Amerikalılar prezident seçkilərində kimə səs verəcəklər? – SORĞU

ABŞ-ın hazırkı prezidenti Co Bayden rəqibi Donald Trampdan cüzi faiz nisbəti ilə irəlidədir.  Sozcu.az xəbər verir ki, ABŞ-da keçirilən sorğunun nəticələri belə deməyə əsas verir. Sorğuda iştirak edən seçicilərin təxminən 39 faizi bu gün seçkilər keçiriləcəyi təqdirdə Demokrat Co Baydenə səs verəcəklərini bildirib. Respondentlərin 38 faizi isə Respublikaçı Trampı dəstəkləyəcəyini açıqlayıb. Sorğuda iştirak edənlərin 11 faizi digər namizədlərə səs verəcəyini, 5 faizi ümumiyyətlə seçkiyə getməyəcəyini deyib. Respondentlərin 7 faizi isə cavab verməkdən imtina edib. Sorğuda 4,094 seçici iştirak edib. Sorğunun səhv olma ehtimalı 1,7 faiz təşkil edir.

ABŞ Polşaya Rusiyanı təhdid edən raketlər verəcək

Polşa ABŞ-dan potensial olaraq Rusiyadakı hədəflərə çata biləcək JASSM yer-hava raketləri alacaq. Sozcu.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin keçmiş komandanı, general Miroslav Ruzanski deyib. “Polşa F-16, gələcəkdə isə F-35-in daşıyacağı raket paketini ala biləcək”, - o qeyd edib. Onun sözlərinə görə, bu döyüş sursatları ilə təchiz edilmiş Laskda yerləşdirilmiş Polşa təyyarələri Visladan o yana uçamayaraq Belarus və ya Rusiya ərazisindəki hədəfləri vura biləcək. General bunun pilotların təhlükəsizliyini təmin edəcəyini vurğulayıb. O qeyd edib ki, ordu ölkədən kənarda belə təhdidləri aşkar edib zərərsizləşdirmək qabiliyyətinə malik olmalıdır. Martın 12-də Dövlət Departamenti Polşaya 1,7 mindən çox müxtəlif tipli raketlərin satışını təsdiqləyib.

Hacı Məmmədov bandasının üzvü mühakimə olunacaq

Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin məhkəməsi başlayır. Sozcu.az "Report"a istinadla xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib. Zərəçəkmiş şəxs qismində Tofiq Bayramov tanınıb. H.Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqla müəyyən olunub ki, H.Zərbəliyev qeyriləri ilə sabit silahlı qrupun (banda) törətdiyi basqında iştirak edərək Tofiq Bayramovu həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum edib. O, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun paytaxt sakini Tofiq Bayramova basqın edib onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədilə təşkil etdiyi sabit silahlı qrupa - bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri ilə birlikdə üzv kimi daxil olub. Təqsiləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədovla (vəfat edib - red.) əlaqəsinin olduğu bildirilir.

Polis əməkdaşları işğaldan azad olunan ərazidə ehtiyatsızlıqdan həyatlarını itiriblər - Təcili

Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar. Bu barədə Sozcu.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib. Araşdırma aparılır.

ABŞ Qəzzada müvəqqəti limanın yaradılmasına kömək üçün gəmilər göndərib

ABŞ Qəzza zolağında fələstinlilərə humanitar yardım çatdırmaq üçün müvəqqəti limanın yaradılmasını dəstəkləmək məqsədilə Aralıq dənizinə 4 gəmi göndərib. Sozcu.az-ın məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib. "Bu gün ABŞ-nin Müdafiə Nazirliyi Qəzza zolağında humanitar yardım əməliyyatlarını və müvəqqəti liman qurma missiyasını dəstəkləmək üçün Lenqli-Yustas birləşmiş bazasından Aralıq dənizinin şərqinə Birləşmiş Ştatlar ordusunun dörd gəmisini göndərib", - o deyib. Rayderin sözlərinə görə, gəmilərdə "bu missiyanı dəstəkləmək üçün avadanlıq və material var". Pentaqon nümayəndəsi qeyd edib ki, ABŞ limanın təxminən 60 gün ərzində tam istismara hazır olacağını gözləyir. ABŞ Prezidenti Cozef Bayden martın 7-də bildirib ki, Birləşmiş Ştatlar Fələstin anklavına humanitar yardım çatdırmaq üçün Qəzza zolağında müvəqqəti liman yaradacaq. Amerika Administrasiyasından qeyd olunub ki, onlar Kipr üzərindən dəniz yolu ilə həyata keçiriləcək.

Çağırışa gecikən təcili tibbi yardımın həkimi vətəndaşı təhqir edib - İDDİA

Bakı şəhər sakini təcili tibbi yardım briqadasından narazıdır.  Bu barədə Oxu.Az-a Ülvi Quliyev şikayət ünvanlayıb. Xətai rayonu, Zığ yolu 29 ünvanında yaşayan Ü.Quliyev deyir ki, martın 9-da qəfil halı pisləşib və 16:30-da təcili yardım briqadası çağırıb: “Həkim saat 17:30-da gəldi. Gələn həkim məndən şəxsiyyət vəsiqəsini tələb etdi və bildirdim ki, üstümdə deyil. O əsəbiləşərək, “vəsiqəni üstündə saxla” dedi. Daha sonra təzyiqimi ölçdü və maqnezium vurmağa çalışdı. Ona bildirdim ki, həmin iynə mənə pis təsir edir və imtina edirəm. Həkim mənim istəyimə heç bir məhəl qoymaq istəmədi, səsimi kəsib sakit oturmağımı bildirərək məni təhqir etdi. Mənim şərəf və ləyaqətimi təhqir etdiyi üçün imtina etdim. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) şikayət ünvanlasam da, mənə heç bir cavab verilmədi”. Ü.Quliyev deyir ki, səhhəti pisləşdiyi üçün axşam saatlarında yenidən təcili yardım çağırıb: “Bu dəfə isə təcili yardım briqadası çağırışa 2 saat 20 dəqiqəyə gəlib”. Oxu.Az tərəfindən məsələ barədə TƏBİB-ə sorğu ünvanlanıb.

Rusiyanın üç regionu dron hücumuna uğrayıb, neft anbarı yanır

Rusiyanın üç regionuna dron hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Oryol, Kursk və Belqorod regionlarının qubernatorları teleqramda bildiriblər. Qeyd olunub ki, martın 12-də Rusiyanın Oryol şəhərində neft bazasında güclü yanğın olub. Sosial şəbəkədə olayla bağlı şəkillər və videolar paylaşılır. Sözügedən regionun qubernatoru Andrey Klıçkova görə, şəhərə pilotsuz uçan aparat düşüb. “Yanacaq-enerji kompleksi obyekti hücuma uğrayıb. Təcili xidmətlər alovlanmanın lokallaşdırılması üçün yerlərdə işləyirlər”, – o yazıb. Qubernatorun sözlərinə görə, partlayış sonucunda heç kəs yaralanmayıb. Bununla belə, yerli teleqram kanallar bölgədə hava hücumundan müdafiə sistemlərinin işlədiyini, partlayış səslərinin eşidildiyini deyirlər. Kursk vilayətinə də dron hücumu olsa da, fəsadlar barədə hələlik bilgi verilməyib. Regionun qubernatoru Roman Starovoyt ikisi təyyarə tipli olan üç dronun səmada vurulduğunu açıqlayıb. Eyni zamanda, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov regiona dörd partlayıcı maddənin atıldığını söyləyib. Onun sözlərinə görə, dronların atışları elektrik xətlərini zədələyib, yeddi yaşayış məntəqəsi işıqsız qalıb. Yaralanan olmayıb.

ABŞ nüvə silahları üçün 20 milyard ayırır

ABŞ nüvə silahlarının müasirləşdirilməsinin davam etdirilməsi üçün 19,8 milyard dollar büdcə vəsaiti ayırmağı təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının 2025-ci maliyyə ili üçün büdcə layihəsində bildirilib. “Büdcə 2022-ci il Milli Müdafiə Strategiyasının prioritetləri nəzərə alınmaqla, silahlarla bağlı fəaliyyətlər üçün 19,8 milyard dollar nəzərdə tutur. Bu da 2021-ci illə müqayisədə 4,5 milyard dollar çoxdur”, - məlumatda deyilib. Qeyd edilib ki, büdcə müəllifləri nüvə qüvvələrinin müasirləşdirilməsi proqramlarına, o cümlədən əmrlərin verilməsi, nəzarət və rabitə üçün informasiya şəbəkələrinə diqqət yetirirlər.

İsrail ordusunun Ramazan ayında Qəzzada atəşi dayandırmaq planı yoxdur - Netanyahu

“Əsir və girovların azad edilməsi ilə bağlı aparılan danışıqlar effektiv nəticə vermir”. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Politico”ya müsahibəsində deyib. Netanyahu qeyd edib ki, bəzi ərəb ölkələrinin liderləri Qəzza zolağında əməliyyatın davam etdirilməsinə səssiz razılıq verirlər. Siyasətçi əlavə edib ki, Fələstinin radikal HƏMAS hərəkatı bütün israilli girovları azad etməsə, İsrail ordusunun Ramazan ayında Qəzzada atəşi dayandırmaq planı yoxdur.

İstanbul boğazı bağlandı: 301 gəmi gözləyir

Duman səbəbindən gəmilərin İstanbul boğazından tranziti hər iki istiqamətdə dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb. Qeyd edilir ki, hazırda boğazı keçmək üçün növbədə 301 gəmi var.

Daha 4 ölkə Rusiyada terrorla bağlı xəbərdarlıq etdi - 48 saat ərzində....

Çexiya, İsveç və Cənubi Koreya səfirlikləri, habelə Kanada hökuməti Rusiyadakı vətəndaşlarını izdihamlı yerlərdən çəkinməyə çağırıb və ölkədə “təhlükəsizlik vəziyyətinin pisləşdiyini” bildirib. Sozcu.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb. Sözügedən dövlətlər Moskvada mümkün terror aktları ilə bağlı ABŞ səfirliyinin açıqlamasına istinad edir. “Rusiyanın iri şəhərlərində ekstremist qrupların mümkün hücumları ilə bağlı son xəbərlərlə əlaqədar Çexiyanın Moskvadakı səfirliyi Rusiyada yerləşən Çexiya vətəndaşlarını xüsusi diqqətli olmağa çağırır. Biz həmçinin insanların çox olduğu yerlərdən uzaq durmağı tövsiyə edirik”, – Çexiya səfirliyinin saytında yerləşdirilən mesajda deyilir. Oxşar xəbərdarlıqlar əvvəllər ABŞ, Böyük Britaniya, Almaniya və Latviya tərəfindən də dərc edilib . Amerika diplomatik missiyasının press-relizində deyilir ki, Moskvada 48 saat ərzində terror aktları baş verə bilər.

Ukraynaya 2 ayda 6 milyard avro yardım göndəriləcək

Avrokomissiya Ukraynaya martın sonuna qədər 4,5 milyard və apreldə isə 1,5 milyard avro yardım ayıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Avrokomissiyanın məlumatında deyilir.