İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT

İranın şimalında yeni uzunmənzilli radarlar quraşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumat İranın rəsmi informasiya agentliklərində yayılıb. Bildirilir ki, "Nazir" adlar radarlar 800 kilometrədək radiusda fəaliyyət göstərə biləcək. Radarlar Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə səmalarını müşahidə edə biləcək. Azərbaycan, Ermənistan, şərqi Türkiyə, Gürcüstan, qərbi Türkmənistan, cənub-qərbi Qazaxıstan və bütün Xəzər dənizi üzərində hava məkanı İran hava hücumundan müdafiə sistemlərinin müşahidəsi altında olacaq. İddia edilir ki, adar 30 km-dən çox yüksəklikdə hədəfləri aşkar edə, pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı radiolokasiya əksetməli hədəfləri müəyyən edə bilir. Ekspertlər yeni radarların Ərdəbil şəhəri yaxınlığında quraşdırılmasını Azərbaycana qarşı təxribat kimi qiymətləndirir.

Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi

Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.

İki maddə üzrə təkliflər verdik, Azərbaycan razılaşsa...

Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə biz təkliflər irəli sürmüşük və Azərbaycan tərəfinin müsbət cavabı olduğu təqdirdə müqaviləni imzalamağa hazırıq. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan yerli mediaya açıqlamasında deyib.

İlham Əliyev İranla əlaqələrdən danışdı

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunub. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı qeyd edib: “Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”. Azərbaycan Prezidenti əvvəlki hakimiyyətlə münasibətlərin pisləşməsi ilə bağlı bəzi məqamları da xatırladıb. Prezident İlham Əliyev deyib ki, səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. “Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Paşinyandan Mirzoyana göstəriş: Qarabağla bağlı sənədlər...

Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağ danışıqları ilə bağlı sənədlərin inventarlaşdırılmasını tapşırıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyanın ofisi məlumat yayıb. Məlumata görə, baş nazir Nikol Paşinyan Mirzoyana Qarabağ danışıqları ilə bağlı Xarici İşlər Nazirliyində olan sənədlərin inventarlaşdırılması haqda göstəriş verib. Bu materialların dərc olunub-olunmaması məsələsinə Ermənistanın dövlət təhlükəsizliyi maraqları nəzərə alındıqdan sonra icazə verilə bilər. Xatırladaq ki, ötən ilin sonunda “Azadlıq” radiosu Nikol Paşinyana Qarabağ probleminin həlli ilə bağlı rəsmi sənədləri dərc etməyə hazır olub-olmadığı haqda sual ünvanlayıb. Nəşr bildirib ki, bu, cəmiyyətin faktlarla tanış olmasına və siyasi spekulyasiya etmədən nəticə çıxarmasına səbəb ola bilər.

Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya

İrandakı terror rejiminin NATO müttəfiqimiz Türkiyə və Azərbaycana qarşı böhtan xarakterli bəyanatlarını pisləyirəm. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının Yaxın Şərq, Şimali Afrika və Orta Asiya Komitəsinin sədri Co Vilson sosial media hesabında yazıb. Qeyd edək ki, İranın Ərdəbil şəhərində dövlət rəsmilərinin iştirak etdiyi rəsmi mərasim İan dövlət televiziyası tərəfindən canlı yayımlanıb. Mərasimdə Türkiyə və Azərbaycan, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz ifadələr işlədilib. Bununla bağlı İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilini XİN-ə çağırılıb.

Bu sərhədə erməni qoşunları nəzarət edəcək - Paşinyan

Bu gündən etibarən Ermənistan və İran arasındakı dövlət sərhədində yerləşən "Aqarak" sərhəd-keçid məntəqəsində sərhəd nəzarətini yalnız Ermənistan Respublikasının sərhəd qoşunları həyata keçirəcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Paşinyan, uzun illər ərzində sərhəddə xidmət göstərmiş Rusiya sərhədçilərinə təşəkkür edib və Ermənistan sərhədçilərinə uğurlar arzulayıb.

Preziden onlara Milli Qəhrəman adı verdi

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzlayıb. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: “2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə: Kşnyakin İqor İvanoviç (ölümündən sonra) Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra) Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)”.

Rusiya məsələni ört-basdır etmək istəyirdi - Prezident

Füzelyajın dəlik-deşik olması quş versiyasını tamamilə gündəlikdən çıxardı. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən və Qroznı səmasında hücuma məruz qalaraq zədələnən AZAL təyyarəsinin Akrau yaxınlığında qəzaya uğraması haqda danışarkən deyib. Dövlətmizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər: “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”. Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi: "Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik". Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Prezident və xanımı ekipaj üzvlərinin vida mərasimində...

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Təyyarədə olan pilotların hər ikisi – İqor Kşnyakin (kapitan) və Aleksandr Kalyaninov həlak olub və onlar bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.

Putin Əliyevə zəng etdi, üzr istədi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib. Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb. Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb. Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.