Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək

Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Komitə sədri Bəxtiyar Əliyev təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib. O, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib. Buna uyğun olaraq, sənədə daxil olan “Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Əhməd Vəliyevin bankı ləğv edildi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən Muğan Bank ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Sozcu.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Muğan Bank ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar Muğan Bank ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Muğan Bank ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Muğan Bank ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. Bildirilib ki, Muğan Bank ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. Muğan Bank ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Xatırladaq ki, “Muğan Bank” “Odlar Yurdu” Universitetinin təsisçisi Əhməd Vəliyevə məxsusdur.

İsrailə davamlı şəkildə silah göndərəcəyik - ABŞ

ABŞ silahlarının İsrailə tədarükü fasiləsiz olaraq davam etdiriləcək. Sozcu.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Sabrina Sinqx jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 12 oktyabr tarixindən bəri ABŞ hərbi-nəqliyyat təyyarələri İsrailə beş uçuş həyata keçirib: “Çox güman ki, siz İsrailə davamlı silah tədarükünə şahid olacaqsınız”.

İsrail Qəzzanı bombardman etdi: Xəstəxanada 600-dən çox insan öldü – VİDEO +13

İsrail ordusunun raket zərbəsi ilə Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını vurması nəticəsində ölənlərin sayının 600-ü keçdiyi bildirilir. Sozcu.az xəbər verir ki, “Əl-Cəzirə” ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb. Fələstin Prezidenti Mahmud Abbas hadisə ilə bağlı üç günlük matəm elan edib. Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib. ***22:20 İsrail qüvvələrinin bombardmanı Qəzzada bir xəstəxanaya tuş gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, 300-dən çox insan ölüb, xeyli yaralı var. Qeyd edək ki, Qəzzadan da İsrailin bir neçə şəhərinə eyni vaxtda raket zərbələri endirilib.

İsraildən dəhşət: Xəstəxananı vurdu, yüzlərlə ölü...

İsrail ordusu raket zərbəsi ilə Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını vurub. Sozcu.az xəbər verir ki, hücum nəticəsində ölənlərin sayının 600-ü keçdiyi bildirilir. "Əl-Cəzirə" ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb. Fələstin Prezidenti Mahmud Abbas hadisə ilə bağlı üç günlük matəm elan edib. Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib.

Brüsseldə terror aktı olub, iki nəfər ölüb

Belçikanın paytaxtında terror aktı törədilib. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Qeyd olunub ki, naməlum şəxs avtomatla iki nəfər İsveç vətəndaşını öldürüb. Polis münaqişənin səbəblərini araşdırır.

Xankəndidə görüntüsü gündəm olan məmur işdən çıxarıldı - FOTO

Özünü buraxdığını elan edən separatçı rejimin simvolu kimi tanınan Xankəndidəki abidənin önünə Azərbaycan bayrağı asması ilə gündəmə gələn Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işdən çıxarılıb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə qərar bir neçə gün əvvəl verilib. Onun işdən çıxarılmasının məhz həmin hadisə ilə bağlı olub-olmadığı barədə rəsmi məlumat yoxdur. Qeyd edək ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur. 44 günlük II Qarabağ Müharibəsi dönəmində Araz İmanov sosial şəbəkələrdə ingilis dilindəki paylaşımları ilə aktivlik nümayiş etdirib. Antiterror əməliyyatından sonra onun “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması böyük marağa səbəb olmuşdu. Sonradan mediada A.İmnaovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc olunmuşdu.

Zelenski Gürcüstanı Abxaziya və Cənubi Osetiyaya qarşı müharibəyə ÇAĞIRDI

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanı itirilmiş ərazilərini geri qaytarmağa çağırıb. Sozcu.az xəbər verir ki, Zelenski bu barədə İsveçdəkeçirlən Birgə Ekspedisiya Qüvvələrinin sammitinə onlayn qoşularkən danışıb. Zelenski deyib ki, Gürcüstanın belə bir addım atması Rusiya-Ukrayna müharibəsinə də təsirsiz ötüşməyəcək. Nəticədə həm Ukraynaya qarşı müharibə aparan Rusiya zəifləyəcək, həm də Gürcüstan qarşısında ərazi bütövlüyünü bərpa etmək üçün yeni perspektivlər açılacaq. Zelenskinin sözlərinə görə, bu cür hərəkətlər Avropada ümumi təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək və tarixi kontekstdə vacibdir. Abxaziya və Cənubi Osetiyaya Gürcüstan ərazisində yaradılmış və Rusiyanın dəstəklədiyi separatçı “respublikalar”dır. Paytaxtı Sxinvali olan Cənubi Osetiya “müstəqilliyini” 1990-cı ildən elan edib. Gürcüstan hökuməti bunun qarşısını almağa çalışsa da, Rusiyanın osetinlərin tərəfində çıxış etməsi rəsmi Tbilisinin müharibəni uduzması ilə nəticələnib. Abxaziya isə 1992-ci ildə “müstəqilliyini” elan edib. Gürcüstan-Abxaziya müharibəsi də Rusiyanın müdaxiləsi nəticəsində nəticə verməyib. Gürcüstan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımır və onların özünün regionu hesab edir. Moskva isə hər iki separatçı qurumun suverenliyini tanıyıb.

ABŞ-dan İsrailə çağırış: Müharibə qaydalarına əməl et!

ABŞ İsraili Qəzza zolağında pisləşən humanitar böhranla əlaqədar müharibə qanunlarına əməl etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, çağırış ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı arasında baş tutan telefon danışığında səsləndirilib. "Ostin müharibə qanunlarına riayət etməyin vacibliyini, o cümlədən mülki şəxslərin müdafiəsi ilə bağlı öhdəlikləri, həmçinin Qəzzada pisləşən humanitar böhranı müzakirə edib", - açıqlamada deyilib. Eyni zamanda, Ostin ABŞ-ın İsrailə davamlı dəstəyinə sadiqliyini vurğulayıb və İsrail ordusuna silah tədarükünün davam etdiriləcəyini bildirib.

Netanyahu 7 gündə 5-ci dəfə Baydenlə danışdı

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı Netanyahu ABŞ-ın dərin dəstəyinə, eləcə də ABŞ Dövlət katibi Entoni Blinkenin və Pentaqonun rəhbəri Lloyd Ostinin son günlərdəki səfərlərinə görə təşəkkür edib. Qeyd edək ki, Netanyahu bir həftə əvvəl Qəzzada HƏMAS ilə müharibənin başlamasından bəri 5-ci dəfədir ki, Baydenlə telefon danışığı aparıb.

Rövnəq Abdullayevin ölkədən çıxışına qadağa qoyuldu: Onun həbs...

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə səfər qarşılaşmasına getməyib. Baxmayaraq ki, onun səfəri əvvəlcədən planlaşdırılmışdı. AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuata verdiyi açıqlamada bunu Rövnəq Abdullayevin işinin çoxluğu ilə əlaqələndirib. “Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi. Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi”, - Hacıyev deyib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, AFFA prezidenti Estoniyaya Azərbaycandan çıxışına qadağa qoyulduğu üçün gedə bilməyib. Məlumata görə, AFFA prezidentinin həm sabiq iş yeri SOCAR-da, həm də AFFA-da böyük yeyinti aşkarlanıb. Söhbət milyardlarla manat vəsaitdən gedir. Ona görə də Rövnəq Abdullayevin ölkədən çıxışına qadağa qoyulub. Onun həbs olunma ehtimalının da olduğu bildirilir.

Netanyahu hədələdi: Bu, hələ başlanğıcdır

İsrail ordusunun HƏMAS-ın hücumlarına cavab olaraq Qəzza sektorunda həyata keçirdiyi fəaliyyət sadəcə başlanğıcdır. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. "Biz düşmənlərimizə böyük, görünməmiş güclə cavab veririk. Vurğulayıram: bu, hələ başlanğıcdır. Düşmənlərimiz bunun bədəlini yenicə ödəməyə başlayıblar və bundan sonra nələrin baş verəcəyi ilə bağlı təfərrüatlara varmayacağam, amma bunun yalnız başlanğıc olduğunu deyirəm", - Netanyahu bildirib.