Bayden Netanyahudan sonra ona zəng etdi

ABŞ Prezidenti Co Bayden Misir Prezidenti Əbdülfəttah Sisi ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, Bayden Misirin Qəzza zolağının mülki əhalisinə humanitar yardımın çatdırılmasında göstərdiyi aparıcı rola görə minnətdarlığını bildirib. Liderlər bu gündən başlayaraq, Qəzzaya axan yardımın həcmini əhəmiyyətli dərəcədə sürətləndirməyə və artırmağa razılaşıblar. Onlar həmçinin mülki insanların həyatının qorunmasının, beynəlxalq humanitar hüquqa hörmətin və Qəzzadakı fələstinlilərin Misirdə və ya hər hansı digər dövlətdə məcburi köçkünə çevrilməməsinin təmin edilməsinin vacibliyini müzakirə ediblər. Bayden və Sisi Fələstin dövlətinin yaradılması da daxil olmaqla, Yaxın Şərqdə davamlı sülhə şərait yaratmaq üçün birgə işləməyə sadiq olduqlarını təsdiqləyiblər. Qeyd edək ki, Bayden bundan öncə İsrail Baş naziri Netanyahu ilə danışmışdı.

Netenyahu üzr istədi

İsrail Baş naziri Binyamin Netenyahu kəşfiyyat orqanlarının onu HAMAS-ın hücuma hazırlaşması barədə xəbərdar etməməsi ilə bağlı X sosial şəbəkəsində yazdığı, daha sonra sildiyi paylaşıma görə üzr istəyib. APA-nın xəbərinə görə, Binyamin Netenyahu X sosial şəbəkəsindəki yeni paylaşmında bildirib ki, İsrail xüsusi xidmət orqanlarını günahlandırmaqla səhv edib. İsrail Baş naziri buna görə üzr istəyib: “Mən cəbhədə olan və savaşan bütün güc strukturlarının rəhbərlərini tam dəstəkləyirəm. Baş Qərargah rəisini, bütün komandirləri və əsgərləri dəstəkləyirəm. Biz birlikdə qalib gələcəyik”.

İranın hədəfləri VURULDU: 900 hərbçi TƏCİLİ hərəkətə keçdi

ABŞ-ın İraq və Suriyadakı hərbi qüvvələrinə hücumlar səbəbindən İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qrupların Suriyanın şərqində istifadə etdiyi iki obyektə hava hücumu təşkil edilib. Sozcu.az xəbər verir ki, bu məlumatı ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıqlayıb. Ostin hücumların ABŞ prezidenti Co Baydenin əmri ilə həyata keçirildiyini bildirib: "Bütün dövlət və qeyri-dövlət təşkilatlarını daha geniş regional münaqişəyə çevriləcək hərəkətlərdən çəkinməyə çağırırıq". Qeyd edək ki,  Pentaqonun rəhbəri Lloyd Ostin bir neçə gün əvvəl də oxşar bəyanatla çıxış etmişdi. Son həftələrdə İraq və Suriyada ABŞ qüvvələrinə qarşı təşkil edilən ümumilikdə 19 hücumda bir ABŞ əsgəri sığınacağında ürək tutmasından ölüb, 21 hərbçi yaralanıb. Ağ Evdən bir gün əvvəl verilən açıqlamada bildirilib ki, Bayden İranın dini lideri Ayətullah Əli Xameneiyə mesaj göndərib və Tehranı Yaxın Şərqdəki ABŞ personalını hədəf almaması ilə bağlı xəbərdar edib. Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi, briqada generalı Patrik Rayder ABŞ əsgərlərinin müdafiəsini gücləndirmək üçün təxminən 900 əlavə personalın Yaxın Şərqə getdiyini açıqlayıb. Bildirilib ki, bu əsgərlər tibbi yardım və partlayıcı maddələrlə mübarizə kimi dəstək vəzifələrini öz üzərinə götürəcəklər.

Şahramanyandan ŞOK: "Bakı ilə əlaqə saxladım, Babayan və Balasanyanı..."

"Mən Azərbaycanın bizimlə işləyən məsul şəxsi ilə əlaqə saxladım ki, "Artsax"da onların danışıqlara hazır olduqları namizədin olub-olmadığını öyrənək". Bunu Qarabağda mövcud olmuş qondarma rejimin "prezident"i Samvel Şahramanyan "yerli" televiziyaya müsahibəsində deyib. ""Artsax"da müzakirələr gedirdi ki, Samvel Babayan və ya Vitali Balasanyan daha məqbul namizəd olacaq. Mən Azərbaycan tərəfdən mənfi cavab aldım. Sonra danışıqlar nəticəsində biz sentyabrın 20-də hərbi əməliyyatların (qondarma rejim tərəfindən) dayandırılmasını, "Silahlı Qüvvələr"in buraxılmasını, Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasını, hərbi texnikanın təhvil verilməsini nəzərdə tutan sənəd qəbul etdik", - deyə o bildirib. (Publika)

Qazaxıstanda şaxta partladı: 28 nəfər öldü

09:23 Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub. Sozcu.az xəbər verir ki, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib: “Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. Daha 31 şaxtaçının axtarışları davam edir”. Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur. *** Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb. Bu barədə "Kazinform" məlumat yayıb. Bildirilib ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb. *** Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

BMT Baş Assambleyası İsrail-HƏMAS müharibəsi ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyasının Yaxın Şərqdə baş verənlərlə bağlı X fövqəladə xüsusi sessiyasının sonunda İsrail-HƏMAS müharibəsində humanitar atəşkəs tələb edən qətnamə qəbul olunub. "Report"un ABŞ bürosu xəbər verir ki, İordaniyanın təqdim etdiyi, 42 üzv dövlətin birgə maliyyələşdirdiyi qətnamə layihəsində Kanadanın təklif etdiyi düzəlişi nəzərdən keçirilib. Dəyişiklik əvvəlcə səsverməyə çıxarılıb. Qətnamə layihəsinin qəbulunda 120 ölkə "hə”, 14 ölkə "xeyr" səsini verib; 45 ölkə səsvermədə iştirak etməyib. İki gün davam edən Fövqəladə Xüsusi Sessiyada bölgədə zorakılıq dayandırılması və daha çox qan tökülmədən bütün girovların dərhal və qeyd-şərtsiz azad etməsi tələb olunub. Qeyd edək ki, xüsusi sessiya BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində Azərbaycanın çağışırı ilə keçirilib.

Qəzzanın dünya ilə əlaqəsi kəsildi - SON DƏQİQƏ

Qəzzanın xarici dünya ilə əlaqəsi kəsilib.  Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin Humanitar Məsələləri üzrə Koordinatoru Lin Hastings məlumat verib.  "Güclü bombardmanlara görə Qəzzanın xarici dünya ilə əlaqəsi kəsilib. Müharibənin qaydaları var. Mülki əhali qorunmalıdır", - Hastings qeyd edib.  Qeyd edək ki, HƏMAS-ın verdiyi açıqlamada İsrailin Qəzza zolağında rabitə şəbəkələrini və interneti kəsdiyi bildirilib. Qəzza zolağındakı canlı şəbəkə məlumatları internet hərəkətlərini izləyən "NetBlocks" şirkəti tərəfindən sosial media hesabı vasitəsilə paylaşılıb. Məlumatlar göstərirdi ki, İsrailin hücumlarından sonra bölgədə internet bağlantısında böyük çökmə baş verib.  Fələstin baş naziri Ştiyye Qəzza zolağı ilə əlaqəni və interneti kəsməkdə məqsədin Fələstin xalqına qarşı qırğınlar törətmək olduğunu deyib.

Türkiyəyə ŞOK xəbərdarlıq: "FƏLAKƏT OLACAQ"

Təqaüddə olan briqada generalı Naim Babüroğlu İsrail-Fələstin müharibəsinin Türkiyəyə təsiri ilə bağlı diqqətçəkən açıqlama verib. Sozcu.az xəbər verir ki, Babüroğlu İsraillə HƏMAS arasında oktyabrın 7-də başlayan qarşıdurmanın davam etdiyi bir vaxtda ABŞ-ın bölgəyə bir təyyarədaşıyan gəmisi və əlavə hərbi elementlər yerləşdirdiyini, daha sonra İsraillə birlikdə Suriya və İraqda hava əməliyyatı həyata keçirdiyini, lakin region ölkələrinin bunu qınamadığını və susduğunu bildirib. O xəbərdarlıq edib ki, İraq və Suriyanın parçalanması və regionda sabitliyin pozulması Türkiyə üçün fəlakətlə nəticələnəcək. Təqaüddə olan general Suriya və İraqdan sonra İranın da hücumların hədəfi olacağını, güclü regional mövqedə olan Tehranın sabitliyinin pozulmasının bölgə üçün böyük fəlakət olacağını iddia edib. "ABŞ və İsrail davamlı olaraq İraq və Suriyaya hava zərbələri endirir. Region ölkələrindən heç bir qınaq yoxdur. Bir daha deyirəm: İraq və Suriyanın daha da parçalanması və qeyri-sabitliyi bölgə və Türkiyə üçün fəlakətdir. İrana gəlincə, bu, region üçün ölümcül zərbə olacaq" - Naim Babüroğlu qeyd edib.musavat.com)

Netanyahu hücum planını təsdiqləməkdəm imtina etdi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı üçün yekun plan hazırlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, İsrail Baş naziri Benyamin Netanyahu sözügedən planı imzalamaqdan imtina edib. Bu isə yüksək rütbəli zabitləri qəzəbləndirib. Məlumata görə, baş nazirin sənədi imzalamaqdan imtina etməsinə səbəb onun HƏMAS hərəkatının hücumundan sonra yaradılmış fövqəladə hökumət üzvlərinin quru əməliyyatının yekdilliklə təsdiq etməsini istəməsidir. Qeyd edək ki, bundan əvvəl “Axios” nəşri mənbələrinə istinadla İsrail Baş naziri Benyamin Netanyahunun ordunun planlarına şübhəylə yanaşdığı üçün Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmaq istədiyini yazmışdı.

“Mən də daxil olmaqla, hər kəs cavab verməli olacaq” - Netanyahu

“Mən də daxil olmaqla, hər kəs  fəlakətlə bağlı cavab verməli olacaq, lakin bütün bunlar yalnız müharibədən sonra baş verəcək”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı deyib. “Baş nazir kimi mən dövlətin gələcəyini təmin etmək üçün məsuliyyət daşıyıram. Və hazırda mənim işim İsrail dövlətini və xalqını düşmənlərimiz üzərində qələbəyə çatdırmaqdır”, – deyə Netanyahu bildirib.

“Ey İsrail, Qərbin sənə çox borcu ola bilər, amma Türkiyənin heç bir borcu yoxdur" - Ərdoğan

"Qərb HƏMAS-ı terror təşkilatı kimi görür". Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə İsrailə dəstək verməyə məcbur deyil: “Ey İsrail, Qərbin sənə çox borcu ola bilər, amma Türkiyənin heç bir borcu yoxdur. HƏMAS terror təşkilatı deyil, öz torpağını və vətəndaşını qorumaq üçün mübarizə aparan mücahid qrupudur”. Türkiyə lideri vurğulayıb İsrailin Baş naziri Benyamin Netanyahunun əlini cəmi bir dəfə sıxıb: “Netanyahu adlı şəxsin əlini cəmi bir dəfə sıxmışam. Bizim niyyətimiz yaxşı idi, lakin xoş niyyətimizdən sui-istifadə etdilər”. Türkiyə Prezidenti, həmçinin İsrailə planlaşdırdığı səfərini ləğv etdiyini açıqlayıb.

Əsgərov ekstrasensə külli miqdarda pulu niyə verib?

Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq prezidenti Cahangir Əsgərovun qardaşı oğlu Cəlal Əsgərovun şikayəti əsasında 4 avqust 2023-cü il tarixdə barəsində axtarış elan edilən, sentyabrın 30-da saxlanılaraq həbs olunan ekstrasens barəsində məhkəmə qərar verib. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1977-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş "Katya" ləqəbli Yekaterina Aleksandrovna Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Aparılan araşdırma zamanı məlum olub ki, Yekaterina Aleksandrovna Cəlal Əsgərovla yanaşı, onun həyat yoldaşı Anastasiya Georgiyevnanı da ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandıraraq, ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək "şər qüvvələr"dən təmizləyəcəyinə dair vəd verib və etibarından sui-istifadə edib. Cəlal Əsgərov evlilik həyatı davam edərkən işləri yaxşı getmədiyinə görə dostu Fəridin vasitəsi ilə ekstrasens Yekaterina Aleksandrovna ilə tanış olub. Eyni vaxtda Fəridin həyat yoldaşı Bilqeyis də Cəlalın xanımı Anastasiya Georgiyevnanı ekstrasenslə tanış edib. "Katya” kimi də tanınan ekstrasens əvvəlcə Cəlala qurban kəsilməsi üçün 8 qoyun lazım olduğunu deyərək, hər bir heyvan üçün 120 manat olmaqla ümumilikdə 960 manat pul alıb. Ekstrasensin ifadəsinə görə, Cəlal ondan əmisi Cahangir Əsgərovla münasibətlərinin yaxşılaşması, sabiq AZAL prezidentinin yalnız ona dəstək olması, həmçinin qeyri-leqal işlərindən əmisinin xəbər tutmaması üçün rituallar icra etməyini xahiş edib. Həmçinin həyat yoldaşı Anastasiyanın bəd nəzərdən təmizlənməsini istəyib. Xanım ekstrasens müxtəlif vaxtlarda Cəlaldan 4 min dollar, 1300 manat və digər məbləğlərdə pul alıb. Həmin vaxt Yekaterina Cəlala duz verməklə uşağının başını onunla yudurtmağı bildirib. Həmçinin 100 manatlıq şirniyyat alaraq uşaqlara paylamaq lazım olduğunu qeyd edib. Ən maraqlısı isə 2020-ci ilin iyul ayından başlayaraq Ekaterina mütəmadi olaraq telefonda Cəlala yazaraq "20.000 dollar ver, həmin pulu 200.000 dollara çevirib, qaytaracam" deməsi olub. Cəlal ona inanaraq 4 sentyabr 2020-ci il tarixdə 20.000 dollar məbləğində pulunu Yekaterinanın mənzilində ona verib. Bundan sonra o, yanvar ayını gözləyib, lakin Yekaterina pulunu qaytarmayıb. Cəlal artıq anlayıb ki, Yekaterina onu aldadırmış və söhbətlərin birində bu barədə həyat yoldaşı Anastasiyaya deyib. Anastasiya da "Katya”nın onu aldatdığını Cəlala etiraf edib. Məlum olub ki, Yekaterina Aleksandrovna Cəlalın həyat yoldaşının qiyməti 10.519 avro olan bir karat birilliantdan ibarət tək qaş ağ qızıldan hazırlanmış nişan üzüyünü və xeyli miqdarda pulunu ələ keçirib. Cəlal və həyat yoldaşı, onların ailə dostu Fərid və onun xanımı ekstrasens barəsində polisə şikayət ediblər. Qeyd edək ki, ekstrasens fəaliyyəti ilə məşğul olaraq digər şəxslərə də maddi ziyan vuran Yekaterina Aleksandrovna Özbəkistan Respublikasının vətəndaşı olsa da, 2013-cü ildən Azərbaycanda yaşayır. O əvvəlcə Bakı şəhəri ərazisində yerləşən kafelərin birində qab yuyan işləyib, sonradan isə yaşadığı ünvanda salatlar düzəltməklə onlayn satışı ilə məşğul olub. Daha sonra təlabat çox olduğundan ekstrasens fəaliyyəti ilə məşğul olmağa başlayıb.