə irəliyə getdi. Bizdə televiziya olanda heç Türkiyədə olmayıb. Bilirsiniz Türkiyədə kino və serial sahəsi niyə inkişaf etdi? Çünki gənclərini o illərdə xarici ölkələrə təhsil almağa, təcrübə toplamağa göndərdilər. O gənclər də öz ölkələrinə gəlib kinonu irəli apardılar. Bu gün ara-sıra bəzi baxımlı, maraqlı filmlər çəkilir, amma senariləri bir o qədər də güclü deyil. Bu sahədə naşi insanlar da çoxdur. Rejissorluqdan başı çıxmayan insan film çəkir. Toy operatorları serial çəkir. Çox təəssüf ki, bu sahədə peşəkarlardan, onların əməyindən istifadə olunmur. Aktyoru rejissor yetişdirir, o əsərlərdə parıldayıb, sevilir” deyə sənətkar bildirib.

Ukrayna “Vaqner”lə əlaqəli şəxslərə sanksiya tətbiq edib

Ukrayna “Vaqner” özəl hərbi şirkətlə (ÖHŞ) əlaqəli şəxslərə, o cümlədən muzdluların fəaliyyətini təmin edən hüquqi şəxslərə sanksiya tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb. Bildirilib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojının qızları – Veronika və Polinaya sanksiya tətbiq edib. Bundan başqa, sanksiyalar altına “Vaqner” ləqəbli, adı çəkilən ÖHŞ-nin qurucusu sayılan Dmitri Utkin də düşüb. Ümumilikdə sanksiya siyahısına 164 fiziki şəxs və 85 şirkət daxildir. Onlara ticari, həmçinin başqa iqtisadi və maliyyə əməliyyatları yasaqlanır, eyni zamanda Ukrayna ərazisindəki aktivlərin dondurulması, texnologiyaların ötürülməsi qadağası və s. işə salınır.